• cümə, 19 Aprel, 01:05
  • Baku Bakı 18°C

Müsavatın gedişi Milli Şuranın siyasi gücünü azaldıb Müsahibə

23.01.14 18:19 1763
Müsavatın gedişi Milli Şuranın siyasi gücünü azaldıb Müsahibə
Bir müddət öncə Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov Milli Şurada təmsil olunan “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi və “Azəri-Talış” Birliyinin sədri Mehdibəy Səfərovu xarici kəşfiyyata işləməkdə ittiham edib. Qeyd edib ki, onları Milli Şuraya “El” Hərəkatının sədri Eldar Namazov gətirib.
H.Əzimov kinorejissor Rüstəm İbrahimbəyovun Azərbaycanın siyasi meydanında insanları yaxşı tanımadığını diqqətə çatdıraraq, bu məqamdan istifadə edən müəyyən şəxslərin M.Səfərov kimi adamları Milli Şura (MŞ) daxil etdiyini vurğulayıb. MŞ üzvləri arasındakı qalmaqal, Koordinasiya Şurasının (KŞ) yeni tərkibi, qurumun gələcək planları, AXCP-Müsavat Partiyası (MP) dartışması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını VAMBP sədri, professor H.Əzimov cavablandırır.
- Hacıbaba müəllim, yanvarın 22-də MŞ KŞ-nın yeni tərkibdə ilk iclası keçirilib. Bu toplantıda əsasən nələr müzakirə olunub?

- Uzun müddətdən sonra nəhayət ki, Milli Şuranın rəhbər orqanı sayılan Koordinasiya Şurası yarandı. Çox təəssüf ki, əvvəllər bu, yox idi. Rəhbər orqan olmadan iş xaotik gedirdi. Xaotik işin də nəticələri o qədər də effektli olmurdu. İndi yeni tərkiblə keçirdiyimiz ilk iclasda Milli Şuranın bundan sonrakı, gələcək işlərini müzakirə etdik, müvafiq tapşırıqlar verildi ki, ayrı-ayrı adamlar, o cümlədən komissiya sədrləri hansı fəaliyyəti həyata keçirsinlər. Yaxın günlərdə bunun nəticəsini də hər kəs görəcək. Lakin indidən bunlar haqqında geniş danışmağa lüzum yoxdur. Çünki hələlik ortada iş yoxdur. İş olmayan yerdə danışmağı isə düzgün hesab etmirəm.
- Ekspertlər hesab edir ki, bəzi müxalifət liderlərinin, həmçinin əsas siyasi partiyalardan sayılan Müsavatın MŞ-dan getməsindən sonra qurum əvvəlki kimi fəaliyyət göstərə bilməyəcək. Müsavat başqanı da partiyasının MŞ-dan ayrılmasının səbəbini izah edərkən, bu qurumu missiyasını başa vurmuş təşkilat kimi xarakterizə edib. Deyilənləri nə dərəcədə düzgün sayırsınız?

- Ölkəmizdə Yeni Azərbaycan Partiyası özünü böyük hesab edə bilər. Çünki hakim partiya olaraq onun üzvlərinin sayı çoxdur. Müxalifətdə də sayına görə nisbi böyük olan bir neçə siyasi təşkilat var ki, onlardan da biri, bəlkə də birincisi Müsavat Partiyasıdır. Müsavatın Milli Şuradan çıxması bu qurumun siyasi gücünü azaldıb. Biz bunu etiraf etməliyik. Lakin yaxşı işin qurulması heç də çoxsaylı partiyaların, yaxud da çoxsaylı insanların bir yerə cəm olması ilə mümkün deyil. Düzdür, kəmiyyət də lazımdır. Amma bütün hallarda əsas olan keyfiyyətdir. Əgər Milli Şura bundan sonra keyfiyyət məsələsini həll edə bilsə, yəni işini yaxşı qursa, cəmiyyəti düşündürə bilən məsələləri ortaya atsa, demokratik islahatların sürətlənməsini və sairi təşkil etsə, o zaman Müsavatın getməsini kompensasiya edə bilər. Biz də buna çalışırıq. O ki, qaldı Müsavat funksionerlərinin Milli Şuranı missiyası başa çatmış təşkilat kimi xarakterizə etmələrinə, bu, kökündən yanlış fikirdir, heç bir əsası yoxdur. Milli Şuranın bəyannaməsində qeyd edilib ki, bu qurumun əsas missiyasi demokratiyaya keçid məsələlərinin həll edilməsidir. Bundan başqa Milli Şuranın qarşısındakı hədəflər Avrainteqrasiya və bunun kimi başqa-başqa məqsədlər, islahatlardır.
- MŞ-da hansısa yeniliklərin olması gözləniləndirmi?

- Milli Şurada kəmiyyətcə dəyişikliklərin olması mümkündür. Yəni yeni üzvlərin cəlb olunması və sair. Biz qapını açıq qoymuşuq. Lakin bir şərtlə ki, Azərbaycan xalqının, onun dövlətçiliyinin mənafeyi əleyhinə kiçik də olsa hər hansı fəaliyyəti olan adamlar Milli Şuraya buraxılmırlar. Bəziləri var ki, guya mövcud iqtidara, hakimiyyətə müxalif mövqedə dayanıblar. Ancaq araşdıranda görürsən ki, dövlət qeydiyyatı belə olmayan, bəzi adamlar tərəfindən yaradılıb elə onlar tərəfindən də cəmiyyətə élan edilən bu təşkilatlar əsl gerçəklikdə Azərbaycan dövlətçiliyinin əleyhinədirlər. Xarici kəşfiyyat tərəfindən yönləndilirlər. Ən acınacaqlısı belə təşkilatları Milli Şuraya cəlb etmək istəyənlərin mövcudluğudur. Biz qəti surətdə bunun əleyhinəyik. VAMBP olaraq Azərbaycan dövlətçiliyinə zərbə vurulmasına, ölkənin etnik zəmində münaqişələr ocağına çevrilməsinə, suverenliyinin, ərazi bütövlüyünün pozulmasına qarşıyıq. Separatizmi aradan qaldırmaq, xalqın, millətin birliyinə nail olmaq əsas hədəflərimizdəndir.
- Mətbuata açıqlamanızda MŞ üzvləri M.Səfərovu və E.Quliyevi separatçılıqda ittiham etmisiniz. Qarşı tərəf buna cavab olaraq, Sizin özünüzü ermənilərlə əlaqədə, “Böyük oktyabr”, “Bakı kommunası” kimi əsərlərinizdə Şaumyanı milli qəhrəman səviyyəsinə çatdımaqda günahkar bilir…

- Düzdür, mənim “Bakı kommunası” haqqında bir kitabım var. Amma “Bakı kommunası” heç də Şaumyan demək deyil. Mən bu əsərdə Bakı partiya komitəsinin fəaliyyətini tənqid edən yeganə adam olmuşam. Tənqid, səhv adı ilə onların Azərbaycan xalqına, azərbaycanlılara qarşı biganəliyindən, insanların sıxışdırılmasından, qətliamlardan, qırğınlar törədilməsindən söhbət açmışam. Həmin vaxt cəsarətlə bu faktları dilə gətirə bilmişəm. “Bakı kommunası” kitabına baxsanız, oradakı faktların başqa bir kitabda olmasına rast gəlməzsiniz. Hətta Şaumyanın başçılığı ilə təşkil edilən, Sovet ordusu adlandırılan silahlı dəstə rəhbərlərinin də daşnaklardan ibarət olmasını, qəzalarda qırğınlar, vəhşiliklər törətməsini də mən yazmışam. Şaumyan haqqında bir dəfə də olsun xoşniyyətli ifadə işlədilməyib orada. Mehdibəy Səfərov həmin əsərlərdən bir cümlə tapsın və desin ki, bax burada Şaumyanı tərifləmisən. Yoxdur belə fakt. Amma onun özü vaxtilə Azərbaycanı parçalamaq istəyən, “Talış Muğan Respublikası” yaratmaq ideyasına dəstək verən insandır. O, xarici kəşfiyyatın dəstəyi ilə yaradılan “Talış Xalq Partiyası” adlı qondarma qurumun sədr müavini olub. Göründüyü kimi, Mehdibəy Səfərov separatçılıqla məşğul olan adamlardan biri olub. Sonradan qaçıb bir küncdə gizlənib. İndi bu adam yenidən meydana atılıb. Ötən il “Talış Birliyi” adı altında qurum yaratmağa təşəbbüs göstərdi. Amma cəmiyyətdə buna qarşı sərt təpkiləri görüb geri çəkildi. O, iddia edirdi ki, guya talış xalqının hüquqları pozulur, onlara iş verilmir və sair. Halbuki istər dövlət orqanlarında, istərsə də özəl təşkilatlarda milliyyətcə talış olan insanlar çalışır, sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Onların parlamentdə millət vəkilləri var və sair. Nəinki onlara, eləcə də Azərbaycandakı digər millətlərə qarşı heç bir ayrı-seçkilik tətbiq edilmir. Belə olan halda Mehdibəy Səfərov kimi insanların söylədikləri yalandan başqa bir şey deyil. Bununla o, Azərbaycanda separatçı əhval-ruhiyyə yaratmaq istəyir ki, bu da xarici kəşfiyyatın göstərişi ilə həyata keçirilən layihədir.
- AXCP və Müsavat funksionerlərinin mətbuat üzərindən bir-birinin ünvanına ən kəskin ittihamlar səsləndirməsinə, mərhum prezident Əbülfəz Elçibəyin adını tez-tez hallandırmalarına necə baxırsınız?

- Mən belə halları kəskinliklə pisləyirəm. Buna yol vermək olmaz. Bu, yalnız və yalnız düşmən dəyirmanına su tökməyə xidmət edir. Burada söhbət təkcə iki partiyadan getmir. Azərbaycan cəmiyyətində belə mənzərə normal qəbul edilmir. Bundan başqa dünya da bizə baxır. Bu gün bir yerdə olan, müttəfiqlik edən, ölkədə demokratik yolla dəyişikliyə çalışan insanların sonradan bir-birinə qarşı ittihamlar yağdırmasını bütün dünya pis qarşılayır. Ona görə də bunun qabağı alınmalıdır. Hər kəsin öz yolu, öz düşüncəsi ola bilər. Bunun üçün kiminsə ittiham edilməsi yolverilməzdir. Qarşılıqlı ittihamlar zamanı mərhum Əbülfəz Elçibəyin adının hallandırılmasına gəlincə, bu da xoşagəlməz haldır. Xalqımızın, millətimizin, cəmiyyətimizin xeyri üçün gərəkli sayılan işlərlə məşğul olmaq daha məqsədəuyğundur. Şəxsi münasibətləri bir kənara atıb ümummilli mənafedən çıxış etmək lazımdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər