• cümə, 19 Aprel, 20:46
  • Baku Bakı 24°C

Müsavatda yeni ittiham dalğası

04.02.15 06:58 1062
Müsavatda yeni ittiham dalğası
Müsavat Partiyasının (MP) yeni başqanı Arif Hacılı kreslosunda yerini rahatlayandan sonra müstəqil fikirli partiyadaşlarını sıxışdırmağa, potensial rəqiblərini bir-birinin ardınca təşkilatdan kənarlaşdırmağa başlayıb. Bu günlərdə isə MP Divanının toplantısında Qubad İbadoğlu və Ellada Məmmədliyə xəbərdarlıq edilib, sonrakı addımın onların partiyadan uzaqlaşdırılması olacağı bildirilib. Partiyada azad sözə və müstəqil düşüncəyə qarşı yönələn bu cür repressiv tədbirlər təbii olaraq Müsavat üzvləri arasında narazılıqla qarşılanıb. Başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Q.İbadoğlu partiyanın Divanında guya üzrsüz səbəbdən iştirak etməməyi və buna görə xəbərdarlıq alması barədə qərarın heç bir əsasa söykənmədiyini bildirib. Deyib ki, əvvəlcədən nə düşünüblərsə, planlaşdırıblarsa, o əsasda da qərar qəbul ediblər. Q.İbadoğlu bununla sonrakı qərarlara zəmin hazırlandığını da diqqətə çatdırıb: “Fevralın 9-dan 16-a kimi Vaşinqtonda səfərdə olacağam və Divanın iki toplantısı da həmin müddətə təsadüf edir. Təbii ki, mən səfəri təxirə salmaq niyyətində deyiləm. Qarşı tərəfin yanaşması birtərəfli və qərəzlidir. Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli ilə dünən Divanda aparılan müzakirələr də göstərdi ki, ADR Hərəkatının yaradılmasının Müsavat Partiyasına heç bir aidiyyəti olmasa da, öz fəaliyyətsizliyini ört-basdır etmək istəyən, indiyə qədər ortaya bir nəticə qoya bilməyən rəhbərlik, bizim məhsuldar fəaliyyətimizdən narahatdır və hədəf olaraq da hərəkatdakı fəallığımızın azaldılmasını seçib”.
Q.İbadoğlunun fikrincə, Divanın son qərarı partiya idarəçiliyində sistemsizliyin olduğunu sübut edir: “Bir neçə ay əvvəl mənə ən yüksək vəzifələri təklif edənlər indi partiyadan kənarlaşdırılmağımla bağlı zəmin yaradırlar. Əgər Divanda qərarlar əvvəlcədən sifarişlə hazırlanmış qaydada qəbul olunursa, Nizamnamə normalarına istinad yoxdursa, Divan uzun illər fəaliyyət göstərən partiya üzvlərini məhkəmə kimi mühakimə və ittiham edirsə, o qurumdan istənilən qərarı gözləmək mümkündür. Bu və bunun davamı olaraq veriləcək istənilən qərar partiyanın nüfuzuna ciddi zərbə olacaq. Demokratiya uğrunda mübarizə aparan istənilən partiya, o cümlədən Müsavat Partiyası öz qərarlarında demokratik normalara, Nizamnaməyə və Proqram müddəalarına əsaslanmalıdır”.
Müsavat Qadınlar Birliyinin sədri E.Məmmədli də Divanın onun barəsində qəbul etdiyi qərarı ədalətsiz sayıb. O, partiyanın Nizamnaməsinə zidd fəaliyyət göstərmədiyini və bu səbəblə də Divanda ona edilən xəbərdarlığı qəbul etmədiyini diqqətə çatdıraraq, buna qarşı mübarizə aparacağını vurğulayıb. E.Məmmədli bununla bağlı “Facebook” səhifəsində müraciət də yayıb: “Hörmətli müsavatçılar, dəyərli xanımlar və əqidədaşlarım! Bildiyiniz kimi dünən (srağagün) Divan iclasına dəvət olunmuşdum. Divanda mənə qarşı sürülən ittihamların böyük əksəriyyəti ADR Hərəkatına aid idi. Müsavat Qadınlar Birliyinin sədri kimi fəaliyyətim heç kimi maraqlandırmırdı. Əsas iddia ADR Hərəkatında fəaliyyətim, mətbuatda və sosial şəbəkədəki yazılarım, “layk”larım, işarələrimdən ibarət idi. Bütün iradları Nizamnamə çərçivəsində cavablandırmağıma baxmayaraq, sonda mənə məlum oldu ki, Divan tərəfindən xəbərdarlıq almışam. Hər birinizə bəyan edirəm: Heç bir Nizamnamə pozuntusu etməmişəm, istər sıravi müsavatçı kimi, istərsə Qadınlar Birliyinin sədri olaraq. Mənə qərəzi və kini olan adamların bir arada toplaşaraq Divan adından verdiyi xəbərdarlıq qərarını qəbul etmirəm. Bunun üçün mübarizə aparacağam”.
Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy isə partiya daxilində baş verənləri, xüsusən də A.Hacılının azad fikrə qarşı dözümsüzlüyünü sərt tənqid etməklə yanaşı, onu regionçuluqda da ittiham edib. Bildirib ki, A.Hacılı Naxçıvana və naxçıvanlılara sonsuz nifrət bəsləyir. S.Əlisoy hazırkı Müsavat başqanı ilə münasibətlərinin kökündə də məhz bu problemin dayandığını vurğulayıb: “Arif Hacılı və komandası 2006-cı ildə qurultaydan sonra Məclisə sədr seçkisi keçirilən zaman məğlub olacaqlarını bilirdilər. Bununla bağlı onunla söhbətimiz oldu. Arif Hacılı başqan seçkilərində onu müdafiə etməyimi istədi. Öz növbəmdə şərtlər irəli sürdüm və bildirdim ki, əgər mən tərəfdən müdafiə olunmaq istəyirsənsə, bu şərtlərə riayət elə. Həmin şərtlərdən birincisi 2003-cü ildə seçki qərargahında yığılmış pulların, ianələrin aqibəti barədə hesabat vermək idi. Çünki həmin vaxt 7 rəqəmli mənimsəmə faktından söhbət gedirdi. Buna cavab verə bilmədi. İkinci şərtim naxçıvanlılara nifrətinin kökündə nəyin dayandığını izah etməsi idi. Təbii ki, buna da cavab vermədi, hətta and-aman edərək belə bir söz işlətmədiyini bildirdi. Bundan əlavə, Müsavat Məclisindəki bütün çıxışlar partiyanın mətbuat xidmətinin əməkdaşı, videooperator Mehman Kərimli vasitəsilə videolentə köçürülüb. Əgər Hacılının cəsarəti varsa, çıxıb bütün bunları əsaslı şəkildə təkzib etsin. Hacılı hazırda ətrafında olan bir dəstə boşboğazın arxasında gizlənib və guya, onlar vasitəsilə mənə cavab verir. Hansı ki, Arif Hacılının həndəvərindəki həmin qullara da öz mövqeyimi dəfələrlə xatırlatmışam”.
S.Əlisoy Müsavat başqanı A.Hacılı ünvanına regionçuluqla bağlı səsləndirdiyi ittihamları “Facebook” sosial şəbəkəsində də ictimailəşdirib. Onun bu barədə yazdığı statusa MP Sumqayıt şəhər təşkilatının rəhbərliyində vaxtilə təmsil olunan Qabil Rzayev da rəy yazaraq, S.Əlisoyu dəstəkləyib. O, da A.Hacılını qrupbaz, siyasi ambisiyasını partiya maraqlarının üzərində görən insan kimi xarakterizə edib: “Arif Hacılı Müsavatda qrupbazlıq siyasətinin təməlini qoyan tərbiyəsiz bir insandır. Bu gün Müsavat deyilən partiyadakıların əxlaq səviyyəsinə mən Hacılının əxlaqına baxaraq qiymət verirəm. Bir sözlə, İsa Qəmbər “Yastı Salman”, Arif Hacılı “Əbülfəz”, Pənah Hüseyn “Lal Hüseyn”dir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər