AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaratmış sənətkar

Mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaratmış sənətkar

Mədəniyyət
05 Dekabr 2019, 11:30 391
Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür

Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubu ilə fərqlənən və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.

AZƏRTAC xəbər verir ki, bu gün romantik və realist personajları, mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaratmış Xalq artisti Həsənağa Salayevin anadan olmasının 98-ci ildönümü tamam olur.

Bakıda dünyaya göz açan Həsənağa Salayev 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib bir ildən sonra yenidən doğma teatra qayıdıb.

Həsənağa Salayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edib. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Uilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb.

Həsənağa Salayevin kinoda yaratdığı xarakterik rolları isə bu gün də tamaşaçılar tərəfindən baxılır, sevilir. Aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmdə rol alıb. O, "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.

Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada tərəf müqabillərinə diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.

Görkəmli kinorejissor Rza Təhmasibin 1960-cı ildə çəkdiyi "Onu bağışlamaq olarmı?” bədii filmində aktyora ikinci planlı rol olan kapitan Qüdrət obrazı həvalə edilir. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin sözü az olsa da, ictimai davranışın, nizam-intizam qaydalarının formal cəhətini, ailə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsiplərini peşəkar aktyor lirik və psixoloji nüanslarla göstərib. Filmdə biz Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsində təmkinli, səmimi davranışlarını görürük. Dram janrında çəkilən filmin bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribançılığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Dram aktyorunun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir.

Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını tamaşaçı şair Səməd Vurğunun "Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii-televiziya filmində də görür.

Əsərin televiziya filmi kimi ekranlaşdırılması nəzərdə tutulsa da, ssenarini yazan Kamil Rüstəmbəyov ona bədii film kimi quruluş verib. Bununla da Kamil Rüstəmbəyovun adı Azərbaycan kino tarixinə ilk bədii-televiziya rejissoru kimi daxil olub. Filmdə əsas rollardan birini - Əmirxan obrazını yaratmaq H.Salayevə həvalə edilib. Az sayda aktyorun yer aldığı filmdə tərəf-müqabillərinin ekran dueti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

"Aygün” bədii-televiziya filmi yeni ailə qurmuş gənclərin sosial həyat şəraitindən, qarşılıqlı münasibətlərindən bəhs edir. Filmin mövzusu bu gün də aktualdır. Çünki bu gün də ailədə gender bərabərsizliyini yaradan, evdə öz hökmranlığını bayağı şəkildə yeridən Əmirxanlar az deyil.

Yüksək qazanc əldə etdiyinə görə özünü qüsursuz kişi sayan Əmirxan vaxtının çoxunu əyyaş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət arasına çıxmasına lüzum görmür, yeganə övladı ilə maraqlanmağa vaxt tapmır. Əmirxanın ailədən uzaqlaşıb içki dostlarına yaxınlaşması onun sevgi ilə qurduğu yuvasını itirməsi ilə nəticələnir.

Filmdə Əmirxan köhnəliyin, mövhumatçılığın, Aygün isə tərəqqipərvərliyin, yeniliyin nümunəsi kimi göstərilib. Əmirxan gec də olsa cəmiyyətin cılız şəxsiyyəti olduğunun fərqinə varır. O, karyerasına ciddi yanaşmaqla ətrafındakıların hörmətini yenidən qazandıqdan sonra ailəsinə qayıdır. Lakin buna qədər tamaşaçı filmdə yetkinlik yaşına çatan qızını tək böyüdən ananın - Aygünün (Nəcibə Məlikova) məşəqqətlərini görür. Bu gün də aktuallığını itirməyən filmin yaradıcı heyəti qarşılarına qoyduqları məqsədin, yəni Azərbaycan ailəsinin davranış etikasını, bütövlük, dağılmazlıq prinsipini maksimum səviyyədə tamaşaçılara çatdıra biliblər.

H.Salayev yaratdığı hər bir obrazın xarakterik cəhətlərini kiçik ştrixlərinə qədər açır. O, Əmirxan rolunun tipik cəhətlərini çox kadrda mono ifası ilə göstərərək aktyorluq potensialının çoxcəhətliliyini, fərdi iş üslubunu göstərmiş oldu. Sonda həyata sağlam düşüncə ilə baxan Əmirxan yalnız müsbət xarakterlərin, sağlam psixologiyanın həmişə insanlığı dəyərləndirən əsas səbəb olduğunu göstərməklə vicdan təmizliyinin varlığını təsdiqləyir. Psixoloji dram janrında çəkilən filmdə hadisələrin ziddiyyətlərinin açılması, əsərin mənasının tamaşaçıya çatdırılması məhz Həsənağa Salayevin yaratdığı Əmirxan obrazının üzərinə düşür. Onun kino yaradıcılığında daim nəzərə çarpan obrazların dəqiq mövqelərini çatdırmaq prinsipiallığı çəkildiyi bütün filmlərdə özünü göstərib.

Aktyorun epizodik rolları da yaddaqalan olurdu. Məsələn, "Görüş” filmində aktyorun yaratdığı Musa obrazı mülayim, səmimi keyfiyyətlərə malik olan bir personajdır. Üçüncü planlı rol olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrinin axıcılığına rəvac verir, rejissor və müəllif ideyalarını səmimi formada tamaşaçıya çatdırır. Filmin baş qəhrəmanı Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən Musa obrazı mənfiliklə-müsbətin, yalanla-doğrunun təzadlı anlayışı kimi diqqəti cəlb edir. Musa məsləyinə, sevgisinə, insanlarla münasibətində dəqiq olan bir personajdır. Onun müsbət keyfiyyətləri, əsl azərbaycanlı kişisinə məxsus xarakterik cəhətləri filmin ideyasına tamlıq gətirirdi.

H.Salayev "Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində də iştirak edib. Aktyorun səsləndirdiyi rolların mənfi və ya müsbət olmasından asılı olmayaraq onun ahəngdar səs tembri obrazların şəxsi mənini, daxili aləmini tamaşaçıya tamlıqla çatdırır, dublyaj sənətinin ən azı kinonun özü qədər ciddi bir sənət növü olduğunu göstərirdi.

Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.