• şənbə, 20 Aprel, 12:49
  • Baku Bakı 23°C

Musiqiyə həsr olunan ömür

31.05.17 13:30 3872
Musiqiyə həsr olunan ömür
Firəngiz Əlizadə çoxcəhətli yaradıcılığı ilə Azərbaycanın eləcə də dünya müasir musiqi mədəniyyətinin tarixində şərəfli yer tutur. O, musiqi mədəniyyətimizdə elə sənətkarlardandır ki, istedadını bəstəkarlıqda, ifaçılıqda, eləcə də musiqişünaslıq yaradıcılığında göstərə bilmişdir.
Heç də təsadüfi deyil ki "UNESCO-nun Sülh naminə Artist” titulunun sahiblərindən biri, Xalq artisti, professor, Azərbaycan bəstəkarlıq ittifaqının sədri F.Əlizadə "Şərəf” ordeninə layiq görülmüşdür. Bir çox nüfuzlu mükafatların və fəxri adların laureatı olan Firəngiz Əlizadə, Azərbaycan musiqisinin inkişafında böyük töhfələr vermiş, ölkəmizi bütün dünyada tanıdan musiqiçilərimizdən biridir.
Bu gün müasir musiqi dünyamızda onun əsərləri ən məşhur orkestrlərin, ifaçıların repertuarını bəzəyir, bir çox adlı-sanlı konsert salonlarında bəstəkarın müəllif konsertləri keçirilir.
Bu fenomenin sirri nədədir?
Ötən il Los-Ancelesdə "Qrammy” mükafatının 57-ci təqdimat mərasimi keçirilib. Amerikalı skripkaçı Hillari Han Firənqiz Əlizadənin "İmpuls” əsəri ilə ən yaxşı kamera musiqisi nominasiyasında "Qrammy” mükafatına layiq görülüb.
Münhendə, 17-ci əsrdə Kral XI Ferdinandın əmri ilə inşa olunmuş məşhur "Nimfenburq” qəsrində "Sonorizzonte” ansamblının ifasında F.Əlizadənin "Schwindende Schönheit” ("Qeyb olmuş gözəlliklər”) əsərinin premyerası böyük təntənə ilə baş tutmuşdu. Qeyd edək ki, əsər Şərqin lazımsız müharibələr səbəbindən məhv olmuş, dağıdılmış gözəlliklərindən - tarixi abidələrindən, muzeylərindən bəhs olunur.
Bu yaxınlarda Almaniyanın Auqsburq şəhərində, möhtəşəm "Qızıl Salon”da F. Əlizadənin klarnet və violonçel üçün " Duo of accordanse” ("İkili vəhdət”) adlı əsərinin premyerası olmuşdur. Bu əsər görkəmli alman violonçel ifaçısı, professor Yulius Bergenin 60 illiyinə həsr edilmişdir. Yubiley tədbirində Y.Berqer və koreyalı klarnet ifaçısı Hyun Yunqun təqdim etdiyi əsər dinləyicilərin alqışları ilə qarşılanmışdı.
Firəngiz Əlizadə fenomeninin sirri nədədir? İlk növbədə Allah vergisi olan bəstəkarlıq istedadındadır. Onun ilk əsərlərindən başlayaraq, instrumental əsərlərindən tutmuş xor əsərlərinə, operalarından tutmuş baletlərə və ən son illərdə yazılmış əsərlərə qədər fitri istedadı sübut olunur.
Görkəmli Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, C.Hacıyev, F.Əmirov, A.Məlikov kimi, F.Əlizadə də musiqi tariximizə gənc yaşlarından daxil olmuşdur.
Hələ konservatoriyanın 3 kursunda dahi Q.Qarayevin tələbəsi olarkən o, A.Berqa həsr olunmuş fortepiano sonatasını yazır və bu əsər Azərbaycanda, eləcə də Moskvada, Kiyevdə, Tbilisidə, sonra isə İtaliyada səslənərək gənc bəstəkarın istedadından xəbər verir.
Tələbəlik əsərləri içərisində diplom işi kimi təqdim olunan fortepiano və orkestr üçün konsertinin adını çəkmək lazımdır. Yüksək professionallıqla yazılan əsər müəllifin ifasında dəfələrlə Azərbaycanda və başqa ölkələrdə uğurla səslənmişdir. Bu əsərlər içərisində xüsusi ilə muğam üslubunda yazılan "Habil sayağı” kompozisiyası fərqlənir. Bu əsərdə bəstəkar ilk dəfə olaraq Avropa aləti olan violonçelin ifasında kamança və fortepiano alətlərinin imitasiyasını göstərir. Eyni zamanda tar, ud, dəf, qoşa nağara alətlərinin səslənməsini əlavə sırada səsləndirir. Əsəri yaratmağa F.Əlizadəni görkəmli kamança ustası, Xalq artisti Habil Əliyevin ifası ruhlandırmışdı. Kompozisiya müxtəlif ölkələrdə və şəhərlərdə ifa olunaraq, bəstəkara böyük uğur gətirdi.
Əsərə möhür qoyan istedadlı violonçel ustası İvan Moniqetti olmuşdur. İstedadlı İfaçının sifarişi ilə yazılan "Habil sayağı” "Varşava payızı” festivalında ən yaxşı violonçel əsəri kimi qiymətləndirilmişdir.
Yüksək ensiklopedik bilgilərə sahib
F.Əlizadənin unikal əsərləri sırasında 1979-cu ildə yazılan orqan "Fantaziya”sının adını çəkmək lazımdır. E.Mqlaşvili, T.Yakubova, R.İsmaylova kimi tanınmış orqan ifaçılarının ifasında bu əsər bir çox ölkələrdə uğurla ifa olunur. Orijinal melodik dili, inkişaf dinamikası, ritmik zənginliyi ilə fərqlənən "Fantaziya” dinləyicilərin dərin hüsn-rəğbətini qazanmışdır.
F.Əlizadənin yaradıcılığının maraqlı sahəsini xor vokal üçün yazılmış əsərlər təşkil edir. Nəbi Xəzrinin sözlərinə yazılmış "Vətən haqqında mahnı” oratoriyası bəstəkarın ilk monumental xor əsəridir. Müəllif bu əsərdə vətənə, xalqa olan böyük məhəbbətini, Nəbi Xəzri şerində olan fəlsəfəni yeganə dramaturji məqsədə tabe edir. Şairin mətni musiqidə bütünlüklə əhatə olunmuşdu. Qeyd edək ki, F.Əlizadə konservatoriyanı bitirəndən sonra bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyəti ilə məşğul olur. Belə ki, uzun illər o, indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi” kafedrasının müəllimi kimi "Müasir musiqi” və "Orkestr üslubu tarixi” fənlərindən dərs deyir. Ensiklopedik bilgiləri ilə tələbə auditoriyasını təəccübləndirən müəllim, müasir musiqi haqqında maraqlı məruzələrinə fortepianoda ifa olunan illüstrasiyalar əlavə edərək, mövzulara böyük rəng qatırdı. Bir çox tələbələrin yaddaşındadır F.Əlizadənin ifasında İ.Stravinskinin, A.Berqın, A. Vebernın, A.Şenberqin ən gözəl əsərlərinin özünəməxsus interpretasiyası. Demək olar ki, F.Əlizadə istedadlı musiqiçilərin bir neçə nəslini yetişdirən gözəl müəllimdir.
Pedaqoji fəaliyyəti ilə bərabər, F.Əlizadə istedadlı musiqişünas kimi də yerli və ümumittifaq mətbuatında musiqimizin müxtəlif problemləri haqqında dəyərli məqalə və resenziyalarla çıxış edir.
1994-cü ildə "Azərbaycan bəstəkarlarının yaradıcılığında orkestr üslubunun formalaşması” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, incəsənət üzrə fəlsəfə doktoru adına layiq görülüb. 1998-ci ildə onun "Azərbaycan simfonik musiqisi”, daha sonra isə "Qara Qarayev” kitabları çap olunur.
Yüksək ensiklopedik bilgilərə sahib olan F.Əlizadə müasir dünya musiqi mədəniyyətinin təcrübəsini dərindən öyrənmiş, və XX əsrin ən gözəl nailiyyətlərini öz yaradıcılığında istifadə etmişdir. O, zəmanəmizin elə nadir simalarındandır ki, onun istedadı və sənətkarlığı müasir musiqi sənətinin inkişaf yollarını müəyyən edir. Bəstəkar, pianoçu və musiqişünas Əlizadə gənclik illərindən bir birini tamamlayır. Onun müəllimi Q.Qarayev deyirdi ki, sənətkarın yorulmaq bilmədən təkmilləşmə yolu budur.
Türkiyə ictimaiyyətini heyran edən "Boş beşik”
Firənqiz Əlizadənin yaradıcılığı Türkiyə və Almaniya ilə sıx bağlıdır. O, 1993-98-ci ildə Türkiyədə, 1999-2006-cı illərdə Almaniyaya dəvət olunaraq, bu ölkələrdə çalışmışdır.
F.Əlizadə Türkiyənin Mersin şəhərində "Boş beşik” baletini yazmışdı. Bu əsər böyük uğurla Mersin Opera Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu şəhərdə F.Əlizadə operanın xor kollektivinin bədii rəhbəri kimi bir çox klassik operalara dirijoruq etmişdir.
Türkiyə ictimaiyyəti onun bu zəhmətini nəzərə alaraq, 1997-ci ildə Firəngiz Əlizadənin 50 illik yubiley yaradıcılığına həsr olunmuş möhtəşəm festival keçirmişdir.
Almaniyada çalışdığı zaman F.Əlizadə xüsusi olaraq bəstəkarlıqla məşğul olur. Berlində fəaliyyət göstərən bir çox musiqi kollektivləri bəstəkara müxtəlif janrlarda əsər yazmaq üçün sifarişlər verirdilər.
Amerikanın dünya şöhrətli "Kronos” kvarteti F.Əlizadənin yaradıcılığına maraq göstərərək, onun "Oazis”, "Muğam sayağı”, "Dance” əsərlərini dünya turnesi proqramlarına salaraq, bir çox ölkələrdə uğurla ifa edir.
Dünya şöhrətli violonçel ifaçısı Yo-Yo-Ma F.Əlizadə yaradıcılığına böyük maraq göstərərək, "İpək yolu” konsert proqramlarına bəstəkarın "Dərviş”, "Habil sayağı”, "Muğam sayağı”, "Aşk havası” əsərlərini daxil edib. Bir çox görkəmli musiqi xadimləri F.Əlizadə yaradıcılığına yüksək qiymət veriblər. Görkəmli violonçel ustası M.Rastropoviç də onun yaradıcılığına yüksək qiymət verib. Onun sifarişi ilə F.Əlizadə Rastropoviç adına keçirilən VIII Beynəlxalq Müsabiqə üçün "Oyan” əsərini yazmışdır. O, Rastropoviçin məsləhəti ilə Milli Eimlər Akademiyasının müxbir üzvü, professor Nərqiz Paşayevanın librettosu əsasında "İntizar” operasını da yazır.
Bu əsər Azərbaycan Opera və Balet teatrının səhnəsində dəfələrlə göstərilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Səhnə əsəri Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır.
"İntizar” operası F.Əlizadənin ən görkəmli əsərlərindən biridir. Opera bəstəkarın vokal xor sahəsində apardığı axtarışlarının məntiqi nəticəsi olaraq, özünəməxsus musiqi üslubu əsasında yaranmışdır. Opera müasir üslubu ilə yanaşı, orijinal milli musiqi dili ilə tamaşaçıların diqqətini cəlb edir.
"İntizar” operasının xəlqiliyi əsərin mövzusunda, niyyətində-yüksək inam, sədaqət ideyasındadır. Opera özünün ideya - emosional məzmunu ilə xəlqidir.
"İntizar” operası F.Əlizadənin yaradıcılıq təcrübəsində yeni bədii üfüqlər açmış mühüm bir dövrün məhsuludur.
İslam dininə aid ilahilərin bəstələnməsi ona həvalə edilib
F.Əlizadə daim axtarışdadır. Yubiley ilində o, Nəsiminin sözləri əsasında "Passion” əsərini yazıb. Qeyd etmək lazımdır ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından biri olan "Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus "Passions- "İlahilər” layihəsi həyata keçirilmişdir. Artıq müxtəlif dini inanclara sahib görkəmli bəstəkarlar əsərlər sifariş olunub və səsləndirilib. Nəhayət, İslam dininə aid ilahilərin də bəstələnməsi gündəmə gəlib.
Bu iş Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə olunub.
Beləliklə, "Nəsimi Passion” əsəri yaranmışdır və bu möhtəşəm əsəri ingilis dirijoru Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral Simfonik Orkestri, xoru və solistləri ifa etmişlər. Əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi açıqlanıb.
Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə, bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli "səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edir.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. F.Əlizadə bu əsər vasitəsi ilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edir. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib.
Firənqiz Əlizadə musiqi mədəniyyətimizdə həm də görkəmli ictimai xadim kimi özünə layiq yer tutur.
Belə ki, hələ 1979 ildə, 32 yaşında Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilmişdir. 2007-ci ildən bu yana Azərbaycan Bəstəkarlıq İttifaqının sədri kimi çalışır. Onun rəhbərliyi altında müxtəlif musiqi problemlərinə həsr olunmuş plenumlar, festivallar, müsabiqələr, konfranslar keçirilib.
Demək lazımdır ki, bu illərdə ittifaqda çox böyük və maraqlı tədbirlər keçirilib. Seksiyalar daimi çalışırlar, lazımı məsləhətlər, təkliflər verirlər. Bəstəkarların əsərləri seksiyalarda dinlənilir, müzakirə olunur. F.Əlizadə gənclərə böyük diqqət yetirir. Gənclərin yaradıcılığına həsr olunmuş daimi plenumlar keçirilir. Bəstəkarlar ittifaqında bir çox maarifpərvər işlər aparılır, gənclərin estetik tərbiyəsinə həsr olunmuş tədbirlər keçirilir. Peşəkar musiqiçi, ictimai xadim olmaqla bərabər, Firəngiz Əlizadə həm də gözəl insandır. O imkan dairəsindən ittifaqın üzvlərinə qayğı göstərir, xüsusən gənclərə, onların dərdlərinə, sevinclərinə şərik olur, yardım əlini uzadır.
Firəngiz xanımın xarakterində bir gözəl keyfiyyət də var. O, çox incə, insanpərvər, ləyaqətli şəxsiyyətdir. Böyüklə böyük, kiçiklə kiçikdir. Nə qədər yorğun, qayğılı olsa da, üzündən təbəssüm əskik olmur.
Arzumuz budur ki, onun həyatsevərliyi daimi olsun. Bu gün etikanın tükəndiyi bir vaxtda onun daxili və insani etikası tükənməz, yaradıcılıq axtarışları uzunmüddətli və daha də dinamik olsun, bizim hamımızı yeni-yeni yaradıcılıq uğurları ilə sevindirsin.
Zemfira Qafarova,
Əməkdar incəsənət xadimi, professor,Azərbaycan Bəstəkarlar ittifaqının katibi
banner

Oxşar Xəbərlər