• cümə, 29 Mart, 14:09
  • Baku Bakı 14°C

“Müsavatda baş verənləri normal məntiqlə izah etmək mümkün deyil”

13.05.15 09:08 834
“Müsavatda baş verənləri normal məntiqlə izah etmək mümkün deyil”
“Müsavat bərpa olunandan indiyə qədər ən ağır dövrlərdə daim öndə olan, demokratiya uğrunda mücadilənin çətin sınaqlarından çıxan, partiya quruculuğuna və inkişafına canı və qanı bahasına töhfələr vermək üçün işini, normal həyatını itirən, hətta bəzən yaxın dostlarını və əziz qohumlarını belə bu yolda qurban verən, müxalif mövqeyinə görə nə özü və nə də ailəsi üçün yaşamayaraq ömrünün ən azı 23 ilini mübarizəyə həsr edərək Müsavat və Azərbaycan bayrağını hamıdan uca tutan qocaman hərəkat adamlarının - Rövşən Dəmirlinin, Rahib Mirələmovun və Əli Qasımbəylinin Divanın son toplantısında partiyadan kənarlaşdırılması gözlənilən olsa da, həm də düşündürücüdür. Çünki nə qədər fikirləşsən də, Müsavatda qurultayda və qurultaydan sonra baş verənləri normal məntiqlə izah edə bilmirsən”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Müsavat Divanının son qərarına münasibət bildirərkən deyib.
Q. İbadoğlu bu gün Müsavatda baş verən proseslərin anlaşılmaz olduğunu vurğulayıb: “Həqiqətənmi demokratiya uğrunda mübarizəni qarşıya hədəf qoyan və uzun illər xalqın ümid yerinə çevrilmiş Müsavat Partiyasının indiki rəhbərləri narazı olanları cəzalandırmaq qədər avtoritar təfəkkürə və zəif iradəyə malikdirlər? Yoxsa, bu adamlar Müsavatı ona görə ələ keçiriblər ki, onu belə ədalətsiz qərarları ilə əvvəl nüfuzdan salıb, zəiflədərək sonra da dağıtsınlar? Mən heç inana bilmirəm ki, 10-dan çox üzvün iştirak etdiyi Divanda uzun illərin əqidə dostlarına, çətin və məşəqqətli zamanlarda bir tikəsini də qardaş səxavəti ilə min yerə bölən şəxslərə kəsilən ağır cəzalara qarşı çıxan, ona etiraz edən 1 nəfər də cəsarətli adam qalmayıb. Məgər, Müsavat bu qədərmi avtoritarlaşıb? Partiya rəhbərliyinin gücü sıravi üzvlərin sayı, partiyanın nüfuzu isə onun müxtəlif fikirliliyə əsaslanan, demokratik düşüncə ilə verilən qərarları ilə ölçülür. Yəni, Müsavatda özünü rəhbər hesab edənlər arasında bir nəfər də olsa haqqı müdafiə edən və gələcəyi görən qalmayıb ki, desin dayanın, belə olmaz, bu yanlış yanaşmadır, götürdüyünüz kurs tarixi partiyanın adına ləkədir? Doğrudanmı onların heç biri anlamır ki, partiyanın siyasətini tənqid edənləri, ona demokratik yolla etiraz bildirənləri partiyadan uzaqlaşdırmaqla mövcud problemləri həll etmək mümkün olmayacaq? Yaxşı, tutaq ki, Divan üzvləri bu barədə düşünmür. Bəs Müsavat boyda böyük məsuliyyəti üzərinə götürüb iclası idarə edən şəxs hətta ötən parlament seçkilərində gecəni gündüzə qatıb bütün gücü və ətrafı ilə onun xeyrinə imza yığan və səs toplayan, parlamentə düşməsi üçün təmənnasız çalışanlara dair yanlış qərarlara imza atırsa, onda Azərbaycan xalqı belə insanlardan hansı ədalət gözləyə bilər? Yox, əgər başqa istəkdə olub, onu ifadə etməyə özündə güc tapmırsa, yalnız sifarişlər icra etməklə məşğuldursa, onda həqiqətən də mənim ona yazığım gəlir”.
banner

Oxşar Xəbərlər