Ömürdən qalan izlər
İnsan dünyaya gəlir
və ona yazılmış ömrü yaşayır, sonra da bir saniyədə gözlərini əbədi yumub əbədiyyətə
qovuşur. Əslində onun mənəvi ömrü bundan sonra başlanır. Amma bu da hamıya qismət
deyil. Çünki sən ikinci ömrünü öz əməllərinlə, xeyirxahlığınla, xalqına, millətinə
xidmətinlə, yaratdıqlarınla və digər məziyyətlərlə elə qazanmalısan ki,
unudulmayasan. Unudulmamaq! Bilmirəm, başqaları bunu necə qiymətləndirirlər, mənim
düşüncəmə görə xoşbəxtliyin bir rəngi də elə budur. Ən dəhşətli məqam
unudulmaqdır. Dünyada etibardan, vəfadan da gözəl dəyər yoxdur ki, əzizlərinə,
doğmalarına, millətinin fədakar, ləyaqətli övladlarına sədaqətli olasan, onları
anasan, tanıdasan. Belə bir müdrik fikir var "unutma ki, unudulmayasan”. Hərdən qürur duyuram ki, əlimə qələm aldığım
gündən mənim yazılarımın əsas istiqaməti məhz belə şəxsiyyətləri xatırlamaq
olub. İndi çalışdığım televiziya kanalında da elə bu amala xidmət edirəm. Bu
yaxınlarda maraqlı, mənalı, həm də keşməkeşli ömür yaşamış bir şəxsiyyətin
övladları ilə söhbət edirdim, xatirələr bizi çox uzaqlara apardı. Duydum ki, təzadlı,
amma şərəfli həyat yoluna imza atmış bu vətən oğlu və millət aşiqi barəsində
mütləq yazmalıyam. Çox dürüst deyimdir ki, insan yad edildiyi qədər yaşayır.
Onun ailəsi Zəngəzur mahalının Qarakilsə
bölgəsinin (sonradan adı Sisian rayonu) Comərdli kəndində yaşayırdı. Salvartı dağının ətəyində yerləşən Comərdli
azərbaycanlıların yaşadığı gözəl kəndlərdən biri idi. Bu kəndin yerli əhalisi qədim
türk tayfası Kəngərlilərə məxsus ailələrin məskunlaşması hesabına yaranmışdır.
Burada yaşayan insanların əsas məşğuliyyəti taxılçılıq, tərəvəzçilik,
heyvandarlıq və s. idi. Evə çörək pulu gətirmək üçün bəzi cavanlar Bakıda neft
mədənlərində çalışırdı. Bu gənclərin arasında Hüseyn də var idi. Təzəcə evlənmişdi.
Yaxşı iş qurmaq, Bakıda ev almaq ailəsini yanına gətirmək arzusundaydı. Müjdəli
bir xəbər onu Comərdliyə qanadlandırıb. Evdəki körpə qığıltısı ürəyini dağa
döndərib. Humay adlı qızına Tanrı qardaş qismət eləmişdi. Körpəyə atasının
ismini verib: Rzaqulu (vaxt gələcək o da öz oğlunun adını Hüseyn qoyacaq-F.X.)
və köksünə sıxaraq "qayıdışın mübarək olsun, atam” pıçıldayıb. Amma... Bu xoş
günlərin ömrü çox az olub. Erməni vəhşilərinin Zəngəzurda törətdikləri
qan-qadanın illərə düşən ləpirləri pozulmaq bilmirdi. 1905-1907, 1915, 1918-ci
illərdə soydaşlarımızın başına gələn fəlakətlər nəticəsində yalnız yaşayış yerlərimiz,
evlərimiz yandırılıb, talan edilmədi. İnsanlarımız minbir vəhşiliklə qətlə yetirildi. Həmin
vahiməli illərdə Hüseynin də ailəsi bu zülmə tuş gəldi. Daşnaklar neçə-neçə ailəni
başsız qoydular. Rzaqulu da, bacısı Humay da doğmalarını - valideynlərini bu
faciənin nəticəsində itirdilər. Daşnaklardan qurtulanların bir qismi Naxçıvana
üz tutdu. Hüseynin bacısı İzzət xanım qətlə yetirilmiş qardaşlarının balalarını
çox uzun zillətdən sonra tapdı. Onları bağrına sıxaraq bu çarəsizlərə nəinki
bibilik, əsil analıq etdi. Beləliklə, Razaqulu, bacısı və digər yetim qalmış əmiuşaqları
da Əlirza kişi ilə İzzət xanımın himayəsində böyüdülər, həyatın sitəmlərinə
qalib gəldilər. Ailə böyük, dolanışıq ağır
və çətin illər idi. Amma ailədə olan xoş ovqat, səmimiyyət, münasibətdəki
mehribançılıq hamını ürək və can yanğısında birləşdirdi. Birlik dirilik gətirər.
Əlirza Əliyev öz uşaqları ilə birlikdə Rzaqulunun da oxuması üçün mənəvi və
maddi dayaq ola bildi.
Əmək fəaliyyətinə erkən başlayan Rzaqulu
Quliyev sonralar müxtəlif ali məktəblərdə təhsil alıb. 1944-cü ildən Azərbaycan
respublikasının dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb və 35 il bu
orqanlarda nümunəvi xidmət edib. İctimai-siyasi həyatın fəal iştirakçısı olan
Rzaqulu Quliyevin xalq arasında böyük nüfuzu və hörməti var idi. Onun əmək
kitabçasına çox bölgələrimizin adı düşüb: Şərur, Ordubad, Naxçıvan, Əli
Bayramlı, Bakı... Harada, hansı vəzifədə çalışmasına baxmayaraq, həm öz işində
nümunəvi olub, həm də insanlara can yanğısı ilə yanaşıb. Əslində uşaqlıq illərində
ermənilərin törətdiyi talançılıq və soyqırımılardan çəkdiyi əzablar onu çox həssas,
qəlbiyumşaq etmişdi. Millətini çox sevirdi, bax buna görə də, hər kəsə kömək əlini
uzatmağı, xeyirxahlığı bacarırdı. Sinəsində mərhəmətli ürək döyünürdü.
Baxmayaraq ki, ona üz tutanlar əslində öz şikayətlərini başqa ünvanlara bildirməli idilər. Onların problemlərini
həll etmək Rzaqulu Quliyevin
missiyasına aid deyildi, amma o, heç kimin ürəyini qırmaz, naümid qaytarmazdı.
O, çalışdığı rayonun, şəhərin həyatı ilə yaşamağı bacarırdı. Burada bir həqiqəti
də etiraf etmək lazımdır. Rzaqulu Quliyev elə zamanda təhlükəsizlik
orqanlarında çalışıb ki, millətimiz repressiyalardan yeni çıxmışdı, ikinci
dünya müharibəsinin acılarını yaşamışdı. Hər iki zülmün vahiməsi canlardan çəkilməmişdi
də... Başı hər cür bəla çəkmiş
insanlarımız DTK-ya birmənalı münasibət bəsləmirdi. İnanan da var idi, ehtiyat
edən də, amma Rzaqulu Quliyevi hamı sevirdi. Ondan nəinki qorxmurdular, əksinə
ona etibar edirdilər, hətta bütün dərdlərini
Rzaquluya danışır, ondan imdad istəyirdilər. Yaxından tanıyanların xatirələrindən
bəlli olur ki, Rzaqulu Quliyev sadə, təvazökar, əməksevər idi. Həssas və soyuq
düşüncəyə, alovlu ürəyə, eləcə də çirkaba bulaşmamış əllərə malik bir şəxsiyyət
kimi yaddaşlara iz salıb. Ustad jurnalistimiz Elmira Axundova "Təmiz ad qoyub
getdi” adlı məqaləsində qəhrəmanımızın məziyyətlərini belə ifadə edib: "Rzaqulu
böyük həyat məktəbi keçmiş, zəngin təcrübəyə malik insan idi. O, elə bil
operativ işçi doğulmuşdu. Bununla yanaşı, son dərəcə təmiz qəlbli, alicənab
insan idi”.
Sözü ilə işi düz
gələn, ictimai borcunu hər şeydən yüksəkdə görən Rzaqulu Quliyev bacarıqlı kəşfiyyatçı,
mətin çekist idi. O, xalqın, millətin maraqlarını həmişə şəxsi istəklərindən
üstün tutardı. "Onda insanlarla işləmək, insanı dinləmək, onun problemlərini
duymaq istedadı var idi. O, insanların statusuna, sosial vəziyyətinə məhəl
qoymadan onlara kömək edirdi... Onda ədalət hissi güclü inkişaf etmişdi.
Xırdaca ədalətsizlik onu özündən çıxarırdı” (Elmira Axundova). Bu məqamda bir
haşiyə çıxmağı da özümə borc bildim. Rzaqulu Əlirza Əliyevin ailəsində böyümüşdü.
Onun tərbiyə aldığı mühit elə mənəvi dəyərlərlə zəngin idi ki, başqa cür olmaq
da mümkün deyildi. Xüsusi ilə də Heydər Əliyevlə olan yaxınlıq, doğmalıq, hətta
həyata baxışlarındakı eynilik onları qohumluqdan çox, dost etmişdi. Aralarında
8 yaş fərq var idi. Heydər Əliyev böyük məhəbbətlə ona "dayı” deyirdi. Rzaqulu
Quliyevin yadigarı, sevimli qızı Zərifə xanım əzizləri arasındakı ünsiyyətin rəsmini
sözlərlə belə çəkir: "Gənclik çağlarında onlar bir yerdə yaşamışdılar və
xüsusiyyətlərindəki oxşarlıq dərhal özünü büruzə verirdi. Söhbətləri də,
zarafatları da tuturdu. Heydər Əliyev atamı sevməklə yanaşı, ona böyük kimi çox
hörmət edirdi. Onların xətti də, hətta imzaları da oxşar idi. Ədəbiyyata, musiqiyə
çox maraq göstərərdilər. Eyni zamanda, bir neçə dil öyrənmişdilər”.
O dövrün müxtəlif mükafatlarına, orden və
medallarına layiq görülmüş Rzaqulu Quliyev 1979-cu ildə "İnturist” Ümumittifaq
Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı,
Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində rəisi müavini və
Bakı Xalq Deputatları Sovetinin deputatı olub. Həyat yoldaşı Zərri xanımla
birlikdə üç övlad böyüdüblər: Hüseyn Zərifə,
Aidə. Nə xoş ki Rzaqulu Quliyevin oğul və qızları atalarının arzu və diləklərinin
çiçək açması üçün əsl fədakarlıq göstərərək ləyaqətli ömür sürür və faydalı işlə
məşğuldurlar. Siyasətimiz, sağlamlığımız, yaşayışımız - bu üç amilin möhkəmliyi
yolunda əllərindən gələni səfir, həkim və iş adamı kimi əsirgəmirlər.
1982-ci ilin aprel ayı.... İşlədiyim "Azərbaycan
müəllimi” qəzetində növbətçi idim. Bildirildi ki, nekroloq gözlənilir. Qara xəbər
tez yayılır. Məlum oldu ki, dünyasını dəyişən Rzaqulu Quliyevdir. İnanılmaz
idi. Heç 67 yaşını belə tamamlamayan, möhkəm iradəli şəxsiyyət kimi tanıdığımız
bu unudulmaz insanın zahiri görkəmi də belə təsir bağışlayırdı, amma çəkdikləri
onu içindən yeyirmiş. Tezdən işə gedərkən qəfildən dünyasını dəyişib... O ağır
günü göz yaşları ilə xatırlayan Zərifə Quliyeva söyləyir: "Əvvəlcə özümüzü
itirdik. Sonra lazımi yerlərə zəng etdik. Heç on dəqiqə çəkmədi ki, Zərifə
xanımla Heydər Əliyev bizə gəldilər. İndiki kimi yadımdadır, Heydər Əliyev iki əliylə
başını tutaraq əyləşdi. Onun dediyi hüzünlü sözlər hələ də qulaqlarımdan çəkilməyib: "...mənım bir hissəm ölüb”.
...Şəkillərə baxıram. Heydər Əliyevlə
Rzaqulu Quliyevin birlikdə çoxlu fotosu var. Sonuncusunda da ümummilli
liderimiz dərin bir hüznlə gənclik dostunun, doğmasının tabutunu çiynində
aparanların ön sırasındadır. Yadıma 34 il öncə nekroloqda oxuduğum son cümlə düşdü:
"Azərbaycan xalqı öz sədaqətli və fədakar oğlunu heç vaxt unutmayacaq”. İllər də
təsdiqlədi ki, həqiqətən də xalq və Vətən üçün çalışıb yaşayanlar heç bir zaman
unudula bilməz. Mənalı ömürdən qalan izlər zamana meydan oxuyur, amma pozulmur.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist