• cümə axşamı, 28 mart, 16:33
  • Baku Bakı 16°C

Müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir

20.07.20 12:45 505
Müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir
Arxada qalan dörd ay COVID-19-la mübarizədə bizə çox şey öyrətdi. Qarşımızdakı gözə görünməyən düşməni tanımadığımıza görə ilk vaxtlar hər kəs xaotik hərəkət edirdi, tibb işçiləri arasında təcrübəsizlik vardı. Lakin indi vəziyyət dəyişib – hazırda həkim və tibb işçiləri hansı məqamda necə hərəkət etmək lazım gəldiyini, vəziyyətə necə müdaxilə olunmasını, xəstəyə necə yardım göstərməyi yaxşı bilirlər. Buna görə də ilk aylarda olan təşviş və həyəcan hissi indi müşahidə olunmur. Xəstəliyin müalicəsinə peşəkar yanaşma bu işdə çox mühüm və həlledici rol oynayır. Təkcə qonşu ölkələrlə deyil, digər dövlətlərlə onlayn rejimdə əlaqələr qururuq. Digər ölkələrdə müşahidə olunan dəyişiklik, xəstəliyə yeni yanaşma üsulları haqqında məlumatlar alırıq. Bunlar bizim üçün çox əhəmiyyətli məsələlərdir.
AZƏRTACxəbər verir ki, bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.
Onun sözlərinə görə, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləndə buna sevinənlər və mənfi reaksiya verənlər də oldu. Bu da həmin vətəndaşların əvvəlcədən qurulan planlarının təxirə düşməsi ilə əlaqədar idi: "Son günlər qeydə alınan müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir. Karantin tətbiq edəndə heç də məqsədin virusu kökündən kəsmək olduğu deyilməyib. Başlıca hədəf virusun yoluxma zəncirini qırmaqdır. Çünki əhalinin 20 faizi virusa yoluxduğu halda onun qarşısında dayanmaq qeyri-mümkün olur. Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, vaksinin tapılmayacağı təqdirdə bu dəhşətli bəladan xilas yolu planet əhalisinin 70 faizinin ona yoluxmasıdır. Hər bir ölkədə fərqli yoluxma faizi ilə üzləşirik. Ölkəmizdə yoluxanların sayı infeksiyaya qarşı peyvənd tapılana qədər uzun yol keçmək lazım gəldiyini göstərir. Ona görə də indiki mərhələdə çarpayı fondundan səmərəli istifadə etmək və onu nəzarətdə saxlamaq üçün karantinə ehtiyac var, çünki xəstənin birinə tibbi xidmət göstərib digərini diqqətdən kənar saxlamaq olmaz. Digər tərəfdən, ölkə vətəndaşları da xəstəliyin mövcudluğuna inanır və ondan qorunmaq üçün tələb olunan qaydalara ciddi əməl edirlər ki, bu da virusla mübarizədən qalib ayrılmağa ümidləri artırır”.
banner

Oxşar Xəbərlər