• cümə axşamı, 18 aprel, 11:12
  • Baku Bakı 12°C

Ömürlər heçə dönür

05.11.18 15:45 987
Ömürlər heçə dönür
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz filologiya elmləri doktoru, ədəbi tənqidçi, "Ədəbiyyat qəzeti”nin şöbə müdiri Elnarə Akimovadır. Elnarə xanımın sevdiyi əsər Dino Bussatinin "Tatar çölü”romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Dino Bussatinin "Tatar çölü” romanı sizin sevdiyiniz əsərdir?
– Dino Bussatinin "Tatar çölü” həyatın mənasını, əslində, mənasızlığını ədəbiyyatın dili ilə ifadə etməyə gücü yetən nadir əsərlərdəndir. Əsəri oxuduğum ilk səhifələrdə o qədər cansıxıcı və quru təsir bağışlamışdı ki, bezib bir kənara atmaq istəmişdim. Amma getdikcə o qədər aludə oldum ki, göründüyü kimi, ən sevimli əsərimə çevrildi. Hansısa qüvvə baş qəhrəman Covani Droqo ilə birgə onun sizif əzabını yaşamaq təhrik edir adamı. Eko "Qızılgülün adı” əsərində yazır ki, mən bu əsəri kitabın ilk 100 səhifəsini oxumağa səbri çatanlar üçün yazmışam. Busatti də sanki insanın səbri üzərində təcrübə aparır. Sonluq isə möhtəşəmdir və müəllif sadiq oxucusunu bir ömür boyu onu tərk etməyəcək təəssüratla mükafatlandırır. Bu roman haqqında adətən belə bir fikir deyirlər: heç nə haqqında roman. Əslində isə roman həyatın mənasızlığını, absurdluğunu, heç nə olduğunu ibrət edən əsərdir. Bir də böyük insan tənhalığı var bu əsərdə. Bussati bu romanı 1940-cı ildə yazıb və əsərdəki hadisələrin başlanğıc tarixi 1907-ci il göstərilir. Bu dönəmdə bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil olurdu. Qərbdə sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurkən, əksər ölkələrin dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başlayırdı. Belə bir məqamda Dino Bussatinin "Tatar çölü” əsərini meydana qoyması bir tərəfdən, yazıçının uydurulmuş miflərə qarşı ironiyasını bədii təcəssüm predmetinə çevirirdisə, digər tərəfdən həmin dövr üçün xarakterik olan insanın dünyadan təcrid olunması, özünə qapanması, özünə yer tapa bilməməsi hallarını qabardırdı.
– Sizcə, bu əsərdəki "Tatar çölü” adlı ərazi, əslində, hansı həqiqi və məcazi mənanı daşıyır?
– Həqiqi mənada, Tatar çölü Bastiani qalasının yerləşdiyi ərazidir. Tarixi məqamlarına görə belə adlanır: "Tatar çölü”. Burada olan əsgər-zabit heyəti daim şimal tərəfdən, Tatar çölündən onlara qarşı hücumün olacağını ciddi şəkildə gözləyib bütün ömürlərini döyüş həyəcanına köklənməklə keçirirlər. Hücum isə olmur, beləcə insanlar gözləyə-gözləyə qocalır, arzu və ümidlər heçə dönür. Məcazi məna artıq burdan nəşət edir. Tatar çölü hamının içindəki mənəvi ərazinin, ümid dünyasının adıdır. Burada artıq səhra adının simvolik mənası da üzə çıxır. Zaman qum saatı kimi axır, ömürlər heçə dönür.
– Əsərin əvvəlində romanın baş qəhrəmanı Covanni Draqo ilk dəfə Bastiani qalasına gedəndə yolda Ortis adlı zabiti görür. Ortis ona qalanın çox çətin yer olduğunu söyləyir, başa salır ki, qalaya girdinsə çıxmaq müşküldür. Romanın sonunda bütün gəncliyini qalada keçirmiş qoca Draqo eyni sözləri bir başqa cavan zabitə deyir. İstərdim bu paralelliyin mahiyyətindən danışasınız...
– Paralelliyin mahiyyəti başlıca olaraq, oxucu nəzərlərində, oxucu duyumunda ehtiva olunan amillə bağlıdır. Əsərin əvvəlində biz bunları Ortisin fikirləri kimi oxuyanda hələ heç bir təəssüf hissi yaşamırıq. Çünki nə olacağını, bizi nəyin gözlədiyini bilmirik. Biz də Covani Droqo kimi nəyinsə olacağı, oxucunu əyləncəli, təlatümlü süjet xəttinin gözlədiyi ümidi ilə yola çıxırıq. Əsərin sonunda bu sözlərin Droqonun dilindən səslənişi isə təəssüf, ağrı, susqunluq kimi hisslər yaradır içimizdə. Çünki bu dəfə Droqo yola çıxmır, yoldan qayıdır. Həm də necə? Xəstə, qoca, yararsız şəkildə. Onun bütün ömrü gözlərimiz qarşısında keçdiyi və heç olduğu üçün sonda Droqonun gənc zabitə söylədiyi sözlər yeni bir mənasızlığın, növbəti puç olacaq ömrün başlanğıcına işarə kimi mənalanır.
– Romanın əvvəlində belə bir məqam var: Ortis söhbət zamanı Draqoya deyir: "Qala köhnəlib, bütün mənalarda köhnəlib”. Bu qalaya "ölü qala”, əsgərlərin qoruduqları sərhədə "ölü sərhəd” deyirlər. Qala nə zamansa əzəmətli olub, burda hərbi xidmət keçmək şərəf sayılırmış. Yaxud əbəs yerə Üçüncü Petronun sözünü xatırlayırlar: "Bastiani qalası – mənim üzüyümün qaşıdır”. Yaxşı olardı ki, sizin nəzərinizlə müəllifin köhnəliyə, itirilmiş əzəmətə, yersiz ciddiyyətə, lazımsız qayda-qanuna və qəhrəmanların başından çıxmayan keçmişin illüziyalarına münasibətini aydınlaşdıraq...
– Qaladakılara elə gəlir ki, onlar Bastiani qalasını qorumaqla ölkənin xilaskarıdırlar, vətənin təhlükəsizliyi onların əlindədir. Buradan getmək imkanı olan belə getmir. Məsələn, dərzi Rostomiviç, onun qardaşı. Hər qarşısına çıxana deyir ki, mənim buradan getməyimə az qalıb. Amma məlum olur ki, hər gün bu sözü deyə-deyə on beş ildi qalada qalırlar. Yaxud Anqustian imkanı olduğu halda getməkdə məna görmür. Palkovnik Filimore ümidinə köklənərək yaşayır. Yaxud o biri insanlar. Qala əsərdə həm də bir tale kimi simvollaşır. Sən qaçmaq istəsən belə qaça bilmirsən. Hamı hər an hücum, təhlükə gözləyir. Amma bunu deyənlər belə bilirlər ki, hücum filan yoxdur və olmayacaq. Buna baxmayaraq, ciddi görkəmdə, bütün hərbi qanunlara riayət edərək qalanın mühüm strateji məkan olduğunu sərgiləməyə çalışırlar. Hələ romanda parol məsələsi ilə bağlı epizod var. Deməli, parol hər gün, gündə üç dəfə dəyişdirilir, qalaya giriş-çıxış yalnız parolu bilən zabitlərə müyəssər olur. Əgər həmin adam parolu unudarsa əsgərlər qalaya daxil ola bilmirlər. Sanki hər gün ağır döyüşlərdən keçən ordu obrazı yaradırlar. Don Kixot yel dəyirmanları ilə vuruşan kimi bunlar da özlərini hücum xəbərinə, tatarlarla müharibəyə səfərbər edirlər. Müəllifin dediyi də budur, daim müdafiəyə öyrəşən insanlar həmişə bu əzmdə olacaqlar. Ciddiyyət olmadığı yerdə belə ciddi görkəm almaq onların düşüncə və həyat tərzinə çevrilir artıq.
– Niyə bu qalada dörd aylıq hərbi xidmətə gəlmiş insan ömrünün iyirmi ildən çoxunu burada keçməli olur?
– Dino Busattinin romanındakı zaman anlayışını Salvador Dalinin "Əriyən saatlar” tablosunun bədii nümunəsi hesab edənlər haqlıdırlar. Tablodakı qarışqa zaman içində çürüməyə, səhra sonsuzluğa, əriyən saatlarda yox olan zaman boşluğa, budaqsız ağac hüzura işarə olduğu kimi, romanda da şəhərdən xeyli uzaqlıqda yerləşən qala həm huzur, həm də qoynuna aldığı əsgərləri özündə "çürütdüyü” məkan, üstəlik zaman axışına rəmz olaraq mənalanır. Əsərdə vaxt elə sürətlə, həm də hissedilməz bir sürətlə keçib gedir ki, düzü, zaman anlayışının fərqinə varmırsan. Buna görə də, oxucu zamana deyil, zamansızlığa köklənir, talesizliyi izləyir, nəyəsə ümid edir. Hər dəfə nəyinsə dəyişəcəyinə ümid edə-edə səhifələri çevirir. Axı inanılmazdır, 290 səhifəlik bir kitab elə qum saatı kimi boşuna axıb gedən zaman üstə qurulub?! Amma romanın təhkiyəsi elə cazibəlidir ki, C.Droqonun əvvəlcə dörd aylıq gəldiyi xidmət həyatının necə dörd ilə çevrilməsi, daha sonra isə otuz ildən artıq zamanı adlaması sanki bir göz qırpımında baş verir. Romanda zamanın sürətlə keçib getməsini andıran çox gözəl bir fikir var: "Zaman o qədər sürətlə qaçırdı ki, onun ruhu qocalmağa macal tapmamışdı". Amma yazıçı bunu yalnız vaxtın axışında təsvir etməklə kifayətlənmir, qəhrəmanın fiziki varlığında belə zamanın axışı dərin izlər qoyur. Əsərdə bir neçə səhifənin sətirləri arasında müəllif bunu usta şəkildə təcəssüm etməyə nail olur: Droqo daha pilləkənləri iki pillə birdən qalxmır, atını daşlı meydanda irəli-geri qovmur, kart oynamaqdan imtina eləyir. Çünki Covani üçün gənclik şövqü bitir, heç nə onu əvvəlki kimi özünə cəlb edə bilmir.
– Sizin fikrinizcə, bu romanın bugünkü reallıqla üst-üstə düşən hansı məqamları varmı?
– Bu gün dünya, çox yer "Tatar çölüdür”, əslində. Savaşlar, müharibələr, qırğınlar, dünyanın dörd bir tərəfini sarmış qan səhnələri. Əksinə, dünyanın indi Covani Droqolara ehtiyacı var. Peşəsinə layiq, hərbçi qüruruna malik, bütün ömrünü bu qürur uğuruna fəda edə biləcək insanlara ehtiyacı var. "Tatar çölü” əsəri 1940-cı ildə yazılıb. O zaman ki, dünya "Tatar çölü”nə dönməyin ərəfəsində idi və tezliklə döndü də. Amma əsərin daha dərin mənası axı zamanın mənasızlığı ilə əlaqədardır. Çağdaş insan darıxır, çünki o, əzabların Pandora qutusudur. O, hər andan nəsə gözləyir, nəyisə dəyişəcəyinə ümid edərək yaşayır. Bu ümid uğuruna yaşayaraq bir də görür ki, son dayanacağa az qalıb artıq. Maraqlıdır ki, onda hələ bu əsəri oxumamışdım.
Qalada yaşayanlar zamanın əsirləridir, burada keçən hər gün onları olum nöqtəsindən ölüm nöqtəsinə yaxınlaşdırır. Amma məgər həyatda belə deyilmi? Hər kəsin həyatı bu arifmetika üstündə qərarlaşmayıbmı? Bastiani qalası bu mənada, insan ömrünün, həyat axışının sadə və kiçik modelidir. Müəllif bu adi həqiqəti daha dolğun ifadə etmək, qabarıq şəkildə göstərmək üçün sadə, dəbdəbədən uzaq bir məkan seçir. Tatar çölü, Bastiani qalası – ucsuz-bucaqsız təklik, azlıq simvolikası...
– Draqo ilk günlərdə həkimdən arayış alıb işindən ayrılmaq istəyir. Ancaq həkim onu azad etmək istəyəndə nədənsə tərxis olunmaqdan imtina edir. Deyir ki, "Mən sağlamam”. Sizcə, o, hansı səbəbdən belə bir gözlənilməz qərar verir?
– Covani Droqo hər şeydən əvvəl leytenantdır. Hərbçi qüruru var. Bu qürur ona əks hərəkət etməyə imkan vermir. Elə qalada bütün ömrünün keçirmək əzmi də qürurundan irəli gəlir. Xatırlayırsınızsa, əsərin əvvəlki hissələrində mayor Matti ilə söhbət zamanı o, özünü yalandan xəstəliyə vurmağı qüruruna sığışdırmayaraq bundan imtina edir. Eyni qürur hissilə o, qalaya gəldiyi ilk günlərdə anasına yazdığı məktubda da fərqli davranır. Ürəyi darıxmaqdan partlamaq dərəcəsinə gəlsə belə anasına hər şeyin yaxşı olduğunu, qaladakı həyatın çox gözəl keçdiyini yazır. Covani Droqonu dəyərli edən də məhz, içindəki qürur duyğusudur. Eyni zamanda Tatar çölünün sirli, vəhşi cazibəsi çəkir onu. Tək onu yox, qalada əksər xidmət edən digər şəxsləri. Droqo da tərxis olunmaq məqamı gələndə çölə baxır, şeypur səsinə qulaq kəsilir, ətrafdakı hər şey ona əlçatmaz görünür nəsə və o, hətta bir gün sonra buna peşman olmasına baxmayaraq, qalada qalmaq qərarını verir. Ümumiyyətlə, Covani Droqo romantik qəhrəmandır. Onun faciəsində bir az da laübalı xarakteri, daxilinə qapanıb qalması çox rol oynayır. Bütün günü əlində baxış borusu şimal çölünü seyr eləməklə keçirir, baharın gəlişini həsrətlə gözləyir, qarın əriməsi onda yeni ümidlərin oyanışı üçün vəsilə olur. Həzin xəyallar qanadında üzür. Özü də bu xəyallar onu çox vaxt gərgin iş həyatının içində yaxalayır. Ən çox arzuladı nəsnə dəniz kənarında əsrarəngiz sarayın olmasıdır. Dqoro hər dəfə getmək haqqında fikirləşir, amma buna çalışmır, cəhd etmir, qaladakı mühafizəkar şərait onu yenidən cəzb edib orada qalmasına səbəb olur.
– Əsərdə bir hissə Draqonun xəyalları ilə bağlıdır. Qəhrəman xəyal edir ki, az sayda əsgərlə böyük tatar ordusu ilə vuruşur, yaralanır, kral şücaətinə görə ona təşəkkür edir və s. Yazıçı qəhrəmanın xəyal etdiyi vaxt kəsimini "ümid saatları” adlandırır. Sizcə, bu xəyalları "Dranqonun Don Kixotluğu” adlandırmaq nə dərəcədə doğrudur?
– O ümid qalada xidmət edən bütün insanların içində var. Belə bir cümlə oxuyuruq romanda: "Qalanın divarları köhnədir, toplar köhnədir, burda nə varsa, hamısı köhnəlib, yalnız əsgərlərin ürəkləri cavandır”. Bu mənada, cavan ürəklərin ümid işığına köklənməsi təbiidir. Qaladakı insanlar bu ümidə görə bütün ömürlərini verirlər. Niyə? Çünki qalada hər kəsin həyatı eyni xətt, eyni tale boyunca davam eləyir. Onlar azacıq qaraltı, işarə görən kimi sevinir, hücum əmrinə köklənir, heç olmasa bircə dəfə də olsa döyüşüb ömürlərinin bihudə getmədiklərinə inanmaq, axıb gedən illərinə məna qatmaq istəyirlər. Burada onların həyatına yeganə rəng qatan nəsnə səhradan tatarların hücumu ola bilər ki, həm hərbçi rəşadətlərini göstərsinlər, həm də ömürlərinin bada getmədiyinə özlərini inandırsınlar. O da baş tutmur. O zaman baş tutur ki, onlar artıq qocalıb döyüş üçün yaramırlar. Belə... Taleyin amansız ironiyası.
Hətta polkovnik Filimore belə bircə dəfə də olsun şimaldan hücum olmasını, hamının ümiddən qurtulmasını çox arzulayır. Qalada xidmət edənlərin hər biri döyüşdə həlak olmağı şərəf bilirlər özlərinə. Bu onların sadəcə mənasızlığa üsyanı kimi qəbul edilməlidir. Hədər yaşamaqdansa, döyüşdə əsgər kimi ölmək yaxşıdı. Romanda bir epizod var, leytenant Anqustina sərhəd xəttinin müəyyən edilməsi zamanı dağın zirvəsində, tufanın burulğanlarında həlak olur. Bu, qaladakı əsgərlərdə həsəd doğurur, onlar bunu mənalı ölüm adlandırır: "O, elə bizim hamımız kimi nə düşmənlə döyüşdü, elə bizim hamımız kimi nə də müharibə gördü. Amma hər halda, döyüşçü kimi həlak oldu. Məsələ budur!”
Droqo da belə düşünən ləyaqətli zabitdir. O, ömrünün bu qalada boşa getmədiyinə inanmaq istəyir. Bu vuruş da ona daha çox öz ömrünün təsəllisi kimi lazım olur. Heç olmasa özü özünü inandırmaq istəyir ki, əsgər kimi qalanın müdafiəsində olub, şücaət göstərib, təltif olunub. Bunlar hərbçi düşüncəsi, arzuları üçün normal hal sayılmalıdır.
– Heç vaxt döyüş üçün gərək olmayacaq qalada hərbiçilər keşik çəkir, gecə-gündüz xidmət edirlər. Bu məqamları yazıçının bihudə zəhmətə ironiyası kimi başa düşmək olarmı?
– Bu əsərlə bağlı Mətanət Vahid yaxşı bir esse yazmışdı. Romanın Alber Kamyunun "Sizif haqqında əfsanə” ilə oxşar məqamlarından yazmışdı. Amma məncə fərqli məqamlar da var. Sizif haqqında əfsanədə oxucu sadəcə Sizifin əzablarını müşahidə edir. Romanda isə Droqo ilə birgə oxucunun da əməyinin puça getdiyini görürük. Axı biz də Droqo ilə birgə ümid etmişdik. Əsgərlərin qalaya hücum edəcəyinə, onun bir gün qaladan geri dönəcəyinə, yaxud hansısa dəyişik bir məqamın baş verəcəyinə. Bu mənada "Tatar çölü” yalnız Droqonun deyil, bizim də "ümid saatları”mızın puça dönmə məqamını əks etdirən əsərdir.
Qalada ətalət hökm sürür, ab-hava isə amiranədir. Hücum filan yoxdur, müharibə təhlükəsi boş illüziyadır, əsgərlər isə hər gün döyüş hazırlığı ilə bağlı ciddi təlimatlar keçirlər, mənasız istehkamlar qururlar. Onlar döyüşə can atan zabitlərdən heç nə ilə diqqəti cəlb eləməyən qarnizon qulluqçularına dönürlər. Droqo da həmçinin. Üsyan etmir, taleyini dəyişməyə çalışmır, eləcə olacaqların axarına qarışıb onları dinməz-söyləməz qəbullanır. Bu mənada, yazıçı insanın ömrünü mütiliklə sona verməsinə hardasa ironiya edir. Biz bunu ironiya adlandıraq, amma həm də belə deyil axı. Ömür onsuz da bir gün bitir. Hamı üçün bir gözləmə, darıxma nöqtəsi var. Bir də gəlib çatdığı sonluq. Ekzistenzial məqamlar: mən bu ömrü necə yaşadım? Droqo da sonda özünə bu sualı verir və təsəllini onda tapır ki, vicdanlı, təmiz bir ömür yaşayıb.
– Qalada xidmətdə keçənin bir günün iki gün hesab edilməsinə necə məna qazandırırsınız, sizcə, yazıçı bu detalla nə demək istəyir?
– Romanda bu, qalanın çox darıxdırıcı olması səbəbi ilə əlaqələndirilir. Belə olduğuna görə burada heç kim hərbi qulluq göstərmək istəmir. Ona görə, hərbi qulluqçuları cəlb etmək naminə qalada bir gün iki gün hesablanır. Yəni, heç olmasa bu yolla cəlb etmək istəyirlər hərbi qulluqçuları. Əsərdə belə epizod var. Zabit Ortis biləndə ki, Droqo qalaya öz istəyi əsasında gəlməyib, məhz göndərilib, buna çox təəccüblənir. Bu məqamı da müəllifin növbəti işarəsi kimi anlamaq olar. Dqoro ona həvalə olunan taleni yaşayır, sadəcə. Belə bir taleni qalaya yeni gələn zabit Moronu da gözləyəcəyi istisna deyil. Droqonun qalaya yeni gələn gənc zabitlə danışıb onu vaxt var ikən burdan uzaqlaşdırmağa çalışmaq cəhdi alınmır, hər dəfəsində söhbət baş tutmur. Niyə? Çünki taleyə müdaxilə lüzumsuzdur, o seçilmir, özü seçir.
– Draqo dörd illik xidmətdən sonra məzuniyyət müddətində doğulduğu şəhərə gəldikdə görür ki, çox şey dəyişib, o doğmaları, nə vaxtsa mehr saldığı, biganə olmadığı xanım Mariya ilə əvvəlki kimi ünsiyyət qura bilmir. Bircə anası dəyişməyib və bir də Droqonun evlərindəki otağı. Siz bu yadlaşmanı, təcridliyi nə ilə əlaqələndirirsiniz?
– Hər halda zaman və aradakı boşluq öz işini görür. Romanda bu, əsasən belə əlaqələndirilir. Droqo dörd illik xidmətdən sonra iki aylıq məzuniyyətə qayıtdıqda evi də qala kimi donuq görür, nə anası qocalıb, nə də sevdiyi qız Mariya. Amma anasının münasibətində dəyişiklik olmasa da Droqo hiss edir ki, əvvəlki həssaslıqdan əsər-əlamət qalmayıb. Əvvəllər onu addım səsindən tanıyıb oyanan anası indi Droqonun çağırışına hay vermir. Bu təlatüm həm də Covaninin öz içində gedir. O da əvvəlki olmadığını hiss edir. Əslində, dörd il keçmişdi, amma Covani düşünür ki, dostlarının hər şeyi əldə etməsinə rəğmən o, heç nəyə nail olmayıb. Və buna heç can atmır da. Məsələn, Mariya ona Hollandiyaya gedəcəklərini deyəndə həm özünün, həm də qızın həyatını dəyişmək üçün bircə "getmə” sözünü demək lazım olduğunu bilir. Amma demir, əksinə qızı getməyə bir az da həvəsləndirir. Çünki Covaninin içində Bastiani qalasının əsir havası hökm sürür. O, yenidən ora qayıtmağı düşünür. Hətta şəhərə ikinci məzuniyyətində Droqo ona verilən bir aylıq vaxtın ancaq iyirmi günündən yararlanır. Məzuniyyət vaxtı bitməmiş şəhəri tərk edib qalaya geri dönür. Çünki şəhər həyatı ilə qala arasında heç bir fərq görmür. Əsərdəki bu məqam mənə Barikkonun "Yeni əsr” romanını xatırlatdı. Bütün həyatını gəmidə keçirən pianoçu tək bircə dəfə sahilə çıxmaq qərarına gəlir və limana düşməmiş geri qayıdır. "Sən orda nə gördün ki, qayıtdın” sualına cavabı belə olur: iş bundadır ki, mən orda heç nə görmədim. C.Droqo da bu fərqi görmədiyi üçün geri qayıdır.
Eyni zamanda Covani obrazında qəribə bir tənhalıq sezirik. Bu tənhalıq o, qalaya gəlməmişdən hakim olur ruhuna. Covanni Droqo heç qalaya getməmiş darıxır. Düzdür, indi onun üçün yeni bir həyatın başladığını bilir, "amma hər halda Covanni Droqo ən yaxşı illərinin, ilk gənclik illərinin artıq qayıtmayacağını hiss eləyirdi”. Hətta özünü ona görə də qınayır ki, anası ilə görüşəndə onun üzünə qayğısız halda gülümsəyə bilmir. Bu nə idi? Qəhrəmanın xarakterindən irəli gələn – ancaq neqativə köklənmək duyğusumu, yoxsa müəllifin bədii priyomu? Hər halda əsərin sonluğu, obrazın aqibəti məhz ilk səhifələrdə ehtiva olunur: "hər şeydən güclü qəribə, onu rahat buraxmayan hiss, hansısa fəlakətli hadisələrin ola biləcəyinin ürəyinə dammasıydı, sanki gedər-gəlməzə yola düşürdü”.
– Qalada xidmət edənlər bir-birində elə təəssürat oyadırlar ki, sanki Bastianidə xidmət etməkdən doymurlar, amma sonra məlum olur ki, hamısı iş yerini dəyişmək üçün gizli-gizli planlar qurub, lazımı yerlərə müraciət ərizələri ünvanlayıblar. Bu sirrin, kələyin üstü açılandan sonra Draqo aldandığını anlayır. İstərdim söhbətimiz əsərin bu məqamına, qəhrəmanın reallıqla üzləşməsi anına yön alsın...
– Droqo bunu şəhərdə öyrənir. Məzuniyyətə iki aylıq gəldiyi müddətdə. Əslində, içində qalaya geri dönmək qərarı versə də tərxis olunmaq üçün müraciətini də edir nədənsə və bu zaman məlum olur ki, artıq qaladan bu məzmunda ünvanlanan iyirmi belə məktub var. Bütün digər məsələlər kimi Droqo bu xəbəri də etinasız qarşılayır. Heç nə olmamış kimi qalaya geri dönüb həyatına qaldığı yerdən davam edir. Qaladakılar tədricən oranı tərk etsə belə bu, Droqoya təsir etmir. Çünki o, hələ qarşıda uzun illərin onu gözlədiyi fikri ilə yaşayır. Amma onun sarsıldığı mayor Ortislə söhbətində üzə çıxır. Söhbət zamanı Droqo yəqinləşdirir ki, tatarların hücumu filan hamısı ortaya atılmış, bura gələnləri qalada saxlamaq üçün uydurulmuş mifdir, yalandır. Onu da bu mifə inandıraraq, istədiyi vaxt gedə bilməkdə azad olduğuna əmin edərək qalada saxlayıblar. Bir məqamı da vurğulayım ki, qaladan getməmək qərarını verənlərdən biri də Ortis olur. Droqo qalaya gəldiyi ilk gündə yolda qarşılaşdığı zabit. Zənnimcə, yazıçının Droqonu qalaya getdiyi yolda məhz Ortislə qarşılaşdırması da təsadüfi deyil. Qalada o insanlar qalmağa qərar verir ki, onlar mənsəb, şöhrətpərəstlik hissindən uzaqdırlar, sakit həyat onları təmin eləyir. Droqo da belə təmənnasız insanlardan biridir. Onun üsyankar olmaması, taleyə boyun əyməsi də içinin tənhalığından, dünya həvəsinə aludəçi olmamasından doğur.
– Romandan gəlinən bir qənaət əsəri dərk edən oxucuların məncə, həyat eşqini söndürür: sanki insanın qəlbi onu bütün ömrü boyu ümidlə "təmin edə-edə” aldadır...
– Dino Bussati ona görə reallığı tünd və çılpaq boyalarla təsvir edir ki, atmosferi daha aydın nəzərə çarpıdıra bilsin. Oxucu təəssüfünə, üzüntüsünə qadir olsun. Və məncə, buna nail olur. Əsərdən uzun müddət qopmaq olmur. Şüuraltında hədsiz şırımlar açır. Əsəri bir tale kimi qavramağa başlayırsan. Özü də bu insanın yalnız darıxdırıcı, tənha anları ilə bağlı məsələ deyil, hətta bu gün xoş, mənalı olan nəsə sabah, ya birigün mənasızlığa qarışır. Platon nə deyirdi? Deyirdi ki, su qalxanda balıqlar qarışqanı yeyər, su çəkiləndə qarışqa balığı. Amma hər iki halda "əsas suyun axışı”dır. Yəni bütün hallarda ömür su kimi axıb getmədədir və Bussatinin nasir kimi ustalığı da bu zaman axışını bir ömrün timsalında uğurla ifadə etməsindədir.
– Əsərdə karyera pillələrinin insanın həyatını, ömrünün mənalı çağlarını əlindən almasına, əvəzindəsə quruca ad qazandırmasına bir eyham var: Draqonu hərbi xidmət həyatın dərin mənası baxımından əliboş, heç nəysiz, heç kimsiz qoyur, qaladakı illər ərzində isə ucaldığı mənsəb mərtəbəsi isə leytenantlıqdan kapitanlığa olur.
– Droqo heç bu adın uğuruna yaşamır da. O, sadəcə ləyaqətli əsgər olmağa çalışır. Otuz ildən artıq bir zamanını qalada xidmətə sərf edir. Sonda Simeoninin yeni gələn zabitləri yerləşdirmək üçün onu otağından çıxarmaq, şəhərə yola salmaq istəyini biləndə keçirdiyi həyəcan da bununla bağlı olur. O, döyüşdə olmaq istəyir, keşik çəkilməsinə nəzarət etməyə belə razı olur, təki onu qaladan qovmasınlar. Droqo sadəcə işinə vurğun, mətin bir əsgərdir əsərdə.
– Droqo qalaya hücum olan ərəfədə, yəni əsas gün, missiyasını həyata keçirmək məqamında qoca və xəstə olduğuna görə oradan uzaqlaşdırılır. Heç kəs ona rəhm etmir. Məhz illərlə gözlədiyi müharibə günü qaladan çıxarılır, təqaüdə göndərilir. Yazıçı, sizcə, obrazın aqibətini niyə bu cür ikibaşlı əks etdirir, bununla müəllif nə demək istəyir?
– Sadəcə, həmişə qüvvədə olan "bütün yaxşılıqlara görə ölüm” aqibətidir bu. Covani də bu aqibəti yaşayır. Yazıçı bütün ömrünü fəda vermənin qarşılığında insanı heç də həmişə mükafatın gözləmədiyini vurğulayır.
Məncə, əsərin sonundakı o hücum, müharibə həyəcanı da simvolik məna daşıyır. Əslində, oxucu inanır ki, hətta tatarların hücumu olsa belə qaladakı ab-hava dəyişməyəcək. Tatarların hücumu ilə bağlı qaladakı "mif”i diri saxlamaq isə qalaya təşrif buyuran növbəti zabit və əsgərlərə ondan danışmaq üçün zəruridir. Covanni Droqo geri qayıdarkən, yolda yeni bir zabitə – Moroya rast gəlir və o da, bir zaman zabit Ortisin ona dediyi sözləri təkrarlamalı olur. Beləcə, Covaninin aqibəti ilə sanki hər şey sıfırlanır, həm də Moro ilə yenidən başlayacağı və təkrarlanacağı istisna olunmur.
– Əsərin sonuna yaxın Draqo yatan bir uşağı seyr edir: İlahi o necə sakit yatıb, ruhu necə dincdi, böyüklər kimi həyəcanverici yuxular görmür, ürəyi qayğısız-qayğısız döyünür. Sonra o özünü – uşaq Dranqonun necə sakit yatdığını təsəvvür edir. Xəyal edir ki, nə vaxtsa o da uşaq olanda beləcə dinc yatıb və onu şirin yuxuda olanda bir zabit kənardan seyr edib və həmin zabit öz halına acıyıb. İstərdim əsərdəki bu möhtəşəm səhnə haqqında fikirlərinizi bölüşəsiniz...
– Ümumiyyətlə, əsərdə yuxu motivi qabarıqdır və əksər obrazların hekayətləri ilə bağlı təsvirini tapır. Bu da təbiidir. Çünki qaladakı insanların həyatı darıxmaqla, gözləməkdən yorulmaqla, xəyallar, illüziyalar içində yaşamaqla keçir. Gündüz şüuraltında yaşadıqları hallar gecələr yuxularında yenidən təzahür edir. Əksər vaxt da xoşbəxt, qayğısız, gülümsər, rahat. Reallıqda olduqlarının tam əksinə. Covaninin də qocalmış, yorğun, əzgin ruhu geriyə dönümdə fərəhli olan ancaq bir dövrə tutuna bilərdi – ömrün ən saf uşaqlıq çağlarına. Onu kənardan seyr edən zabit isə bir neçə yozuma imkan yaradır. Bu, onun taleyi mənasında anlaşıla bilər. Böyüyüb bu uşağı hansı gələcəyin gözlədiyini bildiyi üçün halına acıyır. O, həm də Droqo kimi uzun illər əvvəl ömrünü qalada bada verən zabitlərdən biri olaraq simvollaşır. Çünki Droqo bu taleni yaşamağa müncər olmuş tək zabit deyil.
– Əsərin finalı çox acınacaqlı olur: belə başa düşülür ki, insan taleyində heç nəyi dəyişə bilmir. Necə ki, baş qəhrəman könülsüz olaraq qalaya göndərilir, eləcə də istəməyə-istəməyə qaladan uzaqlaşdırılır və hər iki halda onun rəyi, arzuları nəzərə alınmır.
– Droqo qalaya gedən yolda Ortislə qarşılaşır. Bayaq siz dediyiniz kimi, Ortis onu yoldan çəkindirməyə çalışır. Droqo da eyni sözləri qaladan qayıdarkən orda qulluq üçün yeni göndərilən əsgərə deməli olur. Yəqin ki, həmin əsgər də eyni sözləri iyirmi ildən sonra qalaya gələn növbəti əsgərə deyəcək. Beləcə, insanlar darıxa-darıxa məhv olacaq. Roman da məhz bu məqama işarə kimi yazılıb. Biz sadəcə bir əsgərin – Droqonun timsalında bu ömrü izləməli oluruq. Amma Ortisin də, yeni gələn əsgərin də həyatı eynixətlidir. Və nəhayət, onların hər biri ümumən insanlığın ömür yolunun bariz örnəkləridir. Dünyaya gəlmək, hər zaman ümidlə nəyi isə gözləmək, gözləyə-gözləyə qocalmaq və ölmək... Biz bir ömür nümunəsində həyatın boşluğu üzərində düşünürük.
Sonluq, doğrudan da, fəci, sarsıdıcıdı. Bütün ömrünü döyüşü gözləməklə bitirən Covani bir karvansara köşəsində, yataqda xəstə və tək ölməyi özünə sığışdırmır. Ölümə belə döyüşçü ruhu ilə təslim olur. Kresloda oturur, mundirinin boyunluğunu hamarlayır, pəncərədən çölə baxır və beləcə dünyanı məğrur bir qürurla tərk edir. Heç olmasa son məqamda inanmaq istəyir ki, o ömrünü bihudə yaşamadı. Bu özünüaldatma təəssüf, doğursa da, Droqonun timsalında həyatın gücünə, ümid hissinin sonsuzluğuna inandırır.
– Dranqo təmiz adamdır, bəs niyə onun bu cür ürəkağrıdan tale nəsibi olur?
– Maraqlı da budur ki, bu insanın həyatının bada getməsində konkret heç kəsin günahı olmur. Droqonun həyatı ona ayrılmış tale yolu kimi dərk olunur. Təsadüfən bu qalaya göndərilir, ordan çıxmağı özünə sığışdırmır, hər an qəhrəmanlıq məqamını gözləyə-gözləyə qocalır və nəhayət, hücum məqamında yararısz sayılıb çıxdaş edilir. Covanni Droqonun ölümü gülər üzlə, son hərbçi qürurunu toplayaraq qarşılaması və özünü inandırması ki, onun vicdanı ləkələnməyib və Allah onu bağışlaya bilər, əsərin gəlib çatdığı ən gözəl dünyanıdərk məqamıdı, zənnimcə.
– Sizin üçün bu gün rəmzi mənada Bastiani qalası haradır, müasir insanların elə bir ünvanları varmı?
– Bu əsərdə qəhrəman sadə bir həqiqəti ömür boyu gözləyir. Onu tapanda isə həyatını itirmiş olur. Nəyəsə nail olmağa cəhd belə eləmədən ömrünü gözləməklə bitirir. Bu, elə hər kəsin boyuna biçilən ömür yoludur. Nə fərqi var, hamımız hansısa qalanın içində ömrü xərcləyə-xərcləyə yaşlanmırıqmı? Daim nəyisə, hansısa dəyişmələri gözləməklə keçir ömrümüz. Hamının həyatı əslində, vaz keçə bilmədiyi Bastiani qalasıdır.
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər