• şənbə, 20 Aprel, 06:13
  • Baku Bakı 14°C

Müsavat nala-mıxa vurur

13.12.13 09:33 1428
Müsavat nala-mıxa vurur
Xəbər verdiyimiz kimi, bu günlərdə Müsavat Partiyasının Divanı Milli Şuradakı son durumu müzakirə edib. Belə qərar qəbul olunub ki, müsavatçılar vəziyyəti aydınlaşdırmaq üçün Şuradakı partiyalar və gənclər təşkilatlarının rəhbərləri ilə ikitərəfli danışıqlara başlasınlar. Bəziləri bu addımı Milli Şuranı xilas etmək cəhdi kimi qiymətləndirsə də, siyasilər uğurlu nəticə olacağına inanmırlar. Qeyd edək ki, Müsavat başqanı Milli Şuranı tərk edəcəklərini rəsmən açıqlamayıb. Amma əsas söz sahibi olmaq üçün atılan addımların səmərəsizliyi onları bu qərarı verməyə məcbur edə bilər. Bəs görəsən bu mərhələdə Müsavatın ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı verdiyi qərar nəyisə dəyişəcəkmi?
Yeni Azərbaycan Partiyasının təmsil edən millət vəkili Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirdi ki, Müsavat Partiyası seçkidən sonra Milli Şuradan maksimum siyasi divident götürməyə çalışır: “Onsuz da, şura prezident seçkilərində heç bir uğur qazana bilmədi. İndi də ortaya təqdirəlayiq nəticə qoya bilmirlər. Onların namizədi ümumi səslərin cəmi beş faizini toplaya bildi. Seçkidən sonra isə şura üzvü olan keçmiş müttəfiqlər bir-birinin ardınca o qurumu tərk etməyə başladılar”.
A.Mirzəzadənin fikrincə, Müsavat Partiyası yaranmış vəziyyətdən istifadə edərək qalan siyasi qüvvələri öz çətiri altına yığmağa çalışır. Buna görə də gah öz namizədini təklif edir, gah da oranı tərk edəcəyi ilə hədə-qorxu gəlməyə çalışır: “İndiki ikitərəfli danışıqlar yalnız həmin partiyaları Müsavata tabe etmək məqsədi daşıyır. Belə hiss edilir ki, Müsavat Partiyası artıq Milli Şuranı tərk etmək ərəfəsindədir. Çünki qalan partiyalar heç də onların liderliyini qəbul etmək fikrində deyillər. Düşünürəm ki, müsavatçılar danışıqların sonunda istəklərinin alınmadığını görüb keçmiş müttəfiqlərini birliyi pozmaqda ittiham edərək şuranı tərk edəcəklər. Bu cür hal birinci dəfə baş vermir. Müsavat Partiyası seçkidən sonra özü yaratdığı birlikləri çox asanlıqla tərk edir. Biz dəfələrlə belə məqamın şahidi olmuşuq”.
Prezidentliyə keçmiş namizəd, millət vəkili Zahid Oruc da hesab edir ki, Müsavat Partiyasının bu addımı ilk növbədə Milli Şuranı zorakı vasitələrlə, qeyri-təbii üsullarla qorumaq niyyəti güdür. Amma onlar müvəffəqiyyətli sonuca çatmayacaqlar. Çünki Milli Şura möhkəm təməllər üzərində qurulmayıb: “Bu qurumun real güc mərkəzinə çevrilməsi üçün müəyyən vacib məqamları nəzərə almalı idilər. Vahid prinsipləri bölüşən, eyni iddialara tapınan, hədəfləri ciddi və bir olan, aralarında milli şüur yaxınlığı olan qüvvələrin alyansından danışmaq mümkündür. Hazırkı dövrdə şura belə tələblərin heç birini özündə birləşdirmir. Məlumdur ki, bir qisim şəxslər o qurumdan artıq istefa veriblər. Əli Kərimli və İsa Qəmbərin də ortaq nöqtəyə gələ bilməmələri göz qabağındadır. Onların bir-birinə güzəştə getməməsini heç bir örtüklə qapatmaq mümkün deyil. Ona görə də bu alyans reallaşmayacaq. Çünki bu şəxslərin arasında patoloji nifrət var”.
Z.Oruc əlavə etdi ki, Müsavat Partiyası sonuc olaraq həmin qurumla vidalaşmalı olacaq və özü üçün yenidən kiçik partiyalardan ibarət koalisiya qurmaq istəyəcək: “Azərbaycan cəmiyyətinə sözün həqiqi mənasında, yeni müxalif obrazlar lazımdır. Bu, siyasi qüvvələr şəklində, yaxud ayrı-ayrı şəxsiyyətlərin timsalında meydana çıxa bilər. Azərbaycan cəmiyyəti o cür müxalifəti qəbul edəcək. Ənənəvi şəxslər və üsullarla bu yolu getmək mümkün deyil. Müsavatın hazırkı addımları heç özünün də perspektivi üçün faydalı deyil”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin qənaətincə isə Müsavatın bu fikri bir yerdə olmaq cəhdinin, təşəbbüsünün imitasiyasıdır: “Müsavat hələlik vaxt udmağa çalışır. Mənə elə gəlir ki, Milli Şuranın daxilində baş verən hadisələr daha çox növbəti dönəmin xarakteri ilə bağlıdır. Növbəti dönəm dedikdə, 2015-ci ildə keçiriləcək parlament seçkilərindəki iştirakı nəzərdə tuturam. Gələcək parlament seçkiləri ölkədəki siyasi düzənə çox böyük istiqamət vermiş olacaq. Ona görə də Müsavat Partiyası Milli Şuranın daxilində şüurlu surətdə gərginlik yaradır. Rüstəm İbrahimbəyovun fəxri sədrliyi adı altında yaranmış bu gərginlik davam etməkdədir. Amma belə görünür ki, Müsavat hələ ki yekun qərar verə bilmir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər