• cümə, 19 Aprel, 22:32
  • Baku Bakı 24°C

Müstəqillik şərəfinə ucaldılan ədəbi abidə

24.05.17 13:00 2077
Müstəqillik şərəfinə ucaldılan ədəbi abidə
Yaşı yüz illərlə ölçülən yazılı bədii söz tariximizin peşəkar elmi tədqiqinin təməli yalnız XX əsrin əvvəllərində qoyulsa da, bu istiqamətdə, xüsusi ilə 20-ci illərdən sonra sovet rejimi və kommunist ideologiyasının hegemonluğu və nəzarəti şəraitində fundamental araşdırmaların aparıldığı, son dərəcə sanballı, dəyərli əsərlərin, cild-cild kitabların ərsəyə gəldiyi, ədəbiyyatşünaslığın müxtəlif qolları ilə bağlı məktəblərin yarandığı inkarolunmaz faktdır. Amma bu da həqiqətdir ki, müstəqillik dövründə təşəkkül tapmış, formalaşmış çağdaş milli ədəbi sərvətimizin inkişaf meyllərini və perspektivlərini, xarakterik xüsusiyyət və keyfiyyətlərini, yaradıcılıq prinsip və metodlarını yeni meyarlar, tələblər və dəyərlər kontekstində araşdırmaq, qiymətləndirmək məxsusi məna, əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərlərin də yaradılması ilə bağlı tövsiyəsinə əsasən, müstəqil respublikamızın tarixində ilk dəfə onun ədəbi salnaməsini yaratmaq yükünü üzərinə götürən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövlət müstəqilliyimizin 25 illiyinə həsr edilmiş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı bənzərsiz kitabı həm elmi-nəzəri çəkisi , həm də tarixi və siyasi missiya daşıması ilə ədəbi-mədəni həyatda böyük əks-səda doğurmuşdur.
Əgər bu sula cavab versək...
Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ədəbiyyatşünaslıq elminin parlaq nümayəndələrindən olan Yaşar Qarayev ədəbiyyat tarixinin yazılması problemləri mövzusundan bəhs edən "Ədəbiyyat tarixi konsepsiyası” adlı məqaləsində, haqlı olaraq yazırdı ki, ədəbiyyat tarixlərinin həmişə bir əsas məqsədi, bir suala cavab vermək borcu, missiyası var: qədimdən indiyə qədər, mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya ədəbi-mədəni fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər və sərvətlərlə onu zənginləşdirib? Əgər bu sula cavab versək, ədəbiyyat tariximizin bu vaxta qədəri bütün dərslərini, təcrübəsini, ənənələrini rəhbər tutsaq, onun tam və dolğun elmi tarixini yarada bilərik: millətlərin, xalqların bugünkü mənəvi-əxlaqi-bədii dəyərlər müsabiqəsində və yarışında milli mədəniyyətimizin özünü təsdiq edə bilməsinə kömək etmiş olarıq. Tam əminliklə söyləmək olar ki, yuxarıda adını çəkdiyimiz kitablarla zəngin nəzəri təcrübəsi və elmi əsasları olan ədəbiyyatşünaslığımızın ənənələrindən bəhrələnməklə, eyni zamanda müstəqil dövlətçilik ideologiyasının tələb və meyarlarına cavab verməklə, müəllif kollektivi çağdaş dövr ədəbi xəzinəsinin nəzəri-estetik baxımdan konseptual təhlilinə, tədqiqinə, ümumiləşdirməsinə və dəyərləndirilməsinə uğurla imza atmış, son 25 ilin ədəbi tarixinin professor. Y.Qarayevin təbirincə desək, tam və dolğun elmi tarixini yarada bilmişdir.
Müstəqillik şərəfinə ucaldılan bu ədəbi abidəni sahə ilə bağlı bundan əvvəl yazılmış əsərlərlə birləşdirən kifayət qədər ortaq meyarlar, eyni zamanda fərqləndirən xüsusiyyətlər vardır. Təbii ki, milli ədəbiyyatşünaslığımızın mənşəyini, qaynaqlarını inkar etməklə, uzun illər boyu yüzlərlə alimin səyi ilə formalaşmış ənənə və dəyərləri danmaqla, yazılmışları təftiş və rədd etməklə, nəhayət, zəngin beynəlxalq təcrübədən imtina yolu ilə çağdaş dövrün ədəbi salnaməsini yazmaq, yaratmaq ağlasığmazdır. Amma bu, həm də o demək deyil ki, ədəbi fakta yanaşmada, təhlildə və elmi-nəzəri ümumiləşdirmələrdə, əsərin ideya, dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən dəyərləndirilməsində sovet dövrünün ehkamları və metodologiyası toxunulmazdır. Bəs müstəqillik dövrünün məhsulu olan bu kitabların əvvəlkilərdən fərqi nədədir? Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli əsərə yazdığı "Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı ön sözdə bu suala lakonik, eyni zamanda dolğun cavab vermişdir: "... təhlil və ümumiləşdirmələrdə yeni cəmiyyətin doğurduğu bədii metod və ədəbi cərəyanların yeni ədəbiyyatından söz açılmışdır”. Bu zaman ədəbi həyatda cərəyan edən hadisə və proseslərə yanaşma tərzi də müstəqilliyin məhsulu olan dəyərlərə - cəmiyyətdə tədriclə bərqərar olan demokratik mühitə, plüralizmə, söz azadlığına uyğun formalaşır.
Keçid dövrünün tam ədəbi mənzərəsi
Kitabda müstəqillik dövrü Azərbaycan ədəbiyyatı haqlı olaraq iki mərhələyə təsnif edilərək, tədqiq və təhlil olunmuşdur: keçid dövrü və müasir mərhələ. Bu bölgü müstəqil dövlət quruculuğunun ilk dövrlərində yaranan problemlərin ədəbiyyata təsiri ilə şərtlənir. SSRİ-də 80-ci illərin ikinci yarısından başlanan yenidənqurma siyasətinin təsiri ilə ədəbi mühitdəki canlanma Milli Azadlıq hərəkatı və müstəqillik uğurundakı mücadilə ilə yeni mərhələyə qədəm qoydu. Hələ də konservativ baxışlara, köhnə stereotiplərə aludə olanlara təsadüf edilsə, senzura qalsa da, hətta bəzən "bəlkə də qaytardılar” xülyası ilə "qələm çalanlara” rast gəlinsə də, ədəbi mövzular "milliləşməyə” başladı. İstiqlal, müstəqillik uğrunda mübarizə, Qarabağ problemi, erməni xislətinin, Mərkəzi Moskva hakimiyyətinin ikiüzlü, riyakar siyasətinin, Bakıda əliyalın əhalini qanına qəltan etmiş Sovet Ordusunun əsl simasının ifşası qələm əhlinin müraciət etdiyi başlıca "keçid dövrü” mövzuları idi. Bax, həmin mərhələdə bütün bu temalarda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr kitabda ideya istiqaməti, dil, üslub, sənətkarlıq baxımından yüksək peşəkarlıqla təhlilə cəlb olunmuş, dəyərləndirilmişdir.
Keçid dövrünün tam ədəbi mənzərəsini verən "Müstəqillik dövrü Azərbaycan ədəbiyyat” kitabının I cidinə akademik İsa Həbibbəylinin "Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı ön sözü, "Müstəqillik haqqında oda”, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü”, "Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, "1990-cı illərdə nəsr”, "1990-cı illərdə poeziya”, "1990-cı illərdə dramaturgiya və teatr”, "Bölgələrdə müasir ədəbi həyat” adlı 7 fəsil daxil edilmişdir. Hər bir fəsildə qoyulan problem peşəkarlıqla araşdırılır, dəyərləndirilir. Toxunulan mövzuların portret oçerklərlə müşayiət olunması tədqiqatın daha sanballı və dolğun alınmasına yardım edir. Azərbaycan ədəbiyyatşünaslığının tanınmış nümayəndələri İsa Həbibbəylinin, Qəzənfər Paşayevin, Tehran Əlişanoğlunun, Şirindil Alışanlının, Vaqif Yusiflinin, Nərgiz Cabbarlının, Bədirxan Əhmədlinin, Asif Rüstəmlinin, Qurban Bayramovun, Əlizadə Əsgərlinin, Dilarə Əliyevanın, Mərziyə Nəcəfovanın, Mənzər Hüseynovanın, Bahar Bərdəlinin, Elnarə Akimovanın, Günay Qarayevanın, Yaşar Qasımbəylinin məqalələri sahə elminin müasir metodologiya tələbləri və səviyyəsinə uyğundur, müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, ümumi xüsusiyyətləri, inkişaf tendensiyaları, ideya istiqaməti, cərəyan və axınları, mövzu və janrları, dil, üslub, sənətkarlıq məsələləri, həmçinin dövrün əsas yaradıcı simaları barədə kifayət qədər dolğun təsəvvür yaradır.
Portret oçerklərdə Bəxtiyar Vahabzadə, Elçin, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Fikrət Qoca, Musa Yaqub, eləcə də Hüseyn Kürdoğlu, Nurəngiz Gün, Firuzə Məmmədli, Firuz Mustafa kimi şair, yazıçı və publisistlərin yaradıcılığından, xüsusi ilə müstəqillik dövrü ədəbi fəaliyyətindən , əsərlərinin məziyyətlərindən bəhs olunur. Məqalə və icmallarda ədəbiyyatımızın orta və gənc nəsil nümayəndələrinin yaradıcılığına da kifayət qədər yer ayrılmışdır.
Müstəqillik dövrü ədəbi mühitinin bütün mürəkkəbliyi hаqqındа аydın təsəvvür
Haqqında bəhs etdiyimiz kitabın "Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanan II cildi "Ədəbi- mədəni proses”, "Müasir Azərbaycan nəsri”, "Müasir Azərbaycan poeziyası”, "Müasir dramaturgiya və teatr”, "Ədəbi cərəyanlar müasir Azərbaycan ədəbiyyatında”, ”Müstəqillik illərində uşaq ədəbiyyatı”, "Elmi və ədəbi tənqid müasir mərhələdə”, ”Müasir Azərbaycan ədəbiyyatının dünya konteksi” adlı 8 fəsildən və "Nəticə”dən ibarətdir. Fəsillərin adlarından da göründüyü kimi, bu dövrün bədii irsi ədəbi proses, inkişaf meylləri və meyarları, ideya, məzmun konteksində, eyni zamanda cərəyanlar və janrlar üzrə təhlil olunmuş, dəyərləndirilmişdir. Müasir dövr ədəbi-mədəni prosesindən bəhs edərkən müəlliflər (İsa Həbibbəyli, Tehran Əlişanoğlu) haqlı olaraq, bu hadisəyə əlahiddə deyil, qədim tarixə və zəngin ənənələrə malik ədəbi irsimizin məhsulu, eyni zamanda dünya miqyasında ədəbi mühitdə gedən dəyişikliklərin tərkib hissəsi kimi yanaşır, müqayisə və təhlillər aparırlar. Problemin nəzəri qoyuluşu, bədii nümunələrin dərindən, hərtərəfli, obyektiv təhlili, dəyərləndirilməsi, elmi fikrin, qənaətlərin tutarlı və təkzibolunmaz dəlillərlə əsaslandırılması, ənənələr və müasirlik, tarixi xronoloji ardıcıllıq prinsiplərinə riayət edilməsi müasir dövr ədəbi mənzərəsinin bütün rəngləri və tərəfləri ilə təsvirinə imkan vermişdir. Məqalədə ədəbi prosesə təsir edən amillər - ictimai-siyasi, sosial-psixoloji mühit, müstəqilliyin bəxş etdiyi geniş və azad yaradıcılıq imkanları hərtərəfli şərh olunmuş, ədəbi prosesin yaranmasını, gedişatını təmin edən fərqli, fərdi ədəbi təcrübəyə, yaradıcılıq laboratoriyasına, dünyagörüşə, təfəkkür tərzi və baxışlara, özünəməxsus dil, üslub bazasına, sənətkarlıq səviyyəsinə və səriştəsinə malik yazıçı və şairlərin yaradıcılığı müasir tələblər baxımından təhlil olunmuş, qiymətləndirilmişdir. Burada adı artıq ədəbiyyat tarixinə əbədi həkk olunmuş Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Elçin, Anar, Sabir Əhmədli, Maqsud İbrahimbəyov, Məmməd Araz, Kamal Abdulla, Nəriman Həsənzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Musa Yaqub, Çingiz Abdullayev, Mövlud Süleymanlı və digərləri ilə yanaşı, yeni nəsil ədib və şairlərinin, eləcə də ədəbi mühitə təzəcə qədəm qoyan və özünü təsdiq etməyə çalışan gənclərin ədəbi prosesin yaradıcısı və iştirakçısı qismində təqdim olunması müstəqillik dövrü ədəbi mühitinin bütün mürəkkəbliyi hаqqındа аydın təsəvvür yаrаtmağa zəmin olmuşdur.
Müstəqilliyin 25 illiyinə layiqli ədəbi töhfə
Kitabın I cildində olduğu kimi, II cilddə də hər fəsildə qoyulan problemin daha geniş və dərindən təqdiminə, araşdırılmasına xidmət edən portret- oçerklər verilmişdir. "Hidayətin peoportretindən cizgilər” ( Qurban Bayramov), "Elmilik və bədiilik: paralelliklərin vəhdəti: Kamal Abdulla”, "Bütün yolları ilə yaradıcı- Rəşad Məcid” ( İsa Həbibbəyli), "İşığa gedən yollar”- Sona Vəliyeva (Vaqif Yusifli) və digər portret oçerklər (I fəsil) ədəbi-mədəni prosesin bütün rəng və təmayüllərinin açılmasına xidmət edirsə, "Aqil Abbasın yazıçı-vətəndaş missiyası”, "Səyyad Aran nəsrinin həqiqətləri” (Tehran Əlişanoğlu), "Mövlud Süleymanlının mif aləmi” (Pərvanə Bəkirqızı), "Detektiv Çingiz Abdullayev” (Salidə Şərifova) və başqa yazılar (II fəsil) müasir Azərbaycan nəsrinin, "Vətən şairi Məmməd İsmayıl”, "Ramiz Rövşənin şeiri iki əsrin qovşağında” (Elnarə Akimova), "Vaqif Yusifoğlunun sənət dünyası” (Məmməd Əliyev), "Sözün Adil Cəmil həqiqəti (Mehman Həsən), "Salam Sarvan şeiri” (Nərgiz Cabbarlı), "Bu Qulu Ağsəsdir” ( Vaqif Yusifli) çağdaş poeziyanın (III fəsil) , "Dramaturq və nasir Əli Əmirli (Tehran Əlişanoğlu) (VI fəsil) dramaturgiya və teatrın müasir dövr Azərbaycan ədəbiyyatında yerini müəyyənləşdirməyə xidmət edir.
Müstəqillik, qloballaşma, ədəbi inteqrasiya, bir sözlə, sovet rejimi və kommunist ideologiyası buxovlarından, senzuradan azad həyatın, ədəbiyyatın özü ədəbi cərəyan problemini də aktuallaşdırmışdır. Dövlət müstəqilliyimizi 25 illiyi şərəfinə nəşr olunmuş əsərlə bağlı deyilənləri yekunlaşdıraq, aşağıdakı qənaətə gəlmək olar: Milli Elmlər Akademiyasının hazırladığı elmi-tədqiqat əsəri dünya və klassik Azərbaycan ədəbiyyatşünaslığının baxışları, tarixi təcrübələri və ənənələri əsasında müasir meyarlar və dəyərlər nəzərə alınmaqla, müstəqillik dövrünün ədəbiyyatı haqqında, monoqrafik xarakterli fundamental araşdırmadır;
müasir dövr ədəbiyyatşünaslığının bütün məziyyətlərini özündə əks etdirən nümunə və müstəqilliyin 25 illiyinə layiqli ədəbi töhfədir;
ilk dəfə yeni dövr Azərbaycan ədəbiyyatının ideya-bədii dəyərləri, mövzu, cərəyanlar, janrlar, sənətkarlıq baxımından fərqli, fərdi keyfiyyətlərini küll halında üzə çıxarmaq, təhlil etmək, dəyərləndirmək, çağdaş dövr ədəbi prosesini bütün rakurslardan işıqlandırmaq kimi tarixi vəzifəni yerinə yetirdi;
müstəqillik dövrü ədəbiyyatının bəşəri və milli əhəmiyyət kəsb etdiyini, eyni zamanda bədii fikrin demokratik dəyərlər, söz azadlığı, istiqlal, milli dövlətçilik şəraitində cəmiyyət həyatındakı yerini və rolunu qabarıq göstərmiş oldu;
elmi ictimaiyyət arasında geniş əks-səda doğurmaqla, son dərəcə aktual və əhəmiyyətli problemə toxunulduğunu təsdiqlədi.
Abid Tahirli
banner

Oxşar Xəbərlər