• çərşənbə axşamı, 16 aprel, 23:14
  • Baku Bakı 18°C

Musa Quliyev: Tütün istehlakının məhdudlaşması sosial sifarişdən doğan məsələ kimi qəbul edilməlidir

04.12.17 17:33 2684
Musa Quliyev: Tütün istehlakının məhdudlaşması sosial sifarişdən doğan məsələ kimi qəbul edilməlidir
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada siqaretin zəhərli tüstüsünü ciyərlərinə çəkənlərin 6 milyon nəfəri işıqlı dünyaya "əlvida” deyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.
Bu kədərli və məyusedici statistikanı bir azda uzatmaq olar, amma təkcə elə bu faktlar, obrazlı desək, "qəm tütəyini” damağına qoyanların heç də az olmadığını göstərir. Statistiklərin hesablamalarına görə, indiki yayım sürəti ilə əsrin sonuna siqaret tüstülədənlərin sayı 1 milyarda çata bilər.
Əlbəttə, bunlar heç də kiçik rəqəmlər deyil və nəinki bu barədə həyəcan "təbili çalmaq”, hətta daha ciddi tədbirlər görməyin vaxtının çoxdan çatdığını göstərir. Ötən həftə Milli Məclisdə ölkəmizdə tütündən istifadəni məhdudlaşdıran qanun qəbul edilməsi həmin narahatlıq hissinin və uzun illər, təxminən 15 ilə yaxın müddət bu sahədə aparılan araşdırma və təhlillərin nəticəsi olaraq qəbul edilib.
Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa QuliyevinAZƏRTAC-ın müxbirinə dedikləri də bunu təsdiqləyir: "Ötən əsrin 70-ci illərindən başlayaraq dünyada tütün istehlakı və siqaret tüstüsü ilə mübarizə gedir. Dünya Səhiyyə Təşkilatı bu sahədə aparıcı mövqedədir və tütünlə mübarizə sahəsində onun qəbul etdiyi proqram var. Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub. Həmin konvensiyanı qəbul edən ölkələr öz milli qanunvericiliyini də yaratmalıdır.
Tütünlə aparılan mübarizənin səbəbi hər kəsə məlumdur, onun sağlamlığa mənfi təsir göstərdiyi hamı tərəfindən dərk edilən məsələdir. İndi bütün dünyada ekologiya çox çirklənib, hətta böyük şəhərlərdə tütündən istifadə edilməyən yerlərdə də nəfəs almaq çətinləşib, oksigenlə nəfəs almaq ciddi problemə çevrilib. Dünyanın elə şəhərləri var ki, həmin problemlər ucundan orada əleyhqazdan istifadə etmək məcburiyyətində qalırlar.
Azərbaycanda bu sahədə mübarizə xeyli vaxt idi ki, aparılırdı. 2000-ci illərin əvvəllərindən parlamentdə həmin məsələlərin müzakirəsi aparılmağa başlanılıb, ictimai müzakirələrə çıxarılıb. Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Təhsil və Mədəniyyət nazirlikləri bu sahədə müəyyən işlər görüblər. Nəhayət, dünyanın bir sıra ölkələrinin təcrübəsi öyrəniləndən sonra həmin qanun meydana çıxıb və qanunun qəbul olunması neçə vaxtdan bəri aparılan işlərin yekununa çevrilib. Təcrübəsini öyrəndiyimiz ölkələrdə mütəxəssislər haqlı olaraq söyləyirdilər ki, belə bir qanunun qəbulu üçün siyası iradə lazımdır”.
Komitə sədrinin müavini söhbətinə davam edərək deyib: ”Son 25-30 il ərzində bütün dünyada tütündən istifadə edilməsinə qarşı ardıcıl kampaniya həyata keçirilirdi. Əvvəlcə ABŞ, sonra Avropa, son vaxtlar isə postsovet ölkələri həmin kampaniyaya qoşulublar. Azərbaycan postsovet ölkələri arasında ilk dəfə olaraq həmin qanunu qəbul etdi.
Tütün tüstüsünün tərkibində 7 min kimyəvi maddə var və onlardan 70-i sırf kansoregen maddələrdir. Bunun nəticəsində tütündən istifadə edənlərdə ürək-damar, insult və xərçəng xəstəliklərinin yaranma riski yüksək olur. Elə buna görə də qəbul olunan qanunda tütündən istifadə edilməsinin qarşısını almaq üçün bir sıra cərimələr tətbiq ediləcək. Millət vəkili söyləyib: ”Təxminən 15 il əvvəl biz bu kampaniyaya başlayanda siqaret çəkənlərin 70 faizi müxtəlif yollarla öz əməllərinə bəraət qazandırmağa çalışırdılar, indi bu rəqəm 30 faizdən çox deyil. Aparılan maarifləndirmə tədbirləri, kütləvi informasiya vasitələrinin gördüyü iş, apardığı təbliğat müsbət nəticəsini verir. Bu qanun Türkiyədə üç dəfə qəbul olunub: birinci dəfə 1998-ci ildə qəbul olunsa da, işləməyib, 2008-ci ildə bir qədər sərtləşdirilərək növbəti dəfə qəbul olunub, sonra yenə də qanunun işlək mexanizmini təmin etmək üçün ona bəzi dəyişikliklər əlavə ediblər. Əslində cəmiyyətin buna hazır olması çox vacib bir məsələdir. Hər ailədə bir, ya iki nəfər siqaret çəkən varsa, siqaret çəkməyənlərin sayı ondan daha çoxdur. Ona görə də şüuru, düşüncəsi olan hər kəs ilk növbədə öz ailəsi, ətrafdakılar haqqında düşünməli və sosial məsuliyyətini dərk etməlidir”.
Qəbul edilən qanunda tətbiq ediləcək inzibati metodlar barədə danışan deputat deyib: ”Qanun qüvvəyə minəndən sonra "İnzibati Xətalar Məcəlləsi”nə müəyyən dəyişikliklər ediləcək və orada həm cərimələrin məbləği, həm də ona nəzarət və icra mexanizmi dünya təcrübəsinin ən yaxşı nümunələri əsasında işlənilib hazırlanacaqdır. Dünya təcrübəsində ictimai yerlərdə siqaret çəkməyə görə tətbiq edilən cərimənin məbləği 50 avrodan yüksəkdir, təkrar olunan hallarda 100 avro və daha yüksək məbləğ təyin olunur. Hüquqi şəxslər üçün ilk dəfə qanun pozulanda 500, təkrar olunanda 5 min dollara qədər cərimə olunması, lisenziyasının alınması və hətta müəssisənin bağlanılmasına qədər cəzalar nəzərdə tutulur. Yəqin ki, dünya təcrübəsinə əsasən bizim ölkəmizdə də cərimə və cəzalar müəyyənləşdiriləcəkdir.
Təəssüf ki, paytaxtda uşaq və yeniyetmələrin üz tutduğu oyun salonlarının demək olar ki, hamısında sulu qəlyan qoyulub. Bu, çox ciddi sağlamlıq məsələsidir və ona görə də qanuna sulu qəlyanların ləğv edilməsini də daxil etdik. Həmin qanunu pozanlar da siqaret çəkənlərlə eyni qaydada cərimələrlə cəzalandırılacaqlar”.
"Qəbul edilən qanun siqaret çəkənlərə qarşı diskriminasiya kimi yox, çəkməyənlərin hüquqlarını qorumaq, uşaq, yeniyetmə və gənclərin tütünsüz mühitdə böyüməsini təmin etmək məqsədi daşıyır. Bu qanunun hədəfi 30-40 il siqaret çəkən vətəndaş deyil. Bu qanunun hədəfi təzə dünyaya gələn körpə və uşaqlar, yeniyetmə və gənclər, yeni nəsildir. Ona görə də qanunda ifadə olunduğu kimi, siqaret çəkənlərin bu zərərli vərdişdən imtina etməsi və tərgitməsi üçün pulsuz xidmət və dərman xidməti göstəriləcək.
Dövlət vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları da zəhərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənlərini düşünərək hər cür addım atmağa hazırdır. Bununla birlikdə son vaxtlar dünyada siqaretdən imtina sağlamlıq və ekoloji məsələ olmaqla yanaşı, həm də bir mədəniyyət məsələsinə çevrilib. Başqa sözlə desək, tütün istehlakının məhdudlaşdırılması dünyanın gündəmində olan məsələdir və Milli Məclisin qəbul etdiyi qanun da cəmiyyətin sosial sifarişindən doğub,” - deyə komitə sədrinin müavini söhbətinə yekun vurub.
banner

Oxşar Xəbərlər