Müstəqillik, yoxsa siyasi bazarlıq?
Rəsmi Bağdad, qonşu
dövlətlər, xüsusən Türkiyə və İran, həmçinin ABŞ və Avropa ölkələri, BMT İraq
Kürdüstanının referendum qərarının əleyhinə çıxmasına baxmayaraq, kürd
regionunun hakimiyyət orqanları qərarkarından geri çəkilməyiblər. Beləliklə də
sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik haqqında referendum keçirilib.
İlkin məlumata görə, referendumda təxminən 3,3 milyon nəfər, 72,16 faiz seçici iştirak
edib. Referendumda iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyini
dəstəkləyib. Səsvermənin rəsmi nəticəsi sentyabrın 28-də elan olunacaq.
Referenduma cavab olaraq İran regionla quru və hava sərhədlərini bağlayıb.
Ankara və Tehran Şimali İraqla sərhəddə hərbi təlimlərə başlayıb. İraq
parlamenti isə referendumda iştirak edən bütün məmurların və dövlət
qulluqçularının işdən azad olunması barədə qərar çıxarıb. Bununla yanaşı,
parlament Kürdüstanın qonşu ölkələrlə sərhədlərinə nəzarətin Bağdada
verilməsini, həmçinin neft üzrə bütün danışıqların və sövdələşmələrin İraq
hökuməti ilə aparılmasını tələb edib. Göründüyü kimi, İraqdakı kürd
muxtariyyətinin referendum keçirməsi qonşu ölkələrlə münasibətlərdə gərginlik
yaradıb. Bəs, bütün bu proseslər regionun gələcəyinə necə təsir edəcək?
Milli
Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc
Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, etirazlara
əhəmiyyət verilmədən referendumun keçirilməsinin regiona böyük təsiri var. O,
qeyd edib ki, bu referendumun keçirilməsi ilə Türkiyənin təhlükəsizliyinə ciddi
təhdid yaranır: "Türkiyənin daxilində PKK terror təşkilatı yaradıblar və həmin
təşkilatın üzvü olan terrorçular kürd dövlətinin yaradılması uğrunda mübarizə
aparırlar. Bu gün Bərzaninin referendumu gələcəkdə Türkiyə daxilində də belə
bir hadisənin təkrarlanması istəyinə yol aça bilər. Yəni, kimlərsə bunu Türkiyə
ərazisində də təkrarlamaq iddiasına qapılar. Nəzərə alaq ki, PYD də xarici
qüvvələrdən dəstək alır və bu dəstəyi gizlətmirlər. Əgər bu gün İraq kürd
muxtariyyətinin müstəqil dövlətə çevrilməsi məsələsi gündəmə gəlirsə, gələcəkdə
Türkiyənin parçalanması məsələsi də ortaya çıxacaq. Üstəlik, bu referendumun
keçirilməsi və onların iddiasının qəbul edilməsi Kərkük türklərini təhlükə
altına qoyur. Orada yaşayan türklərin hüquqları pozulur. Ən pisi isə budur ki,
bu referendumun keçirilməsi, nəticələrinin kimlərsə tərəfindən tanınması
açıq-aşkar terrorizmə dəstəkdir. Terrorçuların yaratdığı status-kvonun hüquqi
cəhətdən təsbit olunması deməkdir. Bu hadisənin baş verməsi çox pis ənənə
formalaşdıracaq. Dünyanın harasında bir separatizm ocağı varsa, orada terrorun,
silahın gücünə status-kvo yaradılacaq, ardınca da bunu hüquqi baxımdan təsbit
etməyə can atacaqlar. Ona görə də bütün dünya dövlətləri referenduma etiraz
etməlidir ki, gələcəkdə belə hadisələr təkrarlanmasın. Türkiyə Böyük Millət
Məclisində artıq müzakirələr aparıldı və əsgərə bəlli hüquq verildi. Fikrimcə,
kimin nə deməyindən asılı olmayaraq, ən sərt tədbirlər görülməlidir. Əgər
Bərzaninin keçirdiyi referendumla Kürdüstan adlı dövlət yaranacaqsa, bu
gələcəkdə Türkiyənin ərazisinin parçalanmasına gətirib çıxaracaq, türk
dünyasına böyük zərbə olacaq”.
Siyasi
şərhçi Vüqar Zifəroğlu hesab edir ki, referendum təkcə bölgədə deyil,
dünyanın bir çox ölkələri üçün mənfi presedent təşkil edə bilər. Onun fikrincə,
məhz bu səbəbdən referendumun keçirilməsinə münasibət mənfidir. V.Zifəroğlu
mövzu barədə bizimlə söhbətində bildirib ki, bölgə ölkələri, xüsusən Türkiyə və
İran daha kəskin mövqe sərgiləyiblər: "Ərəb ölkələrinin də sərgilədiyi
münasibət Qərbin bu məsələdə mövqeyini kifayət qədər korrektə etməsi ilə
nəticələndi. Onlar da referendumun təxirə salınnasında israr etdilər. Lakin rəsmi
Bağdadla heç bir halda mövqelərini uzlaşdıra bilməyən Bərzani referendumda
sonadək israr etdi. Bunun İraq Bölgəsəl Kürd Yönətiminə xeyirdən çox, ziyan
gətirəcəyi indidən bəllidir. Bununla bağlı, Kürd yönətiminin baş naziri
Neçirvan Barzaninin dünən verdiyi açıqlama diqqətçəkici idi. Əslində bizim də
dəfələrlə qeyd etdiyimiz kimi, referendumun özünün keçirilməsi, hələ yeni
dövlətin elan ediləcəyi demək deyil. Bu səpkidə açıqlama keçirilən səsvermənin
sadəcə siyasi bazarlıq predmeti olması barədə ciddi təsəvvür yaratmaqdadır. Rəsmi
Tehranın tam təsiri altında olan Bağdad bütün açıqlamalara rəğmən, təbii ki,
həm də İranın təsiri ilə öz təzyiqlərini artırmaq niyyətindədir”.
V.Zifəroğlu bildirib ki,
hadisələrin gedişində maraqlı məqamlardan biri də Qərbin mövqeyi ilə bağlıdır:
"Əslində referendum keçirilməsi faktının özü Qərbin manevr imkanlarını artırır
və bundan daha qabağa getmək indiki şəraitdə onlara lazım deyil. Qərb onsuz da
referendumun nəticələri ilə rəsmi Tehranın nəzarətində olan Bağdad hökumətinə,
həm də kürd məsələsinə son dərəcə həssas yanaşan Ankaraya təzyiq rıçaqları əldə
edəcək. Nəzərə alaq ki, İraq və Suriyada son dərəcə mürəkkəb siyasi vəziyyət
yaşanır, ərəb ölkələri sürətlə İsraillə yaxınlaşır, buna paralel olaraq Yaxın
Şərqdə xarici şərtlərin təsiri ilə Rusiyanın da dəstəklədiyi Türkiyə-İran dueti
formalaşır. Belə bir zamanda, Qərbin bu məsələdə daha da uzağa getməsi, belə
deyək, referendumun nəticəsi olaraq Kürdüstan adlı bir dövlətin varlığını elan
etdirməsi daha ciddi qarşıdurmaların yaşanmasına təkan verəcək. Nə Vaşinqton,
nə də qoca qitə buna hazır deyil. Bu səbəbdən bir tərəfdən Qərbdən kifayət
qədər siyasi və lojistik dəstək ala bilməyən kürd yönətimi, digər tərəfdən də
Türkiyə, İraq, Suriya və İranın sərhədləri bağlamaları səbəbi ilə faktiki
olaraq blokadaya alınmış vəziyyətə salınır. Hələ bura Türkiyə tərəfindən
edilməsi mümkün olan hərbi müdaxilə ehtimalının son dərəcə yüksək olduğunu da
əlavə etsək, Bərzaninin özünü çətin duruma saldığını söyləyə bilərik”.
Politoloq
Natiq Miri isə qəzetimizə açıqlamasında deyib ki, referendumun keçirilməsi
bilavasitə Bərzaninin rəhbərlik etdiyi İraq Kürdüstanının yaratdığı proses
deyil. Onun sözlərinə görə, burada dünyanın böyük dövlətlərinin, böyük güclərin
maraqları var: "Əgər belə olmasaydı, Bərzani bütün dünyanı qarşısına alaraq,
təhdid və təzyiqlərə əhəmiyyət vermədən referendum keçirməzdi. Bu amili düzgün
dəyərləndirmək gərəkdir. ABŞ İraqı işğal etdiyi gündən başlayaraq bu prosesə
start verib. Prosesin başlanğıcında rəsmi Ankara çox böyük yanlışlığa yol
verərək, NATO dövləti olmasına rəğmən, Türkiyənin ABŞ-la birlikdə İraqa hərbi
müdaxiləsinə yol vermədi, onu dəstəkləmədi. Beləliklə də hazırda baş verən
proseslərin təməli qoyuldu. 2003-cü ildə İraq işğal edildikdən sonra dolayısı
ilə Mosul və Kərkük təsir altına salındı. Sonradan Bərzani peşmərgələri prosesə
cəlb edildi, Mosula və Kərkükə gətirildi. Qlobal güclərin dəstəyi ilə yaradılan
İŞİD terror qruplaşması da İraqa gətirildi və bir günün içində Mosul onlar
tərəfindən işğal edildi. Əsl reallıqda, Mosul İraq hökumətinin nəzarətindən
çıxarılaraq İŞİD-ə təhvil verildi. Digər böyük türkmən şəhəri sayılan Kərkükə
də İŞİD-ə qarşı mübarizə adı altında kürd peşmərgələri, PKK terrorçuları
gətirildi. Beləliklə, hər iki şəhər mərkəzi İraq hökumətinin nəzarətindən
çıxarıldı. Hazırda isə ABŞ-ın yaratdığı beynəlxalq koalisiyanın vasitəsilə süni
şəkildə İŞİD-ə qarşı mübarizə aparılır, tədricən Mosuldan İŞİD terrorçuları
qovulur, azad edilən ərazilərdə kürd peşmərgələri yerləşdirilir. İŞİD-ə qarşı
mübarizə tam başa çatmamış artıq İraqın kürd muxtariyyəti referendum keçirir.
Çünki, İraq ordusunun başı tamamilə İŞİD-lə mübarizəyə qoşulub. İraq ordusu
hazırda iki cəbhədə müharibə aparmaq iqtidarında deyil. Belə bir situasiyada
mərkəzi hökumətdən heç bir ciddi hərbi, siyasi, iqtisadi təzyiq və təsir
almayan Bərzani referendum keçirdi. Beləliklə, o, gələcəkdə Kürdüstanın
müstəqilliyinə legetimlik qazanmaq üçün hüquqi bazis yaratdı. Bütün bunlar
ABŞ-ın region üçün düşünüb hazırladığı Böyük Orta Doğu layihəsinin tərkib
hissəsidir”.
Rufik
İSMAYILOV