• cümə, 29 Mart, 04:52
  • Baku Bakı 7°C

“Müsəlmanların dininə dövlət tərəfindən hörmətlə yanaşılır, inanclarına sayqı göstərilir”

23.09.14 14:56 2535
“Müsəlmanların dininə dövlət tərəfindən hörmətlə yanaşılır, inanclarına sayqı göstərilir”
Hacı Ramin İgidov 1980-ci ildə Qardabani şəhərində anadan olub. Din təhsilini Azərbaycanın Cəlilabad rayonunun İmam Hüseyn adına Elmi Dini Mərkəzdə alıb. 2000-ci ildən Gürcüstana qayıdıb. İmam Əli adına Mədrəsənin müdiri, Gürcüstanda dərc olunan “İman”, “Nümunəvi ailə“ dərgilərinin redaktoru, “Haqq yolu”, “İman” müəssisələrində sədr və müavin vəzifələrində çalışıb, eyni zamanda Rustavi şəhərinin Axundu olub. Hazırda Gürcüstan Müsəlmanları İdarəsinə rəhbərlik edən R.İgidov dini idarənin fəaliyyəti, üzərinə düşən vəzifələr, gürcüstandakı dini vəziyyət, soydaşlarımızın məscid problemi, Kobuletidə yaşanan son hadisə və sair barədə “Kaspi”nin suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Hacı, Gürcüstan Müsəlmanları İdarəsi nə vaxtdan fəaliyyət göstərir və İdarənin üzərinə düşən əsas vəzifələr nədən ibarətdir?
- Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ildən fəaliyyət göstərir. İdarənin əsas vəzifələri və məqsədləri ölkədə mərkəzləşmiş bir idarə olaraq dini hüquqi məsələlərdə dövlətlə vasitəçilik etmək və dövlətin aidiyyatı orqanları ilə birlikdə qarşıya çıxan məsələləri həll etməkdir. Bununla yanaşı, idarə dini ictimai sahədə əhalinin ehtiyaclarını ödəmək, onların sağlam və ənənəvi İslamı öyrənmələrinə şərait yaratmaq məqsədi güdür. Həmçinin idarə dini, tarixi məscid və ibadət məkanlarının qeydiyyatını, toxunulmazlığının təmini, abadlaşdırılması, idarəçiliyi, dini ənənə və mərasimlərin yaşadılmasına şərait yaratmağı, digər ölkələrlə dini zəmində birgə əməkdaşlıq etməyi əsas fəaliyyətlərindən sayır.
- İdarə fəaliyyət göstərdiyi 2011-ci ildən bu günə kimi hansı işləri görüb?
- Bu ilin əvvəllərində ölkənin Baş Naziri İrakli Qaribaşvilinin sərəncamı ilə Dini Məsələlər üzrə Dövlət Agentliyi yarandı. Bu yeni yaranan aidiyyatı qurumun vasitəsi ilə ölkədə hakim din olan Gürcü Provaslavlarına olduğu kimi (4 dinə və xüsusi ilə də) İslam dininə də dövlət büdcəsindən vəsait ayrıldığı bildirildi. Ayrılmış vəsaitin sahələri və fəaliyyət proqramının necəliyi barədə müzakirələr davam etdiyinə görə, oktyabr ayına qədər idarəyə yetişəcəyi bildirilir. Ancaq işlədiyim müddətdə müəyyən ianə və yardımlar hesabına bir sıra işlər görülüb. O cümlədən, dini, mənəvi bayram mərasimləri və tədbirlər həyata keçirilib, İdarənin “Gürcüstan müsəlmanları” adında gürcü, Azərbaycan dillərində dərginin 3 sayı işıq üzü görüb, idarənin saytı fəaliyyətə başlayıb, dini bilgiləri əks etdirən bir neçə kitab hazırlanıb çap olunub. Bunlardan başqa, Gürcüstan şairlərinin dini, mənəvi zəmində olan şeirlərinin toplusu, Qurani-Kərimin gürcü və Azərbaycan dilində tərcüməsi də hazırlanmaqdadır. Yaxın zamanda onların çapı nəzərdə tutulub. İdarənin xətti ilə Ümrə və Həcc ziyarətləri həyata keçirilir, dini mövzuda konfrans və seminarlar təşkil edilir, Ramazanda məntəqələrdə təbrik banerləri quraşdırılır, iftar süfrələri təşkil olunur. Eyni zamanda, Qurban bayramında bölgələrdə yoxsullara, həbsxanalara, kimsəsiz və qocalar evinə, qurbanlıq payı yardımı olunur. Ənənəvi tədbirlər hər il davam etdirilməkdədir. Xüsusilə onu qeyd etmək istərdim ki, məzhəbindən asılı olmayaraq, vəhdəti bərpa etmək niyyəti ilə İslami təşkilatlarla da əməkdaşlıq müqaviləsi imzalayırıq. Bu işlərlə paralel olaraq, tərəfimizdən Gürcüstandakı məscidlərin qeydiyyatı barədə işlərə də start verilib. Son olaraq isə İdarənin təsisçi, şura üzvləri və nizamnaməsində bu ilin sonuna qədər islahatlar barədə razılıq əldə olunub.
- Vaxtilə Gürcüstan azərbaycanlılarının gileyləndiyi əsas məsələlərdən biri soydaşlarımızın yaşadığı ərazilərdə ibadət etmək üçün məscidlərin az olması və ya heç olmaması ilə bağlı idi. İndi bu istiqamətdə vəziyyət nə yerdədir?
- Gürcüstanda ümumilikdə 310-a yaxın məscid fəaliyyət göstərir. Onların 90-ı soydaşlarımız yaşayan bölgələrdə, insanların ixtiyarındadır. Məscid və ümumilikdə dini məkanların tikliməsinə icazə verilməsi Dini Məsələlər üzrə Dövlət Agentliyinin səlahiyyətindədir. Onlar müsəlmanlara aid dini məkanların tikiinti və təmiri barədə bizim rəy və təkliflərimizi eşidirlər. Hər halda məscidi olmayan bölgələrimiz hələ də var, ehtiyaclarını və müsəlmanlar olan məntəqələri nəzərə alaraq müəyyən dini və hüquqi şərait əsasında onlara tikiliş üçün icazə veriləcəkdir.
- Əgər məscidlərin azlığı bir problemdirsə, həmin ibadət evlərində İslam dini üzrə yüksək dini təhsili olan axund və ya mollaların olmaması da ikinci problemdir. Rəhbərlik etdiyiniz İdarə tərəfindən bu problemin həlli istiqamətində hansı işlər görülür?
- Bölgələrdə bu günə qədər fəaliyyət göstərən din xadimləri idarə tərəfindən attestasiya komissiyası tərəfindən imtahan olunub. Axundluq vəzifəsini icra etmək üçün savad və qabiliyyəti, idarəçilik bacarığı olan, əhali tərəfindən qəbul edilən şəxslərə üstünlük verilir. Yalnız belələri axund və imam camaat təyin olunur. Yaxın günlərdə bu cür din adamlarının bütün məntəqələrə təyini nəzərdə tutulur.
- Mən Gürcüstanın paytaxtı Tbilisidə olarkən bir məqam da diqqətimi çəkdi. Tbilisidə azərbaycanlıların da çox olmasına, tarixən burada ziyalılarımızın yaşayıb yaratmasına rəğmən, paytaxtda cəmi bir müsəlman məscidi var idi. Bu, nə ilə əlaqədardır? Paytaxt ərazisində gələcəkdə yeni məscidlərin tikilməsi barədə təşəbbüs, plan və ya layihə varmı?
- Ola bilsin siz yalnız paytaxtın mərkəz hissəsini nəzərdə tutursunuz. Amma Gürcüstanın paytaxtında hal hazırda 3 məscid, 2 ibadətxana və 1 mədrəsə fəaliyyət göstərməkdədir. Yaxın gələcəkdə isə Gürcüstan təhsil nazirliyi tərəfindən qəbul olunmuş yüksək standartlara cavab verən dini təhsil mərkəzinin açılışı nəzərdə tutulur.
- Paytaxt Tbilisidən kənar ərazilərdə İslam dininə, bu dinə etiqad göstərən müsəlmanlara qarşı münasibət necədir?
- Bu günə qədər çox din və milliyyətə sahib olan ölkəmizdə müsəlmanlar azad, dostluq və qardaşlıq şəraitində yaşayıblar. Ölkəmizdə din haqqında qanun olmasa da müsəlmanların dininə dövlət tərəfindən hörmətlə yanaşılıb, inanclarına sayqı və qayğı göstərilib. Bu münasibət indi də davam etməkdədir.
- Bir neçə gün bundan əvvəl Gürcüstanın qərbində, Acarıstan ərazisindəki Kobuleti rayonunda xoşagəlməz hadisə baş verib. Kimlər tərəfindənsə İslam dərsləri keçirilən mədrəsənin qapısına donuz başı asılıb. Bu hadisə ilə bağlı Sizin fikirlərinizi də bilmək maraqlı olardı?
- Kobuletidəki xoşagəlməz hadisəni hər nə olursa olsun qınayırıq və törədənlərin cəza çəkməsini tələb edirik. Dövlət başçısı, digər rəsmilər və patriarxiya da bu hadisəni pislədilər. Düşünürəm ki, belə hadisələr qarşıdurma səviyyəsinə gətirilməməli, media vasitəsi ilə yayılmadan öncə yerində həllini tapmalıydı. Çalışmaq lazım idi ki, belə hallar həm təkrar olunmasın, həm də adət halını almasın. Heç bir halda təxribat niyyətində olanların dəyirmanına su tökmək bizə fayda verməz. Düşünürəm ki, bundan sonra da Gürcüstanda mehribanlıq şəraitində yaşayan vətəndaşlar arasında ara vurmaq və təxribat törətmək istəyənlər öz məqsədlərinə çatmayacaqlar. Təəssüflə qeyd etmək istərdim ki, dünyada hətta bəzi “müsəlmanlar” tərəfindən belə, dinimizə və dini məkanlarımıza edilən hörmətsizliklərin sayı artıb.
- Son olaraq Gürcüstan müsəlmanlarına, İslam dininə etiqad göstərənlərə, həmçinin gürcü cəmiyyətinə sözünüz, mesajınız nədən ibarətdir?
- Sonda Gürcüstanda yaşayan müsəlmanları birliyə, saflığa, vətənpərvərliyə dəvət edib onları təxribatlar və yanlış dini ideologiyaların təsirinə düşməmələri üçün ayıq-sayıq olmağa dəvət edirəm. Bildirmək istəyirəm ki, müsəlmanlar tolerant ölkəmizdə bu günə qədər qanuna tabe olaraq sakit həyat tərzi keçiriblər. Zənnimcə, onların dini sahədə ehtiyacları ödənilərsə və proqramlı şəkildə təlim və dinlərinə ciddi qayğı göstərilərsə, yanlış dini məqsədlərin qurbanı olmazlar. Bununla da ölkəmizdə insanlararası dostluq, səmimiyyət və dinlərarası dözümlülük ənənəsi daha da inkişaf edər.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər