• şənbə, 20 Aprel, 04:47
  • Baku Bakı 15°C

“Müstəqil Azərbaycan hər bir vətəndaşımız üçün qürur mənbəyidir”

29.05.18 20:18 2300
“Müstəqil Azərbaycan hər bir vətəndaşımız üçün qürur mənbəyidir”
1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk Demokratik Cümhuriyyət yaradılıb. Məhz həmin tarixdə Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib. Azərbaycan XX əsrin sonlarında müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra 28 May tarixi Azərbaycanda Respublika Günü kimi qeyd olunmağa başlayıb. Bu il isə həmin əlamətdar hadisənin baş verməsinin 100 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Rəsmi qəbulda geniş nitq söyləyən Prezident İlham Əliyev bütün Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan dövləti AXC qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cəmi 23 ay fəaliyyət göstərən AXC-nin böyük işlərə imza atdığını, o cümlədən 200-dən artıq qanun qəbul etdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın təbii ehtiyatları, coğrafi ərazisi imkan verib ki, təbii resurslardan səmərəli şəkildə istifadə etmək mümkün olsun: "XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir. Əfsuslar olsun ki, biz müstəqilliyi itirdik. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və onu bir də o tarixdən 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırmışdır. XX əsrdə Azərbaycan iki dəfə müstəqilliyə qovuşmuşdur, ikinci dəfə 1991-ci ildə. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır”.
Tariximizin qara ləkəsi, rüsvayçılıq illəri
Prezident bildirib ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qalıb: "Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir”.
Azərbaycanın dövlət müstəqilliyinin banisi
Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı həmin illərdə öz liderinə - Heydər Əliyevə müraciət edib, onu hakimiyyətə gətirib və nə qədər müdrik xalq olduğunu bir daha dünyaya nümayiş etdirib: "1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.
Milli maraqlar üzərində qurulan siyasət
Prezident İlham Əliyev 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafının təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində güclü, qüdrətli dövlət qurulub: "Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib”.
Tarixi torpağımızda ikinci erməni dövləti yaradılmayacaq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində aparılan işlərdən söhbət açan dövlət başçısı vurğulayıb ki, həyata keçirilən tədbirlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var. Bu, münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb. Biz yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır”.
Dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilmək
Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında olmasına da diqqət çəkib. Bildirib ki, Azərbaycan ordusunun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Dövlət başçısı son 15 il ərzində iqtisadi inkişafımızın dünya miqyasında rekord səviyyədə olduğunu da xatırladıb. Deyib ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. O, son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya mərkəzi tikildiyini söyləyib. Prezident İlham Əliyev Azərbaycanın dənizləri neft–qaz kəmərləri ilə birləşdirdiyini vurğulayıb. Deyib ki, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşib. Məhz Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edilib. Prezidentin sözlərinə görə, enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan nəqliyyat infrastrukturunu yaratmaqla qitələri birləşdirib və açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Onun fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu, nəqliyyat infrastrukturu ilə bağlı digər layihələr, Xəzərin ən böyük limanı olan Ələt Limanının işə düşməsi, "Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış addımlar Azərbaycanı dünyanın nəqliyyat mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır.
Hər bir azərbaycanlı bu dövlətlə fəxr edir
Prezident İlham Əliyev Azərbaycanın idman sahəsində də dünyanın aparıcı ölkələrinin sırasında olduğunu xatırladıb. Qeyd edib ki, idmançılarımız Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında yüzlərlə medal qazanıb. Son olaraq 200-ə yaxın ölkənin iştirak etdiyi Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə qərarlaşıb. Dövlət başçısının sözlərinə görə, bütün bu uğurlar görülən işlərin, aparılan düzgün siyasətin, xalqımızın istedadının, xalqla iqtidar arasında birliyin nəticəsidir: "Bu gün hansı sahəyə baxsan inkişaf var, tərəqqi var və gələcək dinamik inkişaf üçün aydın baxışlar var. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər