• cümə axşamı, 18 aprel, 11:49
  • Baku Bakı 12°C

“Müşfiqli günlərimin” əbədiliyi

13.09.17 13:30 5801
“Müşfiqli günlərimin” əbədiliyi
Yadımdadır ki, tələbə vaxtı Dilbər Axundzadənin "Müşfiqli günlərim” adlı kitabını necə birnəfəsə oxumuşdum. 1937-ci ilin repressiyalarının zülmlərini çəkmiş bu fədakar xanımın min bir həsrət və əzabla yazdığı xatirələrində ülvi hisslərini, yaşadığı acılıqları elə təsirli ifadə etmişdi ki... Universiteti bitirib "Azərbaycan müəllimi” qəzetində işə başladığım ilk günlərdə telefonumuz zəng çaldı və dəstəyi mən götürməli oldum. Eşitdiyim sözlər məni həyəcanlandırdı: "Sizi narahat edən Mikayıl Müşfiqin həyat yoldaşıdır...” Yerimdəcə donmuşdum. Bu sözlərə inana bilmirdim, deməli, Dilbər xanım yaşayır... Sonra şöbə müdirimiz, şair Cavad Cavadlıdan xahiş etdim ki, icazə versin, kömək etsin, mən bu bəlalı tale sahibindən yazı hazırlayım. Böyük ürək sahibi idi, Cavad müəllim, həm də repressiyaların əziyyətini o da çəkmişdi. "Redaktorla danışaram” dedi. Taleyimə minnətdaram ki, onunla görüşdüm, söhbət etdim və yazdım. Eləcə də onun mənə bağışladığı şəkilləri də bu günə kimi albomumda saxlayıram. O görüşdən 40 ilə yaxın vaxt keçir. Bu günlərdə isə Dilbər xanımın qızı Leyla Axundzadə mənə anasının yenidən çap olunmuş "Müşfiqli günlərim” kitabını göndərdi. Növbəti heyrətim... Dilbər xanım bu nəşrdə məndən də söhbət açırdı. Çox kövrəldim və həmin qeydləri sizə təqdim edirəm.
BİR GÖRÜŞÜN TƏƏSSÜRATI
Dilbər Axundzadə yazır: "Bir gün evdə oturmuşdum. Birdən telefon zəng çaldı. Zəng edən "Azərbaycan müəllimi” qəzetinin redaktoru Şahin Səfərov idi. Məndən hal-əhval tutdu. Sonra dedi: - Mənim əməkdaşım Flora Xəlilzadə sizə gəlib, səninlə tanış olmaq istəyir. Mən şad oldum. "Gözüm üstə yeri var” dedim. Mən də Gəncədən təzə gəlmişdim. Gəncə təşkilatı Göygöldə "Müşfiq bulağı”nın yaradılması barədə mənə rəsmi yazıb söz vermişdilər. Ancaq hansı səbəbə görəsə başa çatdırmamışdılar. Bu haqda düşünürdüm. Birdən qapı döyüldü. Gələn Flora Xəlilzadə idi. Məni qucaqlayıb öpdü. Əlavə etdi ki, sizinlə tanış olmaq mənim çoxdankı arzum idi. "Çox sağ ol” dedim. Biz oturub ana-bala kimi söhbət etdik. Müşfiqli günlərimi xatırladım. Floraya danışdım. Mən danışdıqca Floranın gözləri yaşarırdı, həyəcan keçirirdi. Bir neçə gündən sonra əlində " Azərbaycan müəllimi” qəzeti bizə gəldi. Qəzeti mənə təqdim etdi. O mənimlə söhbətini "Müşfiq yadıgarı” başlığı altında yazmışdı.
MÜŞFİQ YADİGARI

Bir qadın tanıyıram. Saçlarına illərin qarı ələnmiş, üz-gözünə intizarın yağışı çilənmiş bir qadın! Özü boyda həsrətin, hicranın, vəfanın, sədaqətin, heykəlidir bu qadın. Ömrümdə ilk dəfə idi ki, müsahibimlə söhbət etməkdə çətinlik çəkirdim. Kövrək xatirələrin həzinliyi elə bil ki, məni sehrləmişdi. Müşfiq həyatının bir parçası, onun məhəbbət dünyası: Dilbər Axundzadə!
Bu görüşə, kim bilir hansı istəklə gəlmişdim. Yaşı da, illəri də az qala unutmuşdum. Mənə elə gəlirdi ki, şəkillərdəki Dilbəri, Müşfiq şeirində saçı qıvrılan, dalğalara bənzəyən qızı görəcəyəm. Demə, illərin qayğısı öz işindəymiş. Bircə gözlərində əvvəlki cazibəsi qalmışdı, bir də köksündə Müşfiq dünyasına dərya böyüklüyündəki məhəbbəti.
Müşfiqdən danışanda doluxsundu, qəhərini gizlədə bilmədi. Qəmin də hikməti varmış! Müşfiqli günlərindən illər sıralanıb, fəsillər ötüb. Amma o, özünü həmişə beləcə təqdim edir: Mikayıl Müşfiqin həyat yoldaşı! Bu ömür-gün dostunun illərdən bəri qəlbində ən əziz, ən şirin bir duyğu kimi gəzdirdiyi böyük məhəbbətin və etibarın təcəssümüdür. Əhsən bu ada, bu ocağa...
Biz görüşəndə Dilbər xanım Kirovabaddan təzəcə qayıtmışdı. Onun bu səfəri ilə maraqlandım. Nə isə xatırlayaraq bir anlıq susdu. Baxışları otağın məchul bir nöqtəsinə dikilmişdi. Bu sükutunda da elə bil nalə, fəryad duyulurdu. Məmməd Aslanın haçansa yazdığ misralar yenidən ürəyimi göynətdi:

Sevincin, şadlığın kəm olub sənin,
Qismətin nə ağır qəm olub sənin?!
Müşfiqin şerində cəm olub sənin,
Gülgün yanağının ziyası, Dilbər.

Qəlbimdən keçənləri oxuyubmuş kimi həssas nəzərləri çöhrəmdə dolaşdı. Kədərli təbəssümlə söhbətə başladı:

- Gəncə dağlarına çox bağlıyam. Orada xəyalım həmişə o günlərə, gəncliyimin ən dadlı, ən pak, ən unudulmaz çağlarına qayıdır. Müşfiq bu torpağın vurğunu idi. Göygölün dəlisi idi. Eh, təbiətin bu füsunkar mənzərələri indi də elə bil heç dəyişməyib. Kəpəz öz əzəmətli vüqarı ilə məğrurluq və qüdrət şəfəqləri saçırdı. Göygöl yenə də o illərdə olduğu tək mavi sona kimi xumarlanırdı. Bu yerdə hər şey mənə onu xatırladırdı. Dağ da, daş da, çay da, göl də, bulaq da. Elə bil onun pıçıltısını eşidirdim: "Yenə o bağ olaydı, yenə o qumlu sahil...” Bax onda Bakıya tələsdim. Xəzərin sahil daşlarına çırpılıb çilənən ayna sularını görməyə. Müşfiqlə görüşməyə. Axı, o özü də coşub-çağlayan bir ümman idi..

Bu yerdə səsi titrədi. Ağır addımlarla Müşfiqin divardakı əzəmətli portretinə yaxınlaşdı. Kim bilir, gündə neçə dəfə bu şəkilin önündə dayanaraq keçən günlərini anıb. Müşfiqə yaraşan misralarla haray çəkir:

Dilbərəm, ilk eşqim günəşdir, sönməz,
Ömrümün baharı geriyə dönməz,
Min yol yalvarıram, şəkilin də dinməz,
Özünə, şəkilinə qurban olduğum.

Bu həzinlik, kövrəklik dünyasında ürəyim fərəhlə çırpınır: Qədirbilən xalqımız Müşfiqi çox sevir. Budur, yubiley ərəfəsində ulu torpağımızın hər guşəsində Müşfiq günləri, Müşfiq poeziya gecələri, axşamları, şənlikləri keçirilir. Sanki Müşfiq şerinin təntənəsidir. Yəqin ki, yaşasaydı, indi ağ saclı, nurani baxışlı bir ustad kimi bu məclislərin fəxri qonağı idi, yaraşığı idi. Elə Müşfiq sənətinin gücü də ondadır ki, şair təkcə şəkillərində cavan qalmayıb. Şeirləri də poeziyamızda həmişə təzə-tərdir, dəliqanlıdır, şaqraqdır. Cəmi 11 il yazıb-yaradıb, Amma bu 11 ildə şeirlərinin əbədiliyinə, ölməzliyinə, təzəliyinə imza atıb.

Müşfiq haqqında çox deyilib, çox yazılıb, Çünki onun incə rübabından qopan odlu nəğmələr neçə könüldə ünvan tapıb, neçə ürəyi vəcdə gətirib. Hamı böyük sənətkara olan tükənməz eşqini, vurğunluğunu sözlə deməyə çalışıb.

Dilbər Axundzadənin "Müşfiqli günlərim” adlı kitabı isə daha səmimi, daha şirindir. Çünki Dilbər Müşfiq heyrəti, Müşfiq məhəbbətiydi, Müşfiq lirikasının ürəyi, qanı idi, ən böyük sevinci, həsrəti, qüdrətiydi. Dilbər xanımın xatirələri də məhz o məhəbbətin etirafına, əzəmətinə bürünmüş ən gözəl, ən kövrək nəğməsidir:

İndi də könlümə təsəlli sənsən,
Ölüncə dilimin əzbəri sənsən!..

Dilbər Axundzadədən yuxalmış bir ürəklə ayrıldım. Elə bil o gün şairin özü ilə görüşüb, onun özünü dinləmişdim. Axı Dilbər Müşfiq ömrünün ən qiymətli, ən əziz parçası, yadigarıdır...
Flora Xəlilzadə. 23 iyun 1978-ci il

banner

Oxşar Xəbərlər