• cümə, 29 Mart, 12:06
  • Baku Bakı 14°C

“Müsavat artıq yetərincə itirib”

22.05.15 06:43 2037
“Müsavat artıq yetərincə itirib”
Vurğun Əyyubun sözlərinə görə, partiya rəhbərliyi öz subyektiv iradəsi əsasında qərar verməyə alışıb
Bir müddət öncə Müsavat Partiyası Binəqədi rayon təşkilatı özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması barədə qərar qəbul etdiyi haqda məlumat vermişdik. Mayın 19-da keçirilən Müsavat Partiyası Binəqədi rayon təşkilatının Şura iclasında isə bu məsələ müzakirə olunub və təşkilatın özəyinin V.Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Şura özəyin qərarlarının saxta olduğunu müəyyənləşdirib və özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədrinə töhmət verilməsi barədə qərar qəbul edib. Partiyadan uzaqlaşdırılması qərarının Şura tərəfindən ləğvi, Müsavat Partiyasının buna etirazı və s. məqamlarla bağlı Vurğun Əyyubun özü ilə söhbətləşdik.
- Vurğun bəy, son günlər Müsavatda sizinlə bağlı verilən qərarlar haqda nə düşünürsünüz?
- Təbii ki, Binəqədi rayon təşkilatı Şurasının qərarını sevinclə qarşıladım. Amma qərar sevindirici olması ilə bərabər, həm də gözlənilməz oldu. Binəqədi rayon təşkilatının Şura üzvlərinə göstərdikləri diqqətə və demokratik mövqeyə görə təşəkkürümü bildirirəm. Buradan belə nəticə çıxır ki, partiyada heç də hamı rəhbərliyin göstərişi ilə addım atmır. Partiyada Arif Hacılı qruplaşmasının nizamnamədən kənar hərəkətlərinə, davranışlarına göz yummaq istəməyən, sifarişli qərarlara tabe olmayan adamlar qalıb. Müsavat Partiyası ləyaqətli və demokratik ənənələrə sadiq insanların təşkilatı olmalıdır. Məlum qruplaşmaya etiraz edən vicdanlı insanlara bir daha təşəkkür edirəm. Onlar toplaşaraq, özəyin mənim haqqımda verdiyi nizamnamədən kənar qərarı ləğv etdilər. Partiyanın indiki rəhbərliyinin məsələyə nə cür münasibət sərgiləməsi məni qətiyyən maraqlandırmır. Onsuz da onlar nizamnamədən kənar addımlar atmağa, öz subyektiv iradələri əsasında qərar verməyə alışıblar. Bu da onlardan biridir. Ona görə də təəccüblü bir şey görmürəm.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Partiyada nə baş verməsindən və hansı qərar verilməsindən asılı olmayaraq, işlərimi davam etdirəcəyəm. Bilirsiniz ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Bundan əlavə, Demokratiya və Rifah Hərəkatında sədrin birinci müaviniyəm və hərəkatın strukturlaşması işinə nəzarət edirəm.
- Yəni siyasi fəaliyyətiniz ADR daxilində olacaq?

- ADR sırf siyasi təşkilat deyil. Buna görə də orada yalnız siyasi fəaliyyətlə məşğul olduğumu demək olmaz. Ümumiyyətlə, hazırda Azərbaycanda siyasi fəaliyyətlə ictimai fəaliyyətin sərhədləri itmək üzrədir. Amma bütün hallarda hərəkat daxilindəki fəaliyyətimizi siyasətlə məşğul olmaq da adlandırmaq mümkündür.
- Müsavatdakı proseslərin sonrasını necə görürsünüz? Sizcə, partiya bu gedişlə nəyə nail olacaq, nəyi itirəcək?

- Hesab edirəm ki, partiya artıq yetərincə itirib. Müsavata rəhbərlik etmək istəyənlər, bu iddiada olanlar partiyanın nizamnaməsinə, Müsavatın demokratik ənənələrinə yetərincə dönük çıxıblar. Onların nizamnaməyə zidd fəaliyyət qurduqları barədə dəfələrlə danışmışam. Bundan sonra da ümumi qaydalara riayət etməsələr, ancaq qrup maraqlarından çıxış etməyə davam etsələr, sözsüz ki, partiya bir qrupun maraqlarını ifadə edən təşkilata çevriləcək. Buna heç bir şübhə yeri qalmayıb. Bütün bunlar təbii ki, məni narahat edir, sarsıdır. Çünki mən həyatımın böyük və mühüm bir hissəsini Müsavat Partiyasının təşkilatlanmasına, inkişafına həsr etmişəm, ömrümü demokratik dəyərlərə bəxş etmişəm. Amma indi bir qrup adam partiyanı öz istədikləri hala salır, yalnız öz maraqlarını düşünürlər. Olduqca ağır, ürək sızladan mənzərə yaranıb və buna görə çox təəssüf edirəm.
- Müsavata təkcə Arif Hacılının rəhbərlik etmədiyi, qardaşlarının da partiyadaxili işlərə tez-tez müdaxilə etdiyi haqda eşidirik. Bu barədə nə düşünürsünüz, belə davranışlar nə dərəcədə etikdir?

- Təəssüf ki, “qardaşlar sindromu” siyasətdə də özünü göstərir. Bunun nə dərəcədə düzgün olub-olmadığı, etikaya hansı səviyyədə uyğunluğu məlum məsələdir. Bu haqda danışmaq istəmirəm. Məncə, yaxşı olar ki, onlar özləri bu suala cavab versinlər.
- Bəs deputatlığa namizəd olmaq fikrində qalırsınızmı?

- Bəli, belə bir fikrimiz var. Məsələ ondadır ki, Müsavat Partiyasının Suraxanı rayon təşkilatı mənim namizədliyimi irəli sürüb. Xatırladım ki, mən 2005-ci ildə də həmin dairədən namizədliyimi vermişdim. 2010-cu ildə Türkiyədə olduğuma görə deputatlığa namizəd ola bilmədim. Bu dəfə rayon təşkilatı qərar verərək, mənim deputatlığa namizədliyimi irəli sürüb. İndiki partiya rəhbərliyi mənim namizədliyimi verdiyinə görə Suraxanı rayon təşkilatını cəzalandırmaq fikrinə düşüb. Heç nəyə baxmayaraq, öz namizədliyimi irəli sürmək niyyətindəyəm.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər