• cümə, 29 Mart, 02:30
  • Baku Bakı 7°C

“Müsavatda heç kim saxtakarlıqlara göz yummaq istəmir”

09.10.14 14:07 1769
“Müsavatda heç kim saxtakarlıqlara göz yummaq istəmir”
Müsavat Partiyasının 8 ildir müxtəlif bəhanələrlə yubatdığı qurultay nəhayət ki, sentyabrın 27-də baş tutdu. Partiyanın başqanlığına və Məclisə seçkilər keçirildi. Səsvermənin nəticəsinə görə Arif Hacılı yeni başqan seçildi. Sabiq başqan İsa Qəmbər isə 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədi oldu. Amma qurultaydan həmən sonra Müsavat funksionerləri, xüsusən də başqanlığa namizədlər tərəfindən seçki prosesində kütləvi saxtakarlıqlara yol verilməsi barədə məlumatlar yayıldı. Müsavatın qurultayı, seçki prosesində yaşanan hadisələr, başqanlığa namizədlərin barışmaz mövqeyi, qarşılıqlı ittihamlar və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavat başqanının sabiq müşaviri Səxavət Əlisoy cavablandırır.
- Səxavət bəy, Müsavat Partiyasında bu yaxınlarda başqanlıq və məclis seçkiləri keçirildi. Siz həmin seçkiləri necə qiymətləndirirsiniz?
- 8 ildən sonra Müsavatın öz qurultayını keçirməyə nail olmasını biz də müsbət qarşıladıq. Düşünürdük ki, nəhayət partiya bu qurultayda çağdaş siyasi duruma adekvat strateji xətt açıqlanacaq. Çünki qurultaydan əvvəl dəyişiklik tərəfdarı olan dostlarımız islahatlarla bağlı çox ciddi təkliflərini ortaya qoymuşdular. Müsavatda ciddi islahatlar gedəcəyi təqdirdə partiyanın siyasi arenada oturuşacağına inanırdıq. Məqsədimiz Müsavatın hüquqi müstəvidə mübarizə aparan, populizmdən uzaq siyasi xətt götürməsinə nail olmaq idi. Lakin təəssüf ki, demokratiyanı hər zaman qabardan partiya üzvləri üçün gözlənilməz hadisələr baş verdi. Qurultay gününə qədər tərəfsizliyini nümayiş etdirən şəxslər seçki prosesində başqan İsa Qəmbərin adından manipulyasiyalar etməyə başladılar. Bu şəxslərə nəzarət edənlər isə Arif Hacılının rəhbərlik etdiyi Mərkəzi İcra Aparatının təşkilat departamentinin, Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin bəzi üzvləri idilər. Hətta qurultayın başlanmasına yarım saat qalmış qurultaya hazırlıq üzrə təşkilat komitəsinin nümayəndəsi Zöhrab Məhərrəmli səsvermə hüququna malik müsavatçılar arasında təbliğat aparırdı ki, guya İsa Qəmbər artıq öz namizədini elan edib, həmin şəxs Arif Hacılıdır. O, bununla hər bir qurultay nümayəndəsini Arif Hacılıya səs verməyə çağırırdı. Bu hərəkəti Arif Hacılının dəstəsindən olan şəxslər də təkrarlayırdılar. Mən Zöhrab Məhərrəmliyə buna görə irad tutdum, ondan belə manipulyasiyalara son qoymasını tələb etdim. O, isə özündən razı halda, gülümsəyərək, - “Bəy, artıq hər şey bitib, Arif Hacılı başqandır” – dedi. Qurultayda belə hadisələrin baş verməsi, bundan öncə isə konfransa nümayəndələr seçilməsi prosesində saxtakarlığa yol verilməsi ciddi narahatlıq doğururdu. Qurultaydan əvvəl biz bunları o qədər də qabartmır, ümid edirdik ki, qurultay islahatçı xəttə üstünlük verəcək, bütün bunlar öz əhəmiyyətini itirəcək. İnanırdıq ki, qurultayda 1990-cı illərdən qalma, köhnə ənənələrdən əl çəkiləcək, yenilənmiş Müsavat ortaya çıxacaqdır. Biz dövləti, dövlətçiliyi prioritet elan edərək, iqtidarla yalnız hüquqi müstəvidə mübarizə aparacaq, küçə aksiyalarına, icazəsiz mitinqlərə yox deyə biləcək partiyanın meydana çıxmasını istəyirdik. Çox təəssüf ki, qurultayda baş verən naqisliklər buna imkan vermədi, Arif Hacılı cəmi 3 səs çoxluğu ilə Müsavat Partiyasının yeni sədri seçildi.
- Siz başqanlığa namizədliyinizi açıqladıqdan sonra partiyada tutduğunuz vəzifədən istefa verdiniz. Hazırda Müsavatda hansı statusla təmsil olunursunuz?
- Hələlik mən partiyanın sıravi üzvü kimi siyasi fəaliyyətimi davam etdirirəm. Legitimliyi şübhə altında olan bir şəxsin partiyaya sədrlik etdiyi dönəmdə gələcək fəaliyyətimin hansı formada olacağını yaxın zamanlarda ictimaiyyətə açıqlayacağam. Amma birmənalı mövqeyim budur ki, mən legitimliyi şübhə altında olan bir şəxsin rəhbərliyi altında partiyanın hansısa seçkili orqanına keçirilən seçkilərdə iştirak etməyəcəyəm.
- Siz qurultay günü öz namizədliyinizi digər namizəd Qubad İbadoğlunun xeyrinə geri götürdünüz. Nə üçün belə qəfil qərar qəbul etdiniz?
- Müsavat Partiyası uzun müddət cəmiyyətə qapalı qalıb. Təəssüf ki, hətta media mənsubları da bu qapalılığı açmağa cəhd etməyiblər. Bir qrup müsavatçı partiyada hər şeyin konservləşdirilməsinin tərəfdarıdırlar. Onlar istəmirlər ki, partiyada baş verən proseslərdən kimsə xəbər tutsun. Mən, eləcə də mənim kimi bir çox partiya üzvləri isə hər zaman bunun əleyhinə olmuşuq. Hesab edirik ki, hüquqi və demokratik seçki yolu ilə hakimiyyətə gəlmək istəyən partiya həm öz üzvlərinə, həm də bütün cəmiyyətə açıq, şəffaf olmalıdır. Xüsusilə partiyanın maliyyə mənbələri, strateji xətti cəmiyyətin üzünə açılmalıdır. Belə olarsa, gələcəkdə partiyanı hansısa qeyri-konstitusion proseslərə cəlb etmək mümkün olmaz. Hətta partiya funksionerləri, partiyaya rəhbərlik edəcək şəxslər özlərinin mal varlığı barədə hesabat ortaya qoymalıdırlar. Şəxsən mən öz gəlirlərim, mal varlığım barədə açıqlamalar verdim, başqan seçkiləri öncəsi Müsavatda tutduğum postdan istefa verdim. Düzdür, məndən sonra Qubad İbadoğlu, Arif Hacılı da istefa verdi, amma onlar mal varlığı barədə hər hansı açıqlama vermədilər. Cəmiyyət, partiyanın sıravi üzvləri bunları bilməlidirlər ki, sabah onlar hakimiyyətə gələndə və anormal yollarla qazanc əldə etdikdə düzgün müqayisə apara bilsinlər. Biz bunu detallarına qədər fikirləşmişdik. Bu kimi məsələlərdə mənimlə bərabər, Qubad bəyin də siyasi baxışları üst-üstə düşdüyündən, eyni platformada çıxış etdiyimizdən son anda namizədliyimi onun xeyrinə geri götürdüm.
- Seçkilər başa çatsa da namizədlərin tərəfdarları arasında söz savaşı, qarşılıqlı ittihamlar hələ də davam etməkdədir. Hətta Müsavat üzvü Adil Qeybulla bu dartışmalara işarə edərək, partiyanın ağır günlər yaşadığını bildirib. Partiya daxilindəki qarşılıqlı ittihamlara Sizin münasibətiniz necədir?
- Sosial şəbəkələrdə açıq şəkildə yazılır və partiya daxilindəki bu münasibətlər ortaya qoyulur. Hətta sosial şəbəkədə Müsavat üzvlərinin iki qapalı qrup var. Həmin qruplara ancaq Müsavat üzvləri daxil olub müzakirələrə qoşula bilir. Bu qruplardan birində Arif Hacılının, digərində isə Qubad İbadoğlunun tərəfdarları üstünlük təşkil edirlər. Arif Hacılının tərəfdarı olan kişi cinsinə malik şəxslər çılpaq şəkildə ürəklərindən gələnləri yazırlar. Guya hansısa məsələni müzakirə edirlər, amma əsl gerçəklikdə ortaya qoyulan arqumentlərə ciddi cavab vermir, proseslərə şüarçılıqla, populizmlə, hay-küylə, qara-qışqırıqla, aqressiv şəkildə yanaşırlar. Bunu onların yazdığı rəylərdən görmək olar. Hər kəs öz əxlaqına uyğun şəkildə açıqlamalar verir. Təəssüf doğuran məqam budur ki, bu cür yanlış yanaşma tərzi qalxan xətt üzrə hərəkət etməkdədir. Artıq bu, düşmənçilik səviyyəsinə də qalxmaqdadır.
- Səsləndirilən ittihamlardan biri də son qurultayda ciddi saxtakarlığa yol verilməsi ilə bağlıdır. Belə ittihamları nə dərəcədə əsaslı sayırsınız?
- Müsavatın yeddinci qurultayında da saxtakarlıqlar baş vermişdi. Hətta saxtakarlar suç üstündə tutulmuşdular. Həmin saxtakarlardan biri son qurultayda da Arif Hacılının nümayəndəsi idi. Yeddinci qurultayda onun saxtakarlığa yol verməsi barədə akt tərtib olunmuş və bu məsələni araşdırmaq üçün komissiya yaradılmışdı. Çox təəssüf ki, hadisənin üstündən 8 il keçməsinə baxmayaraq, həmin komissiyanın hansı araşdırma apardığı, nə qənaətə gəldiyi barədə heç bir məlumat yoxdur. Hətta mən gözləyirdim ki, sabiq başqan İsa Qəmbər öz çıxışında sətiraltı da olsa bu məsələyə toxunacaq, budəfəki qurultayın şəffaf və demokratik şəkildə keçirilməsinə işarə vuracaq. Amma bu, baş vermədi. Nəticədə isə son qurultayda daha qlobal formada saxtakarlıqlara yol verildi. Qurultayda yalnız səslərin sayılması prosesi şəffaf keçirildi. Lakin səslərin sayılmasına qədərki müddətdə, artıq proseslər öz həllini tapmışdı. Əgər yeddinci qurultayda 5-10 nəfərin narazılığı qeydə alınmışdısa, son qurultayda yüzlərlə insanın narazılığı özünü göstərməkdədir. Bunun üstünü örtmək qeyri-mümkündür. Çünki heç kəs öz mövqeyindən geri çəkilmək fikrində deyil, Müsavatda heç kim bu saxtakarlıqlara göz yummaq istəmir. Bu gün Müsavatda Arif Hacılı və Qubad İbadoğlu tərəfdarları deyil, şüarçılar, hay-küyçülər və qaragüruhçularla ciddi islahat tərəfdarları, intellektual kəsim üz-üzə dayanıb.
- Sizcə bütün bu proseslərin fonunda yeni başqan Arif Hacılı Müsavat partiyasının bütövlüyünü qoruyub saxlaya biləcəkmi?
- Bu məsələ çox ciddi sual altındadır. Çünki özünün legitimliyi şübhə altında olan birinin partiyada birləşdirici, barışdırıcı rol oynaması qeyri-mümkündür. Digər tərəfdən, Müsavat Partiyasının təməl prinsiplərindən biri ləyaqətçilikdir. Bir çox müsavatçılar ləyaqətçilik prinsipinin pozulmasını, ləyaqətin zədələnməsi məsələsini ortaya qoyurlar. Ortada ləyaqətsizlik var ikən barışın baş verməsi qeyri-mümkündür. Qaragüruhçuların “qırmızı xətti” keçərək Müsavata uzun illər əmək vermiş insanları aşağılaması yolverilməz haldır. Bu proseslərin dərinləşməsi heç də yaxşı nəticələr verməyəcək. Hər şeyi konservləşdirməklə Müsavat Partiyasını irəli aparmaq mümkün deyil. Hətta konservləşdirilmiş qida məhsullarının da yararlılıq müddəti var. Konservləşdirilmiş məhsullar da daimi, ömürlük deyil. Siyasətdə də nəyəsə göz yummaq olar, nəyinsə üstündən bir anlıq keçmək olar. Amma davamlı xarakter alan bu hadisəni ört-basdır etmək olmaz. Uzun illər Müsavatın əsas funksionerləri arasında düşmənçilik münasibəti, intriqalar olub. Bu, mütləq bir gün partlamalı idi. Çünki illərdir insanların içinə yığılıb qalmış problemlər onlara əzab verirdi. Sadə müsavatçılar da bu hadisələrə dözümsüzlük nümayiş etdirir, hər şeyin açılmasını, şəffaflığın təmin olunmasını tələb edirlər. Biz də onların tələblərini haqlı sayırıq. İqtidara iddialı olan partiya seçim yolu ilə hakimiyyətə gəlmək istəyirsə, mən yalnız o partiyada fəaliyyət göstərə bilərəm. Mənim anlamımda “radikal” ayaması Müsavat üçün böyük qəbahətdir. Bunun üzərinə bir də “saxtakarlıq” sözünün əlavə edilməsinə dözmək çox çətindir. İnanıram ki, müsavatçılar kütləvi şəkildə buna öz etirazlarını bildirəcəklər. Arif Hacılının ictimaiyyət qarşısında çıxış edib saxtakarlığı etiraf edərək, istefaya getməsini öz təkliflərimdə də səsləndirmişəm. Bilirəm ki, Arif Hacılı bunu etməyəcək. Amma onun bu hərəkəti proseslərin daha da gərginləşməsinə səbəb olacaqdır.
- Qubad İbadoğlunun oktyabrın 6-da keçirdiyi tədbirdə Müsavatın yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair təkliflər ictimaiyyətə açıqlanıb. Siz də həmin təkliflərlə razılaşırsınızmı?
- Həmin təkliflərin bir qismi ilə razı deyiləm. Ancaq orada bəzi təkliflər var ki, onlar mənim siyasi baxışlarımla üst-üstə düşür. Xüsusən də maliyyə və hesabatlar məsələsində. Bir qədər əvvəl də qeyd etdiyim kimi, maliyyə və hesabatlılıq məsələsində partiya cəmiyyətə açıq olmalıdır. Məsələn, bu gün müsavatçılar arasında partiyadaxili məsələlərlə bağlı bir çox müzakirələr gedir. Həmin müzakirələrin predmetindən biri də maliyyə məsələsidir. Partiyanın maliyyəsi 1 və ya 3-5 nəfərin nəzarətində ola bilməz. Partiyanın maliyyə hesabatını təşkilatın hər biz üzvü istənilən vaxt tələb edib götürə bilməlidir. Sadə müsavatçı da bilməlidir ki, partiyaya nə qədər üzvlük haqqı, ianə daxil olub, nə qədər pul hara xərclənib və sair. Əgər hesabat yoxdursa, orada cinayət var. Məsələn, 2003-cü ildə prezident seçkiləri öncəsi Müsavata müxtəlif ianələr olub. əlavə olaraq da üzvlük haqları yığılıb. O dövrdə də Arif Hacılı Müsavat Partiyasının seçki qərargahının rəhbəri olub. 2003-cü ilin prezident, 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkilərində nələrin baş verməsi barədə maliyyə hesabatları ortaya qoyulmalıdır. Bu açıqlanmasa, partiyada ciddi narazılıqlar müşahidə ediləcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər