• şənbə, 20 Aprel, 14:02
  • Baku Bakı 23°C

Ömürlərə sevinc, gözlərə nur paylayan insan

28.04.17 09:10 1486
Ömürlərə sevinc, gözlərə nur paylayan insan
Ömür payı Allahın insana bəxş etdiyi əvəzsiz nemətdir. Qonaq olduğumuz bu dünyada kiminin ömür yolu qısa, kimininsə uzun olur. Əslində vaxt-zaman baxımından hesablanan az, yaxud çox yaşamağın elə böyük fərqi, daha doğrusu, əhəmiyyəti yoxdur. Təki yaşadığın illər hədər getməsin, mənalı olsun, xeyirxah əməllərin yaddaşlara həkk olsun. Xoşbəxt o insandır ki, dünyasını dəyişdikdən sonra unudulmur, yaddan çıxmır, etdiyi yaxşılıqlara, xeyirxah əməllərə görə, xatirəsi qəlbləri isidir, xalqının yaddaşında əbədi yaşamaq hüququ qazanır, dünya şöhrətli oftalmoloq alim, vətənpərvər ziyalı, sülhsevər ictimai xadim, minlərlə insanın gözlərinə nur bəxş etmiş həssas qəlbli həkim, akademik Zərifə xanım Əliyeva kimi.

Bu gün artıq 32 ildir ki, aramızda olmayan, böyük bir nəslin yadigarı, bənzərsiz ziyalı, alicənab xanım akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümüdür. Zərifə xanım müasir xanımlarımız üçün alim qadın idealı, mükəmməl insan və bənzərsiz vətəndaş nümunəsidir. O, özünün yüksək intellekti, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmətini, sevgisini qazanmışdı. Ziyalı mühitində formalaşmış Zərifə xanım milli ailə dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsinin, uşaqların milli ənənələr ruhunda tərbiyə olunmasının vacibliyini çox gözəl dərk edirdi. Onun üçün atası - görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyev əsl həyat məktəbi olmuşdur. Dünyaya Şərur rayonunda göz açmış və həyatının sonrakı mərhələləri Bakı ilə bağlı olan Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Zərifə xanım tibbi fənləri dərindən mənimsəyən əsl həkim olmaqla yanaşı, digər fənləri də öyrənməyə eyni dərəcədə maraq göstərir, hərtərəfli inkişaf edirdi.

Həyatda qazanılan hər hansı bir müvəffəqiyyət, çox vaxt bəzi insanları dəyişdirir, onlarda təkəbbür, özündən razılıq hissləri yaradır. Lakin güclü mənəviyyata malik, özündə yüksək dəyərləri birləşdirən kamil insanın böyük iradəsi qarşısında zaman da aciz qalır. Ömrünün üstünə gələn qayğılı-qayğısız illərin Zərifə xanımı dəyişməyə gücü çatmadı. Ailəsinin şöhrəti artdıqca, insanlara daha çox yaxınlaşdı. Zərifə xanım həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. O, daim gərgin işləməsinə baxmayaraq, incəliyini və zərifliyini qoruyub saxlamağı bacarır, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Akademik Zərifə Əliyeva hesab edirdi ki, insan özünün biliyi ilə cəmiyyətə fayda verməli, özündən sonra bir iz qoymalıdır. Zərifə xanımı tanıyan hər kəs, hətta onunla bircə dəfə ünsiyyətdə olmuş insanlar da ona valeh olurdular. Onlara bəxş etdiyi nura, mehribanlığa, xeyirxahlığa görə Zərifə xanımı əziz və doğma hesab edirdilər.
Həyatda Zərifə xanımın taleyinə məhz Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Heydər Əliyevin ömür-gün yoldaşı olmaq düşmüşdü. Zərifə xanım ulu öndərə etibarlı mənəvi dayaq idi. O, Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri paylaşırdı. Ulu öndərimiz və Zərifə xanım insan kimi bir-birlərini tamamlayırdılar. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Zərifə xanım nə qədər işlə məşğul olsa da, ailəsinə daim diqqət və qayğı ilə yanaşırdı. O, ailədə mənəvi rahatlıq yaratmağa nail olmuşdu.
Çox təəssüf ki, özünün və ulu öndər Heydər Əliyevin birgə yorulmaz zəhmətinin bəhrəsi olan azad, müstəqil, sürətli inkişaf edən müasir Azərbaycanı görmək Zərifə xanıma nəsib olmadı. O, 1985-ci il aprelin 15-də əbədiyyətə qovuşdu.
Biz gənc nəsil bu gün çox xoşbəxtik ki, Zərifə xanımın və Heydər Əliyevin siyasi dühası sayəsində qurulmuş gözəl bir ölkədə yaşayırıq. İllər gəlib keçəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq nəcib və xeyirxah insan, görkəmli alim Zərifə Əliyevanın adı bitib-tükənməyən hörmət və sevgilərlə xatırlanacaq. Bu nurlu, saf insanı, dəyərli alimi, ismətli Azərbaycan xanımını xalqımız heç vaxt unutmayacaq və xatirəsini daim əziz tutacaqdır.
ÜlkərHəmidova,
Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsininSiyasi Sənədlər Arxivinin Elmi Araşdırmalar vəElmi Kitabxana şöbəsinin baş mütəxəssisi

banner

Oxşar Xəbərlər