• şənbə, 20 Aprel, 04:14
  • Baku Bakı 15°C

“Müsəlman Birliyi” nəzir qutuları vasitəsilə maliyyə toplayıb - Şok fakt

28.10.16 18:27 828
“Müsəlman Birliyi” nəzir qutuları vasitəsilə maliyyə toplayıb - Şok fakt
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edərək bildirib ki, Ş.Abduləliyev hadisə baş verən gün xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib, bununla bağlı xəstəxanadan məktub da alıb. O, həmin məktubun iş materiallarına əlavə edilməsini istəyib. Prokuror buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib.

Sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, Dövlət Neft Şirkətində işləyir və sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub: "Bir dəfə İmam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa "doğrudur" yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb".

F.Sadıqov ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirib ki, F.Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə onun irqi, milli, dini ayrı-seçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır. O deyib ki, F.Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparır.

Daha sonra iclasda İlkin Məmmədov dindirilib. O, "Azadxəbər.az" saytında redaktor işlədiyini, Taleh Bağırovun hakimiyyət əleyhinə çıxış etmədiyini, onun çıxışlarını ancaq internet vasitəsi ilə izlədiyini deyib.

Şahid Məmmədov İlkin Tapdıq oğlu iş üzrə ibtidai istintaqa ifadələrində isə göstərib ki, Taleh Bağırovun çıxışları hakimiyyət nümayəndələrinə qarşı yönəlib. Taleh Bağırov «Müsəlman Birliyi Hərəkatı»nin sədri, Elçin Qasımov isə həmin təşkilatın sədr müavini olub. Həmin din xadimləri çıxışlarında «bu qədər zülm etmək olmaz, bu zülm qəbuledilməzdir, xalq etirazını bildirməlidir» sözlərini deyiblər. Elçin Qasımov da Taleh Bağırov kimi çıxışlar edib, Zülfüqar Mikayılov isə hicabla bağlı qadağanın qanunsuz olduğunu bildirib. Elçin Qasımov və Zülfüqar Mikayılovun çıxışlarına qulaq asmaq üçün «Facebook» sosial şəbəkəsindən onların namazlarını Maştağa qəsəbəsində yerləşən «Əbülfəz Abbas» məscidində qıldıqlarını və orada çıxışlar etdiklərini öyrənib, həmin məscidə getməyə başlayıb. Məscidə gedib-gəldiyi üçün Elçin Qasımov və Əbülfəz Bünyatov ilə yaxın münasibətləri yaranıb. Onun jurnalistika sahəsində çalışdığı və yeni iş axtardığını bildikləri üçün ona «Azadxəbər.az» saytında redaktor vəzifəsində işləməyi təklif ediblər. O da razılaşıb.

Şahid Samir Mirzəzadə də oxşar ifadə verib. O, iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində isə göstərib ki, kompüter proqramları ilə işləməyi bacardığı üçün 2014-cü ilin fevral ayında Ramin Cəfərov adlı şəxsin təklifi ilə «Azad xəbər» internet saytına işə düzələrək müxtəlif fotoşəkillərin sayta yerləşdirilməsi ilə məşğul olub. 2015-ci ilin yavnar ayında Elçin Qasımov, Əbülfəz Bünyatov və Ağa-Əli Yəhyayev mətbuat konfransı keçirərək «Müsəlman Birliyi Hərəkatını»n yaradıldığını elan ediblər. Onlar hərəkatın liderinin Taleh Bağırov olduğunu, lakin o, həmin vaxt həbsdə olduğu üçün sədr əvəzi Elçin Qasımov olacağını bildiriblər. Elçin Qasımov hərəkatın mətbuat xətti «Azad xəbər» saytının olduğunu, lakin bir müddət sonra qəzet də nəşr edəcəklərini bəyan edib. Bir müddət sonra Əbülfəz Bünyatov «Əzadnyus» qəzeti nəşr etdirib və 1000 nüsxədə çap olunub. Hərəkat olaraq onlar bir neçə dəfə yığıncaqlar keçiriblər. Maliyyə işlərinə Nahid Qəhrəmanov rəhbərlik edib və maliyyələşmə də yalnız hərəkat üzvlərinin ianələri əsasında formalaşıb. Hərəkat üzvləri ofisə üzərində «Allah rizası üçün pul verin ki, Allah da ruzinizi artırsın» yazısı olan şəffaf plastik qutular gətiriblər ki, həmin qutular vasitəsi ilə yığılan pulların hesabına da işçilərin maaşları ödənilib. 26 noyabr 2015-ci il tarixdə sosial şəbəkədə Nardaranda baş verən hadisələr haqqında oxuyub. Polislə Taleh Bağırovun tərəfdaşları arasında atışma olduğunu, hər iki tərəfdən ölən və yaralanan oluğunu bilib. Bundan sonra onlar ofisi tərk edib bir daha ora qayıtmayıblar.

Proses noyabrın 7-də davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCPsədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
banner

Oxşar Xəbərlər