• çərşənbə, 24 Aprel, 06:57
  • Baku Bakı 13°C

“Musiqi Dünyası” beynəlxalq jurnalı 15 yaşında

13.09.14 14:20 4191
“Musiqi Dünyası” beynəlxalq jurnalı 15 yaşında
Bu gün Azərbaycanda sevilən, oxunan, hər səhifəsində insanlara qucaq dolusu informasiya çatdıran jurnallar barmaqla sayılacaq qədərdir. Onların içərisində “Musiqi Dünyası” beynəlxalq jurnalı öz maraqlı mövzuları və əhatə dairəsinə görə xüsusi yer tutur. Bu il isə jurnalın 15 yaşı tamam olur. İlk sayı1999-cu il Milli Musiqi Günündə - sentyabrın 18-də işıq üzü görən jurnal bu illər ərzində maraqlı ömür yolu keçmiş, elmi, tənqidi, publisistik və kulturoloji aspektləri bir araya gətirərək əsas milli mədəni irsimizi qorumaq, yaşatmaq və bizdən sonra gələcək nəsillərə ötürmək naminə böyük uşlər görmüşdür.
“Musiqi Dünyası” jurnalı nəinki Azərbaycanda, dünya miqyasında mili mədəniyyətimizin və musiqimizin təbliği ilə də birbaşa məşğul olan, bu sırada ən öndə gedən jurnallar sırasında yer alır. Həmin jurnalda milli mədəniyyətimizə aid araşdırmalar, tədqiqatlar, musiqi tarixi, portret yazılar, eyni zamanda digər ölkə və regionlardan olan tədqiqatçıların yaradıcılıqları yer alır. “Musiqi Dünyası” jurnalı oxucularına 3 formatda təqdim olunur. Belə ki, nüfuzlu bir mətbuat orqanı kimi jurnal şəklində, musiqi mədəniyyətimizin problemlərini əks etdirən radio şəklində və dövlətlərarası əlaqələrin yaradılması kimi missiyanı həyata keçirən (http://harmony.musiqi.dunya.az) internet jurnalı timsalında.
15 ildir ki, jurnalın ərsəyə gəlməsi üçün əlindən gələni əsirgəməyən jurnalın naşiri və baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovu həm təbrik etmək, həm də gələcək planlarından xəbər almaq üçün redaksiyaya yollandıq. Tariyel müəllim gülərüzlə bizi qarşılayıb maraqlı söhbətə qonaq etdi. Qeyd edim ki, nəşrin hazırlandığı ofisdə divarı demək olar ki, başdan-başa jurnalın əldə etdiyi mükafatlar bəzəmişdi.
- Tariyel müəllim, ilk öncə bu il yubileyi olan jurnalınız haqda məlumat verməyinizi xahiş edərdik.

- Bizim jurnalın hər sayında ənənəvi olaraq “Azərbaycan Bəstəkarlar İttifaqında”, “Portretlər”, “Musiqişünaslıq”, “Musiqişünaslığın aktual problemləri”, “Yeniliklərimiz”, “Ustadlarımızın xatirəsinə”, “İrsimiz” və s. rubrikalarımız yer alır. Bu illər ərzində beynəlxalq əlaqələr sayəsində jurnalın həyata keçirdiyi bir sıra önəmli layihələrimiz olub. Belə ki, jurnalın hər sayında Rusiyanın tanınmış musiqişünas alimlərinin də məqalələrinə yer ayrılır. “Musiqi Dünyası” jurnalı beynəlxalq aləmdə də nüfuzlu elmli nəşrlərdən birinə çevrilib. Jurnalımızın əsas məramı mədəniyyətimizin inkişafına və təbliğinə yönəlib. Artıq virtual məkanda mədəniyyətimizi müxtəlif səciyyəli məqalələrlə təmsil edirik. Belə ki, mədəni irsin virtual məkana daxil edilməsinin nə qədər aktual olduğunu və onların auditoriyasının genişlənməsini nəzərə alaraq bir çox layihələrə imza atmışıq. 40-dan çox veb saytının müəllifi olan jurnal Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ərsəyə gəlmiş “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası” layihələrini həyata keçirib. Jurnal tərəfindən ərsəyə gələn “Üzeyir Hacıbəyov” internet portalı, “Qara Qarayev”, “Tofiq Quliyev”, “Vaqif Mustafazadə”, “Rəsul Rza”, “İlyas Əfəndiyev”, “Şəmsi Bədəlbəyli” kimi memorial saytlar, “O, olmasın bu, olsun”, “Arşın mal alan” virtual muzeyləri, “Cəlil Məmmədquluzadə”, “Dədə Qorqud”, “Teatr ensiklopediyası” kimi elektron bazalar mədəniyyət salnaməmizin yaradılmasında böyük rol oynayır. Bəstəkarlarımızın simfoniyaları və başqa sanballı əsərləri, yaxud da musiqi araşdırıcılarımızın tutumlu elmi kitab və monoqrafiyaları indiyədək ancaq KİV yolu ilə ictimaiyyət tərəfindən tanınıb. Biz “Qarabağ xanəndələri”ndən ibarət 24 CD disk buraxdıq. Bu gün Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin, Məşədi Fərzəli oğlunun səslərini dinləyə bilərsiniz. Bundan əlavə, ilk dəfə Azərbaycanda azsaylı xalqların folklorunu yığdıq.
Bu, "Azərbaycan musiqisi üçüncü yüzillikdə" proqramına əsaslanan, ilk dəfə həm Azərbaycan, həm də rus və ingilis dillərində dərc olunan elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalı olan "Musiqi Dünyası" idi. Jurnal Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının və "Koroğlu - T" firmasının təsisçiliyi ilə ərsəyə gəlmişdi.
- “Musiqi Dünyası” jurnalı bu illər ərzində sizcə, Azərbaycan musiqi aləminə güzgü tuta bilibmi? Yəni onu özündə dolğunluğu ilə kəs etdirə bilibmi?

- Bu gün “Musiqi Dünyası” jurnalı mətbuatda kifayət qədər tanınır. Baxmayaraq ki, jurnalımız açıq satışda yoxdur. Çünki buna Qeyri Hökumət Təşkilatı (QHT) kimi baxmaq lazımdır. Biz çoxlu qrant mükafatlara layiq görülmüşük. Həmin mükafatlara baxanda bilmək olar ki, jurnal həqiqətən də inkişaf edir və oxucuların da maraq dairəsindədir. Belə ki, Açıq Cəmiyyət İnstitutu, YUNESKO, Prezident yanında Elm Fondundan qrand mükafatlara layiq görülmüşük. QHT-lərə Dövlət Dəstəyi Fondu üçün mənəvi irsin elektron versiyasını hazırlamışıq. Heydər Əliyev Fondu bizim bir sıra layihələrimizi dəstəkləyib.
- Qeyd etdiniz ki, jurnal açıq satışa buraxılmır. Bəs jurnal öz çapını hansı gəlirlə həyata keçirir?

- Jurnalın 300-ə yaxın səhifəsi var və A4 formatında çap olunur. Qiyməti 15 manatdır. Biz də istəyirik ki, jurnalın açıq bazarda satışını təşkil edək. Amma bu halda satış firmaları qiymətin üzərinə 25 faiz qoyacaqlar. Onda qiymət 20-25 manata gəlib çıxacaq. Bu gün 25 manata olan jurnalın satılması isə çətin məsələdir. Ona görə çalışırıq ki, bütün məlumatı insanlara internet vasitəsi ilə ötürək. İnternet vasitəsi ilə də gəlir əldə etmək olmur. Ancaq əsas məqsədimiz əldə etdiyimiz informasiyanı tamaşaçılara çatdırmaqdan ibarətdir.
- Daha operativ və pulsuz başa gələn saytlar, sosial şəbəkələr hazırda qəzet və jurnalları bir qədər sıxışdırıb. Belə olan halda, jurnalınız öz oxucularını necə tapır?

- Azərbaycan musiqi mədəniyyətinin min illik tarixi var. Musiqinin ən aktual aspektləri bu gün jurnalda işıqlandırılır. Jurnalımızı tələbələr, musiqisevərlər tərəfindən oxunur. Demək olar ki, əksər kitabxanalarda “Musiqi Dünyası” jurnalını tapmaq mümkündür. “Musiqi Dünyası” birinci jurnal olduğuna görə də yaddaşlarda qalır. Eyni zamanda, jurnalda dərc olunan materiallar internet şəbəkəsində olmalıdır. Biz çox az tirajla çıxırıq. Qəzet paylanılır və oxunur və atılır. Ancaq jurnal ömür boyu qalır. Mən tərəfdarıyam ki, az tirajla da olsa, o, işıq üzü görsün.
- Jurnalı yalnız musiqi ictimaiyyəti oxuyur, yoxsa adi oxucularınız da var?

- Bizim jurnalda bir neçə rubrika var. Orada “Poeziya”, “Teatr”, “Portretlər”, “Ustadlar” və xaricdə olan aktual məsələlər yer alır. Bizim yaratdığımız sonuncu veb saytlardan biri “Azərbaycan teatrı – dünən, bu gün, sabah” oldu. Orada 1 Terobaytdan artıq məlumat toplamışdıq. Biz doqquz dəfə “Netty” mükafatına layiq görülmüşük. Doqquzuncu mükafatı isə “Azərbaycan teatrı – dünən, bu gün, sabah”a görə aldıq. Sonuncu işimiz - İlyas Əfəndiyevin 100 illiyi ilə əlaqədar 50 dəqiqəlik video-esse hazırladıq. Altı dildə - Azərbaycan, rus, ingilis, fransız, alman və ispan dillərində kitabça çıxardıq. Bu, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlandı. Bu baxımdan, bizim fəaliyyətimiz bütün insanlar üçün nəzərdə tutulub.
- Qapıdan içəri daxil olarkən bizi ilk növbədə qazandığınız mükafatlar qarşıladı. Bir neçəsi haqqında məlumat verərdiniz...

- İndiyə qədər bir çox mükafatlara layiq görülmüşük. Bu sırada "Azerbaijan E-content - 2005" mükafatını, "İntellekt - 2005", "AWARD - 2007" mükafatını, "HUMAY - 2007" Milli mükafatını, "NETTY" Milli İnternet müsabiqəsinin (2006, 2007, 2008) mükafatlarını almışıq, Rusiyada keçirilən I "Kommunikasiyalı elmlər və təhsil üzrə ən yaxşı kitab" müsabiqəsində (2007) təltif edilmişik. Bunlar hələ mükafatların yarısıdır. “AWARD” dünya sammiti tərəfindən keçirilən – “Azərbaycan E Kontent 2005 Mükafatı” Milli müsabiqəsində “Mədəniyyət” nominasiyası üzrə qalib olmuşuq. Rusiyada keçirilən “Qızıl sayt” müsabiqəsində Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” elektron dərsliyi Azərbaycanı təmsil edən yeganə sayt olub. “İntellekt 2005” mükafatına layiq görülmüşük. “Üzeyir Hacıbəyov” portalı “NETTY-2006” Milli İnternet Mükafatının “Mədəniyyət və incəsənət” nominasiyasında birinci yeri tutub. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əfrasiyab Bədəlbəyli" və "Azərbaycan tarixinin canlı səsləri" intertnet saytlarına görə "HUMAY-2007" Milli Mükafatına layiq görülmüşük.
- Və bütün bunlar 15 illik böyük bir əziyyətin bəhrəsidir, eləmi?

- Əziyyət deyildi, bizim üçün həm çox xoş, həm də maraqlı idi. Biz öz işimizdən ləzzət alırıq.
- Növbəti yubileydə nələr edəcəksiniz?

- Bizim arxivimizdə 40-dan çox elektron resurslar var. Mənim fikrimcə, biz elektron yolla milli yaddaşı qoruyub saxlamalıyıq. Ölkəmizə dair məlumatlar yazı, səs şəklində ayrı-ayrı ölkələrdə var. Onların qorunub saxlanması çox baha başa gəlir. Ancaq onun surətini götürmək imkanı var. Azərbaycan milli və elektron yaddaş mərkəzi kimi bir mərkəz yaratmaq lazımdır. Bütün muzeylərdən, kitabxanalardan, şəxsi və dövlət arxivlərindən məlumatları yığıb saxlamaq olar. Bu, strateji resurs kimi olmalıdır. Bu xalqın intellektual mülkiyyətini muzeylərdən, arxivlərdən toplayıb bir araya gətirmək olar. Bizdə informasiyalar sistemləşdirilməyib, bütün bu arxivləri sistemə salmaq lazımdır. Gələcək nəsillərə bütün bunları çatdırmaq lazımdır. Mən arxivlərlə, muzeylərlə işlədiyim üçün bunların hamısına yaxşı bələdəm. Elə olur ki, tam məlumatı tapa bilmirik. Ancaq məsələn, Tiflisdə qədim Azərbaycan xanəndələrinin şəkilləri qorunub saxlanılır. O şəkillər Azərbaycanda olmalıdır. Sankt-Peterburq İnstitutunda Azərbaycan aşıqlarının səsləri qalıb. Onlar niyə orada olmalıdır? Surətini götürüb mərkəzdə saxlasaq, heç bir problem olmaz. Onlar bizim namusumuz, qeyrətimizdir. Elektron məhsul elə bir şeydir ki, onu daim saxlamaq mümkündür. Kitab cırılır, itir, amma elektron şəkildə ona kimsə toxuna bilmir. Onun üçün çalışmalıyıq ki, dövlət milli elektron yaddaş mərkəzi yaratsın. Bu gün ən aktual problemlərdən biri də budur.
Onu da qeyd edim ki, bundan əlavə “Musiqi Dünyası” jurnalının redaksiyası “Azərbaycan televiziya və radio verilişləri” qapalı səhmdar cəmiyyətinin Musiqi verilişləri baş redaksiyası ilə birgə “Musiqi Dünyası” radio jurnalını yaradıb. Bu layihədə ilk dəfə olaraq, həm elmi-publisistik musiqi nəşri kimi və həm də internet məkanında tanınmış “Musiqi Dünyası” jurnalının radio versiyasında fəaliyyət nəzərdə tutulub.
- Maraqlıdır, bu qədər işi neçə nəfər həyata keçirir? Jurnalın ştatında neçə əməkdaş yer alır?

- Çox az - 6-7 nəfər. Bizim işçilər öz işlərinin peşəkarıdırlar. Biz lisenziyalı proqramlarla işləyirik, Mətbuat Şurasının üzvüyük. Jurnal Prezident yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxildir. Maraqlı bir məlumat da deyim ki, “Musiqi Dünyası” jurnalında maaş yoxdur. 1999-cu ildən bu yana jurnalda baş redaktoram, mən də maaş almıram. Buna baxmayaraq, “Musiqi dünyamız” yaşayır və yaşayacaq. Fəxr edirik ki, Azərbaycanda belə bir jurnal var. Bu jurnalı qorumaq bizim borcumuzdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər