• cümə axşamı, 25 aprel, 14:18
  • Baku Bakı 23°C

Müsavatda didişmələr

03.10.14 11:05 1385
Müsavatda didişmələr
AXCP-nin ruporu olan “Azadlıq” qəzeti Müsavat Partiyasını vurmaqda davam edir. Xeyli vaxtdır üzərinə qurultaya kölgə salmaq, partiya daxilində nifaq salmaq öhdəçiliyi götürən “Azadlıq” yorulmadan missiyasını yerinə yetirməkdədir. Belə ki, onlar dünən də bu mövzuya bir səhifə yer ayıraraq Müsavat daxili çəkişmələrdə katalizator olduqlarını bir daha ortaya qoyublar. “Müsavatda daxili didişmələr davam edir” başlıqlı yazıda yenə də partiyanın parçalanma ərəfəsində olduğu qeyd olunub. Bildirilir ki, Müsavatın qurultayından sonra partiya daxilində narazılıqlar səngimək bilmir və iqtisadçı Qubad İbadoğlunun, partiyanın gənclər təşkilatının keçmiş sədri Tural Abbaslının tərəfdarları başqan seçkilərinin ədalətli keçirilmədiyini, qurultay nümayəndələrinin seçilməsində saxtakarlığa yol verildiyini deyirlər. Daha sonra namizədlərdən olmuş keçmiş müşavir Səxavət Əlisoyun narazı fikirlərinə geniş yer verilib, onun yeni başqan Arif Hacılını və komandasını sərt tənqid etdiyi nəzərə çatdırılıb. Qəzet qeyd edib ki, o, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sabiq üzvləri olan Gülağa Aslanlı, Söhrab Məhərrəmli, Mustafa Hacıbəyli, Razim Əmiraslanov, Elman Fəttah, Yusif Tağı, Cahangir Əmirxanlı, İkram İsrafil və digərlərinə ismarış göndərib. Bildirib ki, onlar Müsavatın ləyaqətlilik prinsipini pozublar. Bundan başqa o, yeddi istiqamətdə iddia irəli sürüb. Birinci iddiasında əksər rayonlarda ciddi nizamnamə pozuntusu olsa da, A.Hacılıya dəstək üçün seçildiyini, ona sərf etməyən rayonlarda isə nəticələrin ləğv olunduğu qeyd edilib: “Naxçıvanın 6 rayonunda konfrans keçirilməyib. Ölkənin 16 rayonunda da konfrans baş tutmayıb. Arif Hacılının istefasından sonra kabineti kimlərin sərəncamında olub? Qurultay təşkilatı olmayan rayonlardan nümayəndələr seçimi təşkil olunub. Qurultay günü nümayəndələrə “İsa Qəmbərin mövqeyi Arif Hacılıdır” demək nizamnaməyə uyğun deyil. Niyə Müsavat yolunda mübarizə aparan fədakar gənclər Məclis üzvü seçilməyib?”.
“Azadlıq” qəzeti Müsavat Partiyasının Məclis üzvü Məlahət Mürşüdlünün də fikirlərinə yer ayırıb: “14 illik fasilədən sonra Müsavatda “vitrin” dəyişikliyi olmalı idi. Bu, “köhnə hamam, köhnə tas” deyənlərə də tutarlı cavab olardı. Qubad İbadoğlunu “hakimiyyətin adamı” adlandırıb tərəddüd yaratmaq, görüşlərin təşkil olunmaması göstərişini vermək bugünkü qalib komandaya baş ucalığı gətirmir. Tolerantlılıq, ədalətlilik, obyektivlik Qubad bəyin başlıca keyfiyyətidir. Müsavat Partiyası reanimasiya stolunun üstündədir”.
Həmçinin A.Hacılının qardaşı Vaqif Hacıbəylinin Qubad İbadoğluna cavabı da qeyd olunub. O bildirib ki, Q.İbadoğlunun Əhrar Partiyası haqda ironik fikirlərinə ehtiyac yoxdur: “Mən heç vaxt partiyanın iki üzvünün olduğunu iddia etməmişəm. Etnik məsələyə gəlincə isə, bu mövzu da lax çıxdı. Bəy deyir ki, qardaşı Müsavatdadır deyə Vaqif Hacıbəylinin Müsavatdan danışmağa nə mənəvi, nə də siyasi haqqı yoxdur. Kim alıb bu haqqı əlimdən? Əgər belədirsə, hörmətli İsa Qəmbərin qardaşı səni açıq müdafiə edəndə, təbliğ edəndə niyə bu etik norma yadına düşmədi, niyə demədin ki, bu, ailə partiyası deyil. Mən Müsavata qarşı hücumlara sipər olanda nə sən, nə də ələkçinin qıl verənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız. İndi sən mənə mənəviyyat dərsi keçəcəksən?”
Bu və yazıda qeyd olunan digər məqamlar AXCP-nin açıq-aşkar katalizator rolu oynadığının, yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışdığının əyani sübutudur. Məlumunuz olsun ki, seçkilərin saxtalaşdırıldığını iddia edən Q.İbadoğlu bu ayın 6-da öz tərəfdarları ilə görüşəcək. Bu məqam isə Müsavatın parçalanmasına səbəb ola biləcək addım kimi qiymətləndirilir. Heç şübhəsiz ki, AXCP də bu fürsəti əldən verməyərək qızışdırıcı mövqe tutur və partiyanın dağılması üçün dəridən qabıqdan çıxır. AXCP heç çəkinmədən mövqeyini bəyan edir, faktiki olaraq, Müsavata qarşı kampaniya aparır. Bu mövzuda onun ən böyük silahı isə daxili qruplaşmalar faktorudur ki, bu məqamdan lazımınca istifadə olunur, məsələyə partiyanın nəzarətində olan qəzetin hər nömrəsində səhifələr “həsr olunur”. Onu da deyək ki, bu partiyaların bir-birinə qarşı bu cür qərəzli münasibət birinci dəfə deyil ki, ortaya qoyulur. AXCP və Müsavat hər zaman bir-birinə rəqib partiyalar olublar. Müəyyən məsələlərlə bağlı dəfələrlə bir yerə gəlib guya razılaşmış kimi görünsələr də, bu “izdivac”ın ömrü çox çəkməyib. Az müddətdən sonra yenidən əsl simalarını göstərərək hərəsi öz cəbhəsinə qayıdır və beləcə, növbəti dəfə elan olunmamış müharibə başlayır. Xatırladaq ki, tarixin yaddaşında Müsavatın da AXCP-yə qarşı qərəzli davranması qalıb. Yəni, AXCP-nin hazırda yerinə yetirdiyi taktika yeni deyil və bir neçə il öncə Müsavat özü bu yoldan istifadə edərək AXCP-ni içdən parçalamağa, əksər narazı şəxsləri öz partiya sıralarına cəlb etməyə çalışırdı. Ona görə hazırda AXCP-nin tarixi təkrarladığını deyə bilərik. Ən diqqət çəkən məqam isə odur ki, bu iki “mehriban düşmən” olan partiya heç özlərinə lider hesab etdikləri eks-prezident Elçibəyin zamanında da bir-biri ilə yola getməyib. Bütün bunlar isə nəyin nə olduğunu bir daha aydınladır, onların heç zaman eyni mövqedən çıxış etmədiklərini təsdiqləyir. Bu isə bir daha deməyə əsas verir ki, onlar yalnız özlərini düşünür, iddia etdikləri kimi xalq dərdi çəkmirlər. İqtidar olmaq yolunda çarpışan bu partiyalar elə ilk olaraq bir-birlərini rəqib görürlər və hər biri digər tərəfi parçalayaraq yolundan təmizləməyə çalışır. Qarşıdan parlament seçkilərinin gəldiyini xatırlayanda isə hər şey bir daha aydın olur. Hesab edirik ki, bu partiyaların əsil əqidələrini açmaq üçün elə son prezident seçkiləri ərəfəsində “birləşib” ayrılmalarını yada salmaq kifayət edir.
H.Əsgər
banner

Oxşar Xəbərlər