• cümə, 29 Mart, 05:04
  • Baku Bakı 7°C

Müsavatda Arif Hacılı-Tofiq Yaqublu savaşı başlayır - Fotolar

17.09.19 18:29 699
Müsavatda Arif Hacılı-Tofiq Yaqublu savaşı başlayır - Fotolar
Müxalifətin radikal qanadı, bu düşərgədə özlərini "lider” sayanlar demokratiya libasına bürünsə də, mahiyyət etibarilə əsl diktatordurlar. Bu davranış onların hər addımında bariz şəkildə özünü göstərir. Ayrı-ayrı məmurları uzun müddətdir hansısa vəzifəni tutmaqda günahlandıran radikallar 25 ildir partiyanın sədarət kürsüsünü heç kimə güzəştə getmir, fərqli fikrə qarşı dözümsüzlük nümayiş etdirir, əks arqumentlə çıxış edən həmfikirlərinə qarşı mənəvi terror həyata keçirir, təşkilatdan uzaqlaşdırır, onları sosial şəbəkədəki söyüş ordusunun hücumuna məruz qoyurlar. Seçki məsələsinə gəlincə, burada da radikallar "axsayırlar”. Bu "demokratlar” indiyə qədər ölkədə keçirilən bütün seçkilərdə məğlub olmalarına rəğmən, istefa verməyi, kənara çəkilməyi, müxalifətdə yeni düşüncənin meydana çıxmasına şərait yaratmağı heç ağıllarının ucundan da keçirmirlər. Müəyyən vaxtdan bir "qurultay” şousu düzənləyir, özləri özlərini sədr elan edib yerlərini möhkəmlədirlər. Elə buna görə də radikal düşərgədə fikir ayrılığı, qarşıdurma, istefalar, qarşılıqlı ittihamlar davamlı xarakter daşıyır.

Sədarət kürsüsünü heç kimə güzəştə getməyən "liderlərə” qarşı üsyanlar Müsavat Partiyasından da yan keçməyib. Sonuncu dəfə 2014-cü ildə keçirilən "qurultayda” İsa Qənbər partiya sədrliyindən kənara çəkildi, Milli Strateji Düşüncə Mərkəzi adlı qurum yaradaraq ona rəhbərlik etməyə başladı. Özündən sonra isə Arif Hacılını partiyanın sədri kürsüsünə əyləşdirdi. Halbuki, Müsavat Partiyası daxilində uzun müddət davam edən müzakirələr Qubad İbadoğlunun, Tural Abbaslının daha şanslı olduğunu deməyə əsas verirdi. Əks arqumentə, demokratik mühitə, alternativ fikrə dözümsüz olan A.Hacılının başqan seçilmək şansı çox aşağı idi. O, partiyanın İcra Aparatının rəhbəri olduğu müddətdə özü barəsində heç də yaxşı demokrat imici formalaşdırmamışdı. Bu baxımdan müsavatçıların mütləq əksəriyyəti Q.İbadoğlu və T.Abbaslı üzərində seçim edirdilər. Lakin 2014-cü ilin sentyabr ayında keçirilən qurultayda İ.Qənbər A.Hacılıya açıq dəstək verərək özündən sonra onu varis gördüyünü bəyan etdi. Onun bu davranışından sonra gizli səsvermənin nəticələrinə görə A.Hacılı Müsavat Partiyasının yeni başqanı "seçildi”.

Seçkidən daha çox təyinata bənzəyən bu "şou” haqlı olaraq müsavatçılar arasında narazılığa səbəb oldu. Başqanlığa namizədlər Q.İbadoğlu və T.Abbaslı İ.Qənbər-A.Hacılı cütlüyünün bu oyunlarına etiraz əlaməti olaraq Müsavatdan ayrıldılar, hər ikisi özlərinə yeni partiya yaratdılar. Onların hərəsi narazı elektoratı, dəstəkçilərini öz partiyalarına gətirib Müsavatın elektoratını bir qədər zəiflətdilər. İlk vaxtlar elə hesab etmək olardı ki, Müsavat Partiyasında qalanların hamısı A.Hacılını yekdilliklə dəstəkləyən insanlardır. Lakin zaman keçdikcə bəlli oldu ki, Müsavatın daxilində A.Hacılıya və onun timsalında İ.Qənbərə qarşı olan, hər ikisinin fəaliyyətindən narazı qalanlar hələ də qalmaqdadır. Cari il oktyabrın 12-də Müsavat Partiyasında növbəti qurultayın keçiriləcəyi, partiya sədri A.Hacılı ilə yola getməyi bacarmayan Tofiq Yaqublunun başqanlığa namizəd olacağı barədə xəbərlərin yayılması buna əyani misaldır.

Məlumat üçün qeyd edək ki, A.Hacılının başqan seçilməsindən sonra partiyanı tərk etməyən narazı müsavatçılardan ibarət bir qrupa T.Yaqublu başçılıq edib. O, öz davranışları ilə yeni başqanı saymadığını dəfələrlə nümayiş etdirib. Onun rəhbərlik etdiyi "üsyankar dəstəyə” tanınmış müsavatçılardan Elman Fəttah, Alya Yaqublu, Könül Şamilqızı, Yadigar Sadıqlı və digərləri də daxildir. Adları çəkilən müsavatçılar zaman-zaman "Facebook”da statuslar yazaraq A.Hacılı, həmçinin partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı barədə neqativ rəy formalaşdırıblar. Onların partiyadaxili demokratik mühiti müxtəlif vasitələrlə boğduqlarını, saxta arayış alverində məsuliyyət daşıdıqlarını bildiriblər.


Müsavatı nəzarətlərində saxlayan İ.Qənbər və A.Hacılı cütlüyü üçün məhz bu kimi səbəblər baxımından T.Yaqublu və dəstəsi əsl başağrısına çevrilib. T.Yauqblu daim hər iki şəxslə problem yaşayıb. Bunun digər bir səbəbi də T.Yaqublunun digər radikal "lider”, AXCP sədri Əli Kərimli ilə sıx münasibətlərdə olmasıdır. Buna dair bir neçə faktı xatırlatmaq yerinə düşər. Milli Şura AXCP sədrinin iradəsi altında olan bir qurumdur. Bu qurumda Müsavat Partiyası təmsil olunmur və üzvlərinə də sözügedən təşkilatın tədbirlərində iştirak etmək yasaqlanıb. Lakin müsavatçı T.Yaqublu bu qadağalara əhəmiyyət verməyib, partiyanın qərarına tabe olmayıb, A.Hacılını bir başqan kimi saya salmadığını nümayiş etdirib. Milli Şura mitinqlər keçirəndə Müsavat Partiyası aksiyaya qoşulmasa da, T.Yaqublu mitinqdə AXCP sədri ilə yanaşı tribunada dayanıb, çıxışlar edib, Ə.Kərimliyə dəstək verib.


Bütün bunlar, o cümlədən T.Yaqublunun oktyabrın 12-də keçiriləcək qurultayda Müsavat başqanlığına namizəd olması barədə qərar verməsi həm də onu deməyə əsas verir ki, AXCP sədri Ə.Kərimli Milli Şurada olduğu kimi, Müsavat Partiyasında da nəzarəti ələ keçirmək istəyir. Necə ki, Cəmil Həsənli Milli Şura sədri olaraq Ə.Kərimlinin diktəsi ilə hərəkət edir, T.Yaqublu başqan seçiləcəyi təqdirdə gələcəkdə Müsavat Partiyası da AXCP sədrinin qoyduğu qaydalarla idarə olunacaq.Güman ki, 12 oktyabrda keçiriləcək seçki zamanı İ.Qənbər-A.Hacılı cütlüyü T.Yaqubluya qarşı məhz Ə.Kərimli faktorundan yararlanacaq, onu cəbhəçilərin adamı kimi təqdim edəcək, başqan seçilməsini əngəlləyəcəklər. Əgər proseslər bu cür davam edərsə, Müsavat Partiyasında 2014-cü ildə yaşanan gərginlik, qarşıdurma, fikir ayrılığı, istefalar 2019-cu ilin oktyabrından sonra da yaşanacaq.
F.Qəhrəmanlı

banner

Oxşar Xəbərlər