• cümə, 29 Mart, 09:35
  • Baku Bakı 5°C

Müştəri məmnuniyyəti bizim üçün vacibdir – Sadə peşə adamı

15.04.14 09:17 3559
Müştəri məmnuniyyəti bizim üçün vacibdir – Sadə peşə adamı
Hamımızın onlara işimiz düşür. Həkim, müəllim, biznesmen, jurnalist, uşaq, böyük, yaşlı, cavan. Onlar hər gün bəlkə də yüzlərlə adamı səbr və təmkinlə yola salırlar. Bəzən iş o qədər çox olur ki, bu sadə peşə sahiblərinin nahar etməyə belə vaxtları olmur. Bəli, söhbət zəhmətkeş peşə adamları olan satıcılardan gedir. Həmsöhbətimiz beş ildir satıcı kimi çalışan Zaman İsmayılovdur.
Kiçik yaşlarımdan əməyə öyrəşdim

21 yaşlı Zaman Naxçıvanda anadan olub və uzun müddət ailəsi ilə birlikdə Türkiyədə yaşayıblar. Gənc müsahibimiz deyir ki, heç vaxt oxumağa həvəsi olmadığından ali təhsil ala bilməyib. Elə uşaq yaşlarından ailəsinə maddi cəhətdən kömək etmək məqsədilə işləməyə başlayıb: “Dərs oxumadığım üçün daim özümə məşğuliyyət axtarırdım. Valideynlərim oxumağımı, təhsil almağımı çox istəyirdilər. Lakin onların oxumağım üçün etdiyi təkidlər nəticə vermədi. Çünki universitetdə oxumaq, ali təhsil almaq kimi qərarım heç vaxt olmayıb. O zaman müəyyən səbəblərdən Türkiyəyə getməli olmuşduq və uzun müddət orada yaşadıq. Mən hələ məktəb vaxtlarından könüllü şəkildə işləyirdim və kiçik yaşlarımdan əməyə, çalışaraq pul qazanmağa öyrəşmişəm”.
Pul qazanmağı sevirəm

Zaman deyir ki, hər dəfə pul qazandıqca onun işinə olan marağı da artıb: “Valideynin pulu ilə dolanmaqla insanın öz pulunu qazanması çox fərqlidir. İlk qazancımdan sonra insanın zəhmətlə qazandığı pulun necə dəyərli olduğunu anladım. Alın təri ilə işimi görüb pul qazanmağı çox sevirəm”. Həmsöhbətimiz qardaş ölkədə yaşadığı müddətdə də satıcı kimi işləyib. O deyir ki, burada satıcılıq sənəti önəmli sahələrdən hesab olunur: “Bir çoxları satıcılıq sənətinin nə qədər lazımlı sənət olduğunu heç fikirləşmir. Türkiyədə isə bir çox yerlərdə satıcıları işə götürmək üçün xüsusi müsahibələr təyin olunur. Satıcılar üçün 1 həftəlik kurslar təşkil edilir. Bir dəfə kurs keçən müəllimlərdən biri demişdi ki, əgər satıcılar satışı dayandırırsa, onda bütün maliyyə dünyasında durğunluq əmələ gələr. Bu, doğurdan da belədir. Bundan sonra bu sənətə məndə xüsusi maraq oyandı”. Türkiyədəki iş rejimi ilə buranı müqayisə edən müsahibimiz deyir ki, o, öz ölkəsində özünü daha rahat və güvəndə hiss edir.
Heç nə kənardan göründüyü kimi deyil

Həmsöhbətimiz Azərbaycana gəldikdən sonra bir müddət işsiz qalıb. Daha sonra indiki iş yeri olan “İnci” ofis və məktəb ləvazimatları firmasına CV göndərib və artıq 2 ildir ki, burada satıcı kimi işləyir. İşini sevdiyi üçün gördüyünü söyləyən müsahibimiz deyir ki, satıcılıq sənətində hər şey kənardan göründüyü kimi sadə deyil: “Satıcının işi böyük stress, həm də gərginliklərlə bağlıdır. Bir çoxları bu işi sadə hesab edir və işə başlayarkən sənətin çətinliklərini nəzərə almırlar. Belə satıcılar bir neçə ay ərzində tükənirlər və işdən ayrılırlar. İşinizi düzgün icra etdikdə isə həm rəhbərliyin, həm də kollektivin güvənini qazanmış olursunuz. Biz də bu güvəni doğrultmaq üçün daha da həvəslə çalışırıq”. Müsahibimizin sözlərinə görə, əvvəllər məktəb ləvazimatları satmadığı üçün bu firmaya işə düzəldikdə çox həyəcanlanıb: “Əvvəlcə çox qorxmuşdum. Bu mağazada hər çeşiddə mal var idi. Türkiyədə yaşadığım üçün bəzilərinin də adlarını bilmirdim. Daha sonra bu ləvazimatların adlarını öyrənməyi qarşıma məqsəd qoydum . Buradakı iş yoldaşlarım mallar haqqında məlumat almağıma çox kömək oldular. Onlar ləvazimatların adlarını daha asan yolla öyrənməyin yollarını izah edirdilər. Mən də qarşıma məqsəd qoydum və çalışmağa başladım. Öyrəndikcə bu sahəyə marağım daha da artdı. Hələ də öyrənməkdən doymuram”.
Pul qazanmaq asan deyil

Peşəsinin incəliklərindən danışan həmsöhbətimiz deyir ki, bütün işlərinin başında insan faktoru dayanır: “Hansısa mağazada və ya firmada satıcı kimi çalışmaq kiməsə asan gələ bilər, amma hər sənətdə olduğu kimi, bu sənətin də özünəməxsus çətinlikləri var. Hər peşədə pul qazanmaq asan deyil. Satıcı ilk olaraq insanla necə davranmağı bacarmalı və satış zamanı onlarla səmimi münasibət qurmalıdır. Çünki qarşındakı insanın nə edəcəyi 75 faiz səndən asılıdır. Qarşındakıyla elə xoş və səbrlə davranmalısan ki, həm malını sata biləsən, həm də firmaya müştəri qazandırasan. Bundan əlavə, müştəri məmnuniyyəti bizim üçün vacibdir. Mən də satıcı olaraq qarşıma məqsəd qoymuşam ki, ünsiyyət qurduğum bütün müştərilərə doğru, düzgün, faydalı xidmət edəcəm”.
Zamanın sözlərinə görə, bəzən dəftər kitab ləvazimatı alan müştərinin satıcıya “oğlum” deyə müraciət etməsi ona stimul verir: “Müştərinin üzünə güldükdə, ona mehriban yanaşdıqda, o da gözəl sözlərlə öz qayğısını göstərir. Satıcı istəsə, müştərini mağazadan qaçıra da bilər, cəlb edə də bilər. Satıcılar alıcılarla inam yaradacaq əlaqəni qura bilməyi bacarmalıdır. Çox kontakt, o qədər çox satış fürsəti deməkdir. Müştərinin mağazadan necə ayrılması bilavasitə satıcıdan asılıdır”.
İşim müqəddəsdir
Həmsöhbətimiz düşünür ki, özü təhsil almasa da, ölkəni məktəb ləvazimatları ilə təmin edən bir firmada xidmət edərək savab qazanır: “Məktəb ləvazimatları satdığımız üçün müştərilərimiz əsasən məktəb şagirdləri, universitet tələbələrindən ibarətdir. Özüm təhsil ala bilməsəm də, düşünürəm ki, ölkəni məktəb ləvazimatları ilə təmin edən firmada çalışmaqla savab qazanıram. Çünki az da olsa müştərilərimizin təhsil almasında mənim də rolum var. Bu səbəbdən işimi müqəddəs sayıram”. Azərbaycanda bəzi müştərilərin “kaprizli” olduğunu söyləyən həmsöhbətimiz, hər cür müştəri ilə dil tapmağa məcbur olduqlarını deyir: “Hər gün gərgin iş rejimində işləyirik. Bu müddət ərzində mağazaya fərqli xarakterlərdə müştərilər daxil olur. Kimisi olduqca sakit, kimisi də əsəbi olur, acı danışır göstərdiyimiz məhsulları bəyənmirlər. Burada iki ilə yaxındır çalışdığım üçün demək olar, müştərilərin əksəriyyətini artıq tanıyıram. Kimin hansı xarakterdə olduğunu bilirəm. Əlimdən gələni edirəm ki, müştəri bizdən məmnun ayrılsın”. Sonda müsahibimiz gələcək planlarından da danışdı. Gənc satıcı deyir ki, gələcək üçün satış sahəsində qarşısına qoyduğu məqsədlər var və onlara nail olmaq üçün daha çox çalışır: “Ümumiyyətlə, istər bu gün, istərsə də gələcəkdə, özümü bu sahədən başqa heç bir yerdə görə bilmirəm. Biznes işini mükəmməl şəkildə öyrənib daha da qabağa getmək istəyirəm. Bu yöndə rəhbərliyimiz də istər maddi, istərsə də mənəvi cəhətdən bizə kömək olurlar”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər