• cümə axşamı, 28 mart, 14:10
  • Baku Bakı 16°C

Müsavat funksionerləri də Əli Kərimlini lağa qoydular

17.04.14 10:58 1304
Müsavat funksionerləri də Əli Kərimlini lağa qoydular
Əli Kərimlinin ukraynalılara verdiyi məsləhət, müavini Nurəddin Məmmədlinin facebook sosial şəbəkəsində bu bəyanatı dəstəkləyən status yazması haqda xəbər vermişdik. Xatırladaq ki, sədrinin fikirlərinə digər müavin Fuad Qəhrəmanlı da qahmar çıxıb. O, APA-ya açıqlamasında sədr və müavini Nurəddin Məmmədlinin fikirləri ətrafında yaranan qalmaqala münasibət bildirərək deyib ki, Ə.Kərimlinin fikirləri doğrudur: “Ukrayna hakimiyyəti bu gün Əli Kərimlinin tənqidində səslənmiş addımları atırsa, deməli o, doğru söyləyib. Kimsə, bu doğrunu qəbul etmirsə, bu artıq onun əqli problemi ilə bağlı olan məsələdir. Həqiqəti söyləyənləri günahlandıranlar artıq özlərinin məsələyə obyektiv yanaşmaq imkanında olmadıqlarını göstərirlər. Əli Kərimli Ukraynanın Şərq əyalətlərində baş qaldırmış separatizmə qarşı Ukrayna hakimiyyətinin sakit və qətiyyətsiz davranışını tənqid edib. Zaman göstərdi ki, Əli Kərimli doğru fikir söyləyib. Ona görə də hesab edirəm ki, bu məsələ ətrafında polemikaya ehtiyac yoxdur, həqiqət ortadadır”.
Qeyd edək ki, məsələyə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Əli Kərimlinin fikirləri çox absurddur və mən bu məsələyə ciddi baxmıram” deyərək münasibət bildirib: “Ukrayna hakimiyyətində kifayət qədər təcrübəsi olan insanlar var və onların ən yaxşı məsləhətçiləri də Avropa İttifaqı ölkələridir. Bu baxımdan düşünürəm ki, onlar nə etdiklərini yaxşı başa düşürlər. Buna görə də səslənən fikirlər çox absurddur”.
Daha sonra isə “məsləhət” haqda fikirlərini bölüşənlərdən biri də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı oldu. A.Hacılı da Ə.Kərimlinin bəxtsiz, taleyi gətirməyən fikirlərinə ironik münasibət sərgiləyib. Belə ki, o da Milli Şurada can deyib can eşitdikləri, prezident seçkilərinə vahid namizədlə yollandıqları “qardaş” partiyanın sədrini tənqid edib. APA-ya açıqlamasında Əli Kərimlinin söylədiklərinin reallığa uyğun olmadığını, həqiqəti əks etdirmədiyini bildirib: “Ukraynanın hazırkı hakimiyyətində təmsil olunanlar kifayət qədər təcrübəli siyasətçilərdir. Onları təcrübəsiz adlandırmaq gülüncdür. Hazırda Ukraynada baş verənlər təkcə Ukraynaya deyil, bəşəriyyətə aid olan proseslərdir. Ukrayna siyasəti barədə məlumatlı olmadan, Azərbaycanda oturub bu ölkənin atdığı addımları şərh etmək düzgün deyil. Ukraynanın bacarığı da ondan ibarətdir ki, ərazilərini işğal etmək iddiasında olan Rusiyaya qarşı dünyanın bütün güc mərkəzlərini səfərbər etməyə nail olub. Eyni zamanda biz Ukraynada gedən proseslər haqqında ətraflı məlumata da malik deyilik və Ukraynanın siyasətini bilmirik. Buna görə də Azərbaycanda oturaraq, Ukrayna hakimiyyətinin atdığı addımları şərh etməyimiz yanlışdır”.
Əli Kərimlinin keçmiş müttəfiqlərinin açıqlamalarından belə görünür ki, cəbhəçilərin gülünc duruma düşməsi müsavatçıların ürəyincə olub. Onlar yaranmış durumdan maksimum istifadə etməklə müxalifət düşərgəsindəki əsas rəqiblərini daha da gözdən salmağa çalışırlar. Təsadüfi deyil ki, bir neçə gündür, sosial şəbəkələrdə Müsavat başqanı İsa Qəmbərin Ukrayna Ali Radasının hazırkı sədri, müvəqqəti prezident Turçinovla şəkilləri paylaşılır. Bununla da, müsavatçıların Ukraynanın indiki rəhbərliyi ilə yaxşı əlaqələrinin olduğu nümayiş olunur. Onların bu fürsətcilliyi təbii olaraq cəbhəçilərin də diqqətindən yayınmayıb. Belə vəziyyətin onların könlünü xoş etməməsi də təbii haldır. Cəbhəçi fəallar sosial şəbəkələrdə “məsləhət” həştəqi ilə yazılan ironik yanaşmaların müsavatçılar tərəfindən gündəmə gətirildiyini əsaslandırmağa çalışırlar. Onlar məsləhət həştəqini açan Rəşad Museyibzadənin Müsavata yaxınlığı şübhə doğurmayan NİDA vətəndaş hərəkatı ilə təmasda olduğunu nəzərə çatdırırlar. Bütün bunlar isə cəbhəçilərlə müsavatçılar arasında rəqabətin və paxıllığın səngimədən davam etdiyini təsdiqləyir. Görünən odur ki, hətta siyasi gündəm aktiv olmayanda belə, bu iki partiyanın nümayəndələri biri-birinə ilişmək üçün mövzu tapmağı bacarırlar.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər