Müstəqillik, iqtisadi güc və neft strategiyası...
Bütün
ölkələrin sahib olmağa çalışdığı "Milli Güc
Ünsürləri”ndən biri də iqtisadi gücdür. 1991-ci ildə yenicə müstəqillik qazanan
Azərbaycanda da bu gücü qazanmaq vacib idi. Çünki qazanılan müstəqillikdən
sonra ölkənin təkbaşına ayaqda durması, inkişafı qazanılan azadlıq qədər vacib
idi.
İqtisadi gücün lazımi səviyyədə olması üçün şərtlərdən biri də daxili
qaynaqların kifayət qədər çox olmasıdır. Buraya həm enerji qaynaqları, həm də
digər ünsürləri daxil etmək olar. Dar günündə Azərbaycanın "əlindən tutan” isə
neft oldu. Çünki tez bir zamanda daha çox gəlir gətirəcək sektor bu idi. Bu
istiqamətdə də fəaliyyət davam etdirildi.
Lakin ölkəmiz bu sərvətindən ümummilli lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışından sonra daha çox bəhrələndi. Belə ki, 1994-cü ildə ölkə
iqtisadiyyatında dönüş yaradan, dünyanın diqqətində olan "Əsrin müqaviləsi”
imzalandı. Bu müqavilə
Azərbaycanın müstəqil iqtisadi inkişafına aparan bir yol oldu. Heydər Əliyev
ölkəmizin "Əsrin müqaviləsi"ndən sonra çıxdığı yol haqqında deyirdi:
"1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin
təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının
rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
Bəs bu
strategiya ölkənin iqtisadi bünövrəsində hansı
rol oynadı? 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
yaradıldı. Əsas vəzifəsi isə Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin
mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində
bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə
olunan vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdən ibarət
oldu. Fəaliyyət tarixi ərzində fond milli neft strategiyasının tərkib hissəsi
kimi hansı əhəmiyyətə malik oldu?
Müstəqilliyin iqtisadi təminatını təşkil edən
prosesin bünövrəsi...
Milli Məclisin İqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin
üzvü Tahir Mirkişiliqəzetimizə açıqlamasında bildirdi ki, müstəqillik əldə etmək nə qədər çətindirsə,
onu saxlamaq və möhkəmləndirmək ondan da çətin sayılır. Millət vəkili qeyd etdi
ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini şərtləndirən
iqtisadi amillərin kökü 1970-ci illərə gedib çıxırdı: "Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə 70-ci illərdə Azərbaycanda iqtisadi yenidənqurmanın
uğurla həyata keçirilməsi, neft sənayesinin inkişafı, kənd təsərrüfatı
istehsalının bir neçə dəfə artması Azərbaycanın iqtisadi müstəqillik
potensialını yaratmışdı. 90-cı illərin əvvəllərində SSRİ və Azərbaycan
iqtisadiyyatının acınacaqlı halına baxmayaraq, neft sənayesinin potensialı yüksək
idi. Daha əvvəllər kəşf edilmiş neft yataqları, neft sənayesi müəssisələri
böyük potensial imkan kimi istifadə olunmalı idi. Və 1994-cü ildə "Əsrin
müqaviləsi” imzalanmaqla, müstəqilliyin iqtisadi təminatını təşkil edən
prosesin bünövrəsi qoyuldu. Neft strategiyası təkcə neftin xaricə bazarlara
çıxarılmasını əhatə etmirdi. Bu müqavilə Azərbaycana etibarlı, formalaşmış,
müstəqil qərarlar verən, öz milli maraqları uğrunda mübarizə aparmaq qabiliyyətinə
malik ölkə imici qazandırdı. Bu imic
sonralar Azərbaycanın bütün sahələrdə sürətli inkişafını təmin edərək, ölkəmizin
müstəqilliyini dönməz və möhkəm etdi”.
Millət vəkili
Neft Fondunun yaradılmasını Ulu Öndər Heydər Əliyevin neft strategiyasının
mühüm uğurlarından biri olduğunu deyir: "Çünki dünyada ən uğurlu təcrübələri
öyrənərək, Azərbaycanın öz milli maraqlarına xidmət edəcək belə bir fondun
yaradılması uğurlu neft strategiyasının məntiqi sonluğunun iqtisadiyyatının
bütün sahələrinə transfer edilməsini nəzərdə tuturdu. Məhz sonrakı inkişaf mərhələlərində
fondun ayırmaları hesabına ölkədə həm sosial təminatın yaxşılaşması, həm
iqtisadiyyatın qeyri-neft sektoruna dövlət investisiyalarının qoyulması bu
uzaqgörən siyasətin nəticəsi idi”.
"... əsas iqtisad gələcək məhz neftlə bağlı idi”
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan
müstəqillik əldə etdiyi gündən əsas iqtisad gələcək məhz neftlə bağlı idi. Buna
görə də müstəqillik əldə olunan andan bu istiqamətdə fəaliyyətə start verildi:
"Həmin dövrlərdə əsas problemlərdən biri məhz neft yataqlarının işlənməsi ilə
bağlı ölkənin maliyyə imkanlarının olmaması idi. Buna görə də əsasən beynəlxalq
neft şirkətlərini ölkəyə dəvət edib onların iştirakı ilə neft yataqlarını
aktivləşdirib və burada hasilatın pay bölgüsü əsasında gəlirlərin növbəti dövrdə
bölüşdürülməsi nəzərdə tutulurdu. Haradasa, 93-cü ilə qədər danışıqlarda müəyyən
anlaşılmaz məqamlar var idi. Xüsusilə də neft şirkətlərinin hasilatın pay
bölgüsündə tələb etdiyi şərtləri həmin dövrdə Azərbaycan hökuməti qəbul etmirdi
və burda daha çox mənfəətin Azərbaycan üçün götürülməsi nəzərdə tutulurdu. Nəhayət,
razılıq əldə olundu və "Əsrin müqaviləsi” bağlandı”.
Azərbaycan
iqtisadiyyatında neft aparıcı gücə çevrilir
R.Həsənov bildirdi ki, sonrakı dövrdə neft sektoruna investisiya
axını başladı, pulun ölkəyə gəlməsi dövlətin gəlirlərini artırdı, neft
sektorunda əlavə iş yerlərinin açılmasına və digər sektorların inkişafına təsir
göstərdi: "98-ci ildə artıq Azərbaycan da öz neftini dünya bazarlarına çıxarır.
Xüsusilə, 2000-ci ildən sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin
tikintisinə start verildi. Rusiyanın nəzarətindən kənar, Azərbaycanın dünya
bazarlarına nefti çıxarması, təbii ki, həmin dövrdə Rusiya siyasətinin idarəediciləri
tərəfindən qısqanclıqla qarşılanırdı. Bu qısqanclıq və təzyiqlərə baxmayaraq,
2005-ci ildə bu layihə gerçəkləşdi. 2005-ci ildən sonra artıq Azərbaycan
iqtisadiyyatında neft bir nömrəli aparıcı gücə çevrildi və əslində Azərbaycan
iqtisadiyyatının inkişaf dövrü də məhz bundan sonraya təsadüf edir.
Nefti
strategiyasının əsas 3 istiqaməti...
İqtisadçı deyir ki, Azərbaycanın neft strategiyasının əsas 3 istiqaməti
vardı: "Birincisi, Rusiyanın nəzarətindən kənar şaxələndirilmiş formada dünya
bazarlarına neft məhsullarını çıxarmaq. Bu istiqamətlərdə Azərbaycanın əsasən əməkdaşları
Avropa ölkələridir. İkinci istiqamət o idi ki, Azərbaycan neft vəsaitləri
hesabına ölkə infrastrukturunu bərpa etsin, qeyri-neft sektorunun inkişafı təmin
edilsin. Üçüncü xətt neft vəsaitlərinin demək olar ki, müəyyən bir qisminin gələcək
nəsillərə qorunub saxlanması idi. Burada Neft Fondu artıq müəyyən əhəmiyyət kəsb
edir. Neft gəlirlərinin toplanması, yığılması və idarə olunmasında fondun fəaliyyətini
iki istiqamətli qiymətləndirmək olar. Birincisi, vəsaitlərin müəyyən bir
qisminin qorunub saxlanması və ölkə əhəmiyyətli layihələrin maliyyələşdirilməsi
məqsədi ilə istifadə olunması idi. İkincisi, Neft Fondunun digər dövlət
qurumlarına nisbətən daha şəffaf fəaliyyətinin, neft vəsaitlərinin, həcminə
daxilolmalarına, fondun fəaliyyətinə beynəlxalq nəzarət imkanlarının olması
burda hesabatlılığın nisbətən daha geniş, şəffaf olmasına, o cümlədən də
ictimaiyyətin ölkənin neft gəlirləri ilə bağlı daha geniş məlumatlı olmasına gətirib
çıxardı”.
"Bu tədbirlər sayəsində...”
ARDNF-nin İctimaiyyətlə əlaqələr
şöbəsinin məlumatına görə, yaradılarkən fondun qarşısına ölkədə
makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması və
qeyri-neft sektorunun inkişafının təmin edilməsi, neft və qazın bərpa edilməyən
təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər
arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin
toplanması kimi bir məqsəd qoyulub. 2001-2016-cı
illər ərzində Neft Fonduna ümumilikdə 129 166,4 milyon ABŞ dolları və ya 108
067,3 milyon manat məbləğində vəsait daxil olub, bu dövr ərzində Fondun ümumi
xərcləri 93 344,3
milyon ABŞ dolları təşkil edib. 1 oktyabr 2016-cı il tarixinə Fondun vəsaiti 35
822,1 milyon ABŞ dolları təşkil edib. 1 oktyabr tarixinə Neft Fondunun vəsaiti
ölkənin strateji valyuta ehtiyatlarının 90%-ə qədərini və yaxud 2015-ci ilin sonunda bu göstərici ÜDM-in
63,4%-ni təşkil edib. Neft Fondunun vəsaiti sosial və
strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə
istifadə olunub.
Fonddan
bildirildi ki, 2001-ci ildən 2016-cı ilin 1 yanvar tarixinədək Fondun büdcəsinin icrası çərçivəsində qaçqın və
məcburi köçkünlərin sosial-məişət və məskunlaşma
məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 1 981,5 milyon
manat vəsait yönəldilib: "Bu tədbirlər sayəsində qaçqın və məcburi köçkünlər
arasında yoxsulluq həddi 2003-cü ildəki 75%-dən 2015-ci ildə 12%-ə qədər aşağı
düşüb. 67 162 milyon manat vəsait transfert şəklində dövlət
büdcəsinə köçürülüb. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin
maliyyələşdirilməsinə 297,9 milyon, Oğuz-Qəbələ-Bakı
şəhərinə su kəmərinin çəkilməsi layihəsinin
maliyyələşdirilməsinə 779,6 milyon, Azərbaycan İnvestisiya Şirkətinin
Nizamnamə kapitalının formalaşdırılmasına 90,0 mln, Türkiyə Respublikasında
"STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak
payının maliyyələşdirilməsinə 723,2 milyon, Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1278,7 milyon manat vəsait
ayrılıb.
"Fond
ən yüksək təhlükəsizlik yastığı olan "instrument”lərlə işləyir”
Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham Şabanla Neft Fondunun
iş prinsipi haqda danışdıq. O
bildirdi ki, fond
kifayət qədər peşəkar səviyyədə idarə olunur: "Düzdür, fondun idarəetmədən az gəlir
götürməsi ilə bağlı fikirlər də səslənir. Hətta birdən də aşağı olan faiz dərəcəsi
ilə illik gəlir götürür. Ancaq həmin insanlar bir şeyi unudurlar ki, stabil gəlir
təhlükəsizliyini təmin edən bu cür amillər başlıca məsələdir. Fond ən yüksək təhlükəsizlik
yastığı olan "instrument”lərlə işləyir. Kredit reytinqi ən yüksək olan banklar,
səhmlərə yatırımlar edir. Ona görə də Dövlət Neft Fondu öz üzərinə düşən
missiyanı faktiki olaraq yerinə yetirdi. Artıq cari ilin hesabatına baxsaq,
doqquz ayda Neft Fondunun idarə edilməsindən əldə edilən gəlir 500 milyon
dolları ötüb. Yəni, cari il üçün nəzərdə tutsaq, qarşıdakı üç ayda bu, təqribən
700 milyon səviyyəsində olacaq. Bu heç də pis rəqəm deyil”.
Aygün
Əhmədova
Yazı "Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat
Şurasının "Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft
strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft
strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim
olunur”