• cümə, 29 Mart, 16:50
  • Baku Bakı 14°C

Müstəqil qəzet, yoxsa partiya bülleteni?

21.09.13 09:18 1666
Müstəqil qəzet, yoxsa partiya bülleteni?
Milli Şuranın sentyabrın 22-də keçiriləcək növbəti mitinqi ilə bağlı müxalifətin təsiri altında olan mətbuatda, xüsusilə «Azadlıq» qəzetində çağırış xarakterli yazılar dərc olunur, əsasən də gənclər meydana səslənir. Mitinqin bu cür təbliği isə birmənalı qarşılanmır. Ekspertlər hesab edir ki, kütləvi informasiya vasitələri insanları aksiyalara səsləməməlidir. Çünki faktiki olaraq, bu, qəzetçilik, media prinsiplərinin tamamilə pozulması deməkdir.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva qəzetimizə açıqlamasında dedi ki, namizədlərin təbliğat kampaniyası başladığı andan, müxalifətin də məkrli əməlləri başlayıb. Belə ki, onlar gündəmdə qalmaq üçün hər cür yola əl atırlar: “Müxalifət düşərgəsinin bu günə kimi keçirdiyi aksiyaları, piketləri görmüşük. Onlar müxtəlif qurumlarda, palatalarda birləşsələr də, bu, dövri xarakter daşıyıb. Göz qabağındadır ki, keçirdikləri piketlərə 200-dən artıq insan toplaya bilməyiblər. Düşünürəm, «Azadlıq» qəzetinin çağırış etməsinin heç bir əhəmiyyəti olmayacaq. Çünki Azərbaycan gəncləri öz seçimlərini çoxdan ediblər. İnkişafdan, quruculuq-abadlıq işlərindən, güclü dövlətdən, güclü ordudan, inamlı sabahdan danışırıqsa, onda Azərbaycan gəncinin seçiminin də İlham Əliyev olduğunu əminliklə deyə bilərik. «Azadlıq» qəzetinin bu cür absurd çağırışları hər zamankı kimi fiaskodan başqa bir şey deyil. Onu da xatırladım ki, suda batan saman çöpündən yapışar. Müxalifət bu gün həmin vəziyyətdədir. Bu onların son ümidləri, son çağırışlarıdır. Dəfələrlə qanun pozuntularına yol verdiklərini də müşahidə etmişik. Hesab edirəm ki, xalq buna öz etirazını edəcək və onların bu cür qeyri-peşəkar çağırışlarına cavab verməyəcək. Həmçinin insanlar onların mitinqlərdə iştirak etməyərək öz seçimlərinin kim olduğunu göstərmiş olacaqlar”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də söylədi ki, mətbuat orqanının siyasi çağırışlar etmək, hər hansı siyasi kampaniyada öncüllük etmək kimi funksiyası, vəzifəsi yoxdur. Onun fikrincə, konkret siyasi cəbhəyə xidmət edən «Azadlıq» qəzeti bəlkə də özünün bu cür çağırışlarını hansısa formada əsaslandıra bilər: “Onlar iddia edə bilərlər ki, müxalifət qüvvələrinə dəstək vermək üçün bu addımı atıblar. Lakin bu zaman həmin qəzet müstəqil deyil, müxalif qüvvələrə bağlı olduğunu elan etməlidir. Azərbaycanda siyasi quruma məxsus olan mətbuat orqanı nümunəsi var. Məsələn, «Yeni Azərbaycan» qəzeti iqtidarda olan partiyanın maraqlarını müdafiə edir və konkret olaraq qəzetin üzərində Yeni Azərbaycan Partiyasının orqanı olduğu qeyd olunub. Onlar YAP-ın namizədi İlham Əliyevin xeyrinə çağırışlar etsələr də, siyasi kampaniyalar aparsalar da, bu, normal qəbul olunur. Amma «Azadlıq» qəzeti hər dəfə uca səslə «biz müstəqilik, tərəf tutmuruq, tərəfsiz medianın inkişafında maraqlıyıq» deyir, siyasi kampaniya gəldiyi zaman isə çağırışlarla çıxış edir. Əlbəttə, bu, medianın prinsiplərinə qarşı çıxmaqdır və yolverilməz hərəkətdir. Bu baxımdan düşünürəm ki, «Azadlıq» qəzeti özünün təsisçisi ilə məsələni dəqiqləşdirməli, ya konkret siyasi qüvvəyə bağlı olduğunu rəsmiləşdirməlidir, ya da bu cür çağırışlardan çəkinməlidir. Beləliklə də, bütün namizədlərə bərabər münasibət göstərməlidir. Mənim düşüncələrim belədir ki, onsuz da onların çağırış etmələri nəticəsiz qalacaq. Azərbaycan uzun müddətdir ki, sabitlik mərhələsindədir. Buna görə də gənclərimizin radikallığa meyl etməsini müşahidə etmirik. Bu baxımdan bir qəzetin çağırışının effekt verəcəyini düşünmürəm. Bizim vətəndaşlarımız kifayət qədər siyasi biliyə malik insanlardır. Onlar bu cür çağırışlarla öz siyasi mövqelərini müəyyən edən deyillər”.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə hesab edir ki, «Azadlıq» qəzeti çoxdan demokratik prisnipləri unutmuş, media etikasını yaddan çıxarmış mətbu orqanı, siyasi qüvvələrin, konkret olaraq Əli Kərimlinin ruporuna çevrilmiş bir qurumdur: “«Azadlıq» qəzetinin seçki öncəsi belə çağırışlar etməsi, Azərbaycan gənclərini küçələrə, ölkədə qarışıqlıq salmağa çağırması çox təbii haldır. Düşünürəm ki, buna görə heç kim təəccüblənməməlidir. Azərbaycan gəncliyi bundan öncə olduğu kimi, bundan sonra da Azərbaycan dövlətinin əleyhinə yönəlmiş, Azərbaycan xalqının istəyinə cavab verməyən belə çağırışlara əhəmiyyət verməyəcək. Biz Milli Şuranın 18 avqust mitinqinin necə fiaskoya uğradığını, ortaya hansı mənzərə çıxardığını yaxşı xatırlayırıq. Hesab edirəm ki, 22 sentyabr mitinqi də olduqca aşağı nəticə ilə sonuclanacaq, növbəti dəfə biabır olacaqlar. Azərbaycan gəncliyi şübhəsiz ki, bu aksiyalara dəstək verməyəcək. Gənclik öz mövqeyini artıq uzun zamandır ki, ortaya qoyub. Azərbaycan gənclərinin seçkilərlə bağlı qəti və dəyişməz mövqeyi var. Bu da onunla bağlıdır ki, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan gəncinin dostu olmağı bacaran, gəncliyin inkişafı üçün davamlı və sistemli siyasət həyata keçirən ölkə başçısı İlham Əliyev artıq gənclərin dəstəyini qazanıb”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər