• cümə, 19 Aprel, 22:42
  • Baku Bakı 24°C

Müsavatın qalmaqallı namizəd siyahısı

02.09.15 10:57 2324
Müsavatın qalmaqallı namizəd siyahısı
Parlament seçkilərinə sayılı günlər qaldıqca, partiyalar öz namizədlərini seçmək və təqdim etməkdədir. Təbii ki, hərəsi özünə uyğun formada. Məsələn, Müsavat Partiyası bu günlərdə keçirdiyi yığıncaqda buna cəhd edib. Cəhd edib ona görə deyirik ki, bu dəfə də partiyada hələ də normal atmosfer yaranmadığı, “partiya” kəlməsinə yaraşan durum olmadığı üzə çıxıb. Belə ki, iclas Arif Hacılının sədr olduğu gündən müşahidə olunan narazılıqla keçib. Hətta vəziyyət o həddə çatıb ki, iclas zamanı üzvlər arasında dava düşüb. Belə ki, Müsavat Partiyası Məclisinin iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin müəyyənləşdirilməsi məsələsinin müzakirəsi zamanı qalmaqal yaşanıb. Səbəb isə bu dairədən kimin namizədliyinin verilməsi ilə bağlı olub. Namizədlər isə Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov olub. Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb. Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.
Onu da deyək ki, parlamentə namizədliyi irəli sürülənlər arasında A.Hacılıya qarşı çıxmış heç bir şəxsin adı yoxdur. Bu, onu göstərir ki, bu şəxs hələ də diktator xislətindən əl çəkməyib və bu qədər iradları, tənqidləri qəbul etməməkdə davam edir. Onun bu addımı etirazla qarşılanıb və çox ciddi tənqid hədəfi olub. Başqanlığa keçmiş namizədlər Tural Abbaslı və Qubad İbadoğlunun tərəfdarlarının adının siyahıya salınmamasına T.Abbaslı özü də etiraz edib. Bildirib ki, hazırkı başqan hələ də qrup maraqlarından kənara çıxa bilməyib: “Siyahıda bir çox dəyərli dostlarımız, fədakar müsavatçılar var. Amma kənarda qalan Qubad bəyin və mənim tərəfdarlarıma baxaq. Yetərincə cəmiyyət və partiya daxilində nüfuza sahib, səs toplayacaq şəxslərdir. Bu şəxslərə partiyanın ehtiyacı var. Müsavat rəhbərliyi artıq reallıq hissini itirib. Partiya böhranlı vəziyyətə doğru aparılır. Bu seçki barışıq mühitinin yaradılması üçün bir şans idi”.
“Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy da məsələyə münasibət bildirib və onun rəyinin soruşulmamasından gileylənib: “Söhbət növbəti dəfə seçkidə iştirak edib-etməməkdən getmir. Amma ədalət naminə bəzi mətləblərin yazılmasına, deyilməsinə zərurət var. 2010-cu ildə partiyaya 2 min səs qazandırmış namizədin də rəyini soruşmaq olardı. Görünür, partiyada hələ də keçən ilin qurultayqabağı və sonrakı mərhələsində Qubad İbadoğlunu müdafiə etmiş şəxslərə mövcud olan qıcıqlı münasibət davam edir. Olsun! Lakin seçkiöncəsi hələ də keçmişlə yaşamaq, alternativ fikrə dözümsüzlük partiyanın onsuz da zəifləmiş durumu üçün heç də yaxşı perspektiv vəd etmir, inanın! Əgər ötən seçkidə Müsavat 3 faizlik baryeri keçsəydi, orda bir çoxları kimi, mənim də rolum olacaqdı. Yeri gəlmişkən, Tural Abbaslı kimi gənc dostların da siyahıdan kənarda saxlanılması qıraqdan heç də normal görünmür. Başqa adlar da var”.
Maraqlı məqam odur ki, A.Hacılının qalmaqallı addımı tək bu deyil. Onun verdiyi növbəti qərar da diqqət çəkib və müzakirə mövzusuna çevrilib. Belə ki, o, seçkilərdə qardaşı Mustafa Hacıbəylinin də namizədliyini irəli sürüb: özü də məhz digər müxalif partiya sədri – AXCP lideri Əli Kərimlinin namizədliyini verməyə hazırlaşdığı dairədən. Bu isə onu göstərir ki, bu iki partiya seçki prosesində də düşmənçiliyi davam etdirəcəklər.
Müsavatda müşahidə olunan daha bir ironik məqam isə eks-başqan, siyasətdən getdiyini açıqlayan İsa Qəmbərin də namizədliyinin irəli sürülməsidir. Belə ki, o, seçkilərə 15 saylı Yasamal Birinci Seçki Dairəsindən qatılacaq. Bu qərar isə partiyadakı mövcud vəziyyətlə bağlı bir çox suallar yaradır. Bu şəxsin heç kabinetini tərk etmədiyi, onu yeni başqana təhvil vermədiyi məlum məsələdir. Partiyada qeyri-rəsmi sədrlik etdiyi, hər şeyin onun istəyinə uyğun olaraq həyata keçirildiyi də hamıya bəllidir.
Bu faktlar göstərir ki, Müsavat Partiyası uçurumun dibinə yuvarlanıb və sanki süni nəfəslə zorla həyatda qalıb. Göründüyü kimi, partiyada parçalanma vəziyyəti davam edir və bu cür narazılıq fonunda yenidən birlik yaratmaq, tərəflər arasında razılıq əldə etmək mümkün deyil.
H.Əsgər
banner

Oxşar Xəbərlər