• şənbə, 20 Aprel, 15:04
  • Baku Bakı 23°C

Müsavatda daha bir qarşıdurma

18.04.19 18:32 885
Müsavatda daha bir qarşıdurma
Kəskin fikir ayrılığı və qarşıdurma şəraitində keçən sonuncu qurultaydan sonra Müsavat Partiyasından istefalar adi hal aldı. Yeni başqan Arif Hacılının əleyhinə səs verən, onunla eyni fikirdə olmayan partiya üzvlərinin bir qismi könüllü, digər qismi məcburi şəkildə təşkilatdan uzaqlaşdırıldı. Öz xoşu ilə partiyadan getmək istəməyən anti-arifçilərə qarşı isə mənəvi terrora start verildi. Bu proses indi də davam etdirilir. Fərqli düşüncədə olduğuna və yalnız öz iradəsinə güvəndiyinə görə, bu dəfə müsavatçı Könül Şamilqızı Müsavat başqanının və yaxın çevrəsinin qəzəbinə tuş gəlib. Əvvəlcə onu qeyd edək ki, Müsavat Məclisinin üzvü olan K.Şamilqızı Türkiyədə yaşayır və TRT-də çalışır. O, vaxtilə A.Hacılının Müsavat başqanı olması üçün çalışanlardan biridir. Lakin sonrakı dövrdə onların münasibətlərində "çatlar” əmələ gəlib. Bu günlərdə isə K.Şamilqızı ilə A.Hacılı arasında Müsavatın "Facebook”dakı qapalı qrupunda mübahisə düşüb. Görünən budur ki, rəhbərlik etdiyi partiyanı diktatorsayağı idarə edən A.Hacılıya Könül xanımın hansısa fikri xoş gəlməyib, yaxud onun düşüncəsinə dözümlü yanaşa bilməyib. İnsanlara "demokratiya dərsi” keçən A.Hacılı dərhal K.Şamilqızını Müsavatın qapalı qrupundan çıxarıb, onu "bloka” atıb. Bununla da hikkəsi soyumayan A.Hacılı, qardaşı Mustafa Hacıbəyli və nəzarətində olan troll ordusu vasitəsilə K.Şamilqızını "mənəvi terrora” məruz qoyub. M.Hacıbəyli K.Şamilqızının Türkiyənin TRT telekanalında işləməsini əsas gətirərək, onu "saray jurnalisti” adlandırıb.
K.Şamilqızı da sosial şəbəkə vasitəsilə olanlara aydınlıq gətirib, qarşılıqlı ittihamlarla çıxış edib. Misal üçün, o, yazdığı statusda bildirib ki, Müsavatdakı problemin səbəbi A.Hacılıdır. Onun sözlərinə görə, A.Hacılı özünə yaxın adamların söyüşlərini, təhqirlərini, hədəf göstərmələrini, aşağılamalarını ən yaxşı halda görür və susur, ən pis halda isə sanksiyalaşdırır, yönləndirir. Könül xanım onu da qeyd edib ki, "Facebook”dakı qapalı Müsavat qrupunun admini şəxsən A.Hacılı özüdür və hər şeyə də nəzarət edir: "Arif Hacılının qardaşı mənim haqlı tənqidlərimə cavab vermək yerinə, məni TRT-də çalışdığım üçün "saray jurnalisti” deyə təhqir edir. Lakin Arif Hacılı onu susdurmur, hətta bu alçaqlığın, olmadığım qruplarda kampaniyaçılığa dönməsinə şərait yaradır. Məsələn, trollarından biri müsavatçıları haradansa maliyyələşməkdə, digəri partiya maraqlarını satmaqda, bir başqası kimlərdənsə əmr almaqda ittiham edir. Arif Hacılı admin olaraq o şərhləri ən yaxşı halda silmir, en pis halda təşviq edir. Məsələn, Nemət Kərimli oxuduğu hüquq təhsilindən utanmadan, seçiləndən sonra Məclisə gəlməyən 75 nəfər var ikən, yalnız Könül Şamilqızı da daxil 5 nəfərin "gəlmədikləri üçün çıxarılmasını” tələb edir, "Niyə 75 yox, məhz 5 nəfərin məsələsini qaldırırsınız?” sualına isə "Mənə Təşkilat Şöbəsi bu siyahını verib” deyə cavab verir. Yəni rəhbərliyin göstərişi ilə bunu elədiyini etiraf edir. Təşkilat Şöbəsi dediyi də Razim Əmiraslanlıdır - Müsavat Nizamnaməsi yerinə "ağsaqqallarının məsləhəti” ilə davranan AKM sevdalısı bir vətəndaş. Arif Hacılı qalxıb o Məclisdə "Nemət bəy, 75 nəfər gəlmir, niyə 5 nəfərin çıxarılmasını tələb etmirsiniz?” deyə soruşmur. Və ya "Könül Şamilqızı "Mən burada yaşamıram, Məclisə gələ bilməyəcəyəm, namizəd olmayım” dediyi vaxt, Arif Hacılı ona "Olsun, onsuz da hamımız bilirik, sizin vitrində olmağınız bəsdir” dediyini o Məclisdə xatırlatmır”.
K.Şamilqızı daha sonra yazıb ki, Müsavat başqanı A.Hacılı dürüst davranmır. Müsavatçı xanımın yazdıqlarına görə, prosesləri şəxsən A.Hacılı özü yönləndirir. K.Şamilqızı iki ildir qapalı qrupda yaşanan tərbiyəsizliklərə, Alya Yaqublunun, Yadigar Sadıqlının, Tofiq Yaqublunun ünvanına səslənən ittihamlara, həmçinin öz ünvanına səslənən "hakimiyyətə işləyən”, "partiya maraqlarını satan”, "hakimiyyətdən pul alan”, "qruplaşma yaradan” kimi əxlaqsız, alçaq və şərəfsiz ittihamlara səsini çıxarmayan partiyadaşlarını da qınayıb: "Sadəcə, vəziyyətin Məclisə gəlməyən öz adamlarının əleyhinə çevrildiyini görüncə də, mövzunu qapatmağa çalışır. Yoxsa, qovacaqlarmış məni. Daha əvvəl də demişdim, mənim şəxsiyyətim, ləyaqətim və qürurum hər cür boş, mənasız söz yığınının üstündədir. Mən, vicdanlı siyasi həyatımı hansısa vicdansızların dedi-qodularına, qeybətlərinə və damğalamalarına məzə olsun deyə yaşamamışam. Nə qədər Arif Hacılı haqqımda və digər ləyaqətli insanların haqqında kampaniyaçılığa son qoymur, haqqımda yazılan və danışılan, qulağım çalan hər dedi-qoduya, hər alçaq iftiraya və ittihama buradan cavab verəcəyəm. Qorxacaq və çəkiləcək bir millimetr yerim belə yoxdur! Hodri meydan!”
K.Şamilqızının bu mövzuda yazdığı statuslardan birinin altına M.Hacıbəylinin rəy yazması, müsavatçı xanımı günahkar çıxarmaq istəməsi qarşılıqlı ittihamları daha da sərtləşdirib. K.Şamilqızı M.Hacıbəylini yalançı, ikiüzlü, saxtakar və şantajçı adlandırıb. Hətta onun, vaxtilə sabiq Müsavat başqanı İsa Qəmbəri söydüyünü qeyd edib. Getdikcə daha da kəskinləşən, qarşılıqlı təhqirlərə yol verilən yazışmalarda Y.Sadıqlı və başqaları da K.Şamilqızını müdafiə edib.
Sonda xatırladaq ki, axır vaxtlar əvvəlki gücünü tamamilə itirən Müsavat Partiyası A.Hacılının rəhbərliyi altında olan-qalan imicini də itirib, bir qədər də zəifləyib. Alternativ fikrə qarşı dözümsüzlüyün hökm sürdüyü bu partiyanın yaxın vaxtlarda yenidən "yarpaq tökümü” yaşayacağı istisna olunmur.
Alpər TURAN








banner

Oxşar Xəbərlər