• şənbə, 20 Aprel, 06:36
  • Baku Bakı 14°C

“Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?!”

07.10.16 18:31 1538
“Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?!”
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Prezident bildirib ki, 2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olub. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir: "Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıb və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcək”.
Sosial layihələrin icra edildiyini deyən dövlət başçısı qeyd edib ki, 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. "Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıb, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıb. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir.Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. "Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni, biz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edəcəyik. İndi biz ilin sonuna qədər görüləcək işlər haqqında da danışacağıq. Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik”.
Dövlət başçısı vurğulayıb ki, bu ilin aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə edib. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir: "Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".

Prezident bildirib ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşıblar: "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmamasıBMTTəhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.

Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.

Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: "Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".

Dövlət başçısı bildirib ki, bu yaxınlardaAvropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində AzərbaycanAvropa Parlamentiilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da, hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki,Avropa Parlamentibelə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”.

Prezidentİlham Əliyevdeyib ki, Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. "Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik” – deyə, o bildirib.
2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşandığını vurğulayan dövlət başçısı qeyd edib ki, müxtəlif bölgələrdə qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır: "Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatıb. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir”.
Prezidentin sözlərinə görə, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var: "Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıb. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün deyirlər ki, biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.
Prezident İlham Əliyev bildirib ki, bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. Dövlət başçısı deyib ki,müşahidə aparan beynəlxalq qurumlar, xüsusiləAvropa ŞurasıParlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər: "Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər. Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Azərbaycan xalqı bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur”.

Dövlət başçısı ölkəmizdə həyata keçirilən böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd edib: "Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi. Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir”.
Prezidentİlham Əliyevölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlarverdiyini söyləyib.Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Gələn ilin dövlət büdcəsinin yenə də sosial yönümlü olmasının vacibliyini vurğulayan dövlət başçısı bununla belə investisiya yönümlü layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.

Dövlət başçısı ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağına əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər