• çərşənbə axşamı, 19 mart, 14:02
  • Baku Bakı 8°C

Müsbət dinamikanın əldə olunması düşünülmüş dövlət siyasətinin nəticəsidir

09.08.20 18:30 725
Müsbət dinamikanın əldə olunması düşünülmüş dövlət siyasətinin nəticəsidir
Avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bu sahədə həyata keçirilmiş və aparılacaq işlər ətraflı şəkildə müzakirə edildi. Prezident İlham Əliyev həm hesabatları dinlədi, həm də yeni tapşırıqlar, tövsiyələr verdi. Dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr ümumilikdə mövcud durum, keçilmiş yol, qarşıdakı ilkin və növbəti vəzifələrin dolğun portretini yaratdı.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Mədəniyyət komitəsinin sədri ölkəmizin qlobal pandemiya ilə bağlı mübarizədə yeni dönəmə qədəm qoyduğunu bildirib. Diqqətə çatdırıb ki, dövlətimizin başçısı da qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Q.Paşayeva deyib: "Müsbət dinamikanın əldə olunması, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının hadisələrə birbaşa nəzarət etməsi, operativ qərarların qəbul olunması, müasir təcrübələrin öyrənilməsi və tətbiqi müsbət nəticələrin qazanılmasına, sağalma sayının yoluxma sayını üstələməsinə gətirib çıxarıb. Hadisələr hər gün Azərbaycan Prezidentə məruzə edilir. Müvafiq qurumlar və təşkilatlar Prezidentin qarşısında hesabatlı olduqlarını bilir. Doğrusu, mən əldə olunan müsbət dinamikada bu amilin dəyərini həlledici sayıram. Qlobal pandemiya dövründə davranış qaydaları təcrübəsiz bir sahədir. Bir daha qeyd etmək istəyirəm ki, hadisələrin dövlətimizin başçısının nəzarətində olması müsbət dinamikanı təmin edən ən başlıca səbəbdir.
İyulun 16-dan bu günədək müşahidə edilən müsbət dinamika nəyə əsas verir? Ona əsas verir ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Bu müsbət dinamika artıq üç həftədir ki, müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.
Müsbət dinamikanın əldə olunmasında səhiyyə işçilərinin də əməyini yüksək qiymətləndirən deputat qeyd edib: "Həkimlərimizin çox böyük əməyi vardır. Məhz onların yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Artıq modul tipli 9 xəstəxana istismardadır. Üstəlik, iki Olimpiya İdman Kompleksi də modul tipli xəstəxana kimi fəaliyyət göstərir”.
Qənirə Paşayeva vurğulayıb ki, əlbəttə, iş yalnız xəstəxana təmir etmək, modul tipli yeni xəstəxanalar tikməklə yekunlaşmır, dövlət kompleks tədbirlər görür. "A”dan "Z”-yə hər addım ölçülür-biçilir, ən uyğun addımlar atılır, ən əlverişli variantlar qəbul edilir. Pandemiya dövründə sosial layihələrin həyata keçirilməsində də heç bir problemin yaşanmadığını qeyd edən deputat deyib: "Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq”.
Deputat müsbət dinamika ilə əlaqədar karantin rejiminin qaydalarının yumşaldılması məsələsinə də toxunaraq deyib: "Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. Açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar, sosial məsafə tam təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir”.
O qeyd edib ki, COVID-19 hələ yoxa çıxmayıb, infeksiyaya qarşı mübarizə tam gücü ilə aparılır. Ən müxtəlif səviyyələrdə tez-tez işlədilən "ikinci dalğa”ya gəldikdə isə, ümumiləşmiş fikir bundan ibarətdir ki, o, COVID-19 infeksiyası yoxa çıxdıqdan sonra hansısa yeni yoluxma qaynağı ilə təzahür edə bilər. Deməli, arxayınlaşmaq üçün hələ tezdir, məsələ öz ciddiyyətini saxlamaqdadır. Bütün bu məhdudiyyətlər, dövlətin öz üzərinə əlavə sosial-iqtisadi yük götürməsi bir məqsədə xidmət edir: vətəndaşın sağlamlığı! Bütün digər amillər bundan sonra gəlir, o cümlədən iqtisadi inkişaf, iqtisadiyyatın dayanıqlılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, postpandemiya dövrünə hazırlıq və sair.
Ölkə iqtisadiyyatının liberallaşdırılması məsələsinə də münasibət bildirən Mədəniyyət komitəsinin sədri qeyd edib ki, bu planda aparılan müzakirələr artıq ciddi addımların atılmasının qaçılmaz olduğunu deməyə əsas verir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, özəlləşdirmə sahəsində də daha geniş islahatların aparılması gözlənilir. "Təsəvvür edin ki, paytaxt Bakıda sovetlərdən qalan, böyük ərazilərə malik xeyli dağılmış müəssisə var. Həmin o yararsız halda olan ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, həm də, ekoloji standartlar zəminində şəhərsalma imkanları müzakirə edilə bilər. Prezidentimiz də bu məsələyə diqqət çəkdi. Artıq "Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Fərman verilib”, - deyə deputat diqqətə çatdırıb.
Qənirə Paşayeva sonda bildirib ki, dövlətimiz tərəfindən mümkün qədər yumşaldılmalar ediləcək. Amma gərək vətəndaşlar da sadə tələblərə - məsafə, maska, mədəni gigiyena qaydalarına əməl etsinlər ki, yoluxma yenidən artmasın. Deputat ümidvar olduğunu bildirib ki, dövlət-xalq birliyi ilə daha ciddi nəticələri əldə edə biləcək.
banner

Oxşar Xəbərlər