• cümə axşamı, 25 aprel, 19:08
  • Baku Bakı 21°C

Müsavatda “yarpaq tökümü” davam edir

23.10.14 10:58 1308
Müsavatda “yarpaq tökümü” davam edir
Müsavatın qurultayından sonra partiyadakı gərginlik hər gün bir qədər də artmaqdadır. Əgər bir-iki həftə bundan öncəyə qədər müsavatçılar başqan seçkilərindəki kütləvi saxtakarlığı dilə gətirir, bununla bağlı partiya rəhbərliyinin ölçü götürməsi tələbini səsləndirirdilərsə, artıq bu gün onlar partiyadan istefa verməklə öz narazılıqlarını çatdırırlar.
Təkcə son günlərdə onlarla müsavatçı gənc, o cümlədən gənclər təşkilatının sədri partiyadakı saxtakarlıqlara, ikiüzlülüyə, qruplaşmalar arası dava-dalaşa etiraz əlaməti olaraq istefa veriblər. Ancaq məsələ yalnız bununla bitməyib. Hətta ömrünün 20 ildən çoxunu partiya quruculuğuna həsr edən Tofiq Hüseynov, eləcə də Tovuz rayon təşkilatının üzvləri də Müsavatla yollarını ayırıblar. Yeni başqan Arif Hacılı isə vəziyyəti düzəltmək, gərginliyi aradan qaldırmaq, narazı tərəfləri dinləyib müdrik qərar qəbul etmək, barışdırıcı mövqe sərgiləmək əvəzinə, istefa verənləri Məhəmmədəmin Rəsulzadə-Əbülfəz Elçibəy yoluna xəyanət etməkdə təqsirli bilib. Bununla da yeni başqan sabiq partiya üzvlərini təhqir edib, “yanan odun üzərinə yağ töküb”, gərginliyin, qarşıdurmanın daha da dərinləşməsinə səbəb olub. Yeni başqanın bu fikirlərinə öz tərəfdaşları da dəstək nümayiş etdiriblər. Müsavat Məclisinin üzvü Osman Kazımov partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırıb. Digər Məclis üzvləri də partiyanın nüfuzuna xələl gətirən açıqlamalarla çıxış edən, Nizamnamə pozuntusuna yol verən şəxslər barəsində cəza tədbirlərinə start verilməsini tələb ediblər. Cəza tədbiri kimi Müsavat üzvlüyündən xaric edilmənin tətbiq olunmasını vacib sayıblar.
A.Hacılının və O.Kazımovun bu yanaşmasına Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy münasibət bildirərək, bu cür çağırışları 1930-cu illərdə Lavrenti Beriyanın çağırışları ilə müqayisə edib. Onun sözlərinə görə, vaxtilə Beriya da Stalinə təklif edirdi ki, Kommunist Partiyasında və cəmiyyətdə sərt təmizləmə aparmaq lazımdır: “Beriya bu təklifini birbaşa Siyasi Büroda irəli sürmüşdü. Bəyan etmişdi ki, kim yürüdülən siyasətə mane olursa, onları məhv etmək lazımdır. Stalin də Beriyanın təklifini qəbul etmişdi. Sonra partiyanın başına nələr gəldi, hər kəsə bəllidir. Yəni hüquqşünas Osman Kazımovun və digərlərinin partiyada təmizləmə təklifi sırf bolşevik təfəkkürüdür. Fərqli mövqeyə qarşı bolşeviklər belə münasibət sərgiləyirlər. İndi neçənci əsrdir ki, partiyada fərqli fikrə görə adamlar üzvlükdən çıxarılmaqla cəzalandırılsın?! Eybi yox, qoy onlar təmizləmə həyata keçirsinlər. Onsuz da qurultaydan sonra Müsavatın tarixinə qara ləkə salıblar, indi də birini əlavə edəcəklər. Kimdən xoşları gəlmir, kim onların xoşuna gəlməyən fikir söyləyib - partiyadan qovsunlar, hətta orqanlara müraciət edib cinayət işi qaldırılmasını tələb etsinlər.
Məsələn, mənim haqqımda cinayət işi qaldırılmasını istəsinlər. Mən demişəm ki, 2000-ci il parlament, 2003-cü il prezident seçkilərində Müsavatda seçki qərargahında yığılmış pullar açıqlanmalıdır. Yəqin ki, onların hazırladığı cəza siyahısının başında mən dayanaram. Bu, məni heç də əndişələndirmir”.
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu da partiyada təmizlənmə aparılması barədə açıqlamalara sərt reaksiya verib. Deyib ki, Müsavat Partiyası bir şəxsin partiyası deyil: “Bu, nə açıqlamadır? Müsavat Partiyası bir ay içində çirkləndi ki, təmizləmə vacib oldu? Müsavatda illərlə mücadilə edən, illərlə mübarizə aparan əqidə yoldaşlarına qarşı, hesab edirəm ki, belə münasibət yolverilməzdir. Onsuz da partiyadan bir qrup ayrılır, istefalar var, bu halda partiyadan Arif Hacılı qucaqlaşmağı təklif edir və onun yaxın tərəfdarlarından biri isə partiya üzvlərinin partiyadan çıxarılmasına, eyni zamanda, hətta mənim istefa verməyimə çalışırlar. Onlar başa düşmürlər ki, mənim tərəfdarlarım partiyadan kənarlaşsa, partiyanın ən azı yarısı orada qalmayacaq. Amma bizim partiyadan kənarlaşmaq fikrimiz yoxdur. Müsavat Partiyası bir şəxsin, bir ailənin, bir qrupun, bir dönəmin partiyası deyil. Partiya onun üzvlərinə məxsusdur və bu gün orada gedən müzakirələr də daxili demokratiyanın təzahür formalarıdır. Mən öz tərəfdarlarıma dəfələrlə müraciət etmişəm ki, heç kəs partiyanı tərk etməsin. Müsavat Partiyasının yeniləşməsi və güclənməsi uğrunda mübarizəni davam etdirmək əzmindəyik”.
Müsavat Partiyasının əsas funksionerlərindən hesab olunan və partiya başqanlığı uğrunda son seçkilərdə Qubad İbadoğlunu dəstəkləyən Vurğun Əyyub da başqan A.Hacılının Müsavatdan istefa verənləri, xüsusən də gəncləri xəyanətkar adlandırmasının, qətiyyən doğru olmadığını bildirib. Qeyd edib ki, ümumiyyətlə, nəinki partiyanın, istənilən cəmiyyətin hərəkətverici qüvvəsi gənclər olur: "Azərbaycanda xalq hərəkatı başlananda da onun əsas enerjili, hərəkətverici qüvvəsi gənclər olub. Ona görə gənclərə daha qayğı ilə yanaşmaq lazımdır. Hətta onlar hansısa səhvlərə yol verirlərsə belə, o səhvə görə onları xəyanətkar elan etmək və yaxud fərari hesab etmək qətiyyən doğru deyil. Gəncləri dinləmək, problemləri öyrənmək, araşdırmaq və düzgün yol göstərmək lazımdır”.
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə qurultaydan ötən müddət ərzində hələ də bəzi problemlərin qaldığını bildirib. Onun sözlərinə görə, bunlar partiya üzvlərinin sosial şəbəkələr və mətbuatda səsləndirdikləri fikirlərdə daha aydın görünür: “Hər keçən gün gərginlik daha aydın şəkildə görünür. Seçkidən qabaq belə fikir var idi ki, seçkiqabağı yaranan emosional hisslərdir. Təəssüf edirik ki, 20 gündür baş verənlər səngimir. Alovlana-alovlana gedir. İstefalar olanda mən bunun qarşısının qısa zamanda alınmasını qeyd etmişdim. Bu fikirlərimizi partiya rəhbərliyinin nəzərə almadığı ortadadır. Çalışmalıyıq ki, hər bir üzvümüzü qoruyaq. Qarşıdan parlament seçkiləri gəlir. Biz buna hazır olmalıyıq. İndiki partiya rəhbərliyi bu məsuliyyəti dərk etməlidir. Vəziyyətin bu yerə çatması hazırki başqanın mövqeyindən asılıdır. “Mən düz deyirəm, qarşı tərəf səhvdir” anlayışı indiki situasiyaya uyğun deyil. Hamı düşünməlidir ki, partiya hamımızındır. Bu, 4 illiyə hesablanmış partiya deyil. Hərə üzərinə düşəni dərk etməlidir. Dərk etmək də şərt deyil. Uğurlu addımlar atılmalıdır”.
Seçkilərdə Qubad İbadoğlunun tərəfdarlarından olmuş, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli baş verənlərlə bağlı daha kəskin danışıb. O, seçkidən bir müddət keçməsinə baxmayaraq, hələ də pozuntularla bağlı şikayətlərə baxılmadığını diqqətə çatdırıb: “Vaxtında şikayətləri təqdim etdikdə, müxtəlif bəhanələr gətirərək, onu bizdən qəbul etməmişdilər. Şikayət e-mail poçtla göndərildikdən sonra video çarxı bəhanə edirlər. Bu da şikayətlərə obyektiv baxılmasını şübhə altına alır. Yeni rəhbərlik narazı tərəflə eyni masa arxasında problemləri həll etməlidir. Sözdə qucaq açmaq, əməldə geri çəkilmək düz deyil. Görülən işlər məni qane etmir. Gizli qrupun iştirakçıları müsavatçıları təhqir etmələrinə baxmayaraq, vəzifə ilə mükafatlandırıldılar. Belə çıxır ki, opponentlərin tərəfdarlarını kim möhkəm söysə, vəzifə alacaq. Gedənlərin qarşısını almaq əvəzinə, onlara xəyanətkar damğası vurmaq düzgün deyil. Bu ifadə yüksək məsuliyyət tələb edir. Xəyanətlər isbat olunmalıdır”.
Müsavatın xəyanətkar ittihamına partiyadan istefa vermiş gənclər də öz münasibətini bildiriblər. Onlar mətbuata açıqlamalarında, eləcə də sosial şəbəkələrdə partiyanın yeni sədrinin yanlışlığa yol verdiyini bildiriblər. Misal üçün, Gənclər Təşkilatının sədri postundan istefa verən Əhliman Abbas A.Hacılını ehtiyatlı bəyanatlar verməyə çağırıb. Deyib ki, əgər xəyanətdə ittiham etməyə başlasaq, 1993-dən bu günə qədər olan xəyanətlər və xəyanətkarlar üzə çıxacaq. Onun fikrincə, bu, nə A.Hacılıya, nə də onun dostlarına sərf edər: “Rəsulzadə yoluna və yoldaşlarına xəyanət etmiş adamların başqasını xəyanətdə günahlandırması təəssüf doğurur. Mən və Müsavat Partiyasından istefa verən digər gənclər məhz o adamların demokratik hərəkata, partiya yoldaşlarına etdikləri xəyanətə görə bu addımı atmışıq. Yollarını ayıranlar haqqında böhtanlar yağdırmasalar, daha yaxşı olar. Çünki bizim artıq o adamlar kimi bir dərdimiz yoxdur. O adamların atdıqları addım bizim üçün maraqsızdır. Psevdomuxalifət təşkilatları, cib muxalifəti ilə bir sırada oturanlar mən deyiləm. Ən azından tutduqları siyasi kursu, müttəfiqlərini göz önünə gətirib "xəyanət" sözünü dillərinə gətirməsinlər".
Münasibətlərdən də göründüyü kimi, 27 sentyabr qurultayından sonra hər ötən gün Müsavat Partiyası daxilində gərginlik bir qədər də artıb. Qruplararası savaşın nəticəsi olaraq hətta bir qrup partiya üzvü Müsavatla yollarını ayırmaq məcburiyyətində qalıb. Hazırda da partiya daxilində qeyri-sabitliyin hökm sürməsi onu deməyə əsas verir ki, Müsavatdakı “yarpaq tökümü” bundan sonra da davam edəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər