AZE | RUS | ENG |

Musiqinin qurduğu ailə - Fotolar

Musiqinin qurduğu ailə - Fotolar
İbrahim Azəri: "Səbinə səhnəyə çıxanda, mən ondan daha çox həyəcanlanırdım”
 
Səbinə Ərəbli: "Əziyyət çəkdim, solo konsert verdim, heç bir jurnalist ondan yazmadı”

 
Musiqi könüllərin məlhəmidir, deyirlər. Bu günkü qonaqlarımızı da tanış edən, yollarını kəsişdirən məhz musiqi olub. Onlar muğam aləminə yeni səs, yeni nəfəs gətirən istedadlı xanəndə, "Muğam televiziya müsabiqəsi-2011” müsabiqəsinin qalibi Səbinə Ərəbli və onun həyat yoldaşı aparıcısı İbrahim Azəridir. Qonaqlarımızla onların ailə həyatından, yaradıcılıqlarından və ötən həftə verdikləri konsertdən danışdıq. Noyabrın 22-də "Muğamat var olan yerdə” adlı ilk solo konsertini verən Səbinə Ərəbli  təəssüratını bizimlə bölüşdü:
 
- Bu mənim ilk solo konsertim idi. Təəssüratlarım çox gözəldir. Gördüm ki, konsert vermək heç də asan deyilmiş. Bütün yük öz üzərimizdə idi deyə, həm də təcrübə toplamış olduq. Buradan konsertdə əziyyəti keçən bütün insanlara təşəkkürümü bildirirəm. 
 
 
 
- Arzuladığınız kimi keçdimi?
 - Bəzi məqamlar var idi ki, orda həyəcanımı büruzə verirdim.  Hərdən düşünürəm ki, bu konsert  başqa cür də ola bilərdi. 
 
- Bu qədər sevilən sənətçi olmanıza baxmayaraq, haqqınızda sayt və qəzetlərdə çox az məlumatlar var. Saytlarda yalnız sizin toyunuz, ana olmanız haqda xəbərlər yer alıb... 
- Əslində toy və ana olmaq haqda xəbərlərin heç birini biz göndərməmişik. O şəkillərin hamısını mənim "İnstagram” səhifəmdən götürüblər. Konsertimdə mənə pis təsir edən məqamlardan biri də bu oldu. Konsertdən sonra heç kim o haqda yazmadı. Amma heç kimə demədiyim halda, ana olmağımla bağlı xəbərlər yazıldı və bu, gündəm oldu. 
 
İbrahim:Baxmayaraq ki konsertin informasiya dəstəkçiləri də var idi, ancaq onlar konsertlə bağlı heç nə yazmamışdılar. Yenə də sağ olsun Xəzər TV, AzTV, ATV kanalları. Onlar bu konsertdə bizə çox dəstək oldu. Ancaq valideyn olmağımızla bağlı xəbəri başqaları elə həmin gün yazdılar.  
 
 
 
- Konsert ifaçıda özünə inamı artırır. Sanki özün-özünə hesabat verirsən. Sizdə belə hiss varmı?
- Əlbəttə, var. Mən peşman deyiləm. Konsertdə başqa repertuar da seçə bilərdim, ancaq saatı da nəzərə aldım. Mənə dedilər ki, 2 saatdan çox olmamalıdır. Biz də proqramımızı məhdudlaşdırdıq. Vaxt çox olsaydı, repertuarımız daha geniş olardı. Bu konsertimdə yalnız muğam ifa etmədim, həm də klassik, bəstəkar və ərəb mahnıları ifa etdim. Çoxşaxəli repertuar seçmişdik.
 
-  Bu önəmli gündə İbrahim sizə nə qədər dəstək oldu?
- İbrahim mənə çox dəstək oldu. Bu, danılmazdı. Çox şey onun sayəsində başa gəldi.
 
- Bəs, repertuar seçiminə İbrahim müdaxilə edirmi?
- Əlbəttə. Elə olur ki, sevdiyim mahnını İbrahim bəyənmir, onun seçimini isə bəzən mən bəyənmirəm. Konsertdə də belə etdik. Öz aramızda seçmələr etdik. Qeyd edim ki, konsertdə Əməkdar artist Ələkbər Ələkbərovun da əziyyəti çox oldu. 
 
 
 
- İbrahim bəy, Səbinəni səhnədə görəndə hansı hissləri keçirirsiniz?
- Ondan çox mən həyəcanlanırdım. Səbinənin ifasına əminəm. Sadəcə olaraq o, səhnədə danışarkən həyəcan keçirirəm. Danışanda qorxurdum ki, nəsə həyəcan keçirər, fikrini düzgün ifadə edə bilməz. Səbinə Ərəblinin ifasına isə hamı bələddir, ona görə arxayın idim. 
 
- Səbinə xanım, Ərəbli soyadı haradan qaynaqlanır?
- Əslində bunun tam mənasını bilmirəm. Kimisi deyir ərəblərdən gəlməlidir, kimisi də deyir arabaçı mənasını verir, sonradan belə olub. 
 - İbrahim:Əsas odur ki, ərəb deyil (gülürük).
 
- Qeyd etdiniz ki, konsertdə müxtəlif tipli mahnılara müraciət etdiniz. Estradaya marağınız necədir və nə zamansa sizi estrada mahnıları ifaçısı kimi görə biləcəyikmi?
- Əslində estrada janrında da mahnılar ifa edirəm. Heç zaman bir yöndə inkişaf etməyi sevməmişəm. Bütün istiqamətlərdə özümü inkişaf etdirmək istəmişəm. 
 
 
 
İbrahim: Səbinənin sırf gündəmdə olan estrada deyil, klassik estrada janrında oxumasını istəyərəm. Yəni buna heç bir etirazım yoxdur.
 
- Özünüzü şou-biznesin parçası hesab edirsinizmi?
Səbinə: Biz istəsək də, istəməsək də bizi o şou-bzines deyilən bir aləmə salırlar. Sənətimlə məşğulam, şou-biznes mənə maraqlı deyil.
 
 - Sənətə yeni gələn xanəndələrin ən böyük arzusu Opera və Balet Teatrının səhnəsində  Leyli obrazını canlandırmaq olur. Sizdə necə, belə bir istək varmı?
- Əslində Leyli obrazı üçün təklif almışam. Gələcəkdə Leyli kimi də qarşısınıza çıxa bilərəm.   Əslində bu barədə çox da danışmaq istəmirəm. Mənə əvvəldən danışmaq düşmür (gülür). Opera sənəti çox çətin sənətdir. Universitetdə oxuyarkən müəllimlərim Məsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov təklif etmişdi ki, teatra gəlim. Onda özümü hazır hiss etmirdim. İndi isə özümü hazır hiss edirəm. 
 
- Teatr səhnəsi konsert səhnəsindən fərqlidir. Siz orda həm də aktrisalıq bacarığı nümayiş etdirməlisiniz. 
- Açığı, təklif alanda, o cəhətdən tərəddüd edirdim. Ümid edirəm ki, bacararam. Operada aktrisalıq lazımdır. O olmasa, iş yarımçıq alınır.
 
 
 
- İbrahim bəy, Səbinə xanım ifası ilə insanların könlündə taxt qurmuş xanəndədir. Onun tamaşaçılar tərəfindən bu qədər sevilməsi sizdə qısqanclıq yaradırmı?
- Heç vaxt. Mən belə şeylərə görə qısqanclıq söz-söhbətləri yaratmıram. Səbinəni daha çox tanıyırlarsa, mən buna sevinirəm. Ailə quranda bunları bilirdim. Onu "Xalq ulduzu” yarışmasından tanıdım və Səbinənin hansı sahə üzrə yol aldığını da yaxşı bilirdim. 
 
- Müsabiqədən söz düşmüşkən, muğam müsabiqəsi həyatınızda nələri dəyişdi? 
- Səbinə: Muğam müsabiqəsinin mənim həyatımda rolu çox böyükdür. Bu müsabiqəyə qədər 5-10 adam arasında tanınırdımsa, ondan sonra çox tanındıq. Muğam müsabiqəsindən sonra hər yerdə bizə yaşıl işıq yandı. Hara gediriksə, bizi hörmətlə qarşılayırlar. 
 
- Bəs ondan əvvəl iştirak etdiyiniz "Xalq ulduzu” yarışması?
Səbinə: "Xalq ulduzu” yarışmasında ilk addımlarımı atdım. Bilmədiyim mahnıları orda öyrənmişdim. "Xalq ulduzu”nun mənim ailə qurmağımda da böyük rolu oldu.
- İbrahim: Bu yarışmanın Səbinənin də, mənim də həyatımda rolu böyükdür. Çünki orda bir-birimizi tanımışıq.
 
 
 
- İbrahim bəy, incəsənət aləminin nümayəndələri ilə ailə quran kişilər bir az tərəddüd edirlər. Sizdə belə tərəddüdlər oldumu?
 
İbrahim:Əsla. Hər bir sahədə çalışan yaxşı və pis insanlar var. Sadəcə olaraq incəsənət adamları daha çox gündəmdədirlər deyə, onların hər hərəkəti müzakirə obyektinə çevrilir. Belə olan halda, insanlar düşünür ki, yəqin digər ifaçılar da elədir. Əslində elə deyil, bu məsələ hər bir sahədə var. Sadəcə olaraq incəsənətin adı çıxıb. 
 
- Sualım hər ikinizədir, valideyn olduqdan sonra həyatınızda nələr dəyişdi?
 
Səbibnə: Çox şey...
 
İbrahim: Yuxusuz gecələrimiz başladı (gülürük). 
 
Səbinə:Hər evə uşaq arzu edirəm. Kimin ailəsində körpəsi yoxdursa, Allah qismət etsin. Gözəl hissdir. Uşağa görə gecələr yuxusuz qalmağın da bir şirinliyi var.
 
- Uşaqlı ailənin qayğıları daha çoxdur.
 
Səbinə:Uşaqla çalışmaq çətindir. Həm sənət, həm uşaq insanı çox yorur. Çox şükür ki, mənə kömək edən insanlar var. 
 
- Bəs İbrahim uşaqlara baxmaqda sizə kömək  edirmi?
 
- Əlbəttə.
 
 
 
İbrahim: Gecə uşaqları aramızda bölürük. Hərəmiz birinə baxırıq. 
 
Səbinə: Balaca övladımız hələ çox kiçikdir. Böyük isə atasına bağlıdır. 
 
- Səbinə xanım, hansısa sənət yoldaşınızla indiyə qədər xoşagəlməz hadisə yaşamasınızmı? 
 
İbrahim:Xanəndələrin əsas söhbəti kulisdə olur. Kulisdə nələr olur, nələr. Səhnəyə çıxanda hamı mehribandır.
 
Səbinə (İbrahimə baxaraq): Bizim kulisdə heç nə baş vermir. Mənim heç kimlə konfliktim yoxdur. 
İbrahim: 2005-ci ildən televiziya sahəsindəyəm, gördüklərim bunları deməyə əsas verir. Xanəndələr üzdə çox qalmaqal yaratmasalar da, kulisdə heç də elə deyil. 
 
Səbinə: Təəssüflər olsun ki, bu gün televiziyalarımız daha çox şouya qaçır. O daha çox reytinq verir, nəinki bizim ifalarımız, sənətimiz. Ona görə də estrada ifaçıları daha tez məşhurlaşır. Mən hamı ilə yola gedirəm. Mənim heç kimlə işim yoxdur. 
 
- Bəzən deyirlər, gənclərin estrada janrına daha çox həvəsləri  var, nəinki muğama.
 
Səbinə: Bu zövq məsələsidir. Zövqü dəyişmək mümkün deyil. Kimsə rok dinləyirsə, onu məcbur edə bilmərik ki, gəl sən muğamı dinlə. Musiqi məcburiyyəti sevmir. Amma bir neçə il bundan qabaqkı dövrə baxanda, indi muğama böyük maraq var.
 
- Səbinə hələ də ustadlarından nələrisə öyrənirmi?
 
- İndi buna vaxtım yoxdur. Ustadlarımın lent yazılarına qulaq asıram. Mənim ustadım Qəzənfər Abbasovdur. Muğamın əlifbasını mənə o öyrədib. Mənsum İbrahimovu, Arif Babayevi, Aygün Bayramovanı, Nəzakət Teymurovanı özümə müəllim hesab edirəm. Onlardan da əvvəl Şövkət Ələkbərovaya pərəstiş etmişəm. 
 
- İndi gənc xanəndələrdən kimləri dinləyirsiniz?
 
- Onlar çoxdur, ad çəkmək istəmirəm. Ola bilər ki, kimsə yadımdan çıxar, xətrinə dəyər. 
 
- Müasir dövrdür, indi məşhurlar sosial şəbəkələrdə özlərinə kanal, səhifə açır, uşaqlarının necə böyüməsini orada paylaşırlar. Siz necə?  
 
Səbinə: Mən "İnstagram”da belə bir səhifə açmışdım. Sonra İbrahim icazə vermədi.
 
- Göz-nəzərə inanırsınız?
 
İbrahim: Mən inanıram. 
 
Səbinə:Allah qoruyandan sonra göz-nəfsə inanmıram. Hamının bir alın yazısı var. İbrahim isə tamam fərqli düşünür. 
 
- Sosial şəbəkələrdən söz düşmüşkən, hansı ifaçını danışdırırsan, deyir ki, "Youtube”-da filan milyon izləyicim var. 
 
Səbinə: O milyonları mən də yığa bilərəm. Həmin izləyicilər normal yığılmır. İzləyənlərə fikir versəniz, onların çoxunun heç bizim millətin nümayəndələri olmadıqlarını görərsiniz. 5 nəfər olsun, amma səni doğrudan izləsin, sevsin. Muğam müsabiqəsindəki ifalarımı paylaşmıram, kimsə paylaşır. İzləyici sayı çoxdur. 10 mini, bəlkə də 50 mini keçən mahnılarım var. 
 
- Gəliri təkcə sosial şəbəkələrdən deyil, əsasən toylardan əldə edirlər. Sizin toy bazarınızda vəziyyət necədir? 
 
İbrahim: Toylarda muğama necə tələbat varsa, Səbinəyə də tələbat elədir. Toylardan muğam yığışdırılanda, biz də toylara getməyəcəyik (gülürük). 
 
Səbinə: Toyda yalnız muğam istəyən yoxdur. Mən bütün toyu muğam oxumuram. İnsanlar toya şənlənməyə gəlir. Toylarda son zamanlar muğama az yer verirlər.
 
İbrahim:Səbinə onu arzulayan insanların toyuna gedir. Elə insanlar var, arzusu olur ki, övladının toyunda Səbinə oxusun. Səbinənin getdiyi ailə toyları var ki, onlar bütün xeyir işlərində məhz onu görmək istəyir. Efirdə nə qədər çox olursansa, sənə daha çox tələbat olur.
 
Səbinə: Bu gün efirdə olmasam, hamı məni unudar. İndi oxuyanlar çoxdur. Mən yoxamsa, başqası oxuyur. Muğam müsabiqəsi davam edir. Hər gün yeni səslər meydana gəlir.
 
- Tok şoularda və bu kimi verilişlərdə muğam ifaçılarını çox az görürük. Sizcə, bu nədən qyanaqlanır?
 
İbrahim:Televiziya reytinqə işləyir. İndi reytinq üzdə olan, qalmaqal yaradan, tez-tez evlənib, boşanan ifaçılardan və digər tanınmış simalardan gəlir. 
 
Səbinə: Muğam ifaçısı efirə çıxıb sırf muğamını oxuyur. Xanəndələr qalmaqal yaratmır. Aparıcı onu qalmaqala çəksə də, o, atmacaya cavab vermir. Saytlar da televiziyalardan qaynaqlanır. Baxırlar, oradan qalmaqal götürürlər. Misal üçün, mən o qədər əziyyət çəkdim, solo konsert verdim, ortaya sənət qoydum. Heç bir jurnalist ondan yazmadı. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000