Ömür Vəfa etsəydi... - Fotolar
O,
teatr sənətimizə bir-birindən maraqlı obrazlar bəxş etdi. Tamaşaçıların
yaddaşında gülər üzü, mənalı gözləri, şaqraq gülüşü ilə qaldı”. İndi də adı gələndə,
Azərbaycan teatr tarixində öz silinməz izini qoyan əməkdar artist Vəfa Fətullayevanın
haqqında yalnız xoş sözlər eşidilir, yarıda qırılan taleyi təəssüflə anılır...
Rejissorluqdan
teatrşünaslığa
Vəfa Fətullayeva SSRİ xalq artisti Hökumə
Qurbanova, teatr rəssamı Nüsrət Fətullayevin ailəsində böyümüşdü. Vəfanın
teatra sevgisinin ailə kökləri vardı. Üstəlik, əmisi Fəttah Fətullayev, əmisi oğlu,
rejissor Hafiz Fətullayev kimi sənət adamlarının əhatəsində böyüməsi onun qəlbinə
təkcə sənətin toxumlarını səpmədi, həmçinin səmimi qəlbli, kübar bir insan kimi
tərbiyə etdi. Vəfa hər bazar günü dostları ilə Dram Teatrına gedir və onlar
üçün ayrılmış xüsusi lojada oturub tamaşalara baxırdılar. Sonradan isə evdə
yaddaşlarına həkk olunmuş obrazları təkrarlayırdılar. İlk dəfə səhnəyə çıxanda
8-9 yaşı vardı. Şekspirin "Qış nağılı”nda kralın oğlu Mamili obrazını oynayır.
Həm də anası ilə bir tamaşada rol alması gələcək aktrisanın sənət aləmində ilk
addımı olur.
Vəfa Fətullayevanı Teatr İnstitutuna gətirən də bu
həvəs idi. O, Rus Dram Teatrının rejissoru Məhərrəm
Haşımovun kursunda oxuyurdu. Günlərin birində oxuduğu fakültəni teatrşünaslığa
dəyişməsinin maraqlı tarixçəsi var: "Bir müddət öz xarici görkəmini nəzarətsiz
buraxdığından, Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun diqqətindən
yayınmır və bir gün dərslərin birində "qız, sən yaman kökəlirsən, bunun axırı
hara gedəcək?” deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın seçimini
həll edir. O, bir müddət dərsə gəlmir. Sonradan məlum olur ki, Vəfa heç kimlə məsləhətləşmədən
fakültəsini dəyişərək teatrşünaslığa keçib”.
V.Fətullayeva1970-ci ildənAzərbaycan Dövlət Dram
Teatrında çalışmağa başlayır. Anası - SSRİ xalq artisti Hökumə Qurbanova, atası
teatrın tərtibatçı rəssamı Nüsrət Fətullayevlə çiyin-çiyinə çalışması ona həm də
mənəvi ruh verir.
Vəfa bu teatr məbədinin sevilən aktrisasına
çevrilir. Bir-birindən maraqlı rollar oynayır. Sənət yoldaşları ilə xoş münasibəti,
daim şən əhval-ruhiyyədə olması onu hamıya sevdirir. Ailə həyatının uğursuz
olması isə Vəfanı sənətinə qarşı həvəsdən salmır, əksinə, teatra daha çox
bağlanır. Vəfanın sənətlə bağlı böyük arzuları vardı. Çoxlu rollar oynamaq istəyirdi. Amma qismət olmadı. Ömür
vəfa etmədi...
Aktrisa yaradıcılığının ən yaxşı dövründə ağır xəstəliyə düçar oldu. Vəfa
dünyasını dəyişəndə 42 yaşı vardı.
V.Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev
onun çətin günlərinin şahidi olmasından danışırdı: "Vəfa həyatının son dörd ayını xəstəxanada keçirdi. Son günlərində də
onun yanında oldum. Hətta onun haqqında veriliş hazırlamaq niyyətində idim. Bir
gün "hamıya veriliş elədin, bir məndən başqa” dedi. "Vəfa, sənə yaxşı bir
veriliş hazırlayacam. O verilişdə oynamaq istədiyin rolları üzə çıxaracam” -
deyə təsəlli verdim. Çox sevindi. Hətta artıq verilişin planını da tutmağa
başladıq. Amma ömür vəfa etmədi...Sağ ikən onun
haqqında veriliş hazırlaya bilmədiyimə görə hələ də içim yanır. Vəfa çox gözəl
insan idi. Ürəyi yumşaq, mehriban, şən, zarafatcıl, deyib-gülən... Üzündəki təbəssüm
heç vaxt əskik olmurdu. Ürəyində hamıya qarşı sonsuz məhəbbət vardı. Həyatı,
yaşamağı çox sevirdi. Teatrda elə bir adam yox idi ki, onu sevməsin. Çünki heç
kəsin qəlbinə toxunmamışdı”.
Vəfanın səbirsizliklə gözlədiyi
veriliş - "Ömür vəfa etsəydi” isə ölümündən sonra efirə çıxdı. "Onun ölümü
çoxlarının qəlbini parçaladı. Vəfanın ölümünə çoxları yandı. Atası Nüsrət Fətullayev
yeganə övladının itkisinə dözməyib 2 aydan sonra rəhmətə getdi. Anası Hökumə
Qurbanova isə xəstəxanaya düşdü və bir neçə ay sonra dünyasını dəyişdi”.
O, bir evin gözəl xanımı ola bilərdi...
Lütfi
Məmmədbəyovun rejissoru olduğu «Göz həkimi» teletamaşasında Vəfa Fətullayeva ilə
birgə çəkilən xalq artisti Rafiq Əzimov
xatırlayır: «Lütfi Məmmədbəyov «professor İvanov roluna səni çəkmək istəyirəm»
- deyə mənə xəbər göndərdi. Əvvəlcə həmin rola başqa aktyor çəkilirdi, sonra isə
mən onu əvəz elədim. Teatrda məşq prosesində mən Vəfa xanımla daha yaxın ünsiyyətdə
oldum. Bu, psixoloji bir rol idi. Həmin televiziya tamaşasının məsləhətçisi
professor Nazim Əfəndiyev idi. Tərəf-müqabilimin istedadlı aktrisa Vəfa Fətullayeva
olmasına görə çox sevinirdim”. V.Fətullayevanı hələ «Qış nağılı» tamaşasında –
anası Hökumə Qurbanova ilə bir səhnədə oynayanda gördüyünü deyən R.Əzimov
aktrisanı istiqanlı xanım və istedadlı aktrisa kimi xatırlayır: "Vəfa biləndə
ki professor İvanov rolu mənə tapşırılıb, çox sevindi. O, məşqlərə hamıdan əvvəl
gələr, özümüz üçün məşq edərdik. Sonradan kollektiv yığılanda, ümumi məşqlərimiz
çox səmərəli alınırdı. Vəfa yorulmaq bilmədən, böyük həvəslə rol üzərində çalışardı.
Onunla hər bir epizod çox maraqlı və həyəcanlı alınırdı. Tamaşaçılar tərəfindən
«Göz həkimi»nin böyük maraqla qarşılanması bizi hədsiz sevindirdi. Xüsusən, Vəfa
xanımın oyununa yüksək qiymət verildi”.
R.Əzimov
Vəfa Fətullayevanın teatra gəldiyi illəri də yaddaşında saxlayıb: "Vəfanın
teatra gəldiyi illər də çox maraqlı idi. Müqtədir sənətkarımız Tofiq Kazımov
onu institutda oxuduğu vaxtlarda İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər»
tamaşasında Fəridə roluna dəvət etdi. Bu rol Vəfanın ifasında çox uğurlu
alındı. Vəfa teatra istedad kimi daxil oldu. Baxmayaraq ki istər televiziyada,
istərsə də kinoda maraqlı obrazları var, onu teatrın səhnəsindən daha çox
tanıdılar və sevdilər”. R.Əzimov Vəfa Fətullayeva ilə birgə «Mahnı dağlarda
qaldı» tamaşasında da tərəf-müqabil olub: «Əvvəllər bu tamaşada onunla Fuad
Poladov tərəf-muqabil idi. Ancaq Fuad hərbi qulluqda olanda onun oynadığı Rəhman
rolu mənə tapşırıldı. Bu, tamaşada Vəfanın Gülgəz rolu hələ də tamaşaçıların
yadındadır”.
R.Əzimov
aktrisanın vaxtsız ölümündən kədərlə danışır: "Təəssüf ki, sənət aləmi Vəfanı
çox erkən itirdi. Onun oynadığı tamaşalar bu gün də televiziya ilə nümayiş
olunanda Vəfa Fətullayeva böyük məhəbbətlə yad olunur. Vəfanın daxilində həyata
qarşı böyük məhəbbət var idi. Heyf ki, o, həyatın xoşbəxtlik anını bir qadın
kimi yaşamadı. O, bir evin gözəl xanımı ola bilərdi. Vəfa sağ olsaydı, onun
ifasında hələ çox gözəl tamaşalar yarana bilərdi... Vəfanın gülər üzü, şaqraq
gülüşü indi də qulağımda səslənir. Onun çox mənalı gözləri vardı. Vəfa
istedadlı bir aktrisa kimi teatr sənətinə öz möhürünü vurdu, bir-birindən
maraqlı rollar yaratdı, Dövlət mükafatına layiq görüldü. Onun ölümü teatrın
böyük itkisi oldu. Vəfanın vəfatı hamımızı təsirləndirdi. Onun səmimiyyəti,
mehribanlığı həmişə yadımızdadır».
Heyf ki, bu dünyadan vaxtsız
getdi...
"Mən
Akademik Milli Dram Teatrına təyinatla gələndə bu teatrın səhnəsində Ağasadıq Gəraybəyli,
Məlik Dadaşov, Həsənağa Turabov, Hökumə Qurbanova, Amalya Pənahova, Vəfa Fətullayeva
kimi böyük sənət adamları çalışırdılar” - deyə xalq artisti Nurəddin Mehdixanlı xatırlayır: "Tale elə gətirdi ki,
gənc vaxtlarımda bu sənət adamlarının əksəriyyəti ilə tərəf-müqabili ola
bildim. Bu teatrın səhnəsində təsadüfi adamlar ola bilməzdi. Onlar
istedadlarına görə seçilib bu sənət məbədinə təyinat alırdılar. Eyni zamanda,
bu sənət adamları insanlıq, mədəniyyət, ətrafdakılara münasibət baxımından fərqlənirdilər.
Aktrisaların içərisində Vəfa Fətullayeva danışığı, geyimi, zövqü ilə çox fərqlənirdi.
Bu xanımda əsilzadəlik vardı”. V.Fətullayevanı pozitiv insan kimi xatırlayan
aktyor N.Mehdixanlı, həmçinin aktrisanı yaxşı mütaliəsi olan, yüksək intellektə
malik insan kimi yada salır: "Vəfa xanımla söhbət edəndə hər mənada yüksək səviyyəyə
malik olduğuna inanırdın. Vəfa xanım SSRİ xalq artisti Hökumə Qurbanovanın,
teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı olsa da, həmişə özünü sadə və səmimi
aparırdı. Vəfa, həmçinin işinə məsuliyyətlə yanaşan xanım idi. Biz onunla
«Torpağa sancılan qılınc» tamaşasında bir tamaşada oynadıq. Vəfa xanım mənim
anamı - Burlaxatun rolunu oynayırdı. İndiyə qədər Vəfanın siması, baxışları,
danışığı, mizanları gözümün qabağındadır. Vəfa xanım o insanlardan idi ki, onu
xatırlayanda ilk növbədə gözəl davranışı gözümün qabağına gəlir. O, əksəriyyətdən
fərqlənən, sənətini sevən, yüksək mədəniyyət sahibi olan aktrisa idi. Heyf ki,
bu dünyadan vaxtsız getdi...»
Mayın
21-i Vəfa Fətullayevanın vəfatı günüdür. Nə yaxşı ki, aktrisanın adını və
rollarını özündə əbədiləşdirən teatr və kino tarixi var... Aktrisa yaşasaydı,
kim bilir teatr və kino sənətimizi nə qədər rəngarəng rollarla zənginləşdirəcək,
tamaşaçılara fərqli zövq bəxş edəcəkdi...
Təranə
Məhərrəmova