• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Müsavat parçalanma təhlükəsi ilə üz-üzə

02.09.14 14:26 1135
Müsavat parçalanma təhlükəsi ilə üz-üzə
Xeyli mmüddətdir müxtəlif bəhanələrlə təxirə salınan Müsavat Partiyasının qurultayı deyəsən, reallaşmaq üzrədir. Lakin hər dəfə ertələnməsilə digər namizədlərin səbir kasasını daşıran qurultayın vaxtının dəqiqləşməsi heç də narazı çıxışların səngiməsinə səbəb olmadı. Əksinə, qurultay üzündən başqanlığa namizədlərin daha kəskin çıxışlar etməsi nəticəsində Müsavat daxilində daha soyuq küləklər əsməyə başladı. Məlumdur ki, partiyanın Nizamnəməsi İsa Qəmbərin üçüncü dəfə sədr seçilməsini yasaqlayır. Ona görə də sədrlik postuna başqa birinin gələcəyi dəqiqdir. Məsələnin qəliz tərəfi də elə budur ki, İ.Qəmbər partiyaya nəzarəti əldən verməmək üçün indi də başqa bir varianta əl atır və başqanın başqanı olmaq istəyir. Bunu təsdiq edən məqam partiyanın Divan üzvü Nüşabə Sadıxlının səsləndirdiyi fikirlərdir. Belə ki, o, bir neçə gün öncə partiyada İ.Qəmbərə yeni status verilməsi ilə bağlı təklif irəli sürüb. Bildirib ki, ona partiyada istənilən məsələyə müdaxilə edə bilmək səlahiyyəti verilməlidir: “Mənimlə həmfikir olan şəxslər bunun üzərində düşünür və təklifimizi qurultayda rəsmən irəli sürəcəyik. Çalışacağıq ki, təklifimiz qəbul edilsin”.
Artıq başqanlığa namizədliyi təsdiqlənmiş partiyanın Divan üzvü Tural Abbaslı isə təkliflə razılaşmadığını açıqlayıb. Onun fikrincə, təklif olunan status yeni başqanın səlahiyyətlərini şübhə altına ala bilər: “İsa bəy dəfələrlə bildirib ki, onun təsis olunacaq hər hansı statusa ehtiyacı yoxdur. Düşünürəm ki, İsa Qəmbərin şəxsi siyasi nüfuzu kifayət qədərdir. İstənilən vaxt məsələlərə müdaxilə etmək iqtidarındadır. İnanmıram ki, hansısa müsavatçı İsa Qəmbər bir postda təmsil olunmasa, onu qəbul etməsin. Bu təklifi praktiki cəhətdən müzakirə etsək, burada nüfuz parçalanmasının şahidi ola bilərik. Belə ki, qurultay keçirilir, yeni başqan seçilir, bundan əlavə də başqanın səlahiyyətlərindən üstün post yaradılır. Dolayısı ilə başqanın hüquqi olaraq idarəetmə səlahiyyətləri azalır. Bu da gələcəkdə partiyada ikitirəliyin, fikir ayrılığının yaranmasına səbəb ola bilər. Nüfuzsuz bir başqanın da hansısa məsələlərdə uğur əldə etməsi mümkün deyil. Partiyanın sadəcə bir başqanı olar, onu da qurultay seçər. Əgər İsa bəy yenidən başqan olmaq istəsə, biz qurultayda bu təklifi səsləndirə bilərik. Yəni, nizamnaməyə dəyişiklik edərik. Şəxsən özüm İsa bəyin yenidən başqan seçilməsinə səs verərəm. Amma xüsusi səlahiyyət verərək mövcud başqanın səlahiyyətlərinin şübhə altına alınmasının tərəfdarı deyiləm”.
Başqanlığa namizəd olanlardan Səxavət Əlisoy da belə bir təklifin doğru olmadığını bildirib. O, hər kəsin fikrinə hörmətlə yanaşdığını söyləsə də, Nüşabə Sadıxlının təklifini doğru olmadığını bildirib: “Bunun üçün gərək partiyanın nizamnaməsində dəyişiklik baş versin. Düşünürəm ki, əziyyət çəkib nizamnamə dəyişmək, qurultay keçirmək lazım deyil. İsa bəy həmin postunda qalsın. Məntiqlə bu təklifin uyğunluğu yoxdur. Əgər qurultayda belə bir fikir irəli sürülərsə, mən onun əleyhinə çıxacağam”.
Göründüyü kimi, Nüşabə Sadıxlının İ.Qəmbərin liderliyinin saxlanılması ilə bağlı fikirləri əksəriyyət tərəfindən nəinki dəstəklənmədi, hətta əks-effekt verdi. Çünki belə fikirlər bir daha İ.Qəmbərin bir növ oyun oynadığını, kreslosundan ayrıla bilmədiyini ortaya qoydu. Ona görə də qurultayın keçirilməsi, yeni başqanın seçilməsi və s. məsələlərin görüntü yaratmaqdan başqa bir şey olmadığını söyləmək olar. Onu da deyək ki, bu cür davranış cəmiyyətə qarşı böyük hörmətsizlik hesab olunur və bu fon əsasında İ.Qəmbərin siyasət azarına tutulduğu bildirilir. Qeyd olunur ki, belə gedişat Müsavat Partiyasının parçalanmasını, dağılmasını qaçılmaz edir. Çünki Müsavat Partiyasının qurultayının keçirilməsi məsələsi aktuallaşdığı vaxtdan partiyadaxili narazılıqlar göz önündədir. Uzun müddətdir başqanlığa namizədlər arasında gedən söz atışmalarına, yaranmış gərgin münasibətlərə əsasən belə demək olur ki, bu şəxslərin eyni və ya yaxın mövqedən çıxış edərək yenidən bir araya gəlməsi mümkün deyil. Yəni, partiyanı indiki vəziyyətindən, artıq parçalanmış durumundan hansısa qüvvənin xilas edə biləcəyi inandırıcı görünmür. Hətta İ.Qəmbər mənəvi rəhbər olaraq qalsa, onun üçün yeni vəzifə təsis olunsa belə, partiyadakı durumun, münasibətlərin yaxşıya doğru dəyişəcəyi inandırıcı görünmür. Xatırladaq ki, Müsavatın hazırda düşdüyü vəziyyətə oxşar hal ölkənin siyasi səhnəsində bir dəfə müşahidə olunub. Belə ki, AMİP sədri Etibar Məmmədov partiya sədrliyindən getdiyi zaman onun mənəvi rəhbər kimi saxlanılacağı deyilsə də, faktiki olaraq, bu gün AMİP-in fəaliyyətinə son verilib.
E.Məmmədovdan sonra sədr postuna bir neçə şəxs gəlsə də, AMİP-in fəaliyyəti haqda daxili gərginlikdən başqa xəbər yayılmırdı. Göründüyü kimi, AMİP faktiki olaraq siyasi səhnədən getdi və bir daha əvvəlki fəaliyyətini bərpa edə bilmədi. Bu fakt Müsavat Partiyasının da eyni aqibəti yaşayacağını deməyə əsas verir.
H.Əsgər
banner

Oxşar Xəbərlər