Ömürlük azadlıqdan məhrumetmə və kimyəvi sterilizasiya
Uşaqlar
bizim gələcəyimizdir. Çox zaman bu ifadəni məna dərinliyinə tam varmadan
işlədirik. Sadəcə, söz xətrinə deyirik. Amma həqiqətən də, bu günün uşaqları
bizim xoşbəxt gələcəyimizdir. Əgər bu gün uşaqlar sosial-psixoloji olaraq tam
sağlam şəkildə böyüyürsə, bu, bizim gələcəyimizin sağlam olmasından xəbər
verir. Bu günün cinayətkar böyükləri dünənin müəyyən problemlər yaşamış
uşaqlarıdır. Heç kim cinayətkar olaraq doğulmur. Uşaqlıqdan aldığı travmalar,
həyatın müəyyən mərhələsində yaşadığı problemlər onu bu yola gətirib çıxarır.
Ona görə cəmiyyət olaraq uşaqlarımıza sahib çıxmalıyıq. Bu mənim uşağımdı, o
sənin uşağındı deyə, ayrı-seçkilik etmədən bütün uşaqları himayə etməliyik.
İcazə verməməliyik ki, uşaqların təmiz, saf
ruhları kimlərinsə mənfur əməlləri ilə çirklənsin.
Son
dövrlər uşaqlara qarşı cinayət hallarının baş verməsinin qarşısını almaq üçün
bir sıra tədbirlər görülür. Xüsusilə də, azyaşlılara qarşı cinsi zorakılıq
hallarının törədilməsi ilə ciddi mübarizə aparılır. Bu sahədə qanunvericiliyin
sərtləşdirilməsi ilə bağlı da təkliflər səsləndirilir. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova da
deyib ki, Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin
məsuliyyəti məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, yetkinlik
yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər zorlama, seksual
xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə,
16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı əxlaqsız hərəkətlər
etmə sayılır.
T.İbrahimova
ümumilikdə, yetkinlik yaşına çatmayanlara qarşı hər hansı cinayətin, o cümlədən
cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərin törədilməsinin qanunvericilikdə
ağırlaşdırıcı hal kimi müəyyən edildiyini bildirib. O qeyd edib ki, 2015-ci
ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu cinayət
əməlləri ilə bağlı hazırladığı təkliflər əsasında qanunvericilik bir qədər
sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və
habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək
vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin
152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində
daha ağır cəza müəyyən edilib.
Buna baxmayaraq, T.İbrahimova hesab edir ki,
yetkinlik yaşına çatmayanların zorlanması əməlinə görə təyin edilən cəzanın
sərtləşdirilməsinə ehtiyac var: "Biz bir çox ölkələrin qanunvericiliyini
araşdırmışıq. Məsələn, Rusiyada 14 yaşına çatmayanların cinsi toxunulmazlığına
qarşı təkrar cinayət törədilməsinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası
nəzərdə tutulub. Bundan başqa, bəzi ölkələrdə kimyəvi axtalanma prosesi cəza
tədbiri kimi tətbiq edilir. Hesab edirik ki, CM-nin zorlama ilə bağlı olan
149-cu maddəsində bir qədər təkmilləşdirmə işləri aparılmalı, yetkinlik yaşına
çatmayanın, xüsusilə də 14 yaşına çatmayanın cinsi toxunulmazlığına qarşı
zorlama cinayətinin təkrar törədilməsinə görə cəza sərtləşdirilməlidir”.
Cəza tədbirlərinin sərtləşməsinə ehtiyac
varmı, sərtləşmə cinayətlərin azalmasına təsir göstərəcəkmi, ümumiyyətlə,
azyaşlılarda cinsi zorakılığın qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır
sualları ilə ekspertlərə müraciət etdik.
Millət
vəkili Fazil Mustafabildirir ki, cəzaların sərtləşməsi cinayətlərin azalmasına təsir göstərir: "Mən
də cəzaların sərtləşməyinin tərəfdarıyam. Xüsusilə də, hamilə qadınlara və
azyaşlı uşaqlara qarşı törədilən cinayətlərdə daha sərt cəza tədbirləri həyata
keçirilməlidir. Ola bilsin ki, bu cəzalar cinayətlərin tam qarşısını almır. Amma
hər halda, bu tipli cinayətlərin cəmiyyətdə yaratdığı sosial-psixoloji
gərginliyə görə belə bir yol seçilməsi daha məqsədəuyğundur”.
Cinayətkarları elektron qolbaqlarla nəzarətdə
saxlamaq
Uşaq hüquqlarının müdafiəsi üzrə
ekspert Nabil Seyidov deyir ki, yalnız cəzalandırma
tədbirlərini sərtləşdirməklə cinayətlərin qarşısını almaq mümkün deyil:
"Cəzaların sərtləşdirilməsi cinayətin qarşısının alınması istiqamətində görülən
kompleks tədbirlərin bir hissəsi olmalıdır. Cinayət Məcəlləsində müxtəlif
cəzalandırma növləri mövcuddur. Lakin bu qədər cəza növlərinin olmağına
baxmayaraq, cəzaçəkmə müəssisələri hələ də insanla doludur və hələ də insanlar
cinayət törətməyə davam edirlər. Əlbəttə, bu cəzalandırma tədbirlərinin müəyyən
dərəcədə təsirləri olur. Amma tam şəkildə qarşısını almır. Bəzi ölkələrdə sterilizasiya
tədbirləri görülür. Düşünürəm ki, həqiqətən də zorlamanın ən pis növü olan
konkret şəxs tərəfindən zorlanma halı baş verdiyi təqdirdə sterilizasiya
tədbirlərinin görülməsi daha məqsədəuyğun olar”.
Həmin
şəxslərin Daxili İşlər Nazirliyində xüsusi məlumat bazası olmalıdır deyən
ekspert qeyd edir ki, cinayətkarlara elektron qolbaqlar taxmaqla onları
nəzarətdə saxlamaq lazımdır: "Onların bütün həyat fəaliyyəti izlənməlidir. İşə
düzəlmə zamanı xüsusi nəzarət olmalıdır. Uşaqlarla bağlı işlərdən, onlarla
təmasdan qəti şəkildə uzaq saxlanmalıdırlar. Amma bir məqam da var ki, cəza
tədbirlərinin tətbiqi zamanı zorlanmanın növü nəzərə alınmalıdır. Konkret cinsi
istismar aktı baş veribsə ciddi cəza tədbirləri görülməlidir. Amma cinsi akt
olmayıbsa, bu zaman cinayətkarın strilizasiyası qəddarcasına verilmiş bir qərar
olar. Bu cür şəxslər məcburi psixoloji reabilitasiyadan keçməli, müayinə və
müalicəyə mütləq cəlb olunmalıdırlar. Bu müalicə, müayinə müddəti onların
azadlıqdan məhrumetmə dövrünün tərkib hissəsinə daxil edilməlidir”.
Reabilitasiya mərkəzləri olmalıdır
Ekspert
bildirir ki, cinsi zorakılığa məruz qalmış azyaşlılar üçün də reabilitasiya
mərkəzlərinə ehtiyac var: "Cinsi istismara məruz qalmış azyaşlılar da psixoloji
müayinədən keçməlidirlər. Burada məxfiliyə xüsusi önəm verilməlidir. Bu cür
uşaqlarla işləmək, onların həm sosial-psixoloji, həm də tibbi problemlərinin
həlli üçün xüsusi reabilitasiya mərkəzləri olmalıdır. Çox təəssüf ki, ölkəmizdə
belə reabilitasiya mərkəzləri yoxdur. Reabilitasiya mərkəzləri həmin uşaqların
cəmiyyətdən təcrid olunmamağı, həyatlarına normal şəkildə davam etmələri
baxımından əhəmiyyətli rol oynayır. Zorakılıq halları ilə çox vaxt ailə
daxilində ögeylik olan zaman daha çox rastlaşırıq. Buna görə də sosial işçilər
və azyaşlılar komissiyası bu cür natamam ailələrlə ciddi maarifləndirici işlər
aparmalıdır”.
N.
Seyidov deyir ki, bu cür faktların aşkarlanıb qarşısının alınmasında
valideynlərin və müəllimlərin rolu böyükdür: "Təhsil müəssisələrində
müəllimlərlə, ailələrlə maarifləndirici görüşlər keçirilməlidir. Burada məqsəd
bu cür halların vaxtında aşkarlanıb qarşısının alınmasıdır. Bu tip mövzular
mütləq şəkildə pedaqoji universitetin və kolleclərin kurikulumunun tərkib
hissəsinə daxil edilməlidir. Bundan başqa, bütün təhsil müəssisələrində məcburi
qaydada zorakılığın öyrənilməsi kodeksi olmalıdır. Və həmin kodeksə müəssisələr
ciddi şəkildə riayət etməlidirlər. Belə cinayətlərin qarşısını yalnız bu cür
kompleks tədbirlərlə almaq olar”.
Özünə qapanıqlıq, gecələr qorxma, ünsiyyətdə problem
Azərbaycan Uşaqları İctimai
Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, cəza
tədbirlərinin sərtləşdirilməsini çox yüksək qiymətləndirir: "Cəza tədbirlərinin
sərtləşdirilməsi ilə paralel olaraq cəmiyyətdə maarifləndirmə işi getməlidir. Yəni
cinayətkarın fəaliyyətinin qarşısının alınmasından daha çox, ilk olaraq
azyaşlılara qarşı törədilmiş cinayət faktlarının açılması istiqamətində
profilaktik tədbirlər görülməlidir. Burada qəyyumluq komissiyaları və həssas
ailələrlə sosial işlər aparılmalıdır”.
Birliyin
sədri deyir ki, valideynlər və müəllimlər uşağı daim müşahidə etməli, onları
nəzarətdə saxlamalıdırlar: "Təhsil müəssisələrindən çox şey asılıdır. Məktəb
psixoloqları və müəllimləri uşaqlarla əlaqədə olmalıdır. Uşaq evdə deyə
bilmədiklərini müəllimlərlə və psixoloqla çəkinmədən bölüşməlidir. Psixoloq
uşaqlarla qrup işləri aparmalıdır. Valideynlər uşaqlarına daha diqqətli
yanaşmalıdırlar. Uşaqda hər hanısısa bir dəyişikliyin olub-olmadığını müşahidə
etməlidir. Özünə qapanıqlığın, gecələr qorxma hallarının olması, ümumiyyətlə
danışığında, hərəkətlərində, ünsiyyətində hansısa problem aşkarlanan zaman
dərhal mütəxəssisə müraciət etmək lazımdır”.
120 milyon qız seksual zorakılığa məruz qalır
Sosioloq Cavid
İmamoğlu deyir ki, seksual zorakılıq
uşaq hüquqlarının kobud sürətdə pozulması anlamına gəlməlidir: "Təcrübə
göstərir ki, təcavüzkar insanlara qarşı nə qədər sərt cəza tətbiq edilsə,
təcavüzlərin sayında bir o qədər azalma müşahidə ediləcək. Dünya praktikasında
uşaqlara qarşı zorakılıq edən təcavüzkarlar ən sərt şəkildə cəza alırlar. Bura
ölüm hökmü də daxil olmaqla ömürlük azadlıqdan məhrum etmələr aiddir. Təbii ki,
cəzaların tətbiqi prosesində törədilən cinayətin dərəcəsi də nəzərə alınır.
Təəssüflər olsun ki, ölkəmizdə mövcud cinayət məcəlləsində uşaqlara qarşı cinsi
zorakılıq törədilməsi halları geniş şəkildə əks olunmayıb. Cinayət Məcəlləsinin
150, 151, 152-ci maddələrində bu cür hallara görə tətbiq olunan azadlıqdan
məhrumetmə adekvat deyil. Xüsusi ilə də yetkinlik yaşına çatmayan şəxslərə
qarşı cins zəmində hər hansı bir addım təcavüz kimi qeydə alınmalıdır. Seksual
zorakılıq uşaq hüquqlarının kobud sürətdə pozulması anlamına gəlməlidir”.
Sosioloq qeyd edir ki, hər il dünyada 20 yaşdan
aşağı 120 milyon qız seksual zəmində zorakılığa məruz qalır: "Bu da dünyada hər
10 qız uşağından 1-i anlamına gəlir. Təəssüf ki, Azərbaycan reallığında bir
sıra hallarda təcavüzə məruz qalan qız uşaqları bu barədə valideynlərinə
məlumat vermək əvəzinə bu hadisəni gizli saxlamağa üstünlük verirlər. Bu isə zorakılıq
qurbanlarına adekvat dəstək verməyə mane olur. BMT-nin Uşaq Hüquqlarına dair
Konvensiyası qəti şəkildə uşaqlara qarşı hər hansı bir formada zorakılığı
qadağan edir və istənilən təcavüzkar ən layiqli şəkildə cəzasını almalıdır”.
Günel Azadə