• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

“Musiqi var ürək üçün, musiqi var çörək üçün”

08.01.19 09:00 9665
“Musiqi var ürək üçün, musiqi var çörək üçün”
Ötən gün dirijor, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Xalq artisti, "Şöhrət” ordenli Teymur Göyçayev "Şərq” qəzetinə müsahibəsində maraqlı bir mövzuya toxunub. T.Göyçayev hazırda estrada musiqisinin olmaması və müasir bəstəkarların yoxluğundan şikayətlənib: "Əvvəllər bəstəkarlar var idi ki, estrada musiqiləri yazardılar, müğənnilərlə işləyərdilər. O bəstəkarlıq ənənəsi itib, o tandem qalmayıb. Səhnəmizdə ən böyük problem savadsızlıqdı. Bu gün musiqilərin bu qədər bayağı olmasının səbəbi savadsız musiqiçilərlə çalışmaqdır. İndi hər yerindən duran, sintezator çalan bəstəkar olur. Kompüter vasitəsilə musiqi yaranmır. Musiqinin rəngi, ruhu olur. Bu gün peşəkar bəstəkarlara müraciət olunmur”.

Xalq artisti son illər estrada səhnəsində yeni nəfəs, yeni tərzin yoxluğundan da şikayət edib: "Bu gün estrada musiqisi toyxanalara yol açıb. Estrada musiqisi toyxanaya ayaq açıb deyə, o sahədə vəziyyət ürəkaçan deyil. Estrada musiqisi peşəkarlıqdan kütlə musiqisi səviyyəsinə enib. Estrada musiqisi kütlənin zövqü ilə ayaqlaşmağa başlayıb”.
"O mahnılara efirə çıxmazdan əvvəl heç olmasa yön verin”
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə Teymur Göyçayevlə fikirlərinin üst-üstə düşdüyünü qeyd etdi: "2 il bundan qabaq Tofiq Quliyevin 100 illiyi çərçivəsində ilk dəfə olaraq respublikada bəstəkarların estrada mahnı müsabiqəsi keçirildi. Mən də orda münsiflər heyətinin üzvü idim. Müsabiqə elan olunduqda, televiziyalarda, saytlarda anonslar getdi. Qeyd olundu ki, özünə bəstəkar deyən hər bir şəxs bu müsabiqədə iştirak edə bilər. Nəticədə bütün iştirak edən bəstəkarlar konservatoriya məzunları, Bəstəkarlar İttifaqının üzvləri oldu. Efirlərdə özlərini bəstəkar kimi təqdim edən o insanların mahnılarını müsabiqədə görə bilmədik. Düzdür, bu gün təhsil almış, peşəkar bəstəkarlar var. Ancaq onların PR-ı yaxşı işləmir. Bu baxımdan media nümayəndələri, televiziyalar, radiolar aktiv deyil. KİV, televiziyalar nəyi təbliğ edirsə, insanlar ona doğru can atır. Əgər televiziya vasitəsi ilə peşəkar musiqi təbliğ olunsa, o gənclərə efirlərə çıxmağa şərait yaradılsa, təbii ki, insanlar bunu qəbul edəcək. Televiziyada efirə cavabdeh olan insanlar orada nümayiş olunan mahnıları, ifaları peşəkar cəhətdən dəyərləndirib məsuliyyəti üzərlərinə götürsələr, əlbəttə ki, bu bizi acınacaqlı vəziyyətdən çıxarar. Mən bütün bunların səbəblərini efirlərin musiqi təbliğatının azlığında görürəm. Məsul şəxslərdən xahiş edirəm ki, radiolarda və televiziyalarda nümayiş olunan musiqilər ya peşəkarların nəzarətindən keçsin, ya da efirdə göstərməmiş özləri bir baxsın. Heç olmasa, o mahnılar efirə çıxmazdan əvvəl onlara yön versinlər. Axı Azərbaycan musiqisi bu deyil. Bizim efirlərə tək özümüz baxmırıq, bizdən başqa dünyanın istənilən ölkəsindən baxan əcnəbi vətəndaşlar var. Efirdən ancaq səviyyəli, gözəl musiqilərimizi təqdim etməliyik”.
"Bu biabırçı musiqilər heç gənclərin ürəyinə yol tapmır, qaldı ki, professorun”
Bəstəkar, ifaçı, aparıcı Murad Arif dünyanın hər yerində bu cür proseslərin baş verdiyini deyir: "Teymur Göyçayev elə fikirlər səsləndirib ki, mən bunları şərhsiz buraxmalıyam. Çünki onun sözlərində böyük həqiqət var”.

T.Göyçayevin "kompüter vasitəsilə musiqi yaranmır” fikrinə gəlincə isə, müsahibimiz deyir ki, musiqi ürəkdən yaranar: "Yəqin ki, bu şəkildə çalışan insanlar var. Heç bir şəkildə bu fikirlər mənə aid deyil. Professorumuz Teymur müəllim qlobal bir prosesdən danışıb. Çox təəssüf ki, dünyanın hər yerində bu proseslər yaşanır. Çox təəssüf ki, bu gün musiqilərdə melodizm azalıb. Ola bilər ki, bu, sosial faktordur. Ümumiyyətlə, musiqi sahəsində peşəkarlıq daha da azalıb. Siz trendlərə baxın, trendlərdə ən son dinlənilən mahnılar bilmirsən ya repdir, ya meyxana. Bir gün ərzində yarım, bir milyon baxış sayı toplayır, cəmiyyətimiz isə bu musiqilərin arxasınca gedir. Burada televiziyaların böyük rolu var. Mən artıq 9 aydır ki, televiziyaya çıxmıram. Qeyd etdiyim bu biabırçı musiqilər heç gənclərin ürəyinə yol tapmır, qaldı ki, professorun”.
"Bu gün insanlar pop musiqilərini daha çox dinləyirlər”
Bəstəkar, ifaçı Rubail Əzimov isə məsələ ilə bağlı deyir ki, estrada musiqisində professional anlayışı yoxdur: "Uşaqlıqdan Teymur Göyçayevə qibtə etmişəm. Bizim üçün doğrudan da canlı əfsanələrdən biridir. Onun fikirləri ilə razıyam. Qeyd edim ki, estrada musiqisində professional anlayışı yoxdur. Sovet dövründə "4-də 4” ritmində olan mahnılar estrada mahnıları adlanırdı. Estrada deyilən bir anlayış ümumiyyətlə yoxdur. Var klassik musiqi, bir də var pop musiqisi. Yəni populyar musiqi. Pop musiqisi qəmli, ritmik və s. ola bilir. Bu gün bütün dünya ölkələrində klassik musiqi ilə məşğul olan musiqiçilər var. Hansı ki, onlar öz ömürlərini buna həsr ediblər və peşəkar musiqiçilərdir. Ancaq populyar musiqiçilər isə müxtəlif adlarla səslənir - trend, mövsüm musiqisi və sair. Bunlar əvvəlcədən təyin olunmuş bir dövr – 6 ay, bir il üçün nəzərdə tutulmuş musiqilərdir. Hansı ki, nəzərdə tutulan bu müddət ərzində həmin mahnılardan istifadə edilir və sonra mahnı unudulur. Həmin mahnılar pul qazanmaq üçün nəzərdə tutulub. Klassik musiqi ilə pop musiqisi arasındakı fərq bunlardır. Musiqi var ürək üçün, musiqi var çörək üçün. Bir var klassik musiqi - bu əsl musiqidir. Klassik musiqi heç vaxt ölmür. Ancaq bu gün insanlar pop musiqilərini daha çox dinləyirlər. Heç kəs yalandan deyə bilməz ki, mən evdə oturub Mozartı dinləyirəm. O musiqilərin yeri tam başqadır. Mən hər zaman bu musiqiləri üstün tutmuşam”.
R.Əzimov qeyd edir ki, müasir musiqiçilər, bəstəkarlar kütlə üçün işləyir: "Bizim o klassik musiqiçilərlə müqayisə olunmağımız heç bir halda düzgün deyil. Klassik musiqi bu gün dinlənilən bütün musiqilərin sütunudur. Hansı ki, bütün musiqilər onun üstündə qurulub. "Gangnam style” mahnısının gətirdiyi qazanc, məşhurluq, izləyicilərin sayı klassik musiqilərdəkindən öndə ola bilir. Bu, zamanın tələbidir. Mən hər zaman klassik musiqinin formatlarını qorumuşam. Amma əgər sırf klassik musiqiyə köklənsəm, kənarda qalacam. Açıq deyirəm, elə olsa nə o yanlıq olacam, nə də bu yanlıq. Teymur Göyçayevin dediyi sözlərlə tam razıyam. Ancaq Teymur müəllim də bilir ki, gündəlik tələbata uyğun olan pop musiqisinin o musiqiyə heç bir aidiyyəti yoxdur. Onlar müqayisə olunmaz şeylərdir”.
"Biabırçı musiqilərə bir əlac qılsalar, yaxşı olardı”
Bəstəkar, müğənni Pərviz Mahmudov da bizim söhbətində Teymur Göyçayevin fikirləri ilə razılaşdığını bildirdi: "15 ildir ki, bu sənətdə çalışıram. Çalışdığım müğənnilər cəmiyyətdə sevilən, tanınan, yüksək kateqoriyalı ifaçılardır. Teymur müəllim bunu indiki bütün bəstəkarlara şamil etməyib. Bayağılığa qaldıqda isə, hər dövrdə belə hadisələr olub. Sadəcə, əvvəlki illərdə hazırlanan bayağı mahnılar ictimaiyyətə göstərilmirdi və bu şəkildə təbliğ olunmurdu. O vaxtlar pul xətrinə hər kəsi efirlərə buraxmırdılar. Əslində bu gün musiqi aləmindəki proses məni çox narahat edir. Düzdür, bu gün də çox istedadlı və zövqlü bəstəkarlarımız var. Özümdən götürüm, mən bayağı mahnılar ifa edən ifaçılarla işləmirəm. Çalışdığım insanlar cəmiyyətdə sayılıb-seçilən nüfuzlu sənətçilərdir. Onlardan xalq artistləri Brilyant Dadaşova, Aygün Kazımova, əməkdar artist Röya və sairləri misal çəkə bilərəm”.

Pərviz Mahmudov nəyisə deyərkən yaxşı və pisi ayırmağın vacibliyini vurğuladı: "Əgər 3-4 nəfər ortaya düşüb bayağı mahnılar yazırsa, bu o demək deyil ki, bugünkü mahnılar və bəstəkarlar bayağıdır. Aranjemanlar əvvəllər canlı ifa olunurdu. Bu gün müasir pop musiqisi necə belə ola bilər axı? Bayağı musiqi anlayışı ayrı, pop musiqi isə tamam ayrı bir dünyadır. Deyirlər ki, bu gün ərsəyə gələn mahnılar 3 günlükdür. Mən bu sözləri özümə aid hesab etmirəm. 10 il bundan qabaq yazdığım mahnılar hələ də oxunur, dinlənilir. Ancaq bu gün hind ritmləri altında, meyxana janrında hazırlanan biabırçı musiqilərə bir əlac qılsalar, yaxşı olardı”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər