Müsavat Partiyası qurultay mövzusunu istismar edir

Müsavat Partiyası qurultay mövzusunu istismar edir

Siyasət
06 Noyabr 2012, 14:06 1513
“Müsavat Partiyası qurultay mövzusunun istismarı ilə məşğuldur. Onlar qəsdən bu mövzunu şişirdərək, siyasi “qazanc” əldə etmək istəyirlər”. Bu barədə “Kaspi”yə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.
Millət vəkili qeyd edib ki, Müsavat Partiyası yetkililəri nəyin bahasına olursa-olsun, bu qurultayın keçirilməsini yubatmaq istəyirlər. Onun sözlərinə görə, buna başlıca səbəb, Müsavat başqanı İsa Qəmbərin təkrar partiya sədrliyinə namizəd ola bilməməsidir: “Bilirsiniz ki, Müsavat Partiyasının Nizamnaməsinə görə, İsa Qəmbər yenidən başqanlığa namizəd ola bilməz. Belə olan halda qurultay nə qədər yubanırsa, İsa Qəmbərin başqanlığa namizədliyi məsələsi də bir o qədər arxa plana keçir. Müsavat Partiyası çalışacaq ki, 2013-cü ilin prezident seçkilərinə qədər bu prosesi ləngitsin. Ona görə də yer məsələsi burada bəhanə rolunu oynayır. İkincisi, Müsavat Partiyası qəsdən yer məsələsini qabardır. Bununla Azərbaycan hakimiyyətinin Müsavat Partiyasına təzyiq göstərməsi fikrini yaradır. Belə rəy həm ölkə daxilində, həm də xaricdə formalaşdırılır. Bu ona görə lazımdır ki, - “Müsavat Partiyası daha çox basqıya məruz qalır”, - deyərək, bu partiyanın müxalifətin aparıcı siyasi təşkilatı olduğu təəssüratı yaradılsın. Ona görə də qurultay mövzusu istismar olunur, qabardılır. “Bizə yer vermədilər”, - deyərək, qurultayın Gürcüstanda keçirilməsi haqqında təkliflər irəli sürülür, danışıqlar aparılır. Əslində isə “Bizə yer vermədilər” fikri tamamilə yanlışdır. Bununla Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışırlar”.
M.Qurbanlı Azərbaycanın inkişaf etmiş, suveren bir ölkə olduğunu diqqətə çatdıraraq, paytaxt Bakı da daxil olmaqla istənilən ərazidə icarə haqqını ödəyərək, qurultay, tədbir və sair keçirməyin mümkün olduğunu vurğulayıb: “O ki qaldı Gürcüstan tərəfinin razılıq vermə məsələsinə, biz də gürcü təşkilatlarından hansınasa gəlib Bakıda tədbir keçirməsinə etiraz edə bilmərik. Çünki biz demokratik ölkəyik. Gürcüstan da açıq ölkədir. İstənilən kəs gedib orada tədbir də keçirə bilər, toy da. İcarə haqqını ödəyəndən sonra nə tədbir keçirmək istəyirsən keçir. Yəni, demək istəyirəm ki, müxalifət düşərgəsindəki son hadisələrdə yeganə məqsəd Müsavat Partiyasını, onun qurultayını, başqanını gündəmdə saxlamağa hesablanıb. Müsavatın qurultayının keçirilməsi məsələsi hələlik siyasi imitasiya çərçivəsindədir. Ola bilsin ki, səs-küy salıb sonda elə Bakıda qurultaylarını keçirəcəklər. Bütün hallarda, Müsavat Partiyasının harada qurultay keçirməsinin bizə heç bir “isti-soyuğu” yoxdur”.

Rufik İSMAYILOV