“Musiqinin özü də bir siyasətdir”
Müasir Azərbaycanın inkişafında gənclərin rolu
danılmazdır. O gənclər ki, beynəlxalq yarışlarda iştirak edir, festivallarda
ölkəmizi tanıtmağı qarşılarına məqsəd qoyurlar. Qarşılarına qoyduqları məqsədə
isə addım-addım yaxınlaşırlar. İlk dəfə bir neçə il bundan öncə "Kaspi”nin "Debüt”
rubrikasında həmsöhbət olduğumuz Elvina Qurbanova bu gün dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq musiqi yarışlarında iştirak edir. O, qardaşı Nail
Qurbanov ilə birlikdə Azərbaycan musiqisini bütün dünyaya yayır.Bu dəfə isə gənc ifaçılar Nyu Yorkda keçirilən "Florida
Keys International Music Competition” musiqi yarışında qalib olublar. Elvina
Qurbanova ilk təəssüratlarını bizimlə bölüşdü. Qeyd edək ki, skripka ifaçısı
olan Elvina təhsili ilə əlaqədar Los Ancelesə köçüb və orada "Beynəlxalq
əlaqələr” ixtisası üzrə təhsilini davam etdirir.
- Elvina xanım,
Los-Ancelesdə keçirilən "Beverly Hills
İnternationalmusic festival”dakı qalibiyyətinizdən sonra sizi Nyu Yorka
daha bir beynəlxalq musiqi yarışmasında gördük.
- Bəli. Əvvəla, sizin timsalınızda Azərbaycan
mediasına təşəkkür edirəm. Çünki burada əldə etdiyimiz uğurları yerli
mətbuatımız işıqlandırır və biz buradan haqqımızda yazılan xəbərləri oxuyub şad
oluruq. O ki qaldı festivala, festival bizim üçün geniş bir meydandır. Hansı
ki, biz bu meydanda özümüzü göstərə, ölkəmizi təbliğ edə bilirik. Festivalda
dünyanın müxtəlif ölkələrindən gələn həmyaşıdlarımızla tanış oluruq. Festival
bizə dost qazandırır. Hər kəs bir fərddir. Məhz o fərdin sayəsində ölkənin
mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq imkanı qazanırıq. Bir festivalda
iştirak etməklə orada iştirak edən dünyanın digər ölkələrindən gəlmiş iştirakçıların
ölkələri ilə də qiyabi də olsa tanış olmaq şansı əldə edirik. Bir də ki,
musiqiçi sözünü musiqi ilə deməlidir. Musiqi isə sərhəd tanımır. Biz də bu
sərhədləri aşmağa və uzaq-uzaq diyarlarda "biz də varıq” deməyə cəhd
göstəririk. İstəyimizə haradasa nail də oluruq. Təbii ki, bu festivallarda
iştirakımızın da öz məqsədi var.Sonuncu dəfə noyabrın 17-də "Florida Keys International
Music Competition” musiqi yarışında iştirakımız isə təsadüf nəticəsində baş
verdi. Belə ki, iyunda seçim turlarında iştirak etdik. Orada qardaşım Nail
Qurbanovla mənim ifamı çox bəyəndiklərini bildirdilər və biz finalda iştirak
etmək üçün vəsiqə qazandıq. Nail vokal üzrə seçildi. Onun skripka fəaliyyəti də
var. Seçim turundan sonra Nyu Yorka "Carnegie Hall”-da keçirilən qala gecəsinə
dəvət aldıq. Bu musiqi yarışı Amerikada kifayət qədər nüfuzlu və bir o qədər də
məşhur bir yarışmadır. Biz bu yarışda iştirakımız üçün məmnunuq.Bundan öncə qatıldığımız "Beverly Hills
İnternationalmusic festival”ı hələ də iştirakçıların xatirələrindədir.
Həmin festival15 ildir ki, keçirilir. 15 ildə ilk dəfə olaraq, festivala
ötən il Azərbaycandan da iştirakçılar qatılmışdı. Dünyanın tanınmış solistləri,
böyük klassik musiqinin şahzadələri tərəfindən ustad dərsləri də keçirilmişdi.
Həmin festivalın təntənəli açılışı və bağlanışı məhz Naillə mənə həvalə
olunmuşdu.
- "Florida Keys International Music
Competition” musiqi yarışında nə ifa etdiniz?
- Müsabiqədə skripkada Pablo de Sarasatenin "Gypsy
Airs –if”-ini səsləndirdim. Bu da tamaşaçıların alqışına səbəb oldu. Zalda
əyləşən tamaşaçılar böyük ruh yüksəkliyi ilə dinləyirdilər. Onlar konsert
sonrası bizə yaxınlaşıb, öz təəssüratlarını bölüşür, təbrik etdilər. Hətta Nail
Nyu Yorkda "Carnegie Hall”-da keçirilən qala gecəsinə sonra daha iki konsert
proqramı ilə çıxış etdi.
- Adətən
festivalda qalib olmur, ancaq müsabiqədə müxtəlif nominasiyalar mövcud olur.
Siz hansı nominasiyanın qalibi oldunuz?
- İştirakçısı olduğumuz "Florida Keys International
Music Competition” musiqi yarışmasının öz qanunları var. Belə ki, müsabiqənin
professional kateqoriyası (A) peşəkar musiqiçilər üçün nəzərdə tutulub. Bu,
gələcəkdə özünü peşəkar musiqiçi kimi görmək arzusunda olanlara aiddir.
Həvəskar kateqoriyası (B) isə musiqiyə yeni həvəs göstərənlər üçündür. O
kəslər ki, ilk addımlarını musiqi sahəsində atmaq arzusundadırlar. Əqli və
fiziki cəhətdən zəif olan iştirakçılar üçün S kateqoriyası var. Mən skripka
üzrə A, Nail Qurbanov isə vokal üzrə A kateqoriyasının qalibi olduq. Bizə ən
ali mükafatlar təqdim olundu.
- Qeyd
etdiniz ki, festivallarda iştirakımızın öz məqsədi var. Bu nə məqsədi daşıyır?
- Bilirsiniz ki, Los Ancelesdə "Beynəlxalq
əlaqələr” üzrə təhsil alıram. Əvvəllər elə düşünürdüm ki, siyasətçi olsam,
Azərbaycan həqiqətlərini dünyaya daha tez bəyan edə bilərəm. Ancaq dünyanı
gəzdikcə gördüm ki, musiqiçi fəaliyyətimi genişləndirsəm, daha böyük kütləni
əhatə edən bir səhnədə və dünyanın müxtəlif ölkələrindən gələn insanlara sözümü
daha rahat və tez bir şəkildə deyə bilərəm. O insanlara deyəcək sözüm var. Bunun
üçün festivallara üz tuturam. Hazırda hər iki təhsilimi davam etdirirəm.
İştirak etdiyim hər bir müsabiqədə, festivalda hardan gəldiyimi, mənim ölkəmin
necə bir yer olduğunu deyirəm. Hər bir festivala öz bayrağımızı aparıram. Onun
mənasından, rəmzlərindən bəhs edirəm. Festivallar isə belə böyük bir arenada
sözümü demək üçün ideal bir məkandır. Bunu üzərimə bir missiya olaraq
götürmüşəm və layiqincə yerinə yetirməyə çalışıram.
Hazırda Amerikada yaşasaq da, ürəyimiz vətən üçün
döyünür. Hər yay anam məni Azərbaycana gətirir, istirahətimi məhz vətəndə
keçirirəm. Adətən insanlar yay aylarında xaricdə istirahət etməyi düşünəndə,
mən vətəndə istirahət edirəm. Çünki vətənin qoxusu, havası mənə güc verir. Ayağım
torpağımda olanda daha güclü və daha möhkəm oluram. Çünki vətənimdən,
torpağımdan güc alıram. Vətənə gəldikdə isə, sosial layihələr həyata keçirir,
boş dayanmıram. Sosial layihələr dedikdə, kimsəsiz, şiddətə məruz qalan
uşaqlarla görüşürəm. Onlara musiqi dərsləri keçirəm. Musiqinin insan
həyatındakı rolundan danışırıq.
- Siyasət və
musiqi yaxın sahələr deyil. İkisinin arasında ortaq nöqtəni necə tapırsınız?
- Əksinə, mən musiqidə də siyasətin tərəfdarıyam. Diqqətlə
baxsanız, musiqinin özünün də bir siyasət olduğunu görərsiniz. Çünki təkcə
Amerikada bir neçə festival və müsabiqələrdə iştirak etmişik. Onların hamısında
öz həmyaşıdlarımıza Azərbaycanın necə bir ölkə olduğunu, harda yerləşdiyini, torpaqlarımızın
kim tərəfindən işğal olunduğunu, xalqımızın başına gətirilən hadisələrdən
danışmışıq. Bizim iştirak etdiyimiz festivallarda isə təkcə Amerika vətəndaşları
deyil, dünyanın müxtəlif ölkələrindən nümayəndələr olur. Onlar da gedib öz
dostlarına danışacaqlar və beləliklə, mən öz missiyamı yerinə yetirmiş olacam.
Hesab edirəm ki, bu gənc yaşımda bir siyasətçi kimi bunları edə bilmərəm. Ancaq
musiqiçi kimi bunları edə bilirəm. Əgər söhbət vətənin təbliğatından gedirsə,
burada gənc, yaşlı, qoca söhbəti olmamalıdır. Amerikaya ilk gəlişimdə gördüm
ki, orada bizim ölkəmiz, tutduğumuz mövqe haqda çox az insan məlumatlıdır.
Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq bu mənə təsir edirdi. Əvvəllər
getdiyim musiqi festivallarında bizi ya Türkiyə, ya da İran vətəndaşı kimi qəbul
edirdilər. Ancaq indi Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin xarici siyasəti nəticəsində
Azərbaycanımız sərhədlərimizdən kənarda da tanınır. Mehriban Əliyevanın
muğamımıza, tarımıza, milli musiqimizə və milli-mənəvi dəyərlərimizə verdiyi
qiymətin nəticəsini biz buradan hiss edirik. Amerikada fəaliyyət göstərən
səfirliyimizin də bu işdə rolu danılmazdır. Belə ki, davamlı olaraq "Azərbaycan
günləri” keçirir, dahi sənətkarlarımızın anım gününü qeyd edirlər. Ancaq hesab
edirəm ki, təbliğat üçün nə qədər iş görülsə, yenə də azdır. Bu işdə bizim də
az da olsa payımız varsa, özümüzü xoşbəxt hesab edərik. Bunun üçün də əlimizdən
gələni edirik.
Onu da deyim ki, musiqi ruhla bağlı bir anlayış
olsa da, burada gen faktorunun da böyük rolu var. Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəylinin yetirmələriyik. Onun nəslindən olan törəmələrik. Bəlkə də
bu istedad bizə oradan gəlib.
Xəyalə Rəis