• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

Müsavat və AXCP-nin birləşməsi nə vaxta qaldı?

11.09.13 11:46 1332
Müsavat və AXCP-nin birləşməsi nə vaxta qaldı?
Müsavat və AXCP-nin ənənəvi düşmənçilikləri bu gün də davam etməkdədir. Belə ki, tarixə ekskurs etsək, hər iki siyasi təşkilat arasında baş verən çoxsaylı ixtilafları xatırlamış olarıq. Lakin bunun çox zaman aparacağını düşünərək AXCP və Müsavatın ölkədə keçirilmiş sonuncu parlament seçkilərindən əvvəlki vəziyyətlərini şərh etmək istərdik. Məsələ ondadır ki, Əli Kərimli və İsa Qəmbərin avtoritar idarəçiliklərindən o tərəfə inkişaf etməyən hər iki siyasi təşkilat zaman-zaman ana müxalifətçilik uğrunda barışmaz mövqedə dayanmaqla yanaşı, daim bir-birlərini ölkə müxalifətini parçalamaqda, hakimiyyətə işləməkdə suçlayıb. Şəxsi ambisiyalardan doğan bu ixtilaflara xarici təşkilatlardan qrant qazanmaq amilini də əlavə etsək, onda qarşıdurmaların hansı dərəcədə baş verməsini görmək elə də çətinlik yaratmır.
Daha bir maraq doğuran məqam isə ondan ibarətdir ki, hər iki siyasi təşkilatın dəyişilməz rəhbərləri vaxtilə özlərinə lider hesab etdikləri mərhum Əbülfəz Elçibəyə qarşı amansız mübarizə aparıblar. İstər İsa Qəmbər, istərsə də Əli Kərimli müxtəlif dövrlərdə ağılagəlməz xəyanətlərə gedərək Elçibəyi başları üstündən kənarlaşdırmağa müvəffəq olublar. Nəticədə siyasi partiya əldə edən İsa Qəmbər-Əli Kərimli cütlüyü sonradan bu düşməçiliyi öz aralarında yaşamağa başladılar. Təbii ki, bu proses hazırda da inkişaf etməkdədir. Artıq mövcud olmayan İctimai Palata yaranmamışdan öncə, yəni 2010-cu ilin parlament seçkilərindən sonra müvəqqəti atəşkəs əldə edən partiyalar ortaya birləşmə oyununu atdılar. Çünki parlament seçkiləri ərəfəsində hər seçkidə olduğu kimi Müsavat və AXCP arasında növbəti nifaq toxumu səpilmişdi. Bunun nəticəsində hər iki partiyadan etiraz olaraq xeyli insan istefaya getmiş, rəhbərliyin qarşılıqlı iddiaları ilə razılaşmadıqlarını bəyan etmişdilər. Təbii ki, bu oyunun arxasında da müəyyən ambisiyaların dayanması sirr deyildi. Lakin vahid partiyada birləşərək növbəti seçkilərə gedəcəklərini bəyan edən İsa Qəmbər və Əli Kərimli bununla müəyyən zaman sakitlik yaratmağa müvəffəq oldular. Hətta bir müddət Əli Kərimliyə Müsavatın qərargahında oturmağa yer vermişdilər. Onlar mətbuata birgə bəyanatlar verir, həmin dövrün proseslərinə qarşılıqlı münasibət bildirirdilər. Ancaq bu sakitliyin də müvəqqəti olacağı qabaqcadan bəlli idi. Çünki Müsavat və AXCP sədrləri sonradan həmin birgə bəyanatlarını ayrı-ayrılıqda verərək, özlərini birləşmiş, vahid partiyanın sədri kimi görməyə başladılar. Nəticədə gəmidə oturub gəmiçi ilə dava edən tərəf – Əli Kərimli Müsavatın qərargahından qovuldu. Beləliklə, birləşmiş partiyanın sədrinin kim olması üstündə mübahisələr qızışdı və birləşmə məsələsi gündəmdən çıxdı. Birləşmə əvəzinə İctimai Palata adlı qurum yarandı. Hətta bəyan olundu ki, İctimai Palata Milli Məclisə alternativ qurumdur və orada müvafiq qərarlar qəbul edilərək ölkə ictimaiyyətinə çatdırılacaq. Əlbəttə ki, növbəti pafos və populizmə yönəlmiş həmin iddiaların arxasında da fərdi ambisiyaların dayanması göz qabağında idi. Belə ki, İctimai Palataya dəvət edilən partiyaların da kimi müdafiə edəcəkləri onların maraq dairələrində idi. Məsələn, həmin dövrlərdə ACP liderini qəbul etməyən Müsavat başqanı İsa Qəmbər onun partiyasının İctimai Palatada təmsilçiliyinə qəti etiraz edirdi. AXCP isə ACP-ni özünə tərəfdaş hesab edərək, Rəsul Quliyevin təşkilatının Palataya daxil olmasına çalışırdı. Eləcə də digər müxalifət partiyalarını qəbul etməyən AXCP sədri Əli Kərimli bənzər situasiya ilə qarşı-qarşıya qalmışdı.
Ancaq 2013-cü ilin prezident seçkiləri yaxınlaşırdı və İctimai Palata qarşısına qoyduğu əsas məsələni – vahid namizəd məsələsini həll edə bilmirdi. Həm cəbhəçilər, həm də müsavatçılar istər mediada, istərsə də sosial şəbəkələrdə öz liderlərinin tərəfindən çıxışlar edərək, təhqirlərə belə yol verirdilər. İsa Qəmbərin və Əli Kərimlinin vahid namizədlik iddiaları isə həllini tapmırdı və ehtimal edildiyi kimi, sona qədər də tapmadı.
Beləliklə, sonradan Müsavat və AXCP-nin monopoliyasına çevrilən İctimai Palata uzağı 2013-cü ilin əvvəllərinə qədər duruş gətirə bildi. Hazırda bu qurumun siyasi proseslərə heç bir təsir imkanı yoxdur. Bu zaman sual yaranır – onsuz da eyni “potensialda” olan siyasi partiyalar birləşə bilmirdilərsə, onda hansı siyasi təfəkkürə əsaslanaraq seçkilərdə vahid namizədlə iştirak edəcəklərini bəyan edirdilər?
Söz yox ki, bu gün Milli Şurada baş verənləri də İctimai Palatada baş verən proseslərlə eyniləşdirmək mümkündür. Gəlin bir daha bənzər olayları nəzərimizdə canlandıraq: Milli Şuranın yaranmasına hər iki partiya razılıq verdi. Sonradan quruma dəvət edilən digər siyasi təşkilatlar həm AXCP-yə, həm də Müsavata yaxınlığı ilə seçilənlər oldu. Sonradan Milli Şuranın vahid namizəd problemi üzə çıxdı. Həm İsa Qəmbər, həm də Əli Kərimli öncə bu ad uğrunda daxili çəkişmələrə başladılar. Nəticədə Rüstəm İbrahiməyov vahid namizəd oldu və məlum səbəblərdən onu Cəmil Həsənli əvəz etdi. Bu faktor isə belə qənaətə gəlməyə kifayət qədər əsas yaradır ki, Cəmil Həsənli AXCP-nin sədr müavini olub və zamanında İsa Qəmbərə qarşı cəbhədə yer alıb. Ona görə də Müsavat tərəfdarlarının başda başqanları olmaqla Milli Şuradakı mövcudluqları məcburi qaydada həyata keçirilir. Ancaq buna baxmayaraq həm Müsavat, həm də AXCP Milli Şuranı inhisarlaşdırmağa müvəffəq olublar.
Onlar Cəmil Həsənliyə özlərini xilas etmək üçün güzəştə gedirlər. Əslində onun siyasi perspektivsizliyini bilirlər və öz günahlarına şərik etmək üçün qabağa veriblər.
Son olaraq daha bir faktoru da qeyd etmək olar ki, uzun illərdən bəri birləşəcəklərini iddia edən hər iki partiya sədri nəyə görə bu “arzularını” məhz Cəmil Həsənlinin “egidası” altında reallaşdırmırlar? Əgər Cəmil Həsənli onların vahid namizədinizdirsə, onda onun liderliyi qəbul edilmiş hesab olunur və o desə ki, birləşin, bu zaman birləşməlidirlər. Ancaq bunu da gözləməyə dəyməz. Çünki Həsənli İsa Qəmbər və Əli Kərimli üçün qondarma, görüntü xatirinə qəbul edilmiş liderdir. Ona görə də həm cəbhəçilər, həm də müsavatçılar birmənalı şəkildə birləşməyə «yox» deyəcəklər. Onlar zorən müəyyənləşdirdikləri vahid namizədin potensialına heç özləri də inanmırlar. Mehriban düşmənlər öz günahlarını pərdələmək üçün Cəmil Həsənli kartından maksimum şəkildə yararlanırlar. Bu səbəbdən də növbəti məğlubiyyətlərini gözləyib, seçkilərdən sonrakı qərarları barədə düşünürlər.
RÖVŞƏN
banner

Oxşar Xəbərlər