• cümə axşamı, 25 aprel, 17:31
  • Baku Bakı 23°C

Müsavat Milli Şuradan getdi Təhlil

07.01.14 16:55 1376
Müsavat Milli Şuradan getdi Təhlil
Müsavat partiyası rəsmən Milli Şuranı (MŞ) tərk etdi. Partiya qərarının belə əsaslandırır ki, MŞ prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır. Lakin Müsavatın bu qərarı müxalif düşərgədə birmənalı qarşılanmayıb. Buna təəssüflənənlər də var, bunu siyasi manevr olduğunu iddia edənlər də. Xüsusilə AXCP funksionerləri Müsavat partiyasının son qərarına sərt reaksiya verib.
Müsavat alver edir?

“Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi. Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi”.
Bu sözləri “Axar.az”a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib. O əlavə edib ki, Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi:
“Milli Şuradan çıxmaq qərarının arxasında Müsavat partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur”. Fuad Qəhrəmanlı Müsavat rəhbərliyini alver etməkdə ittiham edib və hədəfin 2015-ci il parlament seçkiləri oldğunu bildirib.
«Səndən siyasətçi yox, heç cəbhəçi də olmaz»

AXCP sədrinin müavininin bu açıqlaması isə Müsavatçıları özündən çıxarıb. Divanının üzvü İkram İsrafil facebook səhifəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına belə cavab verib. “Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasında nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Yox bilir də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz”.
“Müsavat Xalq Cəbhəsi ilə münasibəti pozmamaq, müttəfiq kimi qalmaq üçün bu addımı atdı”. Bu sözləri isə Müsavat Divanın üzvü Novella Cəfəroğlu Teleqraf.com-a deyib. Onun sözlərinə görə, Müsavat güclü partiyadır və Milli Şura prezident seçkilərinə istiqamətlənən qurum idi: “Çox istəyərdim ki, Müsavatla AXCP birləşib bir partiya olsun. Amma AXCP-nin Müsavata qarşı “Facebook”da təhqirlərinə baxın. Sosial şəbəkələrə baxın, mənim haqqımda da AXCP-dən təhqirlər yağdırırlar. Başa düşürəm, demokratik dövlətdir, hamı istədiyini yazır. Amma bir ideyaya xidmət edib, bir yolu gedən insanlar bir-birinə belə sözləri necə deyə bilər? Biz belə təhqirlərlə bir çatı altında qala bilmərik”.
“Milli Şura bitdi”

Müsavatın Milli Şuranı tərk etməsinə bu qurumda təmsil olunan digər dairələrdən də açıqlamalar gəlib. “Məncə, Milli Şura bitdi. Bu təkcə Müsavat Partiyasının verdiyi qərarla bağlı deyil, buna qədər olanlara qədər də bu nəticəyə gəlmək olar. Çünki buna qədər də Milli Şuranı tərk edənlər oldu”. Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
“KXCP-nin Milli Şurada qalıb-qalmamaq məsələsi müzakirə oluna bilərmi” sualını cavablandıran M. Mirəloğlu qeyd edib ki, Milli Şuradakı yeni vəziyyət dəyərləndirilməlidir.
“Müsavat Partiyasının Milli Şuranı tərk etməsinə təəssüflənirik”. Bunu Milli Şuranın üzvü Eldar Namazov Müsavatın addımına belə münasibət bildirib. O, deyib ki, Milli Şura ilə bağlı qərarlarda tələsmək olmaz: “Həmişə demokratik düşərgədə təmsil olunan qüvvələrin bir yerdə qərarlar verməsinin tərəfdarı olmuşam. Müsavatın bu addımı təəssüf hissi doğurur. Milli Şuradan ayrılanların siyahısı artan sıra ilə gedir. Milli Şurada təmsil olunan şəxslərlə bu barədə müzakirələr aparacağıq”.
“Müsavat Partiyasının Milli Şuradan ayrılması haqqında qərarı gözlənilməz deyildi. Bu haqda danışıqlar gedirdi. Bununla bağlı partiyalara da, siyasi qurumlara da müttəfiqlik təklif edilirdi ki, Milli Şuradan çıxarkən tənqidlərə məruz qalmasınlar”. Bu fikirləri isə APA-ya açıqlamasında başqanının keçmiş müşaviri Yeganə Hacıyeva deyib. O qeyd edib ki, təmsil olunduğu partiyadan istefası da birmənalı olaraq, Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı olub.
Y.Hacıyeva bildirib ki, bu qərar partiyada birmənalı qarşılanmayıb.
YAP-dan reaksiya

“Milli Şuranın taleyi bundan da betər olacaq, oradakıları daha betər günlər gözləyir. Onlar namizədləri olmuş Cəmil Həsənlini bir xoruza yük elədilər”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, AXCP və Müsavat arasında heç vaxt müttəfiqlik olmayıb, indiyə qədər süni şəkildə birlik nümayiş etdiriblər: “Ona görə də Milli Şurada birləşmə görüntüsü yaratmalarından 3 ay keçməsinə baxmayaraq, bir-birlərini ittiham etməyə başlayıblar. Onlar o vaxt da hakimiyyətə belə gəlib, sonra da parçalanma yaradıb, xalqı ağır vəziyyətə saldılar. Axırda Heydər Əliyev gəlib xalqı xilas etdi”.
S.Novruzov AXCP və Müsavatın bir-birini hakimiyyətlə ittifaqda ittiham etmələrindən də danışıb: “Bunlar axırda deyəcəklər ki, Milli Şuranı elə iqtidar özü yaradıb. Bunlar özlərində heç bir günah görməyərək, axırda bu ittihamın üstündə dayanacaqlar. Öz gözlərində tiri görməyib, başqa gözdə tük axtarırlar, halbuki hər birinin gözündə olduqca böyük tirlər var. Onlar ayrı-ayrı dövlətlərə, nəyə desəniz işləyirlər, təki öz maraqları həyata keçsin”.
YAP rəsmisi onu da bildirib ki, Milli Şurada Müsavata pul çatmadığı üçün oradan ayrılıb: “Müsavat oradan başqa məsələlərə görə yox, pul bölgüsünə görə ayrıldı. Ayrı-ayrı dairələrdən ayrılan pulları AXCP, Cəmil Həsənli və Milli Şuranın ayrı-ayrı üzvləri mənimsədi, Müsavatı isə aldatdılar”.
S.Novruzov onu da deyib ki, Milli Şurada təmsil olunanlar parlament seçkilərinə qədər bu vəziyyətdə olacaqlar: “Parlament seçkiləri zamanı isə guya yenidən birləşəcəklər, yenidən vahid qurum yaratmaq haqqında məsələlər ortaya atacaqlar”.
Dağılma labüd idi

Ümumiyyətlə, Müsavat Partiyasının Milli Şuranı tərk etməsi gözlənilməz olmasa da, müxalif düşərgə üçün böyük zərbə kimi dəyərləndirilməlidir. Çünki bu addım müxalifətin növbəti birlik formasının da sona çatması anlamına gəlməlidir. Məlum olduğu kimi, Milli Şura əsasən AXCP və Müsavat partiyalarından ibarət bir qurum idi. Hazırkı şəraitdə Müsavatın qurumu tərk etməsi faktiki olaraq Milli Şuranın dağılması deməkdir. Bunu Milli Şuranın aktiv üzvlərindən olan M.Mirəlioğlunun məlum açıqlamasından da görmək olar.
Lakin əslində Milli Şuranın gec-tez dağılacağı siyasi prosesləri izləyən heç kimə sirr deyildi. Çünki hələ qurum yaradıldığı ilk dövrdən konkret iş və nəticədən daha çox daxili intriqalar, söz savaşı, atmacalar müstəvisi kimi diqqəti cəlb edirdi. Eyni zamanda qurumda aparıcı mövqeyə yiyələnmək uğrunda AXCP və Müsavat arasındakı gizli və açıq çəkişmələr də gec-tez qurumun dağılmasını şərtləndirirdi. Qurumun prezidentliyə vahid namizədinin müəyyənəşdirilməsi məsələsində isə Müsavatın narazılığı açıq-aşkar özünü büruzə verirdi. Lakin partiya həmin dövrdə ictimai qınaqdan çəkinərək geri addım atmışdı. Nəhayət, Milli Şurada həmsədrlik və fəxri həmsədrlik təsisatlarının yaradılması, Rüstəm İbrahimbəyovun bu posta gətirilmək cəhdləri ilə bağlı ciddi narazılıqlar Müsavat partiyası ilə digər qüvvələrin qarşıdurmasını pik həddə çatdırdı.
Müsavatın 6 yanvar 2014-cü il qərarında isə uzunmüddətli daxili narazılığın əsas rolu oynadığını inkar etmək olmaz. Müsavatın MŞ-nı tərk etməsinin müxalif düşərgə üçün perspektivlərinə gəlincə isə bir daha qeyd etmək lazımdır ki, bu addım müxalifətin hazırkı acınacaqlı və pərakəndə vəziyyətini bir qədər də dərinləşdirəcək. Çünki getdikcə zəifləyən müxalifət bu parçalanma ilə növbəti dəfə enerji və tərəfdar itkisi ilə qarşı-qarşıya qalacaq.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər