• cümə, 29 Mart, 05:28
  • Baku Bakı 7°C

Müstəqil xarici siyasət strategiyası - Fotolar

23.12.17 09:15 1030
Müstəqil xarici siyasət strategiyası - Fotolar
Azərbaycanın xarici siyasət strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ulu öndər Azərbaycan dövlətinin xarici siyasətinin vəzifələrini müəyyənləşdirərkən ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumağı və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməyi əsas vəzifə kimi qarşıya qoymuşdu. Bununla yanaşı, mənafeyi Azərbaycanın milli, həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə dövlətimizin mövqeyini möhkəmlətmək də əsas niyyətlərdən idi.

Regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və aparıcı təşkilatlarda fəal iştirak etmək də Azərbaycanın xarici siyasətində qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu gün hər kəsin "balanslaşdırılmış xarici siyasət kursu” kimi tanıdığı sözügedən strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu strategiya çərçivəsində Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən münasibətlər qurur. Hətta bu münasibətlər zaman-zaman daha da inkişaf etdirilərək, bəzi dövlətlərlə strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.

Tam əminliklə deyə bilərik ki, coğrafi baxımdan olduqca narahat, gərgin regionda Azərbaycanın sabitlik adası kimi var olmasının, hərtərəfli inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə, Qərbin, Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsinin, Rusiya, İran və Türkiyə ilə yaxşı münasibətlər qurmasının təməlində balanslaşdırılmış, müstəqil xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin qətiyyət, cəsarət və böyük iradə ilə həyata keçirdiyi bu siyasət ölkəmizin milli maraqlarını təmin etməklə bərabər, ədalətin, obyektivliyin nümunəsi kimi də qələmə verilə bilər. Misal üçün, Azərbaycan qütbləşən dünyada birmənalı olaraq heç bir güc mərkəzinin yanında yer almayıb. Hansısa dövlət və ya beynəlxalq təşkilatla əlaqələr yaradarkən, bu münasibətlərdən digər dövlətlərə qarşı istifadə etməyib. Hətta vaxtilə Qərbin, xüsusən də ABŞ-ın İrana hərbi müdaxiləsi məsələsi gündəmdə olanda, Prezident İlham Əliyev qətiyyət və cəsarət nümayiş etdirərək, paytaxt Vaşinqtonda media mənsubları qarşısında bəyanat verdi ki, Azərbaycan bu hərbi müdaxilənin dəstəkçisi, yaxud poliqonu olmayacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi də beynəlxalq siyasətdə ədalətin, obyektivliyin müdafiəçisi rolunda çıxış edib, müstəqil mövqe nümayiş etdirib. Bu gün də ölkəmiz müstəqil xarici siyasət yeritməklə dünya dövlətlərinin rəğbətini qazanmaqdadır.Misal üçün, bu günlərdə BMT Baş AssambleyasıABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarınınqəbuledilməz olması barədə qətnamə qəbul edib. Bundan əvvəl də BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilib və 14 üzv ölkə qətnaməni təsdiq edib. O zaman ABŞ qətnaməyə veto qoyub. ABŞ prezidenti Donald Tramp isə bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan eləyib. Buna baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib, 9 ölkə əleyhinə, 35 ölkə bitərəf mövqe nümayiş etdirib. Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüququn norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı bu yoldan, öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.

Xatırladaq ki, Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında da ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Halbuki, bir çox İslam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayaraq, daha aşağı səviyyədə təmsil olunmuşdular. Bəzi türkdilli dövlətlər, o cümlədən Türkmənistan isə ümumiyyətlə türkdilli dövlətlərin ortaq maraqları, İslam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər. Ancaq Azərbaycan müstəqil, ardıcıl və prinsipial siyasət yeridir, dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini tolerantlığın daha da genişlənməsinə mühüm töhfələr verir. Paytaxt Bakıda keçirilmiş "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyəli auditoriya toplaması deyilənlərə daha bir misaldır. Dünyanın müxtəlif ölkələrindən, beynəlxalq təşkilatlar və dini qurumlardan bununla bağlı ölkəmizə daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin göstəricisidir. Sevindirici haldır ki, mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsi kimi dəyərləndirilir.

Politoloq Qabil Hüseynlidə hesab edir ki, BMT Təhlükəsizlik Şurasında 128 üzv dövlətin, o cümlədən Azərbaycanın ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamənin lehinə səs verməsi ölkəmizin müstəqil siyasət yürütdüyünün daha bir əyani sübutudur. Onun sözlərinə görə, beynəlxalq məsələlərin həllinə dair Azərbaycanın öz mövqeyi var və bu mövqe hər zaman ardıcıl şəkildə müdafiə edilir: "BununlaBMT üzv ölkələri ABŞ və İsrailə öz sərt üzünü göstərib. Ən maraqlı hal isə odur ki, qardaş Türkiyə tərəfindən irəli sürülən bu qətnaməyə ABŞ-ın müttəfiqləri olan bir sıra Avropa ölkələri də qoşuldu. Bu özü onu göstərirdi ki, ABŞ-ın atdığı addım, yəni Qüdsü İsrailin paytaxtı kimi tanıması necə ədalətsiz addım idi.BMT Təhlükəsizlik Şurası bu qərarla sözügedən ədalətsizliyi alt-üst etdi. Azərbaycan da ona edilən təzyiqlərə baxmayaraq, Türkiyənin irəli sürdüyü qətnaməni dəstəklədi və sona kimi haqqın tərəfində oldu. Başqa cür də ola bilməzdi. Azərbaycan İslam həmrəyliyinə daim sadiqdir. Bunu ölkə başçısı da dəfələrlə bəyan edib. Azərbaycan dövləti müxtəlif tədbirlərlə bunu sübut edib. İndi də Azərbaycanın bu mövqeyi tamamilə normal, beynəlxalq hüququn prinsiplərinə uyğun idi”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər