AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müştərini bıçaqlayan ofisiant məhkəmə qarşısında

Müştərini bıçaqlayan ofisiant məhkəmə qarşısında

Kriminal
07 Fevral 2013, 16:51 1949
Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan şəxsin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında Lerik rayon sakini Seyranə İmanova cavab verib. Seyranə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham olunub.

İttihama görə, 2012-ci il oktyabrın 8-də Bakının Binəqədi rayonu, Xırdalan dairəsi adlanan ərazisində yerləşən “Arzular” kafesində ofisiant işləyən Seyranə İmanova Daməd Mirzəyev ilə mübahisə edib. Həmin vaxt Daməd Mirzəyev xanım ofisiantın ünvanına nalayiq ifadələr işlədib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində Daməd həmin xanımı bərk döyməyə başlayıb. Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran xidmətçi qadın bıçaqla Daməd Mirzəyevə bir zərbə vurub. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən Seyranə İmanova elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib: «Bakı şəhərində müxtəlif kafelərdə ofisiant işləmişəm. Hamının “Seyid” kimi çağırdığı Damədi təxminən 2012-ci il oktyabrın əvvəllərindən tanımışam. Damədlə tanışlığım Xırdalan dairəsinin yaxınlığında yerləşən “Arzular” kafesində yaranıb. Daməd pul istəyəndə verə bilməyəcəyimi bildirdim. Buna görə də aramızda münaqişə yaranacağını da başa düşmüşdüm. Qərara aldım ki, özümə bir bıçaq alım. Məqsədim isə Damədin mənə yaxınlaşıb incitdiyi halda bıçaqla qorxutmaq idi. Bu səbəbdən də hadisədən bir neçə gün əvvəl özümə bir dənə cib bıçağı aldım. Daməd bir neçə dəfə pul verməyimi tələb etdi. O, pul verməyimi tələb etməsinə baxmayaraq, üstümdə olan pulu ona verməkdən imtina etdim. Bu vaxt Daməd qolumdan tutdu və sürüyə-sürüyə məni bayıra çıxartdı. Kafenin qarşısında olan küçədə Daməd saçlarımdan tutaraq sürüdü. Buna görə də yerə yıxıldım və xəsarət aldım. Damədin hərəkəti məni əsəbiləşdirdi. Yerdən qalxaraq çantamda olan bıçağı çıxartdım və ona bir zərbə vurdum. Daha sonra hadisə yerindən uzaqlaşdım. Təxminən bir neçə saatdan sonra polis əməkdaşları məni yaxaladı. Damədi öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb. Məqsədim onu qorxutmaq olub».
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Daməd Mirzəyev isə bildirib ki, Seyranə İmanova ilə “Arzular” kafesində tanış olub: «Hadisə baş verən günü “Arzular” kafesinə gəldim. Kafenin qarşısında Seyranə ilə rastlaşdım. Həmin vaxt hiss etdim ki, çox əsəbidir. Bu zaman Seyranə məni ədəbsiz sözlərlə təhqir etməyə başladı. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zəminində Seyranə məni bıçaqla vurdu».
Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Seyranə İmanovanın 5 il azadlıqdan məhrum edilməsini istəyib.