• çərşənbə, 24 Aprel, 00:57
  • Baku Bakı 14°C

Murat Karaçanta: “Doğma Bakıdan olsa-olsa məmur kimi ayrıldım... “

13.05.16 14:58 2203
Murat Karaçanta: “Doğma Bakıdan olsa-olsa məmur kimi ayrıldım... “
...Türkiyə Səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslanın xidmət müddəti başa çatdıqdan sonra ölkəmizdən gedişini məyusluq bəxş edən bir hadisə kimi qarşıladıq. Amma yeni müşavirin gəlişi və kimliyi ilk gündən bu məyusluğumuzu xeyli yumşaltmış kimi göründü. Yeni müşavir Murat Karaçanta ilə ilk rəsmi tanışlıqda MŞ-nın sədri Əflatun Amaşovun səmimiyyətlə söylədiyi fikir də yadımdadır: görək Seyid Əhmədin uğurlu fəaliyyətindən sonra Murat bəy jurnalistlərimizi daha nələrlə heyrətləndirəcək?!
Onda Murat Karaçantanı Azərbaycanda yaxından tanımasalar da, haqqında olan ilkin bilgilər ona böyük ümidlər və sevgilər yaratdı. Türkiyənin Qars şəhərində doğulub, babaları vaxtı ilə Qərbi Azərbaycandan gedənlərdən olub. Uzun illər qardaş Türkiyənin 3-cü böyük şəhəri olan İzmir şəhərinin Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsində çalışıb. İlk tanışlığımız da 4 il əvvəl İzmirdə baş tutmuşdu. Burada yaşayan azərbaycanlıların (Türkiyədə "azəri” deyəndə ilk olaraq Qars və Ərzurumdan gələnlər yada düşür) yaxşı tanıdığı və güvəndiyi bir məmur kimi tanıdım o vaxtlar Murat bəyi. Hər görüşümdə də ondan gördüyüm isti münasibətlər, onu mənə daha çox sevdirdi, sevdirdi...
Bir gün də eşitdim ki, Bakıdadır, qonaq kimi yox, həm də Türkiyə səfirliyinin mədəniyyət müşaviri kimi. Ürəyimdən ilk keçən də bu oldu ki, bir dostum getdi, amma nə yaxşı ki, yerinə qardaşım gəldi…
...Düz 6 ay bundan əvvəl Murat bəyi bu hisslərlə qarşılamışdım. Bir neçə dəfə səfirlikdə və müxtəlif tədbirlərdə görüşdük. Demək olar ki, bütün çıxış və təkliflərində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verilməsi önəmli olan töhfələrdən danışırdı. Danışırdı və hər bir çıxış və təklifi böyük sevgi və alqışlarla qarşılanırdı. Dəfələrlə "nə vaxt qonağım olacaqsan?”,- təklifimə "yox” deməzdi, "işdən vaxt tapan kimi” cavabını verərdi. İşdən vaxt tapmaqsa mümkün olmadı. Səsi Azərbaycanın hər bir bölgəsindən - Gəncədən, Şəkidən, Tovuzdan, Ağsudan gəldi, Tehranda, Tbilisidə sərgidə olduğunu eşitdim. İndi baxıram ki, keçən 6 ayı Murat bəy bal toplayan arı kimi işlədi, xeyli işlər gördü.


İlk müsahibim kimi dedikləri indi də yadımdadır:

- Əslində mən öz doğma vətənimə gəlmişəm. Hələ 20-ci illərdə Sovetlər dönəmi yeni qurulanda Sibir sürgünündən qaçıb can qurtaran babalarım Qarsa üz tutmuşlar. İllər uzunu burada yaşayıb ev-eşik sahibi olmuş və buraları Vətən bilmişlər. Onlar Qərbi Azərbaycanın Qaraçanta kəndindən idilər. Amma Vətəni unutmaq, ondan vaz keçmək heç vaxt mümkün olmayıb. Nənəm bu dünyaya göz yumanda Vətən, torpaq deyə-deyə, doğmalarının adlarını çağıra-çağıra can verib. Babalarım kəndlərinin adını özlərinə soyadı kimi qəbul etmış, doğma yurd-yuvalarına olan həsrətlərini bununla dəf etməyə çalışmışlar. Şükürlər olsun ki, bu əmanəti nəslimizin onlarca övladları bu gün də şərəflə daşəmaqda və qorumaqdadırlar.
- Bakı ilə bağlı ilk təəssüratınızdan danışın...
- Bu mənim doğma Bakıya məmur kimi ilk gəlişim olsa da, əvvəllər də dəfələrlə ziyarət etmişəm və hər gəlişim könlümə yeni bir ruh verib. Məmur kimi gəlişim də taleyin bir xoş qismətidir. Azərbaycana böyük arzularla gəldim və burada gözlədiyindən də böyük məhəbbətlə qarşılandım. Azərbaycanın bugünkü böyük uğurları məni də çox fərəhləndirir, xoşbəxt edir. Güclü, tərəqqi etmiş Azərbaycanın müstəqilliyinin ilk günləri ilə indisini müqayisə etdikcə çox böyük bir qürur duyuram. Mərhum ümummilli lider Heydər Əliyevin bütün Türkiyədə dillər əzbəri olan "bir millət-iki dövlət” kəlamı Türkiyə-Azərbaycan münasibətləri haqqında söylənilən ən böyük bir deyimdir. Azərbaycan və Türkiyə haqqında nə qədər yazılıb söylənilsə də bu deyimdən yuxarısı yoxdur. Əslində böyük Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi də ulu öndərin bu məşhur ifadəsi ilə tam üst-üstə düşür. Buraya olsa-olsa böyük türk şairi Bəxtiyar Vahabzadənin iki misrasını əlavə etmək olar: ” Bir ananın iki oğlu, Azərbaycan-Türkiyə”.
- Türkiyə ilə Azərbaycan arasındakı mədəni münasibətlər Türkiyədən nə cür görünür? Uzun illər məsul vəzifədə çalışan bir dövlət məmurunun söyləyəcəkləri bizim üçün maraqlıdır.
- Xalqlarımız və ölkələrimiz arasındakı əlaqələrin tarixi o qədər qədimdir ki, ola bilsin bu barədə günlərlə danışsaq belə az olar. Xalqlarımız arasında çox güclü bağlar tarixən mövcud olmuşdur. Buna soykökü bağlılığı, qan bağlılığı, din bağlılığı kimi onlarca adlar qoymaq olar. Amma fərqi yoxdur adını nə qoyursunuz qoyun həqiqət birdir: iki dövlət-bir millət! Aramızdakı bugünkü əlaqələr hər hansı bir təmənna əsasında qurulmayıb. Eyni zamanda Türkiyə ilə Azərbaycanın yüksək səviyyəli münasibətləri bütün sahələrdə çox mükəmməl və sivil qanunlara söykənir. Təbii ki, bu qanunlar da iki ölkə arasında mədəniyyət və turizm sahələrindəki işbirliyinə möhkəm təməl yaratmışdır. İki ölkə arasında turizm əlaqələri 1992-ci ildə imzalanan "Turizm işbirliyi anlaşması” ilə rəsmiləşib. Bu gün də iki ölkə arasında bütün sahələrdə, eləcə də turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda turizm sektorunda çox böyük layihələrlə çıxış edirlər. Hətta ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar da çox vaxt bizim olduqca isti olan qardaşlıq münasibətlərimizə darlıq edir. Bizim hər işimizin təməlində böyük bir səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət və digər sahələrdə hər hansı bir problemlə üzləşməmişik, ümidvaram ki, bundan sonra da üzləşməyəcəyik. Belə düşünürəm ki, bu barədə uzun danışmağa ehtiyac da qalmır, çünki hər şey başadüşüləndir.
- Azərbaycanda fəaliyyət göstərdiyiniz müddətdə hansı işlərə imza atmaq fikriniz var? Bu barədə konkret deyəcəkləriniz varmı?
- İşə başladığım ilk gündən əvvəlki həmkarımın fəaliyyəti ilə qismən də olsa tanış oldum. Seyid Əhməd Arslan Bakıda çalışdığı illərdə xeyli işlər görməyə müvəffəq olmuşdur. Görüşdüyüm ziyalıların, jurnalistlərin söylədikləri kimi mədəniyyət, sənət və turizmlə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Ölkə mediası ilə yaxşı əlaqələr qurulub. Azərbaycanın tanınmış mətbuat mənsublarının Türkiyəyə səfərlərini təşkil etməklə Türkiyənin turizm imkanları Azərbaycanda yaxşı tanıdılıb və sairə. Əlbəttə, bunlar söhbət əsnasında xatırladığım faktlardır və şübhəsiz ki, uğurlu fəaliyyətin bəhrəsidir. Təbii ki, Azərbaycan ictimaiyyətinin və mətbuat orqanlarının yaxından köməyi ilə bu işlər daha geniş çərçivədə davam etdiriləcək.
Azərbaycandan Türkiyəyə gedən turist sayı orta statistik rəqəmlə ildə 650 mindir. Bu rəqəm 2015-ci ildə 602 min olub. Orta hesabla 8 faiz azalma var. Türkiyədən Azərbaycana isə 2015-ci ildə 344 min turist gəlib. Bu, bizim istədiyimiz rəqəm deyil. Bu rəqəmin artırılmasının yollarının axtarmalıyıq. İki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı təbliğatınaparılmasına ehtiyac var.
Bir də yeri gəlmişkən, fikrimdə olan bir məsələni də deyim: Türkiyə son dövrlərdə tibbi turizm sahəsində populyar ölkələr sırasına daxil olmağı bacarıb. Səhiyyə, iqtisadi və turizm nazirliklərinin birgə çalışmaları nəticəsində bu sektorun güclü inkişafı indi bütün dünyanı cəlb edir. Türkiyə diş, göz və estetik əməliyyatların ucuz başa gəlməsi və müxtəlif tibbi sahələr üzrə keyfiyyətli xəstəxanaların olması ilə xarici vətəndaşlar arasında rəğbət qazanıb. Tibbi turizm çərçivəsində xəstəxanalar əcnəbi xəstələr üçün oteldə yerləşmədən tutmuş, hava limanına çatdırılmağa qədər çox geniş xidmət növlərini təklif edir. Qardaş Azərbaycanın vətəndaşlarının da bu layihələrdə yer alması ümdə planlardandır.
Təbii ki, bu kimi fikirlər, görüləsi işlər onlarcadır. Amma hər birimizin bildiyi, ata-babalarımızdan miras qalar bir yaxşı misal da var: niyyətin hara, mənzilin ora! Hər halda niyyətimiz xoş məramlara xidmətdir. Əminəm ki, azərbaycanlı qardaşlarım da bu xoş məramların həyata keçməsində öz köməklərini əsirgəməyəcəklər.
- Murat bəy, Türkiyənin 3-cü böyük şəhəri olan İzmir tarixdə olduğu kimi, bu gün də Egey bölgəsinin bir incisidir. İqlimindən tutmuş yerləşdiyi coğrafi məkana qədər hər bir gözəlliyi insanı heyran edir. Böyük sərvəti sayılan termal su qaynaqlarının çoxluğu həqiqətən bu bölgəyə Allahın bir lütfüdür. Bu deyilənləri bir az da artırmaq olar. Belə olan halda birdən-birə bu gözəl diyardan ayrılmaq qərarı çətin olmadımı?
- Düzü, nə gizlədim, bu sualı mənə verənlər olub. Doğrudan da Egey sahili boyunca uzun bir məsafədə uzanan İzmir bu gün dünya çapında təkcə Roma dövründə dünyanın ən böyük şəhərlərindən olan, bütün İon mədəniyyətinin zənginliklərini özündə saxlayan Efesin, Müqəddəs Məryəm ana məbədinin arxeoloji və tarixi əsərləri ilə deyil, həm də iqlimi, təbii zənginlikləri, meyvələri və geotermal qaynaqları ilə məşhurdur. Dünyanın dörd bir yanından buraya uz tutub axın edən insanlar təkcə şəhəri ana kimi qolları arasına alan Egey dənizinin lacivərd sularına baş vurmaqdan zövq almır, həm də buranın termal su hovuzlarının müalicəvi üstünlüyündən yararlanır ki, bu da İzmiri turizm məkanı olaraq dünya miqyasında cəlbedici edir. Ziyalı və səmimi adamları isə bu şəhərin ən böyük sərvətlərindəndir. Bunlar sizin söylədiklərinizə bir əlavə olsun.
Amma bir az əvvəl söylədiyim kimi mənim Azərbaycana gəlişim həyatımın və qismətimin ən uğurlu tale yazısıdır. İllər boyu ata-babalarımın həsrətlə və nigarançılıqla söhbət açdığı doğma diyara qovuşmaqdan üstün nə ola bilərdi?! Dediyim kimi nənəm bu dünyaya göz yumanda Vətən, torpaq deyə-deyə, doğmalarının adlarını çağıra-çağıra can verdi. Bunlar mənim uşaqlıq xatirələrimin amansız və yaralı, eyni zamanda müqəddəs xatirələridir. Bakıya ayaq basanda da fikrimdən ilk olaraq bu xatirələr keçib və bir anlıq mənə elə gəlib ki, ata-babalarımın narahat və nigaran ruhları da indi xeyli sakitləşib. Bu və bu kimi amallar məni az bir vaxtda böyük bir inkişaf yolu keçən doğma məmləkətimə-doğma Azərbaycanıma daha çox məftun etməkdədir.
- Bu məncə, Azərbaycan mətbuatına müşavir kimi ilk müsahibələrinizdən oldu. Uğurlar arzulayıram.
- Elədir, çox sağ olun və yeri gəlmişkən bildirim ki, mətbuatın mənə olan ehtiramını ilk gündən hiss etdim. İşə başlamağımla əlaqəli xəbərləri onlarca mətbuat orqanı əhatəli bir şəkildə tirajladılar. Minnətdaram və əminəm ki, bundan sonra da qazandığım və güvəndiyim dostlarımın sırasında mətbuat işciləri birincilərdən olacaqdır. Yeri gəlmişkən hər addımda dəstək və köməyini hiss etdiyim həmkarlarıma da təşşəkkürlərimi çatdırmaq istərdim. Bu sırada sayın böyük elçimiz Alper Coşqunun və dəyərli həmkarım, səfirliyin mətbuat müşaviri Hamit Karadənizin adını mütləq qeyd etməliyəm.

Aprelin sonunda Tiflisdə keçirilən sərgiyə getməmişdən əvvəl Bakıda -Xəzəryanı regionda turizm sahəsində mühüm tədbir olan "AITF-2016” sərgisində söylədikləri də yadımdadır: "Dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının təqdim olunması baxımından bu sərgi bizə əla fürsət verdi. Sərgidə çoxlu xarici şirkətin iştirakı diqqət çəkirdi. Müxtəlif xarici ölkələrə məxsus pavilyonlarda ölkələrin ecazkar təbiəti, zəngin mədəniyyət nümunələri möhtəşəm səyahət məkanları kimi təqdim olunur. Sərgidə iştirak edən 30-a qədər agentlik, turizm nümayəndəliyi, İzmir, Konya kimi şəhərlərin Böyükşəhər bələdiyyələrinin təmsilçiləri Türkiyəni-Şərq ilə Qərb mədəniyyətləri arasında bir körpü olan Anadolunu sərgi iştirakçılarına hərtərəfli tanıtmağa çalışdı. Fəxrlə deyə bilərəm ki, bizim pavluyon sərginin ən gur, şən və böyük maraq doğuran bir hissəsi idi. Azərbaycanın dövlət başcısı c-b İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın stendimizi ziyarəti bizim üçün sürpriz oldu. Tərtibatına görə də stendimiz sərginin bir nömrəli diplomuna layiq görüldü.”
... İndi Murat bəylə olan bu söhbətlərimi xatırlamağa səbəb səfirliyin mətbuat xidmətindən aldığım məlumat oldu: "O, Səfirliyinin mədəniyyət və tanıtma üzrə 3 aylıq müvəqqəti müşaviri təyin edilmişdi. Vaxtını 3 ay da artırdılar. Sonra isə geri çağırıldı və dünən getdi. Yerinə hələ yeni müşavir təyin edilməyib”.
Murat Karaçanta yenidən Türkiyəyə, doğma İzmirə-əvvəlki işinə döndü. Uğurlar diləyirik. Hər halda onun fəaliyyətini yenidən əvvəlki iş yerində davam etdirilməsi qərarı da Türkiyə ilə əlaqəli olduğundan heç müzakirə mövzusu da ola bilməz. Amma Azərbaycanda 6 ay çalışan və iki qardaş xalqın əlaqələrinə böyük töhfələr verən müşavir Murat Karaçanta yaddaşlarda Azərbaycan və türk sevdalı bir insan kimi qaldı. Ən önəmlisi də ulu tarixlərdən yadigar olan qardaşlıq yolunun təməllərinə yeni töhfələr verdi, ondan sonra gələnlərə rahatlıq gətirən və örnək ola bilən töhfələr...
Bir də özü demiş, doğma Bakıdan olsa-olsa bir məmur kimi ayrıldı! Burda qardaş kimi, dost kimi yolunu gözləyənlərin sayı isə özünün düşündüyündən də coxdur, lap çoxdur...

P.S. Yazı çapa hazırlanarkən maraqlı bir məlumat da aldım: Azərbaycan kinematoqrafçıları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində böyük xidmətləri olan Nuru paşa haqqında film çəkməkdədirlər. Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək 1918-ci il sentyabrın 15-də Bakıya daxil olan Qafqaz İslam Ordusunun qəhrəmanlıq tarixi haqqında bilməyən yoxdur. Bakının «Sentrokaspi diktaturası»ndan – menşevik-eser və daşnak qoşunlarından azad olunduğu 15 Sentyabr bu gun də tariximizin ən şanlı səhifələrindəndir. Hərbi nazir Ənvər Paşa o vaxtlar Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm".
Qısası, film çəkilişi haqqında ideyanı ortaya qoyan və dəstək verən də TC Səfirliyinin müşaviri Murat Karaçanta olub. Sözardı bircə bunu demək istədim: Sayın Murat bəy, türk dünyası sizin də bu xidmətlərinizi heç vaxt unutmayacaq!!!



Namiq Əhmədov,
Əməkdar Jurnalist,
”Qızıl Qələm”, ”Araz”, Həsən bəy Zərdabivə TÜRKSOY-un Beynəlxalq Media mükafatcısı



banner

Oxşar Xəbərlər