• cümə, 19 Aprel, 11:53
  • Baku Bakı 13°C

Müsəlman aləmində ilk təyyarəçi qadın

29.09.16 14:44 3387
Müsəlman aləmində ilk təyyarəçi qadın
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

1919-cu ildə Mir Həbib ağanın ikinci qızı Züleyxa dünyaya gəldi. O zaman Mir Həbib ağa heç ağlına da gətirməzdi ki, bu qız bütün türk dünyasında, daha doğrusu, müsəlman aləmində ilk hərbi və mülki təyyarəçi olacaq. Çox təəccüblü idi ki, çoxları qızlarının orta məktəbdə oxumasına belə razı olmadığı bir vaxtda dindar bir nəslin qızı olan Züleyxa hərbi təyyarəçi oldu.
Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, sonra Bakı realnı məktəbində oxumuşdu. O, bu məktəbdə mühasiblik peşəsinə yiyələnmişdi. Uşaqlıqdan Hacı Zeynalabdin Tağıyevlə dostluq edən Mir Həbib ağa sonralar onun bütün maliyyə işlərinə rəhbərlik edirdi və bu maliyyə məsələsində Hacıya çox sədaqətli olduğu üçün Hacının ona böyük hörməti var idi. Bu sədaqətin qarşılığı olaraq Hacı Mərdəkanda Mir Həbib ağanın əzəmətli bir mülk sahibi olmasına səbəb olmuşdu (Bolşeviklər bu bağı Mir Həbib ağanın əlindən alıb başqasına versələr də, sonra elə özləri də bağı Mir Həbib ağaya qaytarmağa məcbur olmuşdular- müəl.).
Züleyxa 7-ci sinifdə oxuyanda fizika müəllimi onları Bakı təyyarə meydançasına ekskursiyaya aparır. Bu, sinif qızlarının ürəyincə olmur, bircə Züleyxadan başqa. O, oğlanlarla birlikdə bir neçə dəfə təyyarəyə qalxır, hər şeyə diqqətlə baxır, saysız-hesabsız suallar verir... Axşam evə qayıdanda bu ekskursiya haqqında anası Mina xanıma həvəslə danışaraq: "Mən təyyarəçi olacam!” - deyir. Təbiətən çox inadkar olan Züleyxanın bu istəyi anasını qorxuya salır və o, etirazını bildirir: "Bircə bu çatmırdı”.
İllər keçir. Züleyxa 16 saylı orta məktəbi başa vurub Neft Kimya İnstitutunun Mədən fakültəsinə daxil olur. Züleyxa ikinci dəfə Bakı təyyarə meydanına tələbə yoldaşları ilə gedir və 1934-cü ilin əvvəllərində ilk dəfə "U-2” təyyarəsi ilə səmaya qalxır. Bu səyahətdən sonra o, bir neçə tələbə yoldaşı ilə birlikdə institutda aerokulub yaratmağa başlayır. Artıq 1934-cü ilin ortalarında bu aviasiya klubuna hökumət tərəfindən Zabrat qəsəbəsində yer ayrılır və burada səliqə-sahman yaratmaqda tələbələr yaxından kömək edirlər. Onlar 1934-cü ilin oktyabrında ilk dəfə təyyarəni təkbaşına idarə edərək səmaya qalxırlar.
1935-ci ilin aprelində bir neçə tələbə (qızlardan yalnız Züleyxa) paraşütlə tullanmağı sınaqdan keçirirlər (Deyilənlərə görə, bu toplantıda Mir Cəfər Bağırov da iştirak edib və Züleyxanın bu cəsarətinə heyrətini bildirib – müəl.). 1935-ci ilin sonlarında Moskvada paraşütçülərin Birinci Ümumittifaq toplantısı keçirilir. Toplantıda Zaqafqaziyanı təmsil edən nümayəndələr arasında yeganə qız Züleyxa olur.
Bakıya Fəxri fərmanla qayıdan Züleyxa Seyidməmmədova 1938-ci ildə Moskvada Jukovski adına Hərbi Hava Akademiyasına imtahan verib qəbul olur. Lakin bu cılız, qarayanız azərbaycanlı qızının uğuru nəinki onu imtahan edənlərin, hətta vətənində də çoxlarının ürəyincə olmur. Bakıdan Akademiyaya anonim məktublar gedir ki, Züleyxanın atası sovetləri istəmir, hökumətin əleyhinə danışır, o, H.Z.Tağıyevin sağ əli olub, qolçomaqdır və daha nələr, nələr...
Bir gün Akademiyanın rəhbərliyi Züleyxanı yanına çağıraraq bu məsələni ona bildirir və Bakıdan Mərkəzi Komitənin cavabını gözlədiklərini söyləyir: "Əgər MK bunları təsdiq edərsə, sən Akademiyadan xaric ediləcəksən”.
Böyük çətinliklərlə arzusuna çatan Züleyxa isə bu arzunu asanlıqla qurban vermək fikrində deyildi. Odur ki, çəkinmədən Bakıya - Mərkəzi Komitənin birinci katibi Mir Cəfər Bağırova teleqram vuraraq bildirir ki, Mərkəzi Komitənin məktubu ilə Akademiyaya oxumağa göndərilib, indi isə onu xaric etmək istəyirlər. Züleyxa birinci katibdən bu işdə ona köməklik etməsini xahiş edir.
Züleyxa xanımın xatirələrindən belə bəlli olur ki, M.C.Bağırov Züleyxanın Moskvaya MK-nin məktubu ilə oxumağa getməsini nəzərə alaraq atası Mir Həbib ağanın həbsdən buraxılmasına əmr verir və Züleyxanın Akademiyada təhsilini başa vurmasına şərait yaradır (Çox-çox təəssüflər olsun ki, o illərin "Nuh tufanı”ndan milyondan biri belə xeyirxahlıqla qurtarardı. Kollektivləşmə, sənayeləşmə adı altında ölkəmizdə baş verənləri nə təsvir, nə də təsəvvür etmək mümkündür - müəl.).
Z.Seyidməmmədova Akademiyanın axırıncı kursunda oxuyanda Böyük Vətən müharibəsi başlayır. Züleyxa tərəddüd etmədən SSRİ-nin müdafiəsinə qalxır. İlk dəfə qadın hərbi polku yaradılır. Onlar ciddi hərbi təlim keçdikdən sonra 1942-ci ilin axırlarında ilk olaraq Volqa çayının sol sahilinə göndərilirlər.
Z.Seyidməmmədovanın tərkibində olduğu qadın qırıcı təyyarə polkunun Volqa sahillərindən başlayan döyüş yolu Ukraynayadək uzanır. O, beş yüzdən çox döyüşdə iştirak edir. Müharibədən Azərbaycana qəhrəman aviasiya kapitanı kimi dönür.
Dəfələrlə düşmənlə üz-üzə qalan Züleyxa xanım bir dəfə də məşhur alman təyyarəçisi ilə göz-gözə gəlmiş və qalib çıxmışdı. Alman təyyarəçisi əsir alınmış, Züleyxa xanımı ona göstərmişdilər ki, sənin təyyarəni vuran bu gənc xanımdır. Alman inanmaq istəməmişdi.
Nədənsə Züleyxa xanımın bu igidliklərini vətənində bəziləri həzm edə bilməyib onu qəhrəman kimi yox, satqın kimi görmək sevdasına düşür. Ona görə də Züleyxa xanımın məsələsini Mərkəzi Komitədə partiya iclasına qoyurlar (Bu zaman Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev olub – müəl.). Səbəb də o olur ki, Züleyxa xanımın dayısı Abid Mirqasımov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropaya ali təhsil almağa göndərilən tələbələrdəndir, atası Mir Həbib ağa isə H.Z.Tağıyevin ən yaxın dostu olub. Partiya iclasında "başbilənlərimiz”in təkidi ilə Züleyxa xanımın partiyadan çıxarılması təklifi yekdilliklə irəli sürülür. Bu zaman Züleyxa xanım ayağa qalxaraq cəsarətlə deyir: "Birincisi, mənim dayım Parisdə yaşamır, rəhmətə gedib. İkincisi ... partiya biletini mənə siz verməmisiniz ki, alasınız. Mən sizin MK büronuzda heç iştirak etmək istəmirəm”. Daha sonra isə əsəbi halda iclası tərk edir. Bu məsələ Moskvaya, yuxarıların qulağına çatanda onlar Züleyxa xanımın müharibədəki xidmətlərini nəzərə alaraq onu mühakimə etmirlər, əksinə, respublikada daha yüksək vəzifə ilə təmin edilməsinə şərait yaradırlar.
Mina ana Züleyxanın saysız-hesabsız mükafatlarına, ad-sanına sevinsə də, içində bir narahatlıq var idi. O, qızının səadətini, xoşbəxtliyini axtarırdi, arayırdı, arzulayırdı... Züleyxanın ailə qurması, xoşbəxt ana olması üçün səhər-axşam dua edurdu. Müharibəyə, vəzifələrə başı qarışan Züleyxa xanım çox gec ailə qurduğu üçün övladı olmur. Lakin qardaşları Kamranın və Xəlilin övladlarını öz övladı kimi böyüdür, oxudur, ev-eşik sahibi edir.
Sonda Mir Həbib ağanın bolşeviklər tərəfindən əlindən alınmış, sonra da qaytardıqları bağ evi haqqında bir neçə kəlmə demək istərdim ki, elə bu evin də qaytarılmasına Züleyxa xanım səbəb olur və atası Mir Həbib ağa bağa ayağını basarkən əyilib torpağı öpüb "Allahım, sənə çox şükür” deyə qızının boynuna sarılır. Bu haqda həmin günlərin şahidi olan qocaman yazıçı Manaf Süleymanov "Son bahara çatdıq...” adlı əsərində yazır: "... bağı komsomolun Mərkəzi Komitəsinin birinci katibi Züleyxa Seyidməmmədovaya verdilər. Əvvəllər bolşeviklər onu müsadirə edib yüksək mənsəb sahiblərinə verirdilər. Bu bağ neçə-neçə yüksək vəzifəlini yola saldı. İndi isə yenidən sahibinə qismət oldu. Atalar boş yerə deməyiblər ki, "halal mal yiyəsinə qayıdar”.
20 ildən çox müddətdə Azərbaycan SSR-in təminat naziri vəzifəsində işləyən Züleyxa xanım yaşlaşdığı üçün vəzifədən öz xahişi ilə gedir. Bir neçə il Moskvada oxumasına və işləməsinə baxmayaraq, vətəninə, xalqına, adət-ənənəsinə hər an bağlı olub Züleyxa xanım. Deyilənlərə görə, Azərbaycan yenidən müstəqilliyinə qovuşarkən sevincindən uşaq kimi ağlayırmış. 1999-cu ildə dünyasını dəyişən Züleyxa xanım Azərbaycan hərb tarixində silinməz izlər qoyub getdi.


banner

Oxşar Xəbərlər