• çərşənbə axşamı, 16 aprel, 15:24
  • Baku Bakı 19°C

Murad Boz: “Eşqsiz yaşaya bilmərəm”

14.01.14 11:25 1670
Murad Boz: “Eşqsiz yaşaya bilmərəm”
Türkiyənin məşhur müğənnisi Murad Bozun martda Azərbaycana gələcəyi ilə bağlı söz-söhbət dolaşır. Murad Boz Türkiyənin ən çox konsert proqramı ilə çıxış edən və türk dünyasının yaraşıqlı ifaçısı kimi tanınır.
İfaçı Türkiyədə ən çox sevilən sənətçilər sırasında yer alıb. Bundan başqa, “O səs Türkiyə” musiqi yarışmasında münsif heyəti kimi yer alan müğənninin vətənimizdə kifayət qədər tamaşaçısı olduğunu nəzərə alaraq, Türkiyə mətbuatına verdiyi son müsahibəsini sizə təqdim edirik. İfaçı müsahibəsində sənətə çətinliklərlə gəldiyini, gənc yaşlarında balacaboy, eybəcər biri olduğunu söyləyib.
Məcbur idim

- Murad bəy, istərdim, həyatınızın dönüş nöqtəsindən danışasınız.

- Özəl universitetlərin birində caz-vokal dərsləri alırdım. Ailəmin maddi vəziyyəti çox pis idi. Vəziyyət belə olan halda, ya oradakı təhsilimə davam etməli, ya da çalışıb nə yol ilə olursa-olsun ailəmi dolandırmalı idim. Həyat elə gətirdi ki, mən dərsdən ayrılıb işlədim və az yaşımda ailəmi dolandırdım. Əgər həyat bu şəkildə davam etməsəydi, yəqin ki, bir çıxış yolu tapardım və onda da ən az bu qədər məşhurlaşardım. Bilirdim ki, musiqi məni çox xoşbəxt edəcək. Həmin an verdiyim qərar mənim bu günlərə gəlməyimə səbəb oldu. Verdiyim qərara görə də heç zaman peşman olmadım. Əvvəllər hər şeydən çox təsirlənirdim. Bu işə yeni başlayanda bir sıra xətalarım da oldu. Ancaq zaman keçdikcə özümü inkişaf etdirdim və bu günlərə gəlib çıxdım.
- Müğənni olmağa qərar verdiyinizdə neçə yaşınız vardı?

- Məktəbdə oxuyan zaman bizə musiqi dərsini tədris edən Rizvan müəllim anama İstanbuldakı “Gözəl sanatlar Anadolu məktəbi”-ndən danışdı. Anamın dəstəyi ilə o məktəbə getdim. O zaman 15 yaşım vardı və sonra da hər şey öz-özünə gəldi.
- Murad Boz olandan sonra dəyişmədiyinizi, hələ də eyni adam olduğunuzu özünüzə necə isbat edirsiniz?

- Mən dəyişmədim, ancaq çevrəmin dəyişdiyini düşünürəm. Məşhur olandan sonra çevrənizin sizin haqqınızda fikirləri və sizə baxışı dəyişir. Misal üçün, qohumlarım mənimlə görüşmək istəyirlər, onlara “vaxtım yoxdur” deyirəm. Ancaq mən məşhur olmazdan öncə də vaxtım yox idi, bütün günü işləyirdim. İndi isə qohumlarım “Məşhurlaşıb bizi saymır” deyirlər. Bu mənə pis təsir edir. Həqiqətsə odur ki, mənim elə ən yaxınlarım onların özləridir. İndi heç nə dəyişməyib, sadəcə pulum var.
Onlara aşağıdan yuxarı baxırdım

- Sizin üçün eşq nə deməkdir?

- Mənim üçün eşq hər şeydir. Mən eşqsiz yaşaya bilmərəm. Məhəbbət mənim üçün bir ehtiyacdır. İndi yaşadığım eşqlə, əvvəllər yaşadığım eşq arasında çox fərq var (Gülür). Əvvəllər kiminləsə münasibətdə olarkən daha çox həyəcan keçirirdim. Bir də nəzərinizə çatdırım ki, məktəb illərində çox çirkin oğlan olmuşam. Sinif yoldaşlarımın iki metrlik boyu olanda mən 1.50 m. idim. Hər zaman sinif yoldaşlarıma aşağıdan yuxarı baxmışam. Üstəlik, onların da əksəriyyəti məşhur idi. Özümdə böyük kompleks hiss edirdim.
- Yaxşı, bəs sizi məşhur və gözəl bir insana çevirən həmin o dəyişiklik nə zamandan başladı?

- Mən heç bir zaman özümə “Gözəl görünürəm, yaraşıqlıyam” deməmişəm. Sözün düzünə qalsa, uzun illər güzgüyə baxanda özümü heç də bəyənməmişəm. Universitetə girdiyim ilk illərdə idmana gedib, özümə fikir verməyə başladım. Həmin illər çox cılız bir oğlan idim. Zaman ötdükcə dəyişməyə başladım.
- Sizin üçün hansı qadınlar gözəldir?

- Mənim üçün gözəllik heç zaman fiziki görünüşə görə olmayıb. Mənə görə oturub söhbət edə bildiyim, yaxın bir dostum kimi onunla dərdimi paylaşa bildiyim qadın gözəl qadındır. Əgər söhbət edərkən qarşımdakı insandan enerji almıramsa, onu bəyənmirəm. “Gözəl qadın” kəlməsini sadəcə dost olaraq deyə bilərəm. Çox istəyirəm ki, dostlarımdan hər dəfə nəyisə öyrənim.
- Murad Boz hazırda xoşbəxtdirmi?

- Bəli, xoşbəxtəm. Amma beynimdə bir çox suallar var, onlara cavab tapa bilmirəm. Beyni suallarla dolu olan bir adam hər dəqiqə xoşbəxt ola bilmir. Normalda həyatıma baxanda sakit və xoşbəxt görünürəm. Ancaq çox şey haqqında düşünürəm. Bilirəm ki, bu mənim işimə ziyandır.
- Türkiyədə ən çox konsert verən müğənnilər sırasındasınız. Bildiyim qədəri ilə, mayda 19 konsert verdiniz.

- “Aşklarım böyük bəndən” albomum çox bəyənildi. Çünki içində hər zövqə uyğun mahnılar var idi. Düşünürəm ki, mahnıların burada böyük yeri var. Bundan başqa, “O səs Türkiyə” layihəsinin bəyənilməsi və “Yedigün” kimi markanın üzvü olmağım mənə marağın artmağına səbəb oldu. Ondan sonra daha çox sevildiyimi hiss etdim. İnsanlar mənimlə birlikdə mahnı oxumaq üçün konsertlər verməyimi tələb edirlər.
Halımdan məmnunam

- Türkiyənin əksər hissələrində aparılan sorğulardan məlum oldu ki, siz qadınlar tərəfindən ən çox arzulanan kişilər sırasındasınız.

- Bu barədə xəbərim var idi. Pərəstişkarlarımın mənə olan münasibəti səhnədəki enerjimə çox böyük təsir edir. Etiraf edim ki, bəyənilmək və arzu edilmək mənim ruhumu oxşayır.
- Səhnədə olmaq sizə nələr hiss etdirir?

- Minlərlə insan hamısı bir ağızdan sizin mahnılarınızı 90 dəqiqə ərzində oxuyursa, siz nə hiss edərsiniz? Mən tamaşaçılarımdan böyük bir enerji alıram. Bu duyğunu sözlə ifadə edə bilmirəm. Səhnədə olmağın verdiyi həzzi başqa heç nədən ala bilmirəm.
- İstərdim gələcəyinizə aid planlarınızdan danışasınız.

- Musiqi mənim həyatımdır. Allah izn verdiyi qədər bu işlə ömrümün sonuna kimi məşğul olmağı düşünürəm. Özəl həyatıma gəlincə isə, hazırki halımdan çox məmnunam.
- Sizin həyatınızda Eliz xanımın yeri nədən ibarətdir?

- Uzun müddətdir ki, onunla bir həyatı paylaşıram və onunla xoşbəxtəm. Eliz mənim ən böyük dəstəkçimdir.
- Məşhur biri olaraq xoşbəxt bir evlilik yaşamaq asan olmamalıdır, məncə…

- Özümü tanıyandan uzunmüddətli münasibət yaşayıb, xoşbəxt olmuşam. Bunun tərsini də təcrübədən keçirdim, ancaq gördüm ki, xoşbəxt deyiləm. Ona görə də əvvəlki həyatıma qayıtdım. Pərəstişkarlarımın mənim qədər Elizi də bəyəndiklərinin şahidi oluram.
- Elizlə tez-tez ayrılıb-barışmanızın sizi daha çox gündəmə gətirdiyini düşünmüsünüzmü?

- Xeyr. Məsələ heç də belə deyil. Ümumiyyətlə, bu mövzuda danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, biz xoşbəxtik. Bir-birimizi çox sevirik. Münasibətlərimiz də çox yaxşı davam edir.
- Məşhursunuz, yaraşıqlısınız və sizə böyük maraq var. Ancaq buna baxmayaraq, Eliz xanımdan başqa biri ilə eşq dedi-qodularınızı heç eşitmədik.

- Heç zaman eşitməyəcəksiniz də… Çünki həyatımda ondan başqası olmayıb. O, mənim tək həyat yoldaşım və sevgilimdir. Mən eşqdən doyan insanam. Bütün fikrimi musiqiyə və layihələrimə yönəltmişəm. Onsuz da həyatımda sevdiyim bir qadın var. Bir kişi daha nə istəsin ki… Əgər beynimdə başqasına qarşı nəsə bir hissim olsaydı, oturub Elizlə danışıb, ondan ayrılardım. Bizim onunla elə bir münasibətimiz var ki, danışıb mədəni şəkildə ayrıla bilərik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər