AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müsbət dinamikanı qoruyub saxlamaq bizim öz əlimizdədir

Müsbət dinamikanı qoruyub saxlamaq bizim öz əlimizdədir

Cəmiyyət
09 Avqust 2020, 09:30 243
Ölkəmizdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, avqustun 10-dan etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasının növbəti mərhələsinə start verilir. Tətbiq olunan məhdudiyyətlər nəticəsində son həftələr müsbət dinamika əldə olunub. Bunu nəzərə alaraq, hökumət müəyyən yumşalmalarla bağlı qərarlar qəbul edir. Məqsəd, ilk növbədə, vətəndaşların sağlamlığını qorumaq, eyni zamanda, iqtisadi sahədə yaranmış çətinlikləri minimuma endirməkdən ibarətdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

K.Nurullayeva diqqətə çatdırıb ki, bu müsbət dinamika bizi qətiyyən arxayınlaşdırmamalıdır. Onun sözlərinə görə, dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarət də gücləndirilməlidir. Koronavirusa yoluxmanın miqyası genişlənəcəyi təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq. Məlumdur ki, vaksin tapılmayana qədər vəziyyət nəzarətdə saxlanılmalıdır. Artıq yaxın aylarda ikinci dalğa ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığı da var. Avropa ölkəsində - Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Məlumdur ki, University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları da xəbərdarlıq ediblər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək.

Deputat Almaniya Həkimlər Birliyinin də ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan etdiyini bildirib. Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura da bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

"Bütün dünya ölkələri COVID-19 xəstəliyinin kifayət qədər təhlükəli virus olduğunu anlayır və onun davranışlarına uyğun qərarlar qəbul edir. Bu virusa qalib gəlməyin əsas yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir. Azərbaycanda da cəmiyyətimizin nümayiş etdirəcəyi həmrəylik sayəsində pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaq mümkün ola bilər. Bir sözlə, müsbət dinamikanı qoruyub saxlamaq bizim öz əlimizdədir”,- deyə Könül Nurullayeva vurğulayıb.