• cümə axşamı, 28 mart, 22:23
  • Baku Bakı 13°C

Müşərrəf Akay Bakı Slavyan Universitetində

03.12.18 19:24 1297
Müşərrəf Akay Bakı Slavyan Universitetində
Bakı Slavyan Universitetinin növbəti qonağı qardaş Türkiyə Cümhuriyyətinin sevilən sənətçisi Müşərrəf Akay olub. Dekabrın 3-də universitetin rəhbər heyətinin, müəllim və tələbələrinin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçi ilə görüş keçirilib. Qonaq BSU-nun girişində tələbələrin təqdimatında Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnılar və rəqslərlə qarşılanıb. Foyedəki kiçik konsert proqramının ardından tədbir universitetin akt zalında davam edib.
Tədbiri giriş sözüylə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən danışıb. Bakı Slavyan Universitetinin yarandığı gündən dünyanın bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq qurduğunu dilə gətirən N.Əliyeva qardaş Türkiyə ilə əməkdaşlığın daha dərin köklərə malik olduğunu bildirib. Sonra N.Əliyeva BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışıb. O, eyni zamanda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən kursların tədris olunduğunu vurğulayıb. N.Əliyeva qonağa bu günlərdə BSU ilə Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Kultuiraloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı tədbir barədə məlumat verib. O, həmin tədbirdə Türkiyənin tanınmış elm və siyasət adamlarının, diplomatlarının iştirak etdiyini, əməkdaşlığın aktual problemlərinin müzakirə olunduğunu bildirib. N.Əliyeva daha sonra Müşərrəf Akay sənətindən, onun Azərbaycandakı heyranlarından danışıb.
ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev çıxışında türk sənət ustası barədə müsbət öz fikirlərini səsləndirib. E.Babayev Müşərrəf Akayın Azərbaycan-Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olduğunu diqqətə çatdırıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd edib.
Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən video-çarxın nümayişi olub.
Nümayişin ardından "Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi Emil Nəsirli Müşərrəf Akaya jurnalın "Fəxri üzvü” olması münasibətilə diplom və qızıl medal təqdim edib. Çıxış edən Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin təşkilinə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğulayıb. Sənətçi Azərbaycana əvvəlki illərdəki səfərləri ilə bağlı xatirələrini universitet əməkdaşları və tələbələrlə bölüşüb. Öncəki illərdə Bakıya gəlişini yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söyləyib. Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: "Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”.
Sənətçi Azərbaycanla Türkiyə arasında mədəniyyət, incəsənət istiqamətində qurulan əlaqələrin dərin köklərindən söz açıb. Hazırda Türkiyənin "TRT müzik” kanalının efirində yayınlanan "Əziz dostlar” verilişi barədə məlumat verən M.Akay bildirib ki, bu layihənin əsas məqsədi Azərbaycan xalq mahnılarını və sevilən sənətçilərini türk xalqına daha yaxından tanıtmaqdır.


banner

Oxşar Xəbərlər