• cümə, 29 Mart, 12:12
  • Baku Bakı 14°C

Musiqi sənətimizin Bülbülü

27.09.17 13:45 5253
Musiqi sənətimizin Bülbülü
"Bülbül kiməsə yaxşılıq eləməkdən zövq alar, dinclik tapardı. Hamının dərdini, qayğısını özününkü bilərdi. Kimsə ona problemlərindən söz açıb, kömək istəsəydi, məsələni həll edənə qədər özünə yer tapmazdı. Narahat insan idi Bülbül”. İllər öncə görkəmli müğənni Bülbülün yaşadığı evdə qonaq olub, ömür-gün yoldaşı Adilə xanımdan eşitdiyim bu sözlər vokal ustasının sənətinin böyüklüyü ilə üst-üstə düşür: böyük şəxsiyyət və böyük ustad.
Sentyabrın 28-də Bülbülün dünyadan köçməsindən 56 il keçir. Ancaq böyük sənətkarın musiqi sənətimizdə qoyduğu iz, açdığı cığır tarixin yaddaşına köçüb. SSRİ Xalq artisti İvan Semyonoviç Kozlovskinin dediyi kimi: "Böyük sənətkar Bülbülün adı, onun biliyi, zövqü gələcək nəğməkar insan nəsillərində əbədi yaşayacaqdır”.
Sənət zirvəsinə aparan yol
Əsil adı Murtuza idi. Doğulduğu Şuşa şəhərində hələ uşaq ikən ustad sənətkarların - Keçəçioğlu Məhəmməd, Segah İslam, Cabbar Qaryağdıoğlunun səsinə qulaq asar, onlar kimi oxumağa çalşardı. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona ilham verər, təkrarolunmaz səsi məhz Qarabağ diyarının təbiətindən qaynaqlanırdı. Balaca Murtuza Qırxqız yaylağında, Cıdır düzündə öz səsini Topxana meşəsinin bülbüllərinin səsinə qataraq ustad xanəndələri yamsılayardı. Onun incə bir məharətlə sarı bülbülləri təqlid etməsini görən şəhər əhli balaca Murtuzanı "Bülbül” deyə çağırır. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlayır.Bülbül 13 yaşında ikən sənət yolunda ilk uğurunu qazanır. Şuşanın Çuxur məhəlləsində toya dəvət olunan Məşədi Cəmil Əmirov qonşusu 13 yaşlı Murtuzanı özü ilə aparır. Burada onun müşayiəti ilə Bülbül "Mahur” muğamını oxuyur. Tamaşaçılar bu məlahətli səsi alqışlayır və onun ifasında "Qarabağ şikəstəsi”ni eşitmək istədiklərini deyirlər. Bu, balaca Bülbülün tamaşaçılar qarşısında ilk və onu sənətin çətin yollarını əzmlə keçməyə sövq edən uğuru idi.
1909-cu ildə Gəncəyə köçən xanəndənin şöhrəti aləmə səs salır.Bülbül bir müddət Gəncədə yaşayır və bu şəhərdə bir sıra görkəmli ifaçılarla tanış olur. Gəncə toylarının birində gəncin səsini eşidən Cabbar Qaryağdıoğlu bu səsə heyran olur və xanəndənin Bakıya gəlməsini tövsiyə edir. Şəhərin qaynar həyatına alışmaqdan ehtiyat edən gənc xanəndə bir müddət Gəncədə qalır və bir az da püxtələşir. Dostu Məşədi Cəmilin yazdığı opera və operettalarda çıxışlar edir. Nəhayət, 1915-ci ildə o, Tiflisə dəvət alır, orada fəaliyyət göstərərək Zaqafqaziyada məşhurlaşır. Bülbül səhnə fəaliyyətinə1916-cı ildən başlayır.Sənət yolunda daha irəli addımlamaq arzusu onu Bakıya, konservatoriyaya gətirir. 1921-1927-ci illərdə bu təhsil ocağında təhsil alır. 1920-ci ildənAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti kimi çıxış edir. Fəaliyyətinin ilk illərindəÜzeyir Hacıbəyovun"Leyli və Məcnun” (İbn Salam), "Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib” (Qərib) operasında oynayır.
1927-1931-ci illər isə onun sənətinin ən inkişaf etdiyi dövrdür: Bülbül İtaliyanın Milan şəhərində təhsil alır.Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycana geri dönən müğənniKonservatoriyadadərs deməyə başlayır.
Beləcə, çətin sədləri keçərək yüksək sənətkarlıq zirvəsinə yüksələn Bülbül musiqi sənətimizin Bülbülünə çevrilir.
Bülbül Azərbaycan professional vokal sənətinin banisi idi. Koroğlu partiyasının ifası demək olar ki, onun opera ifaçısı kimi fəaliyyətinin zirvəsi idi. Onun ifasında səslənən xalq mahnıları, muğamlar, klassik opera partiyaları Azərbaycan musiqisinin Qızıl fondunu təşkil edir.
Bülbül vokal sənətinin sirlərinə dərindən bələd olmaqla yanaşı, həm də xalq musiqisini, muğamlarımızı gözəl bilən əsil ustad idi. Bu da onun pedaqoji fəaliyyətində mühüm rol oynayıb. 1930-cu ildə məhz Bülbülün rəhbərliyi ilə Dövlət Konservatoriyasında xalq musiqi kabineti yaradılır. Bu kabinetə cəlb olunan gənc bəstəkarlar və musiqi nəzəriyyəçiləri ilk dəfə ekspedisiyalara gedərək, folklor nümunələri toplayır və onların əsasında milli ruhda professional musiqi əsərləri yazılır. Bu ekspedisiyalarda görkəmli bəstəkar və musiqişünaslar iştirak edirlər. Onlardan Asəf Zeynallı, Tofiq Quliyev, Qara Qarayev, Məmmədsaleh İsmayılov, Zakir Bağırov və başqaları böyük sənətin sirlərini öyrənirlər. Görkəmli bəstəkar Qara Qarayev xatırlayırdı: "Elmi-tədqiqat kabinəsinin rəhbəri Bülbül məni xalq musiqisi üzrə işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığını, muğamları, xalq mahnılarını və oyun havalarını fonovaliklərə yazıb, onların üzərində işləyirdim. Şəki şəhərində ekspedisiyada olduğum zaman bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri Rəsul Rzanın sözlərinə yazılmış "Könül mahnısı” kantatamın əsasını təşkil etdi. Bu əsərin yüksək bədii dəyərə malik olması onun ən kiçik detallarına qədər Azərbaycan xalq musiqisi ilə bağlılığından irəli gəlirdi”. Azərbaycan bəstəkarlarının Bülbülün rəhbərliyi ilə getdikləri ekspedisiyalar haqqında belə təəssüratları çoxdur. Onların əksəriyyəti öz əsərlərində həmin ekspedisiyalardan topladıqları xalq musiqisi nümunələrindən geniş şəkildə bəhrələniblər.
Bülbülün yetirmələri də mükəmməl ifaçılar olublar. Böyük rus bəstəkarı Dimitri Şostakoviç onların istedadını yüksək qiymətləndirirdi: "Bülbül yerli bəstəkarların opera və romanslarının geniş təbliği üçün nələr etmir! Sözsüz, Azərbaycan bəstəkarları bu baxımdan daha münasib şəraitdə yaşayırlar”.
Ailəsi də sənəti qədər əziz
"Həyatda bəxtim onda gətirdi ki, ömrümün yoluna Bülbül kimi bir insan çıxdı”, - deyirdi Adilə xanım: "Biz Bakıda yaşayırdıq. Bülbül mənim valideynlərimlə dostluq edirdi. Valideynlərim də musiqini çox sevdiklərindən Bülbüllə söhbətləri yaxşı alınırdı. Mən balaca ikən ailəmiz Tbilisiyə köçdü. Ora qastrol səfərlərinə gələn Bülbül həmişə qonağımız olardı. Aradan illər keçmişdi, mən də artıq böyümüşdüm. Xəbərim yox idi ki, Bülbülü Tbilisiyə çəkib gətirən həm də məni görmək istəyidir. Bir gün ürəyini mənə açdı. Təklifini qəbul etdim. Birlikdə Bakıya gəldik. Bu qərarım üçün heç vaxt heyfsilənmədim. Bir-birimizi yaxşı başa düşür, bir baxışla anlayırdıq. Sözümüz, sirrimiz, qayğımız, dərdimiz, sevincimiz bir idi. O mənə qarşı olduqca diqqətli, mehriban, səmimi olub. O, təbiətcə intizamlı, alicənab bir adam idi. Bülbülün çox mülayim, yumşaq xasiyyəti vardı. Bu mülayimliyinə baxmayaraq, evdə həmişə son qərarı o verərdi və qərarını dəyişməyi xoşlamazdı. Bunu bildiyimizdən o, bir məsələyə etirazını bildirəndə, fikrindən daşındırmaq üçün israr etməməyə çalışırdıq. Çünki bilirdik ki, belə məqamda heç bir sözün mənası yoxdur. Bülbül övladları Çingiz və Poladla oynayır, xalça üzərində güləşərdi. Bu zaman qonşumuzda yaşadığından bizə tez-tez gələn Niyazi də Bülbülgilə qoşulardı. Bir az sonra Bülbüllə Niyazi yenidən iş otağına keçər, gərgin işləməyə başlayardılar. Uşaqlar da dərhal öz otaqlarına çəkilib dərsləri ilə məşğul olardılar. Bülbül yalnız ailəsinə, övladlarına deyil, bütün insanlara qarşı qayğıkeş idi. Xüsusən tələbələrindən diqqətini ayırmazdı. Onlara maddi köməklik edər, problemləri ilə məşğul olardı”.
Adilə xanım danışırdı ki, Bülbül ona təyin olunmuş "Stalin” təqaüdünü uşaq evlərinə verərmiş: "Ayda iki dəfə istirahət günü maşınını ərzaqla, oyuncaqlarla doldurub uşaq evlərinə gedər, yetim uşaqların sevindiyini görüb özü də uşaq kimi şadlanardı. Biz 23 il birlikdə yaşadıq. Bülbül üçün ailəsi də sənəti qədər əziz idi. Elə sənətkarlar var ki, sənəti ailədən üstün tutur, amma Bülbül hər ikisinə eyni məhəbbət bəsləyirdi”.
Adilə xanım 1961-ci ilin 28 sentyabrını – Bülbülün qəfil vəfatı gününü böyük kədərlə xatırlayırdı: "Bülbül axşam saat 7-də Konservatoriyadan evə gəldi. Əvvəlki kimi yeməyini yeyib bir qədər istirahət elədi. Balkonda oturub söhbət edirdik. Bülbül danışırdı ki, Tacikistandan bir gənc gəlib mənim sinfimdə oxumaq istədiyini söyləyir, yer də yoxdur. Dedim, ay Bülbül, gör bir nə edirsən, o uzaqlıqda yol gəlib. Sonra o, otağa keçdi. 15 dəqiqənin içində əlimizdən getdi Bülbül. Ürəyi ona vəfasızlıq etdi. Bülbül sağlam adam idi. Heç zaman səhhətindən şikayətlənməzdi. Bununla belə, o, sağlamlığının da qayğısına qalmağı unutmazdı. Hər il həkim müayinəsindən keçirdi. Ancaq qəfil ölüm onun qisməti imiş...”
Bülbülün ölümü Azərbaycan musiqi sənəti üçün ağır itki idi. Onun simasında musiqi sənətimiz peşəkar müğənni və opera ifaçısını, qayğıkeş müəllimi, alim və tədqiqatçısını itirdi.
Şuşasız 25 il
Bülbülün sənətinə yüksək qiymət verilərək adı əbədiləşdirilib. Bakıda onun adını daşıyan prospekt var. 1982-ci ildə Şuşada və 1983-cü ildə Bakıda Bülbülün memorial ev-muzeyi açılıb. Müğənninin adını daşıyan musiqi məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. 1997-ci ildən başlayaraq bu günə qədər Bülbül adına Beynəlxalq Vokalçılar Müsabiqəsi keçirilir. Müğənninin abidəsi şəhərimizin mərkəzində, yaşadığı evin yaxınlığında ucaldılıb.
Bülbülün doğulduğu Şuşa şəhəri isə 25 ildir erməni işğalı altındadır. Ölkəmizə qarşı törədilən mədəni soyqırımı nəticəsində dağıdılan dini, tarixi, mədəni abidələrimiz sırasında Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyətlərin, həmçinin Bülbülün də büstü erməni güllələri ilə deşik-deşik edilib.
Adilə xanım danışırdı ki, Bülbül ölümündən bir az əvvəl Şuşaya baş çəkib. Şuşa Bülbülün ən gözəl məhəbbəti idi. O, Şuşanın şəklini həmişə başı üstündə saxlayarmış. Elə bil bu cənnət guşəsinin bir gün düşmən tapdağında qalacağını bilirmiş.
İndi Şuşada Bülbülün də ruhu Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün, Seyid Şuşinskinin və neçə-neçə görkəmli xanəndənin ruhuna qarışıb haray qoparır. "Sənsiz”in, "Sevgili canan”ın, ”Ölkəm”in, "Qara gözlər”in ecazkar sədasına yenidən bürünmək istəyir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər