Müstəqilliyimizin üçrəngli rəmzi - Fotolar
Türk
dünyasının böyük şairi Mithat Camal Kuntay XX əsrin əvvəllərində yazdığı şeirdə
deyirdi:
Bayraqları
bayraq yapan üstündəki al qandır,
Torpaq,
əgər uğrunda ölən varsa, Vətəndir!
Bu gün başımız üzərində dalğalanan, qürur mənbəyimizə
çevrilən, müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri sayılan üçrəngli, ay-ulduzlu
bayrağımız da insanlarımızın canı-qanı bahasına meydana gəlib, zirvələrə
ucalıb. Tarixə qısa ekskurs etsək, görərik ki, şah babamız Şah İsmayıl Xətainin
at belində qurduğu böyük Səfəvilər dövlətinin süquta uğraması, Azərbaycan ərazilərinin
xanlıqlara parçalanması, ardınca da İran və Rusiya arasında bölüşdürülməsi ilə
müşayiət olunub. Bu bölüşdürmə və işğal xalqımızı pərən-pərən salıb, uzun illər
formalaşan dövlətçilik ənənəsini pozub.
Həmin dövrün ziyalıları, o cümlədən dünya romantizminin orijinal simalarından olan Məhəmməd
Hadi 1908-ci il dekabrın 1-də "İttifaq” qəzetinin birinci sayında çap etdirdiyi
"Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar” adlı şeirində xalqımızın
yaşadıqlarını ürək ağrısı ilə bu cür qeyd edib:
İmzasını
qoymuş miləl övraqi-həyatə,
Yox
millətimin xətti bu imzalər içində.
Belə narahatlıqları yaşayan, millətinin və
xalqının gələcəyini düşünən ziyalılarımız yalnız 1918-ci il may ayının 28-də
Azərbaycan ərazisində Demokratik Cümhuriyyət qurmağa nail olublar.
Elə həmin il
iyunun 24-də Şərqin ilk Respublikasının elan edilməsi yolunda canlarını fəda edən
azərbaycanlıların ruhuna, onların tökülən qanlarına hörmət əlaməti olaraq, məhz
al qırmızı rəngli, ay-ulduzlu bayraq dövlətimizin rəmzinə çevrilib. Nuru
Paşanın rəhbərliyi altında qardaş köməyinə çatan Qafqaz İslam Ordusunun Bakı şəhərini
rus-daşnak silahlılarından azad etməsindən bir müddət sonra isə göy, qırmızı,
yaşıl zolaqlardan ibarət ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas
dövlət rəmzi kimi qəbul edilib.
Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu
Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında
bayraqdakı rənglərin nəyi ehtiva etməsindən danışarkən deyib: "Bizim
qaldırdığımız bayrağın üç rəngi türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının
və müasir Avropa demokratik əsaslarının simvoludur”.
Bu yerdə onu da qeyd etmək
yerinə düşər ki, Demokratik Cümhuriyyətin dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki
milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük,
islamçılıq və müasirlik” düsturunun müəllifi, görkəmli Azərbaycan mütəfəkkiri Əli
bəy Hüseynzadə sayılır.
Ə.Hüseynzadənin
və M.Ə.Rəsulzadənin fikirlərinin təsdiqi kimi qeyd edək ki, bayraqdakı göy rəng
Azərbaycan xalqının türk mənşəli olmasını göstərir və bu rəng türkçülük ideyası
ilə bağlıdır. Tarixi materiallarda türklərin göy rəngə üstünlük verməsi ilə əlaqədar
müxtəlif izahlar mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli
xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu
abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng rəmzi məna
daşıyır.
Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər
yürüşlərini əks etdirir. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı
inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişafı ifadə edir. Tarixdən də məlum
olduğu kimi, Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı
Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın
kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə məhz qırmızı rəng
Avropanın rəmzinə çevrilmişdi. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam
dininə mənsubluğu ifadə edir.
Böyük mütəfəkkir,
görkəmli ədib Ə.Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində
də bayrağımızda yer alan yaşıl rəngin geniş izahı verilib. Bayraqdakı qırmızı
zolağın üzərində əks olunan ağ rəngli aypara və səkkizguşəli ulduza gəlincə, Azərbaycan
Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, tarixçi-alim Cəbi
Bəhramov bayrağın üzərindəki ayparanı türk xalqlarının simvolu kimi qələmə
verib. Səkkizguşəli ulduzun mənasını "Azərbaycan” sözünün əski əlifbada
yazılışı ilə əlaqələndirib. Onun sözlərinə görə, əski əlifbada "Azərbaycan”
sözü səkkiz hərflə yazılır. Daha bir tarixçi-alim Akif Məmmədli isə bu barədə
bildirib ki, M.Ə.Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə
əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik,
bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
Cəfər Cabbarlının "Azərbaycan
bayrağına” şeirində də 3 rəngli bayrağımız, onun rənglərinin və ay-ulduzun nələri
ifadə etməsi barədə maraqlı yanaşma ortaya qoyulub.
...Bu
ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə
böylə söyləmək!
Bu
göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir
türk oğlu olmalı!
Yaşıl
boya islamlığın sarsılmayan imanı,
Ürəklərə
dolmalı!
Şu
al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət
bulmalı.
Səkkiz
uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin
gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə
uçmuşdur
Şu
hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu
qucmuşdur!
Allah,
əməllərim edib şu bayrağı intiqal,
Birər-birər
doğru olmuş, bir ad almış: İSTİQLAL!
Çox təəssüflər
olsun ki, qarşısına böyük hədəflər qoyan Azərbaycan Demokratik Cümhuriyyəti o
dövrdə cəmi 23 ay varlığını qoruya bilib. 1920-ci il 28 aprel tarixində bolşeviklər
tərəfindən işğal ediləndən, süquta yetiriləndən sonra dövlət rəmzi sayılan üçrəngli
bayraq da dəyişdirilib.
Azərbaycan Sovet Sosialist Respublikası elan edilib,
1991-ci ilə kimi bu dövlətin bayrağı 6 dəfə dəyişikliyə məruz qalıb.
Babalarımızın XX əsrin əvvəllərində qurduğu dövlətin əsas rəmzi sayılan üçrəngli,
ay-ulduzlu bayraq 70 ildən sonra yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə bərpa edilib. Belə ki, ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi 17 noyabr 1990-cı ildə bu barədə qərar verib və həmin
bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırıb.
5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali
Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli
bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
Həmin vaxtdan etibarən bu bayraq Azərbaycan
Respublikasının Dövlət bayrağı qəbul edilir, Azərbaycan dövlətinin suverenlik rəmzi
kimi tanınır.
Dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci
maddələrində, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu, eləcə
də həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət
bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Silahlı Qüvvələrin Ali
Baş Komandanı, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamla
hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
2010-cu ilin sentyabrın 1-də isə ölkə başçısının iştirakı ilə Bakı şəhərinin
Bayıl qəsəbəsi ərazisində Dövlət Bayrağı Meydanı memorial abidə-istirahət parkı
istifadəyə verilib.
Təbii ki, bütün bunlar Azərbaycana, onun dövlətinə, xüsusən də
bayrağına olan sevgidən, ehtiramdan irəli gəlir. Bayrağımıza olan bu sevgi və
ehtiram, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən vaxtilə xidmət
etdiyim hərbi hissənin yerləşdiyi Naxçıvan Muxtar Respublikasında, həmçinin
bakalavr və magistr təhsili aldığım, 100 yaşını qeyd etməyə hazırlaşdığımız
Bakı Dövlət Universitetində, ümumiyyətlə hər yerdə hər addımda sezilməkdə,
görünməkdədir. İndi ölkəmizin hər bir yaşayış məntəqəsinin mərkəzində üçrəngli,
ay-ulduzlu Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
Bununla bərabər, Azərbaycanın
dövlət bayrağı Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin
binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər,
mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi
toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq, müstəqilliyimizi
və milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin
Respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi
böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin
daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə
xidmət edir.
Üçrəngli
bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin,
tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza
ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri
də vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali
missiyanı öz üzərinə götürərkən, üçrəngli bayrağa and içir. Bütün Azərbaycan xalqının, o cümlədən biz gənclərin yeganə arzusu
babalarımızdan bizlərə miras qalan bayrağımızı işğal olunmuş ərazilərimizdə,
düşmən üzərində qələbəmizin qeyd edildiyi məkanlarda dalğalandırmaqdır. Biz gənclər
bu arzunun da tezliklə reallığa çevriləcəyinə qəti şübhə etmirik.
Çünki,
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə
bəyan edib ki, Azərbaycan bayrağı gec-tez Dağlıq Qarabağda - Şuşada, Xankəndində,
Laçında dalğalanacaq. Ali Baş Komandanımızın sözlərindəki qətiyyəti hiss
etdiyimizdən, vüqarımız, qürurumuz olan bayrağımızı işğal olunmuş Dağlıq
Qarabağ və ətraf rayonlarda dalğalandırmaq üçün peşəsindən və vəzifəsindən
asılı olmayaraq, hər bir azərbaycanlı müsəlləh əsgər kimi əmrə müntəzirdir.
Bayram İSMAYILOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə
bölgəsi üzrə şöbəsinin məsləhətçisi