• çərşənbə axşamı, 23 aprel, 11:25
  • Baku Bakı 20°C

Müsavatda 4 başqanlığa namizəddən ikisi cəzalandırılıb

04.02.15 08:41 794
Müsavatda 4 başqanlığa namizəddən ikisi cəzalandırılıb
Qubad İbadoğlu: “MNTK-nın məntiqindən çıxış edilsə, o halda gərək ölkə daxilində də insan haqları ilə bağlı müdafiə komitələri fəaliyyət göstərməsin”
“Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi mənim deyil, partiyanın digər üzvlərinin təşəbbüsü, müstəqil qərarı ilə yaradılıb. Özüm hələ həmin komitəyə qoşulmamışam, ancaq bu qurumun fəaliyyətə başlamasını istəyirəm və iş qrafikimə uyğun olaraq onun iclaslarına qatılmaq niyyətindəyəm. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının partiya daxilində belə bir komitənin yaradılmasına qarşı çıxmasını düzgün saymıram”.
Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib. O bildirib ki, MNTK-nın məntiqindən çıxış edilsə, o halda gərək ölkə daxilində də insan haqları ilə bağlı müdafiə komitələri fəaliyyət göstərməsin: “İnsan haqları hər yerdə, o cümlədən partiyaların, ictimai təşkilatların daxilində də pozula bilər. Hər bir vətəndaşın öz pozulmuş haqlarının bərpası uğrunda mübarizə aparmaq və birləşmək hüququ var. Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması təşəbbüsü partiya üzvlərinin MNTK-ya etimad göstərməməsindən irəli gəlib. MNTK birtərəfli qaydada iş aparır, qərarlar verir və getdikcə etimadını itirir”.
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə APA-ya açıqlamasında bəyan edib ki, MNTK-nın xəbərdarlığı demokratiyadan xəbər vermir, partiyanın Nizamnaməsinə uyğun addım deyil. Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinə qoşulmadığını və hələlik bu fikrinin olmadığını nəzərə çatdıran T. Abbaslı qeyd edib ki, partiyanın Nizamnaməsində insanların bir araya gələrək istər partiyadaxili, istərsə də siyasi maraqlarını müdafiə etməsini məhdudlaşdıran bir maddə yoxdur: “Tutaq ki, hansısa müsavatçının hüququ pozuldu və həmin müsavatçı 5-10 müsavatçı ilə bir araya gəldi, başqana ərizə yazdılar, yaxud elə həmin MNTK-ya müraciət etdilər, ya da partiyada hansısa lobbi fəaliyyəti, təbliğat apardılar, burada hansı qeyri-qanunilikdən söhbət gedə bilər?.. Ümumiyyətlə, MNTK-nın bu qərarını yazanların Azərbaycan Konstitusiyasında əksini tapan insanların bir araya gəlmək hüququndan xəbərləri yoxdur. Bu qərar insan hüquqlarına ziddir. Əgər Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin fəaliyyət proqramında, əsasnaməsində MNTK-nın fəaliyyəti şübhə altına alınmırsa, MNTK-nın vəzifələri özününküləşdirilmirsə, niyə insanlar müsavatçıların partiyada bu və ya digər maraqlar altında bir araya gəlməsindən qorxurlar? Belə görürük ki, sabah hansısa müsavatçılar toplaşaraq hakimiyyətə etiraz məktubu da yazsalar, onlara da xəbərdarlıq edəcəklər ki, niyə bir arada imza atmısınız? Bu təfəkkürlə qabağa getmək olmaz. Bu, partiyadaxili demokratik vəziyyətin nə qədər ağır olmasının göstəricisi, partiya başqanının mövqeyinin təzahürüdür. Baxın, başqanlığa 4 namizəddən biri partiyadan xaric olunub, birinə xəbərdarlıq edilib, bir mən qalmışam. Yəni qurultaydan 4 ay kimi qısa bir müddət keçib, 4 başqanlığa namizəddən ikisi bu və digər formada cəzalandırılıb. Təbii ki, MNTK-nın son qərarı da bu addımların məntiqi nəticəsidir. Mən MNTK-nın bu qərarını qeyri-peşəkar hesab edirəm. Adını nə qoyurlarsa qoysunlar, müsavatçıların bir araya gəlməsini heç kim məhdudlaşdıra bilməz”.
Qeyd edək ki, yanvarın 31-də Q. İbadoğlunun tərəfdarları Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi yaratdıqlarını bəyan ediblər. Fevralın 3-də isə Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) bir neçə partiya üzvünün belə bir komitə yaratmalarını MNTK-nın səlahiyyətlərini mənimsəmək və açıq-aydın bölücülük cəhdi kimi qiymətləndirib.
banner

Oxşar Xəbərlər